Fəcr surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun dan yerinə!
(Fəcr surəsi, 1)
- And olsun on gecəyə!
(Fəcr surəsi, 2)
- And olsun cütə və təkə!
(Fəcr surəsi, 3)
- And olsun ötüb keçən gecəyə!
(Fəcr surəsi, 4)
- Məgər təmiz ağıl sahiblərinə görə bunlara and içilməzmi?!
(Fəcr surəsi, 5)
- Rəbbinin Ad qövmünə nə etdiyini görmədinmi?!
(Fəcr surəsi, 6)
- Bəs sütunları (yüksək binaları) olan İrəmə?!
(Fəcr surəsi, 7)
- Məmləkətlər arasında onlar kimisi yaradılmamışdı.
(Fəcr surəsi, 8)
- Vadidə qayaları oyan (və ev düzəldən) Səmud qövmünə də!
(Fəcr surəsi, 9)
- Dirəklər sahibi Firona da!
(Fəcr surəsi, 10)
- Onlar öz yurdlarında azğınlıq etmişdilər.
(Fəcr surəsi, 11)
- Oralarda çoxlu fitnə-fəsad törətmişdilər.
(Fəcr surəsi, 12)
- Buna görə də Rəbbin onlara əzab qamçısı endirdi.
(Fəcr surəsi, 13)
- Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət edir.
(Fəcr surəsi, 14)
- İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər.
(Fəcr surəsi, 15)
- Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.
(Fəcr surəsi, 16)
- Xeyr! Siz yetimə yaxşılıq etmirsiniz.
(Fəcr surəsi, 17)
- Yoxsulu yedirtmək barəsində də bir-birinizi təşviq etmirsiniz.
(Fəcr surəsi, 18)
- Mirası (halal-harama baxmadan) hərisliklə yeyirsiniz.
(Fəcr surəsi, 19)
- Mal-mülkü çox sevirsiniz.
(Fəcr surəsi, 20)
- Xeyr! Yer üzü sarsılıb parça-parça olduğu,
(Fəcr surəsi, 21)
- Mələklər səf-səf düzüldükləri halda Rəbbin (Rəbbinin əmri) gəldiyi,
(Fəcr surəsi, 22)
- Və cəhənnəm gətirildiyi zaman məhz o gün insan (bütün etdiklərini) xatırlayacaqdır. Ancaq xatırlamağın ona nə faydası var?!
(Fəcr surəsi, 23)
- O: “Kaş (axirət) həyatım üçün çalışaydım”, - deyəcəkdir.
(Fəcr surəsi, 24)
- Artıq o gün heç kim Allahın verdiyi əzabı verə bilməz.
(Fəcr surəsi, 25)
- Heç kim Onun buxovladığı kimi buxovlaya bilməz.
(Fəcr surəsi, 26)
- (O gün Allah möminlərə belə səslənəcəkdir:) “Ey rahatlıq tapan nəfs (insan)!
(Fəcr surəsi, 27)
- Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön!
(Fəcr surəsi, 28)
- Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol,
(Fəcr surəsi, 29)
- Və cənnətimə gir!”
(Fəcr surəsi, 30)