İbrahim surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır.
(İbrahim surəsi, 1)
- O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Şiddətli əzaba görə inkar edənlərin vay halına!
(İbrahim surəsi, 2)
- Dünya həyatını axirətdən üstün tutan, (insanları) Allah yolundan döndərən və əyri yolu istəyənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(İbrahim surəsi, 3)
- (Allahın dinini) onlara izah etsin deyə hər bir elçini yalnız öz qövmünün dili ilə göndərdik. Allah dilədiyini zəlalətə düçar edər, dilədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət və hikmət sahibidir.
(İbrahim surəsi, 4)
- Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır.
(İbrahim surəsi, 5)
- O zaman Musa öz qövmünə belə demişdi: “Allahın sizə olan nemətini xatırlayın! Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”.
(İbrahim surəsi, 6)
- Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.
(İbrahim surəsi, 7)
- Musa demişdi: “Siz və yer üzündə olanların hamısı nankorluq etsəniz belə, (bilin ki,) həqiqətən, Allahın heç bir şeyə ehtiyacı yoxdur və O, şükür edilməyə layiqdir”.
(İbrahim surəsi, 8)
- Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
(İbrahim surəsi, 9)
- Elçiləri (onlara) belə dedilər: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi edirsiniz?! O sizin günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün sizi (haqq dinə) çağırır”. Onlar isə belə dedilər: “Siz də bizim kimi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər sizin dediyiniz doğrudursa,) bizə açıq-aşkar bir dəlil gətirin!”
(İbrahim surəsi, 10)
- Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (elçiliyi), Öz bəndələrindən dilədiyi kimsəyə bəxş edər. Allahın izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər!
(İbrahim surəsi, 11)
- Bizə yollarımızı (iman və qurtuluş yolunu) göstərdiyi halda nəyə görə Allaha təvəkkül etməməliyik?! Sizin bizə verdiyiniz əziyyətlərə mütləq səbir edəcəyik. Təvəkkül edənlər də Allaha təvəkkül etsinlər!”
(İbrahim surəsi, 12)
- İnkar edənlər isə elçilərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (elçilərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
(İbrahim surəsi, 13)
- (Ey möminlər!) Onlardan sonra da sizi o yerə yerləşdirəcəyik. Bu, məqamımdan və təhdidimdən qorxanlar üçündür”.
(İbrahim surəsi, 14)
- (Elçilər Allahdan) zəfər istədilər. Hər bir təkəbbürlü inadkar isə ziyana uğradı.
(İbrahim surəsi, 15)
- Bunun ardınca da cəhənnəm vardır. (Orada) ona irinli sudan içirdilər.
(İbrahim surəsi, 16)
- Onu qurtum-qurtum içər, ancaq uda bilməz. Ona hər tərəfdən ölüm gələr, ancaq o ölməz. Bunun ardınca da şiddətli bir əzab vardır.
(İbrahim surəsi, 17)
- Rəbbini inkar edənlərin əməlləri, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. (Haqdan) uzaq zəlalət məhz budur!
(İbrahim surəsi, 18)
- Allahın göyləri və yeri haqq ilə yaratdığını görmədinmi?! Əgər O diləyərsə, sizi yox edib (sizin yerinizə) başqalarını gətirər.
(İbrahim surəsi, 19)
- Bu, Allah üçün çətin deyildir.
(İbrahim surəsi, 20)
- Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”.
(İbrahim surəsi, 21)
- (Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (inkar edənlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(İbrahim surəsi, 22)
- İman edib yaxşı işlər görənlər isə Rəbbinin izni ilə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil ediləcəklər. Onlar orada bir-birləri ilə: “Salam!” – deyərək görüşəcəklər.
(İbrahim surəsi, 23)
- Allahın, gözəl bir sözü, kökü (yerdə) sabit duran, budaqları isə göydə olan gözəl bir ağaca bənzədərək necə bir misal çəkdiyini görmədinmi?!
(İbrahim surəsi, 24)
- O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar.
(İbrahim surəsi, 25)
- Pis bir söz isə, yerdən çıxarılıb (kökü üstə) dura bilməyən pis bir ağaca bənzəyir.
(İbrahim surəsi, 26)
- Allah iman edənləri möhkəm bir sözlə dünya həyatında da, axirətdə də möhkəmləndirər. Allah zalımları isə (haqq yoldan) azdırar. Allah istədiyini edər.
(İbrahim surəsi, 27)
- Allahın nemətini küfrə dəyişən və (nəhayət) öz qövmlərini həlak yurduna aparanları görmədinmi?!
(İbrahim surəsi, 28)
- Onlar cəhənnəmə girəcəklər. Ora nə pis bir məskəndir!
(İbrahim surəsi, 29)
- Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De ki: “(Dünya nemətlərindən) faydalanın! Şübhəsiz ki, sizin dönüş yeriniz cəhənnəmdir”.
(İbrahim surəsi, 30)
- İman edən bəndələrimə de: “Nə bir alış-verişin, nə də bir dostluğun olacağı gün gəlmədən əvvəl namaz qılsınlar və onlara verdiyimiz ruzidən gizli və aşkar infaq etsinlər!”
(İbrahim surəsi, 31)
- Göyləri və yeri yaradan Allahdır. O, göydən su endirib onunla sizin üçün ruzi olaraq meyvələr yetişdirdi. Əmri ilə dənizdə üzsünlər deyə gəmiləri, eləcə də çayları sizin xidmətinizə verdi.
(İbrahim surəsi, 32)
- O, (öz orbiti üzrə) dövr edən Günəşi və Ayı da sizin xidmətinizə verdi. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi.
(İbrahim surəsi, 33)
- O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur.
(İbrahim surəsi, 34)
- Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri (Məkkəni) təhlükəsiz bir yer et! Məni və övladlarımı da bütlərə ibadət etməkdən uzaq tut!
(İbrahim surəsi, 35)
- Ey Rəbbim! Həqiqətən, (bütlər) insanlardan bir çoxunu azdırdı. Ona görə də kim mənə tabe olarsa, şübhəsiz ki, o məndəndir. Kim mənə qarşı çıxarsa, əlbəttə, Sən bağışlayansan, rəhmlisən!
(İbrahim surəsi, 36)
- Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr.
(İbrahim surəsi, 37)
- Ey Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiklərimizi də, aşkar etdiklərimizi də bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
(İbrahim surəsi, 38)
- Qoca yaşımda mənə İsmaili və İshaqı lütf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
(İbrahim surəsi, 39)
- Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!
(İbrahim surəsi, 40)
- Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”
(İbrahim surəsi, 41)
- (Ey elçi!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır.
(İbrahim surəsi, 42)
- Onlar (o gün) gözlərini belə qırpmadan başlarını göyə qaldırıb, qəlbi bomboş halda (qeyri-ixtiyari olaraq carçıya tərəf) qaçacaqlar.
(İbrahim surəsi, 43)
- İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətinə uyaq və elçilərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?
(İbrahim surəsi, 44)
- Siz özlərinə zülm edənlərin yurdlarında məskunlaşmışdınız. Onlara nə etdiyimiz sizə bəlli olmuşdu. Sizin üçün misallar da çəkmişdik”.
(İbrahim surəsi, 45)
- Hiylələri Allaha məlum olduğu halda onlar hiylə qurmuşdular. Halbuki onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir.
(İbrahim surəsi, 46)
- Ona görə də Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma! Şübhəsiz ki, Allah qüdrətlidir, intiqam alandır.
(İbrahim surəsi, 47)
- O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək və hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar.
(İbrahim surəsi, 48)
- O gün günahkarların zəncirləndiyini görərsən.
(İbrahim surəsi, 49)
- Onların köynəkləri qətrandandır. Üzlərini də alov bürüyər.
(İbrahim surəsi, 50)
- Allah hər kəsə qazandığının əvəzini versin deyə (belə edəcəkdir). Şübhəsiz ki, Allah sürətli haqq-hesab çəkəndir.
(İbrahim surəsi, 51)
- Bu (Quran) insanların xəbərdar edilmələri, Allahın tək bir ilah olduğunu bilmələri və təmiz ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir.
(İbrahim surəsi, 52)