Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 40)
Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir vaxtlar) sizi aləmlərdən (digər insanlardan) üstün etdiyimi yada salın!
(Bəqərə surəsi, 122)
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
(Bəqərə surəsi, 150)
İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq dəlillər göndərdik. Allahın neməti gəldikdən sonra kim onu dəyişdirərsə, bilsin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 211)
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
(Bəqərə surəsi, 231)
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
(Ali İmran surəsi, 103)
Həm Allahdan gələn nemət və lütfə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə şad olarlar.
(Ali İmran surəsi, 171)
Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 174)
Kim Allaha və elçiyə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi elçilər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!
(Nisa surəsi, 69)
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”.
(Nisa surəsi, 72)
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş (pir və ziyarətgahlarda kəsilən, nəzir deyilən), boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və falçılıq ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün inkar edənlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Maidə surəsi, 3)
Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.
(Maidə surəsi, 6)
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah qəlbdə olanları biləndir.
(Maidə surəsi, 7)
Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
(Maidə surəsi, 11)
Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən elçilər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.
(Maidə surəsi, 20)
Qorxanların arasından Allahın nemət verdiyi iki adam: “Onların üstünə qapıdan girin (hücum edin)! Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” – dedi.
(Maidə surəsi, 23)
Əgər kitab əhli iman edib (pis əməllərdən) çəkinsəydilər, həqiqətən, onların günahlarının üstünü örtər və özlərini də Nəim (neməti bol olan) cənnətlərinə daxil edərdik.
(Maidə surəsi, 65)
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər. Onların içində mötədil (orta yolu tutan) bir camaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir!
(Maidə surəsi, 66)
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
(Maidə surəsi, 110)
Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi və sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə də Allahın nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!”
(Əraf surəsi, 69)
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!”
(Əraf surəsi, 74)
Bu ona görədir ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri yaxşı xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 53)
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
(Tövbə surəsi, 21)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri, iman etdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar.
(Yunis surəsi, 9)
Əgər dəyən zərərdən sonra ona bir nemət daddırsaq, mütləq: “Müsibətlər məndən sovuşdu”, - deyər və sevinib təkəbbürlənər.
(Hud surəsi, 10)
Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
(Hud surəsi, 52)
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa (elçilik) nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
(Yusif surəsi, 6)
O zaman Musa öz qövmünə belə demişdi: “Allahın sizə olan nemətini xatırlayın! Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”.
(İbrahim surəsi, 6)
Allahın nemətini küfrə dəyişən və (nəhayət) öz qövmlərini həlak yurduna aparanları görmədinmi?!
(İbrahim surəsi, 28)
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur.
(İbrahim surəsi, 34)
Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 18)
Sizə bəxş edilən hər bir nemət Allah tərəfindəndir. Sonra sizə bir zərər toxunduğu zaman Ona yalvarırsınız.
(Nəhl surəsi, 53)
Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün onlara ruzilərini vermirlər. Onlar Allahın verdiyi neməti inkarmı edirlər?
(Nəhl surəsi, 71)
Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcə yaratdı, zövcənizdən də sizin üçün övladlar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?
(Nəhl surəsi, 72)
Allah, yaratdığı şeylərdən sizin üçün kölgəliklər etdi. Dağlarda sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyan geyimlər və həmçinin müharibədə sizi mühafizə edən zirehli paltar yaratdı. Beləcə, O, müsəlman olasınız deyə sizə olan nemətini tamamladı.
(Nəhl surəsi, 81)
Onlar Allahın nemətini bilir, sonra da onu inkar edirlər. Onların çoxu inkar edəndir.
(Nəhl surəsi, 83)
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı.
(Nəhl surəsi, 112)
Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və Allahın nemətinə şükür edin!
(Nəhl surəsi, 114)
O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi.
(Nəhl surəsi, 121)
İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər.
(İsra surəsi, 83)
O dedi: “Rəbbimin mənə verdiyi səltənət və qüdrət daha yaxşıdır. Siz (iş) qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
(Kəhf surəsi, 95)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcək və nəfsinin arzuladığı (cənnət nemətləri) içində əbədi qalacaqlar.
(Ənbiya surəsi, 102)
O gün (qiyamət günü) hökmranlıq Allahındır. O, onların arasında hökm verəcəkdir. İman edib saleh əməllər işləyənlər Nəim cənnətlərində olacaqlar.
(Həcc surəsi, 56)
Mənə minnət qoyduğun o nemət də İsrail oğullarını özünə qul etməyindir”.
(Şuəra surəsi, 22)
Məni Nəim cənnətinin varislərindən et!
(Şuəra surəsi, 85)
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi.
(Nəml surəsi, 16)
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
(Nəml surəsi, 19)
Musa: “Ey Rəbbim, mənə verdiyin nemətlərin haqqı üçün günahkarlara əsla dayaq olmayacağam!” - dedi.
(Qəsas surəsi, 17)
Ətraflarındakı insanlar yaxalanarkən (hücuma məruz qalıb talan edilərkən) Məkkəni müqəddəs və təhlükəsiz bir yer etdiyimizi görmədilərmi? Onlar hələ də batilə inanıb Allahın nemətinə qarşı nankorluq edirlər?!
(Ənkəbut surəsi, 67)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
(Loğman surəsi, 8)
Allahın göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər.
(Loğman surəsi, 20)
Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Loğman surəsi, 31)
Əməllərinin mükafatı olaraq onlar üçün göz aydınlığı olacaq nələr saxlandığını heç kim bilmir.
(Səcdə surəsi, 17)
Ey iman edənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür.
(Əhzab surəsi, 9)
(Ey elçi!) Bir zamanlar Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) və Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcəsini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
(Əhzab surəsi, 37)
Ey insanlar, Allahın sizə verdiyi neməti xatırlayın! Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir yaradan varmı? Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olur ki, siz (haqq yoldan) döndərilirsiniz?
(Fatir surəsi, 3)
Əgər Rəbbimin neməti olmasaydı, həqiqətən, mən də (cəhənnəmə) gətirilənlərdən olacaqdım”.
(Saffat surəsi, 57)
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
(Zumər surəsi, 8)
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
Biz insana nemət verdiyimiz zaman o (Bizdən) üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduqda yalvarıb-yaxarar.
(Fussilət surəsi, 51)
Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı.
(Zuxruf surəsi, 13)
İsa nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndədir.
(Zuxruf surəsi, 59)
O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 13)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin
(Fəth surəsi, 2)
Hələ əldə etmədiyiniz başqa qənimətlər də vardır ki, Allah onları elmi ilə əhatə etmişdir. Allah hər şeyə qadirdir.
(Fəth surəsi, 21)
Bu, Allahın lütfü və neməti sayəsindədir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Hucurat surəsi, 8)
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemətlər içində olacaqlar.
(Tur surəsi, 17)
Ona görə də sən öyüd-nəsihət ver! Rəbbinin neməti sayəsində sən nə kahinsən, nə də məcnun!
(Tur surəsi, 29)
Elə isə Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
(Nəcm surəsi, 55)
Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.
(Qamər surəsi, 35)
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 13)