Zumər surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bu kitab (Quran) yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.
(Zumər surəsi, 1)
- (Ey elçi!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də sən dini Allaha məxsus edərək ixlasla Ona ibadət et!
(Zumər surəsi, 2)
- Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.
(Zumər surəsi, 3)
- Əgər Allah övlad götürmək istəsəydi, əlbəttə, yaratdıqlarından istədiyini seçərdi. O, pak və müqəddəsdir. O, tək olan və hər şeyə qalib gələn Allahdır!
(Zumər surəsi, 4)
- Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
(Zumər surəsi, 5)
- O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cüt meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!
(Zumər surəsi, 6)
- Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, bəndələrinin inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlbin içindəkini biləndir.
(Zumər surəsi, 7)
- İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
(Zumər surəsi, 8)
- Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq təmiz ağıl sahibləri düşünüb ibrət alarlar”.
(Zumər surəsi, 9)
- De: “Ey İman edən bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.
(Zumər surəsi, 10)
- De: “Mənə dini yalnız Allaha məxsus edərək Ona ibadət etməyim əmr olunmuşdur.
(Zumər surəsi, 11)
- Mənə müsəlmanların ilki olmağım əmr olunmuşdur”.
(Zumər surəsi, 12)
- De: “Rəbbimə asi olacağım təqdirdə, o böyük günün əzabına düçar olmaqdan qorxuram”.
(Zumər surəsi, 13)
- De: “Mən dinimi yalnız Allaha məxsus edərək Ona ibadət edirəm.
(Zumər surəsi, 14)
- Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.
(Zumər surəsi, 15)
- Onların həm üstlərində, həm də altlarında oddan təbəqələr var. Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim, Məndən qorxun!
(Zumər surəsi, 16)
- Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver!
(Zumər surəsi, 17)
- Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır.
(Zumər surəsi, 18)
- Barəsində əzab sözü vacib olub cəhənnəmə düşəni sənmi xilas edəcəksən?
(Zumər surəsi, 19)
- Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.
(Zumər surəsi, 20)
- Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır.
(Zumər surəsi, 21)
- Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbi sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər.
(Zumər surəsi, 22)
- Allah, təşbehli (mütəşabeh), ikili kitab olaraq sözün ən gözəlini endirdi. Rəblərinə qarşı içləri titrəyərək-qorxanların Ondan dəriləri ürpərər. Sonra onların dəriləri və qəlbi Allahın zikrinə (qarşı) yumşalar-sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar. Allah, kimi azdırsa, artıq onun üçün də bir yol göstərici yoxdur.
(Zumər surəsi, 23)
- Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın şiddətindən qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər.
(Zumər surəsi, 24)
- Onlardan əvvəlkilər də (elçiləri) yalanlamışdılar. Buna görə də onlara gözləmədikləri bir yerdən əzab gəlmişdi.
(Zumər surəsi, 25)
- Beləliklə, Allah dünya həyatında onlara rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər!
(Zumər surəsi, 26)
- İnsanlar öyüd alsınlar deyə Biz bu Quranda onlar üçün hər cür misal çəkdik.
(Zumər surəsi, 27)
- Allahdan qorxsunlar deyə ərəb dilində qüsursuz bir Quran nazil etdik.
(Zumər surəsi, 28)
- Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 29)
- Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.
(Zumər surəsi, 30)
- Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda bir-birinizlə mübahisə edəcəksiniz.
(Zumər surəsi, 31)
- Allaha qarşı yalan uyduran və ona gələn həqiqəti (Quranı) yalanlayan kimsədən daha zalım kim ola bilər?! İnkar edənlər üçün cəhənnəmdə yermi yoxdur?!
(Zumər surəsi, 32)
- Həqiqəti (Quranı) gətirən (elçi) və onu təsdiq edənlər əsil müttəqilərdir.
(Zumər surəsi, 33)
- Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, yaxşı əməl sahiblərinin mükafatıdır.
(Zumər surəsi, 34)
- Allah onların etdikləri ən pis əməllərin üstünü örtəcək və etdikləri ən yaxşı əməllərə görə onları mükafatlandıracaqdır.
(Zumər surəsi, 35)
- Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar səni Allahdan başqaları (bütlər) ilə qorxudurlar. Allah kimi haqq yoldan azdırarsa, artıq heç kim onu doğru yola yönəldə bilməz.
(Zumər surəsi, 36)
- Allah kimi doğru yola yönəldərsə, onu heç kim azdıra bilməz. Allah qüdrətli və intiqam sahibi deyilmi?!
(Zumər surəsi, 37)
- Onlardan: “Göyləri və yeri kim yaratmışdır?” - deyə soruşsan, onlar hökmən: “Allah!” - deyəcəklər. De ki: “Elə isə deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, Allahdan başqa dua etdikləriniz Onun zərərini dəf edə bilərlərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər ancaq Ona təvəkkül edərlər!”
(Zumər surəsi, 38)
- De: “Ey qövmüm! Bacardığınızı edin, mən də bacardığımı edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,
(Zumər surəsi, 39)
- Rüsvayedici əzab kimə gələcək və daimi əzab kimə nazil olacaq”.
(Zumər surəsi, 40)
- (Ey elçi!) Şübhəsiz ki, Biz insanlar üçün Kitabı sənə haqq olaraq nazil etdik. Kim doğru yola yönələrsə, bu onun lehinə, kim doğru yoldan azarsa, bu da onun əleyhinə olar. Sən onların vəkili deyilsən.
(Zumər surəsi, 41)
- Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.
(Zumər surəsi, 42)
- Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi qəbul etdilər? De: “Onlar heç bir şeyə malik olmasalar və heç nəyi dərk etməsələr də?”
(Zumər surəsi, 43)
- De: “Şəfaət bütövlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı Onundur. Sonra Ona qaytarılacaqsınız”.
(Zumər surəsi, 44)
- Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.
(Zumər surəsi, 45)
- De: “Ey göyləri və yeri yaradan, gizlini də, aşkarı da bilən Allahım, bəndələrin arasında ixtilafda olduqları məsələlər barəsində Sən hökm verəcəksən!”
(Zumər surəsi, 46)
- Yer üzündə nə varsa, hamısı və onunla birlikdə bir o qədəri də zülm edənlərin olsaydı, qiyamət günü o pis əzabdan xilas olmaq üçün mütləq onu fidyə verərdilər. Halbuki (o gün) Allah tərəfindən onların qarşısına hesab etmədikləri şeylər çıxarılacaqdır.
(Zumər surəsi, 47)
- Etdikləri pis işlər onların qarşısına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir.
(Zumər surəsi, 48)
- İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
- Bunu onlardan əvvəlkilər də demişdilər. Ancaq qazandıqları onlara heç bir fayda vermədi.
(Zumər surəsi, 50)
- Buna görə də onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların zülm edənləri də etdikləri pis əməllərin cəzasına düçar olacaqlar. Onlar Allahı aciz qoya bilməzlər.
(Zumər surəsi, 51)
- Onlar Allahın istədiyi kimsənin ruzisini artırdığını, yaxud azaltdığını bilmirlərmi? Şübhəsiz ki, bunda iman edənlər üçün ibrətlər vardır.
(Zumər surəsi, 52)
- De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
(Zumər surəsi, 53)
- Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz.
(Zumər surəsi, 54)
- Fərqində olmadığınız bir vaxtda qəflətən sizə əzab gəlmədən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun!
(Zumər surəsi, 55)
- Buna görə də hər kəs: “Allaha qarşı həddi aşdığım üçün çox peşmanam. Həqiqətən, mən istehza edənlərdən olmuşam”, - deyəcəyi gündən çəkinsin!
(Zumər surəsi, 56)
- Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, əlbəttə, mən müttəqilərdən olardım”, - deməsin.
(Zumər surəsi, 57)
- Yaxud əzabı gördüyü zaman: “Kaş mən təkrar dünyaya qayıda biləydim və beləcə, yaxşı əməl sahiblərindən olaydım!” – deməsin.
(Zumər surəsi, 58)
- Xeyr (artıq dünyaya qayıda bilməzsən)! Ayələrim sənə gəlmişdi. Ancaq sən onları təkzib etdin, təkəbbürləndin və inkar edənlərdən oldun.
(Zumər surəsi, 59)
- Qiyamət günü Allaha qarşı yalan söyləyənlərin üzlərinin qapqara olduğunu görərsən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdur?!
(Zumər surəsi, 60)
- Allah saleh əməlləri səbəbilə müttəqiləri (cəhənnəmdən) xilas edəcəkdir. Onlara heç bir pislik toxunmayacaq və onlar qəmgin olmayacaqlar.
(Zumər surəsi, 61)
- Hər şeyi yaradan Allahdır. O, hər şeyi idarə edir.
(Zumər surəsi, 62)
- Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər əsil ziyana uğrayanlardır.
(Zumər surəsi, 63)
- De: “Ey cahillər! Mənə Allahdan başqasına ibadət etməyimi əmr edirsiniz?”
(Zumər surəsi, 64)
- (Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur.
(Zumər surəsi, 65)
- Xeyr! Allaha ibadət et və şükür edənlərdən ol!
(Zumər surəsi, 66)
- Onlar Allahı layiqincə tanıyıb qiymətləndirə bilmədilər. Qiyamət günü yer üzü bütövlüklə Onun ixtiyarında olacaq, göylər də Onun qüdrəti ilə büküləcəkdir. O, müşriklərin qoşduqları şəriklərdən tamamilə uzaq və ucadır.
(Zumər surəsi, 67)
- Sura üfürüldü; Beləliklə, Allahın istədiyindən başqa, göylərdə və yerdə olan hər şey məhv oldu. Sonra yenidən üfürüldü və onlar ayağa qalxıb baxırlar.
(Zumər surəsi, 68)
- Yer Rəbbin nuru ilə aydınlandı; (ortaya) kitab qoyuldu; elçilər və şahidlər gətirildi, onların arasında haqq ilə hökm verildi və onlara heç bir haqsızlıq edilmədi.
(Zumər surəsi, 69)
- Hər kəsə etdiyi əməlin qarşılığı tam veriləcəkdir. Allah onların etdiklərini ən yaxşı biləndir.
(Zumər surəsi, 70)
- İnkar edənlər dəstə-dəstə Cəhənnəmə göndərildilər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri onlara: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən elçilər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü inkar edənlərin üzərinə vacib olmuşdur.
(Zumər surəsi, 71)
- Onlara: “İçində əbədi qalacağınız cəhənnəmin qapılarından girin!” - deyiləcək. Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!
(Zumər surəsi, 72)
- Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər.
(Zumər surəsi, 73)
- Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” - deyəcəklər.
(Zumər surəsi, 74)
- Mələklərin də Rəbbini həmd ilə təsbeh edərək ərşi əhatə etdiklərini görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.
(Zumər surəsi, 75)