Qələm surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun ki,
(Qələm surəsi, 1)
- Sən Rəbbinin neməti sayəsində divanə deyilsən!
(Qələm surəsi, 2)
- Şübhəsiz ki, sənin üçün bitməz-tükənməz bir mükafat vardır.
(Qələm surəsi, 3)
- Həqiqətən, sən uca bir əxlaq sahibisən.
(Qələm surəsi, 4)
- Sən də görəcəksən, onlar da görəcəklər -
(Qələm surəsi, 5)
- Hansınızın divanə olduğunu.
(Qələm surəsi, 6)
- Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları da, doğru yolda olanları da çox yaxşı bilir.
(Qələm surəsi, 7)
- Ona görə də sən (haqqı) yalanlayanlara boyun əymə!
(Qələm surəsi, 8)
- Onlar (müşriklər) istəyirlər ki, sən yumşaq davranasan, özləri də yumşaq davransınlar.
(Qələm surəsi, 9)
- Bunlardan heç birinə boyun əymə: çox and içənə, alçaq kimsəyə,
(Qələm surəsi, 10)
- Qeybət qırana, söz daşıyana,
(Qələm surəsi, 11)
- Xeyrə mane olana, həddi aşana, günahkara,
(Qələm surəsi, 12)
- Kobud olana, həmçinin zatı bəlli olmayana -
(Qələm surəsi, 13)
- Onun mal-mülkü və övladları olsa belə!
(Qələm surəsi, 14)
- Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər.
(Qələm surəsi, 15)
- Biz yaxın bir vaxtda onun burnunu damğalayacağıq.
(Qələm surəsi, 16)
- Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.
(Qələm surəsi, 17)
- Heç bir şeyi istisna etməmişdilər (“İnşaAllah” deməmişdilər).
(Qələm surəsi, 18)
- Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü.
(Qələm surəsi, 19)
- Beləcə, o bağ yanıb qapqara qaraldı.
(Qələm surəsi, 20)
- Onlar səhər durub bir-birinə belə səsləndilər:
(Qələm surəsi, 21)
- “Əgər məhsulu yığacaqsınızsa, bağınıza erkən gedin!”
(Qələm surəsi, 22)
- Beləliklə, onlar yola düşdülər. Bir-birinə belə pıçıldayırdılar:
(Qələm surəsi, 23)
- “Bu gün yanınıza heç bir yoxsul gəlməsin!”
(Qələm surəsi, 24)
- Onlar (yoxsullara) mane ola biləcəklərini düşünərək erkən getdilər.
(Qələm surəsi, 25)
- Ancaq oranı (bağı) gördükləri zaman belə dedilər: “Yəqin biz səhv gəlmişik.
(Qələm surəsi, 26)
- Xeyr! Biz məhrum edilmişik”.
(Qələm surəsi, 27)
- Onların ən yaxşısı belə dedi: “Sizə deməmişdimmi ki, (Rəbbinizi) həmd-səna ilə təsbeh etməlisiniz?!”
(Qələm surəsi, 28)
- Onlar: “Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz (özümüzə) zülm etmişik”, - dedilər.
(Qələm surəsi, 29)
- Sonra da dönüb bir-birini qınamağa başladılar.
(Qələm surəsi, 30)
- Onlar dedilər: “Vay bizim halımıza! Həqiqətən, biz həddi aşmışıq.
(Qələm surəsi, 31)
- Ola bilsin ki, Rəbbimiz bunun əvəzinə bizə ondan daha yaxşısını verər. Biz Rəbbimizi (Onun rizasını) istəyirik”.
(Qələm surəsi, 32)
- Əzab belədir! Şübhəsiz ki, axirət əzabı daha böyükdür. Kaş biləydilər.
(Qələm surəsi, 33)
- Heç şübhəsiz, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.
(Qələm surəsi, 34)
- Biz müsəlmanları günahkarlarla bir tutarıqmı?!
(Qələm surəsi, 35)
- Sizə nə olub, necə hökm verirsiniz?!
(Qələm surəsi, 36)
- Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?!
(Qələm surəsi, 37)
- Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?!
(Qələm surəsi, 38)
- Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?!
(Qələm surəsi, 39)
- Onlardan kimin buna zamin duracağını soruş.
(Qələm surəsi, 40)
- Yoxsa onların şəriklərimi var?! Əgər doğru deyirlərsə, onda şəriklərini gətirsinlər.
(Qələm surəsi, 41)
- O gün işlər çətinləşər və onlar səcdə etməyə dəvət olunarlar, lakin onların buna gücü çatmaz.
(Qələm surəsi, 42)
- Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.
(Qələm surəsi, 43)
- (Ey elçi!) Sən bu sözü (Quranı) yalanlayanı Mənə həvalə et! Biz onları bilmədikləri bir yöndən yavaş-yavaş əzaba yaxınlaşdırırıq.
(Qələm surəsi, 44)
- Mən onlara möhlət verirəm. Həqiqətən, Mənim fəndim (əzabım) çox güclüdür.
(Qələm surəsi, 45)
- Yoxsa sən onlardan bir ücrət tələb edirsən və buna görə onlar ağır bir borc yükü altındadırlar?!
(Qələm surəsi, 46)
- Yoxsa qeyb (lövhi-məhfuz) onların yanındadır və onlar (istədikləri kimi) yazırlar?!
(Qələm surəsi, 47)
- Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.
(Qələm surəsi, 48)
- Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, o, qınanmış halda qupquru bir yerə atılacaqdı.
(Qələm surəsi, 49)
- Lakin Rəbbi onu seçdi və salehlərdən etdi.
(Qələm surəsi, 50)
- Həqiqətən, inkar edənlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.
(Qələm surəsi, 51)
- Halbuki, o (Quran), aləmlər üçün yalnız bir öyüddür.
(Qələm surəsi, 52)