Saffat surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun səf-səf düzülənlərə,
(Saffat surəsi, 1)
- Bağıraraq qovanlara,
(Saffat surəsi, 2)
- Və Zikri (Quranı) oxuyanlara!
(Saffat surəsi, 3)
- Həqiqətən, sizin ilahınız təkdir!
(Saffat surəsi, 4)
- O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, məşriqlərin də Rəbbidir.
(Saffat surəsi, 5)
- Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.
(Saffat surəsi, 6)
- Və onu hər bir asi şeytandan qoruduq.
(Saffat surəsi, 7)
- Onlar (mələklərə məxsus olan) ən ali məclisə qulaq asa bilməzlər və hər tərəfdən qovularlar.
(Saffat surəsi, 8)
- (Oradan) qovulub atılarlar. Onlar üçün daimi bir əzab vardır.
(Saffat surəsi, 9)
- Ancaq (mələklərin məclisindən bir söz dinləyib) çırpışdıran olarsa, dərhal alovlu bir ulduz onu təqib edər.
(Saffat surəsi, 10)
- Onlardan soruş: “Onlarımı yaratmaq daha çətindir, yoxsa yaratdıqlarımızı (mələkləri, yeri və göyləri)?!” Həqiqətən, Biz onları (insanları) yapışqan bir palçıqdan yaratdıq.
(Saffat surəsi, 11)
- Xeyr! Sən (Allahın qüdrətinə) təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar.
(Saffat surəsi, 12)
- Onlara öyüd verildikdə ibrət almazlar.
(Saffat surəsi, 13)
- Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar.
(Saffat surəsi, 14)
- Və belə deyərlər: “Bu, yalnız açıq-aşkar bir sehrdir.
(Saffat surəsi, 15)
- Biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?
(Saffat surəsi, 16)
- Əvvəlki atalarımız da dirildiləcəklərmi?”
(Saffat surəsi, 17)
- De: “Bəli, həm də siz zəlil olaraq dirildiləcəksiniz”.
(Saffat surəsi, 18)
- O (diriltmə) qorxunc bir səs (ikinci dəfə surun üfürülməsi) ilə olacaqdır. Onlar dərhal (dirilib ətrafa) baxacaqlar.
(Saffat surəsi, 19)
- Onlar: “Vay halımıza! Bu, haqq-hesab günüdür!” - deyəcəklər.
(Saffat surəsi, 20)
- Bu, yalanladığınız (yaxşı ilə pisi) ayırd etmə günüdür.
(Saffat surəsi, 21)
- (O gün mələklərə belə deyiləcək:) “Toplayın zalımları, onların yol yoldaşlarını və ibadət etdiklərini -
(Saffat surəsi, 22)
- Allahdan başqa! Onlara cəhənnəmin yolunu göstərin!
(Saffat surəsi, 23)
- Onları dayandırın! Çünki onlar sorğu-sual olunacaqlar”.
(Saffat surəsi, 24)
- (Onlara belə deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə yardım etmirsiniz?”
(Saffat surəsi, 25)
- Xeyr, onlar bu gün təslim olmuşlar.
(Saffat surəsi, 26)
- Onlar bir-biri ilə mübahisə etməyə başlayarlar.
(Saffat surəsi, 27)
- (Onların bir qismi digərlərinə) belə deyəcək: “Həqiqətən, siz bizə sağ tərəfdən gəlirdiniz (özünüzü haqlı göstərirdiniz)”.
(Saffat surəsi, 28)
- Onlar da belə deyəcəklər: “Xeyr, siz onsuz da iman etməmişdiniz.
(Saffat surəsi, 29)
- Sizin üzərinizdə bizim heç bir hökmranlığımız yox idi. Əksinə, siz özünüz azğın insanlar idiniz.
(Saffat surəsi, 30)
- Buna görə də bizim barəmizdə Rəbbimizin sözü (əzabı) vacib oldu. Həqiqətən, biz onu dadacağıq.
(Saffat surəsi, 31)
- Biz sizi haqq yoldan azdırdıq. Çünki özümüz də haqq yoldan azmışdıq”.
(Saffat surəsi, 32)
- Şübhəsiz ki, o gün onlar əzaba şərik olacaqlar.
(Saffat surəsi, 33)
- Həqiqətən, Biz günahkarlara belə edirik.
(Saffat surəsi, 34)
- Onlara: “Allahdan başqa heç bir ilah yoxdur!” – deyiləndə onlar təkəbbürlənirdilər.
(Saffat surəsi, 35)
- Və belə deyirdilər: “Bəyəm divanə bir şair üçün ilahlarımızı tərk edəcəyik?”
(Saffat surəsi, 36)
- Xeyr! O, haqqı gətirdi və elçiləri təsdiq etdi.
(Saffat surəsi, 37)
- Siz acı əzabı mütləq dadacaqsınız.
(Saffat surəsi, 38)
- Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.
(Saffat surəsi, 39)
- Ancaq Allahın ixlaslı bəndələri bundan istisnadır.
(Saffat surəsi, 40)
- Məhz onlar üçün müəyyən bir ruzi vardır –
(Saffat surəsi, 41)
- Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
(Saffat surəsi, 42)
- Nəim bağlarında.
(Saffat surəsi, 43)
- Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
(Saffat surəsi, 44)
- Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır.
(Saffat surəsi, 45)
- O (qədəhlərdəki içki), ağappaqdır, içənlərə ləzzət verər.
(Saffat surəsi, 46)
- O nə başağrısı verər, nə də onunla sərxoş olarlar.
(Saffat surəsi, 47)
- Onların yanında baxışlarını yalnız onlara dikmiş gözəl gözlü qadınlar vardır.
(Saffat surəsi, 48)
- Onlar günəş görməmiş (ağappaq) yumurta kimidirlər.
(Saffat surəsi, 49)
- Onlar (cənnət əhli) bir-biri ilə söhbətləşməyə başlayacaqlar.
(Saffat surəsi, 50)
- Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım vardı.
(Saffat surəsi, 51)
- O belə deyirdi: “Sən, həqiqətən, (yenidən dirilməyə) inananlardansanmı?
(Saffat surəsi, 52)
- Biz ölüb torpaq və sür-sümük olduqdan sonra (dirildilib) haqq-hesaba çəkiləcəyikmi?”
(Saffat surəsi, 53)
- Sonra o belə deyəcək: “Siz (cəhənnəmdəki o yoldaşıma) boylanıb baxdınızmı?”
(Saffat surəsi, 54)
- O özü (həmin yoldaşına) boylanıb baxacaq və onu cəhənnəmin ortasında görəcək.
(Saffat surəsi, 55)
- O, (cəhənnəmdəki yoldaşına) belə deyəcək: “Allaha and olsun ki, sən az qala məni də məhv edəcəkdin.
(Saffat surəsi, 56)
- Əgər Rəbbimin neməti olmasaydı, həqiqətən, mən də (cəhənnəmə) gətirilənlərdən olacaqdım”.
(Saffat surəsi, 57)
- (Cənnət əhli belə deyəcək:) “Biz ölməyəcəyik elə deyilmi?
(Saffat surəsi, 58)
- İlk (dünyadakı) ölümümüz istisna olmaqla! Əzaba da məruz qalmayacağıq”.
(Saffat surəsi, 59)
- Həqiqətən, bu, böyük uğurdur!
(Saffat surəsi, 60)
- (Dünyada) çalışanlar bunun kimisi üçün çalışsınlar!
(Saffat surəsi, 61)
- Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?
(Saffat surəsi, 62)
- Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik.
(Saffat surəsi, 63)
- Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır.
(Saffat surəsi, 64)
- Onun tumurcuqları şeytanların başlarına bənzəyir.
(Saffat surəsi, 65)
- Onlar mütləq ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.
(Saffat surəsi, 66)
- Sonra onun üstündən onlar üçün qaynar su qarışdırılmış bir içki vardır.
(Saffat surəsi, 67)
- Sonra onların qayıdacaqları yer, əlbəttə, cəhənnəmdir.
(Saffat surəsi, 68)
- Onlar (dünya həyatında) atalarını azğınlıq içində gördülər.
(Saffat surəsi, 69)
- Buna görə də onlar yüyürə-yüyürə atalarının izindən getdilər.
(Saffat surəsi, 70)
- Şübhəsiz, onlardan əvvəlkilərin (qədim millətlərin) çoxu azğınlığa düşmüşdü.
(Saffat surəsi, 71)
- Biz onlara da xəbərdar edən elçilər göndərmişdik.
(Saffat surəsi, 72)
- Xəbərdar edilənlərin aqibətinin necə olduğuna bir bax!
(Saffat surəsi, 73)
- Ancaq Allahın ixlaslı bəndələri bundan istisnadır.
(Saffat surəsi, 74)
- Nuh Bizə yalvarmış, Biz də onun duasını gözəl bir şəkildə qəbul etmişdik.
(Saffat surəsi, 75)
- Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik.
(Saffat surəsi, 76)
- Yalnız onun nəslini davam etdirdik.
(Saffat surəsi, 77)
- Onun şan-şərəfini sonrakı nəsillər arasında da saxladıq.
(Saffat surəsi, 78)
- Aləmlər içində Nuha salam olsun!
(Saffat surəsi, 79)
- Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 80)
- O, həqiqətən, Bizim mömin bəndələrimizdən idi.
(Saffat surəsi, 81)
- Sonra digərlərini (iman etməyənləri) suda boğduq.
(Saffat surəsi, 82)
- Şübhəsiz, İbrahim də onun davamçılarından idi.
(Saffat surəsi, 83)
- Bir zaman o, Rəbbinin hüzuruna təmiz bir qəlblə gəlmişdi.
(Saffat surəsi, 84)
- O, atasına və qövmünə belə demişdi: “Siz nəyə ibadət edirsiniz?
(Saffat surəsi, 85)
- Allahdan başqa uydurma ilahlarmı istəyirsiniz?!
(Saffat surəsi, 86)
- Aləmlərin Rəbbi barəsində fikriniz nədir?”
(Saffat surəsi, 87)
- Bu vaxt İbrahim ulduzlara nəzər etdi.
(Saffat surəsi, 88)
- Sonra da: “Mən xəstəyəm!” - dedi.
(Saffat surəsi, 89)
- Buna görə də onlar İbrahimdən üz çevirib getdilər.
(Saffat surəsi, 90)
- (İbrahim də) xəlvətcə onların ilahlarının (bütlərinin) yanına gedib belə dedi: “Yemirsiniz?
(Saffat surəsi, 91)
- Nə üçün danışmırsınız?”
(Saffat surəsi, 92)
- Sonra bütlərin yanına gəlib sağ əli ilə onları qırıb tökdü.
(Saffat surəsi, 93)
- (Bütpərəstlər) qaçaraq onun yanına gəldilər.
(Saffat surəsi, 94)
- İbrahim belə dedi: “Yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
(Saffat surəsi, 95)
- Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
(Saffat surəsi, 96)
- Onlar: “Onun üçün bir bina tikin və onu (oradakı) odun içinə atın!” - dedilər.
(Saffat surəsi, 97)
- (Bütpərəstlər) ona hiylə qurmaq istədilər, lakin Biz onları ən səfil kimsələrə çevirdik.
(Saffat surəsi, 98)
- İbrahim dedi: “Şübhəsiz ki, mən Rəbbimə gedirəm. O mənə doğru yolu göstərəcəkdir.
(Saffat surəsi, 99)
- Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!”
(Saffat surəsi, 100)
- Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
(Saffat surəsi, 101)
- Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” - dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et!”, - dedi.
(Saffat surəsi, 102)
- Hər ikisi təslim olduğu və İbrahim (heyvanı) üzüstə yatırdığı zaman
(Saffat surəsi, 103)
- Biz ona belə səsləndik: “Ey İbrahim!
(Saffat surəsi, 104)
- Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”.
(Saffat surəsi, 105)
- Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır.
(Saffat surəsi, 106)
- Biz (balaca qurbanlığın) əvəzinə ona daha böyük bir qurbanlıq verdik.
(Saffat surəsi, 107)
- Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.
(Saffat surəsi, 108)
- İbrahimə salam olsun!
(Saffat surəsi, 109)
- Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 110)
- Həqiqətən, o, mömin bəndələrimizdəndir.
(Saffat surəsi, 111)
- Onu salehlərdən bir elçi olan İshaq ilə də müjdələdik.
(Saffat surəsi, 112)
- Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
(Saffat surəsi, 113)
- Şübhəsiz, Biz Musaya və Haruna da nemət verdik.
(Saffat surəsi, 114)
- Onların hər ikisini və qövmlərini böyük fəlakətdən xilas etdik.
(Saffat surəsi, 115)
- Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
(Saffat surəsi, 116)
- Hər ikisinə açıq-aydın başa düşülən kitabı verdik.
(Saffat surəsi, 117)
- Biz onların hər ikisini doğru yola yönəltdik.
(Saffat surəsi, 118)
- Onların hər ikisinin şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.
(Saffat surəsi, 119)
- Musaya və Haruna salam olsun!
(Saffat surəsi, 120)
- Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 121)
- Şübhəsiz, onların hər ikisi Bizim mömin bəndələrimizdəndir.
(Saffat surəsi, 122)
- Həqiqətən, İlyas da elçilərdəndir.
(Saffat surəsi, 123)
- Bir zaman o öz qövmünə belə demişdi: “Allahdan qorxmursunuzmu?
(Saffat surəsi, 124)
- Siz Bəl bütünə ibadət edirsiniz və gözəl yaradanı (Allahı) tərk edirsiniz?
(Saffat surəsi, 125)
- Sizin və əvvəlki atalarınızın Rəbbi olan Allahı qoyub (bu bütəmi sitayiş edirsiniz)?”
(Saffat surəsi, 126)
- Ancaq onlar onu yalanladılar. Buna görə də onlar hökmən (cəhənnəmə) gətiriləcəklər.
(Saffat surəsi, 127)
- Yalnız Allahın ixlaslı bəndələri bundan istisnadır.
(Saffat surəsi, 128)
- Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.
(Saffat surəsi, 129)
- İlyasa salam olsun!
(Saffat surəsi, 130)
- Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 131)
- Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdəndir.
(Saffat surəsi, 132)
- Həqiqətən, Lut da elçilərdəndir.
(Saffat surəsi, 133)
- Bir zamanlar onu və bütün ailəsini xilas etmişdik.
(Saffat surəsi, 134)
- Ancaq geridə qalanlar arasındakı yaşlı qadın (Lutun zövcəsi) bundan istisnadır.
(Saffat surəsi, 135)
- Sonra da digərlərini məhv etdik.
(Saffat surəsi, 136)
- Siz səhər onların yanından keçib gedirsiniz,
(Saffat surəsi, 137)
- Axşam da. Hələ də dərk etmirsinizmi?
(Saffat surəsi, 138)
- Şübhəsiz, Yunis də elçilərdəndir.
(Saffat surəsi, 139)
- Bir zaman o, yüklü bir gəmiyə minib qaçmışdı.
(Saffat surəsi, 140)
- (Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu.
(Saffat surəsi, 141)
- O (Rəbbinin izni olmadan qövmünü tərk etdiyi üçün) özünü qınayarkən bir balıq onu udmuşdu.
(Saffat surəsi, 142)
- Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı,
(Saffat surəsi, 143)
- Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı.
(Saffat surəsi, 144)
- Beləcə, onu halsız bir vəziyyətdə boş bir sahilə atdıq.
(Saffat surəsi, 145)
- Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik.
(Saffat surəsi, 146)
- Biz onu yüz min və daha çox kimsəyə elçi göndərdik.
(Saffat surəsi, 147)
- Nəhayət, onlar iman etdilər. Buna görə də Biz onları müəyyən vaxta qədər yaşatdıq.
(Saffat surəsi, 148)
- Onlardan: “Qızlar Rəbbinin, oğlanlar isə onlarındır, eləmi?” – deyə soruş.
(Saffat surəsi, 149)
- Yoxsa mələkləri dişi yaratmışıq və onlar da bunun şahidi olublar?!
(Saffat surəsi, 150)
- Bilin ki, onlar yalandan belə deyirlər:
(Saffat surəsi, 151)
- “Allahın övladı var”. Şübhəsiz ki, onlar yalançıdırlar.
(Saffat surəsi, 152)
- Məgər Allah oğlanları qoyub qızları seçmişdir?
(Saffat surəsi, 153)
- Sizə nə olub? Bu qərara necə gəlirsiniz?
(Saffat surəsi, 154)
- Heç düşünmürsünüzmü?
(Saffat surəsi, 155)
- Yoxsa sizin (buna dair) açıq bir dəlilinizmi var?
(Saffat surəsi, 156)
- Əgər doğru söyləyirsinizsə, kitabınızı gətirin!
(Saffat surəsi, 157)
- (Müşriklər) Allahla cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. Şübhəsiz ki, cinlər də özlərinin (haqq-hesab yerinə) gətiriləcəklərini bilirlər.
(Saffat surəsi, 158)
- Allah onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!
(Saffat surəsi, 159)
- Ancaq Allahın ixlaslı bəndələri bundan istisnadırlar.
(Saffat surəsi, 160)
- (Ey Kafırlər!) Həqiqətən, siz və ibadət etdikləriniz,
(Saffat surəsi, 161)
- Heç kimi Allahın yolundan azdıra bilməzsiniz,
(Saffat surəsi, 162)
- Cəhənnəmə girəcək kimsədən başqa!
(Saffat surəsi, 163)
- (Mələklər belə deyərlər:) “Bizim hər birimizin müəyyən bir məqamı vardır.
(Saffat surəsi, 164)
- Şübhəsiz ki, biz səf-səf düzülürük.
(Saffat surəsi, 165)
- Allahı təsbeh edirik!”
(Saffat surəsi, 166)
- (İnkar edənlər) deyirdilər:
(Saffat surəsi, 167)
- “Əgər əvvəlkilərin kitablarından biri bizdə olsaydı,
(Saffat surəsi, 168)
- Həqiqətən, biz Allahın ixlaslı bəndələri olardıq”.
(Saffat surəsi, 169)
- Ancaq onu (Quranı) inkar etdilər. Onlar yaxın bir vaxtda biləcəklər.
(Saffat surəsi, 170)
- Həqiqətən, elçi olan bəndələrimizdə söz vermişik ki,
(Saffat surəsi, 171)
- Onlara mütləq yardım olunacaqdır.
(Saffat surəsi, 172)
- Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər.
(Saffat surəsi, 173)
- Buna görə də sən bir müddət onlardan (müşriklərdən) üz çevir.
(Saffat surəsi, 174)
- Onlara bax! Onlar (əzabı) görəcəklər.
(Saffat surəsi, 175)
- Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
(Saffat surəsi, 176)
- O əzab onların yurduna endiyi zaman xəbərdar edilənlərin səhəri necə də pis olacaq!
(Saffat surəsi, 177)
- Sən bir müddət onlardan üz çevir.
(Saffat surəsi, 178)
- Sən (onlara) bax! Onlar (əzabı) görəcəklər.
(Saffat surəsi, 179)
- Yenilməz qüvvət sahibi olan Rəbbin onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!
(Saffat surəsi, 180)
- Elçilərə salam olsun!
(Saffat surəsi, 181)
- Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
(Saffat surəsi, 182)