Kəhf surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Kitabı (Quranı) bəndəsinə nazil edən və onda heç bir əyriliyə (nöqsana, ziddiyyətə) yol verməyən Allaha həmd olsun!
(Kəhf surəsi, 1)
- O, (Quranı) Öz tərəfindən göndəriləcək şiddətli bir əzaba qarşı (insanları) xəbərdar etmək və yaxşı işlər görən möminləri gözəl bir mükafat ilə müjdələmək üçün doğru bir kitab olaraq nazil etdi.
(Kəhf surəsi, 2)
- Onlar orada əbədi qalacaqlar.
(Kəhf surəsi, 3)
- Həm də: “Allah Özünə övlad götürdü!” - deyənləri xəbərdar etmək üçün (Quranı nazil etdi).
(Kəhf surəsi, 4)
- Bu barədə nə onların, nə də atalarının məlumatı var. Ağızlarından çıxan söz necə də böyükdür! Onlar yalandan başqa bir şey söyləmirlər.
(Kəhf surəsi, 5)
- Onlar bu sözə (Qurana) inanmadılar deyə az qala onların arxasınca kədərlənərək özünü həlak edəcəksən!
(Kəhf surəsi, 6)
- Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.
(Kəhf surəsi, 7)
- Şübhəsiz, yer üzündəki hər şeyi qupquru bir torpağa da çevirərik.
(Kəhf surəsi, 8)
- Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?!
(Kəhf surəsi, 9)
- Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” - demişdilər.
(Kəhf surəsi, 10)
- Beləliklə, mağarada illərlə onların qulaqlarına vurduq.
(Kəhf surəsi, 11)
- Sonra da iki qrupdan hansının, (yuxulayıb) qaldıqları müddəti daha düzgün hesablayacağını bilmək (görmək) üçün onları oyandırdıq.
(Kəhf surəsi, 12)
- Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman etmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.
(Kəhf surəsi, 13)
- Onların qəlbinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq.
(Kəhf surəsi, 14)
- Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?!”
(Kəhf surəsi, 15)
- (Həmin gənclərdən biri belə dedi:) “Madam ki, onlardan və Allahı qoyub ibadət etdiklərindən uzaqlaşmısınız, onda dərhal mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən bəxş etsin və bu işinizdə ehtiyacınız olan şeyləri sizin üçün hazırlasın”.
(Kəhf surəsi, 16)
- Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!
(Kəhf surəsi, 17)
- Onlar yuxuda ikən sən onların oyaq olduğunu zənn edərdin. Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik. Onların iti də mağaranın girişində qabaq ayaqlarını uzadıb yatmışdı. Əgər onları müşahidə etsəydin, mütləq dönüb onlardan qaçardın və gördüklərinə görə səni qorxu bürüyərdi.
(Kəhf surəsi, 18)
- Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!
(Kəhf surəsi, 19)
- Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!”
(Kəhf surəsi, 20)
- Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
(Kəhf surəsi, 21)
- (İnsanlardan bəziləri): “Onlar üç nəfər idilər, dördüncüsü də itləri idi”, - deyəcəklər. (Bəziləri də) qeyb (onların sayı) barəsində fikir yürüdərək: “Beş nəfər idilər, altıncısı da itləri idi”, - deyəcəklər. (Digərləri isə:) “Yeddi nəfər idilər, səkkizincisi isə itləri idi”, - deyəcəklər. De ki: “Onların sayını ən yaxşı Rəbbim bilir. Onlar haqqında məlumatı olanlar çox azdır”. Ona görə də açıq-aydın dəlillər istisna olmaqla, onlar barəsində mübahisəyə girişmə və onların (kitab əhlinin) heç birindən onlar haqqında soruşma!
(Kəhf surəsi, 22)
- Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, - demə!
(Kəhf surəsi, 23)
- Ancaq: “Allah diləyərsə (“İnşaAllah” - de)!” (İnşaAllah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”.
(Kəhf surəsi, 24)
- Onlar mağaralarında üç yüz il qaldılar və doqquz il də əlavə etdilər (il qaldılar).
(Kəhf surəsi, 25)
- De: “Onların nə qədər qaldıqlarını ən yaxşı Allah bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O, Öz hökmünə heç kimi ortaq etməz”.
(Kəhf surəsi, 26)
- Rəbbinin kitabından sənə vəhy olunanı oxu! Onun kəlmələrini heç kim dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq da tapa bilməzsən.
(Kəhf surəsi, 27)
- Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
- De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr, onlara əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə də pis içki və necə də pis məskəndir!
(Kəhf surəsi, 29)
- İman edib yaxşı işlər görənlərə gəldikdə, şübhəsiz ki, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik.
(Kəhf surəsi, 30)
- Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır!
(Kəhf surəsi, 31)
- Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik.
(Kəhf surəsi, 32)
- Hər iki bağ öz məhsulunu vermiş və heç bir əskiklik olmamışdı. O ikisinin arasından bir çay axıtmışdıq.
(Kəhf surəsi, 33)
- Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi.
(Kəhf surəsi, 34)
- O, özünə zülm edərək (küfrə düşmüş halda təkəbbürlənərək) bağına girib dedi: “Bunun yox olacağını əsla zənn etmirəm.
(Kəhf surəsi, 35)
- Qiyamətin qopacağını da zənn etmirəm. Əgər Rəbbimə qaytarılsam, şübhəsiz, (orada) bundan da yaxşı bir məskən taparam”.
(Kəhf surəsi, 36)
- Onunla söhbət edən yoldaşı ona dedi: “Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən?
(Kəhf surəsi, 37)
- O Allah mənim Rəbbimdir və mən heç kimi Rəbbimə şərik qoşmaram!
(Kəhf surəsi, 38)
- Bağına girdiyin zaman: “MaşaAllah! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə,
(Kəhf surəsi, 39)
- Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını verər, sənin bağına da göydən ildırımlar göndərər və beləcə, o, qupquru bir torpaq halına düşər.
(Kəhf surəsi, 40)
- Yaxud oranın suyu çəkilər və onu əsla axtarıb tapa bilməzsən”.
(Kəhf surəsi, 41)
- Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi.
(Kəhf surəsi, 42)
- Allahdan başqa ona yardım edə biləcək kimsələr olmadığı kimi, o (öz-özünə) kömək edə biləcək gücdə də deyildi.
(Kəhf surəsi, 43)
- Burada himayədarlıq haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafatı da, ən yaxşı aqibəti də verən Odur.
(Kəhf surəsi, 44)
- Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.
(Kəhf surəsi, 45)
- Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir.
(Kəhf surəsi, 46)
- O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb (hamısını) bir yerə yığacağıq.
(Kəhf surəsi, 47)
- Onlar Rəbbinin hüzuruna çıxarılacaqlar (və onlara belə deyiləcək:) “Sizi ilk dəfə yaratdığımız kimi hüzurumuza gəldiniz. Ancaq siz, sizin üçün (belə bir) vədələşmə yeri yaratmayacağımızı iddia etmişdiniz!”
(Kəhf surəsi, 48)
- Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.
(Kəhf surəsi, 49)
- Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
- Onları (İblisi və nəslini) nə göylərin və yerin yaradılışına, nə də öz yaradılışlarına şahid tutdum. Zəlalətə aparanları Özümə köməkçi tutan deyiləm.
(Kəhf surəsi, 51)
- O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər) onlara cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq.
(Kəhf surəsi, 52)
- Günahkarlar cəhənnəm alovunu gördülər, artıq ora girəcəklərini anladılar. Oradan xilas olmaq üçün bir yol tapa bilmədilər.
(Kəhf surəsi, 53)
- Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür misallar çəkdik. Ancaq insan çox mübahisə edəndir.
(Kəhf surəsi, 54)
- Özlərinə doğru yol göstərən rəhbər gəldiyi zaman insanların iman etməsinə və Rəbbindən bağışlanmalarını diləməsinə mane olan, sadəcə, əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud göz görə-görə əzabın gəlməsini gözləmələridir.
(Kəhf surəsi, 55)
- Biz elçiləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik. İnkar edənlər isə haqqı (Quranı) ortadan qaldırmaq üçün batil vasitəsilə mübarizə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri şeyi məsxərəyə qoydular.
(Kəhf surəsi, 56)
- Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
(Kəhf surəsi, 57)
- Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər.
(Kəhf surəsi, 58)
- Zülm etdikləri zaman o məmləkətləri məhv etdik. Onları məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdik.
(Kəhf surəsi, 59)
- Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”.
(Kəhf surəsi, 60)
- Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi.
(Kəhf surəsi, 61)
- (Oradan) keçib getdikləri zaman Musa gəncə dedi: “Günorta yeməyimizi gətir! Bu səfərimiz bizi yaman yordu”.
(Kəhf surəsi, 62)
- Gənc dedi: “Gördünmü, biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutdurdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir”.
(Kəhf surəsi, 63)
- Musa: “İstədiyimiz məhz bu idi!” - dedi. Onlar dərhal özlərinin ayaq izləri ilə geri qayıtdılar.
(Kəhf surəsi, 64)
- Beləcə, (orada) Öz dərgahımızdan rəhmət bəxş etdiyimiz və elm öyrətdiyimiz bir bəndəmizi (Xızırı) tapdılar.
(Kəhf surəsi, 65)
- Musa ona: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə səninlə gələ bilərəmmi?” – dedi.
(Kəhf surəsi, 66)
- O dedi: “Doğrusu, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən!
(Kəhf surəsi, 67)
- Axı (həqiqətini) dərk edə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?
(Kəhf surəsi, 68)
- Musa dedi: “İnşaAllah, sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam!”
(Kəhf surəsi, 69)
- O dedi: “Əgər mənimlə gələcəksənsə, səbəbini sənə söyləyənə qədər heç bir şey barəsində məndən soruşma!”
(Kəhf surəsi, 70)
- Beləcə, o ikisi yola düşdülər. Nəhayət, gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. Musa dedi: “Gəmidəkiləri suda boğmaq üçünmü onu deşdin? Həqiqətən, sən pis bir iş gördün”.
(Kəhf surəsi, 71)
- (Xızır:) “Mən demədimmi ki, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən?” - dedi.
(Kəhf surəsi, 72)
- Musa: “Unutduğum bir şeyə görə məni danlama və işimi çətinləşdirmə!” – dedi.
(Kəhf surəsi, 73)
- Yenə yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqları zaman (Xızır) onu öldürdü. Musa dedi: “Heç kimi öldürməmiş tər-təmiz bir canamı qəsd etdin? Həqiqətən, sən çox pis bir iş gördün!”
(Kəhf surəsi, 74)
- (Xızır) dedi: “Sənə deməmişdimmi ki, mənim yanımda səbir edə bilməzsən?
(Kəhf surəsi, 75)
- (Musa): “Əgər bundan sonra səndən bir şey soruşsam, o zaman mənimlə yoldaşlıq etmə! Artıq məndən gələcək üzrxahlığın son həddinə çatdın.
(Kəhf surəsi, 76)
- Onlar yenə yollarına davam etdilər. Nəhayət, bir qəsəbəyə gəlib çatdıqları zaman oranın əhalisindən yemək istədilər. Ancaq onlar o ikisini qonaq etməkdən imtina etdilər. Bu zaman o ikisi orada yıxılmaq üzrə olan bir divar gördülər. (Xızır) dərhal onu düzəltdi. (Musa:) “Əgər istəsəydin, əlbəttə, onun müqabilində bir muzd alardın”, - dedi.
(Kəhf surəsi, 77)
- (Xızır) dedi: “Bu, mənimlə sənin ayrılma vaxtımızdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
(Kəhf surəsi, 78)
- Gəmiyə gəldikdə, o, dənizdə işləyən yoxsul kimsələrə məxsus idi. Mən də onu qüsurlu vəziyyətə salmaq istədim. Çünki orada bütün (qüsursuz) gəmiləri qəsb edən bir kral var idi.
(Kəhf surəsi, 79)
- Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz onun ata-anasını azğınlığa və küfrə sövq etməsindən qorxduq.
(Kəhf surəsi, 80)
- Beləcə, istədik ki, Rəbbi onlara əvəzində ondan daha təmiz və daha mərhəmətli birini bəxş etsin.
(Kəhf surəsi, 81)
- Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
(Kəhf surəsi, 82)
- Sənə Zülqərneyn barəsində də sual verirlər. De ki: “Sizə ondan bəhs edəcəyəm”.
(Kəhf surəsi, 83)
- Həqiqətən, Biz onu yer üzündə iqtidar və güc sahibi etdik, ona hər yerin yolunu öyrətdik.
(Kəhf surəsi, 84)
- Beləcə o, bir yol tutub getdi.
(Kəhf surəsi, 85)
- Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik.
(Kəhf surəsi, 86)
- O dedi: “Haqsızlıq edənə əzab verəcəyik. Sonra o Rəbbinə qaytarılacaq və (Rəbbi) ona görünməmiş bir əzab verəcək.
(Kəhf surəsi, 87)
- İman edib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq”.
(Kəhf surəsi, 88)
- Sonra o, yoluna davam etdi.
(Kəhf surəsi, 89)
- Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.
(Kəhf surəsi, 90)
- Beləcə, Biz onunla bağlı hər şeydən xəbərdar idik.
(Kəhf surəsi, 91)
- Sonra o, yenə yoluna davam etdi.
(Kəhf surəsi, 92)
- Nəhayət, iki sədd arasına çatdığı zaman onların önündə demək olar ki, heç bir sözü anlamayan bir tayfa gördü.
(Kəhf surəsi, 93)
- Onlar dedilər: “Ey Zülqərneyn! Həqiqətən, Yəcuc və Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə müəyyən məbləğ verəkmi?”
(Kəhf surəsi, 94)
- O dedi: “Rəbbimin mənə verdiyi səltənət və qüdrət daha yaxşıdır. Siz (iş) qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
(Kəhf surəsi, 95)
- Mənə dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını eyni səviyyəyə gətirdiyi zaman o: “(Körükləri) üfürün!” - dedi. Onu od halına saldığı zaman: “Mənə gətirin, onun üzərinə ərimiş qatran töküm!” - dedi.
(Kəhf surəsi, 96)
- Beləcə (Yəcuc-Məcuc tayfaları) nə o səddi aşa bildilər, nə də onu deşib keçə bildilər.
(Kəhf surəsi, 97)
- (Zülqərneyn) dedi: “Bu, Rəbbimdən gələn bir mərhəmətdir. Ancaq Rəbbimin vədi gəldiyi zaman O, bu səddi yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır”.
(Kəhf surəsi, 98)
- O gün Biz onları (dalğalar kimi) bir-birinə qarışmış bir halda qoyarıq. Sur çalınar və onların hamısını bir yerə cəm edərik.
(Kəhf surəsi, 99)
- O gün cəhənnəmi inkar edənlərə göstərərik.
(Kəhf surəsi, 100)
- O (inkar edənlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər.
(Kəhf surəsi, 101)
- İnkar edənlər Məni qoyub bəndələrimi özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi inkar edənlər üçün məskən olaraq hazırladıq.
(Kəhf surəsi, 102)
- De: “Etdikləri əməllər baxımından ən çox ziyana uğrayanları sizə xəbər verəkmi?
(Kəhf surəsi, 103)
- (Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.
(Kəhf surəsi, 104)
- Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.
(Kəhf surəsi, 105)
- İnkar etmələri, ayələrimə və elçilərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
(Kəhf surəsi, 106)
- İman edib yaxşı işlər görənlərə gəldikdə, onlar üçün məskən olaraq Firdövs cənnətləri vardır.
(Kəhf surəsi, 107)
- Onlar orada əbədi qalacaq və oradan ayrılmaq istəməyəcəklər.
(Kəhf surəsi, 108)
- De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən dəniz tükənərdi”.
(Kəhf surəsi, 109)
- De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”
(Kəhf surəsi, 110)