Duxan surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ha, Mim!
(Duxan surəsi, 1)
- Açıq-aydın olan bu Kitaba and olsun ki,
(Duxan surəsi, 2)
- Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Şübhəsiz ki, Biz xəbərdarlıq edirik.
(Duxan surəsi, 3)
- Hər hikmətli iş o gecə ayırd edilir -
(Duxan surəsi, 4)
- Tərəfimizdən verilən bir əmr ilə. Həqiqətən, Biz elçilər göndəririk.
(Duxan surəsi, 5)
- Rəbbindən bir rəhmət olaraq! Şübhəsiz, O, hər şeyi eşidəndir, biləndir.
(Duxan surəsi, 6)
- Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasındakıların Rəbbidir.
(Duxan surəsi, 7)
- Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir.
(Duxan surəsi, 8)
- Xeyr! Onlar şübhə içində əylənirlər.
(Duxan surəsi, 9)
- Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə!
(Duxan surəsi, 10)
- O duman insanları bürüyəcəkdir. Bu, acı bir əzabdır.
(Duxan surəsi, 11)
- (O zaman insanlar belə deyəcəklər:) “Ey Rəbbimiz, bizi bu əzabdan xilas et! Həqiqətən, biz iman etmişik”.
(Duxan surəsi, 12)
- İndi onların öyüd-nəsihəti qəbul etmələrinin nə xeyri var?! Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
(Duxan surəsi, 13)
- Sonra ondan üz döndərmiş və: “O, öyrədilmiş bir divanədir”, - demişdilər.
(Duxan surəsi, 14)
- Biz sizi əzabdan bir az xilas edəcəyik, ancaq siz yenə (əvvəlki halınıza) geri dönəcəksiniz.
(Duxan surəsi, 15)
- Onlara güclü bir zərbə endirəcəyimiz gün, şübhəsiz, Biz intiqamımızı alacağıq.
(Duxan surəsi, 16)
- Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi.
(Duxan surəsi, 17)
- (O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Duxan surəsi, 18)
- Allaha qarşı təkəbbürlənməyin! Şübhəsiz, mən sizə açıq-aydın bir dəlil gətirmişəm.
(Duxan surəsi, 19)
- Sizin məni daşqalaq etməyinizdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığınmışam.
(Duxan surəsi, 20)
- Əgər mənə inanmırsınızsa, məndən uzaq durun!”
(Duxan surəsi, 21)
- Musa: “Həqiqətən, bunlar günahkar bir qövmdür!” - deyərək Rəbbinə səsləndi.
(Duxan surəsi, 22)
- (Allah buyurdu:) “Bəndələrim (İsrail oğulları) ilə birlikdə gecə yola çıx! Siz (Firon ordusu tərəfindən) təqib olunacaqsınız.
(Duxan surəsi, 23)
- Dənizi (yarıb keçdikdən sonra) açıq qoy! Şübhəsiz ki, onlar suda boğulacaq bir ordudur”.
(Duxan surəsi, 24)
- Onlar qoyub getdilər neçə-neçə bağları, çeşmələri,
(Duxan surəsi, 25)
- Əkinləri, gözəl məkanları,
(Duxan surəsi, 26)
- Ləzzət aldıqları nemətləri.
(Duxan surəsi, 27)
- Beləcə, Biz də o nemətləri başqa bir qövmə miras qoyduq.
(Duxan surəsi, 28)
- Göy və yer onların arxasınca ağlamadı. Onlara möhlət də verilmədi.
(Duxan surəsi, 29)
- Biz İsrail oğularını alçaldıcı əzabdan xilas etdik.
(Duxan surəsi, 30)
- Firondan! Həqiqətən, o, təkəbbürlü və həddi aşanlardan idi.
(Duxan surəsi, 31)
- Şübhəsiz ki, Biz onları (İsrail oğullarını) bilərək aləmlərdən (digər insanlardan) üstün etdik.
(Duxan surəsi, 32)
- Onlara içində açıq-aydın imtahan olan möcüzələr verdik.
(Duxan surəsi, 33)
- Şübhəsiz ki, bunlar (müşriklər) deyəcəklər:
(Duxan surəsi, 34)
- “Biz dünyadakı ölümümüzdən sonra bir daha dirilməyəcəyik.
(Duxan surəsi, 35)
- Əgər doğru deyirsinizsə, onda atalarımızı geri gətirin!”
(Duxan surəsi, 36)
- Onlar daha yaxşıdır, yoxsa Tübbə qövmü və onlardan əvvəlkilər?! Biz onları məhv etdik. Həqiqətən, onlar günahkar idilər.
(Duxan surəsi, 37)
- Biz göyləri, yeri və onların arasındakıları əyləncə olsun deyə yaratmadıq.
(Duxan surəsi, 38)
- Biz onları haqqa aparan bir vasitə olaraq yaratdıq, lakin onların çoxu bunu bilmir.
(Duxan surəsi, 39)
- Şübhəsiz ki, (haqqı batildən) ayırd etmə günü onların hamısı üçün təyin olunmuş bir vaxtdır.
(Duxan surəsi, 40)
- O gün dostun dosta heç bir faydası olmayacaq və onlara heç bir köməklik də göstərilməyəcəkdir.
(Duxan surəsi, 41)
- Ancaq Allahın mərhəmət etdiyi kəslər bundan istisnadır. Şübhəsiz ki, O, yenilməz qüvvət sahibidir, rəhmlidir.
(Duxan surəsi, 42)
- Zəqqum ağacı!
(Duxan surəsi, 43)
- O, günahkarların yeməyidir.
(Duxan surəsi, 44)
- O, əridilmiş yağ kimi qarınlarda qaynayar.
(Duxan surəsi, 45)
- Qaynayan su kimi!
(Duxan surəsi, 46)
- (Allah cəhənnəm mələklərinə belə buyuracaq:) “Onu tutun və cəhənnəmin ortasına sürükləyin!
(Duxan surəsi, 47)
- Sonra başından qaynar su tökərək ona əzab verin!”
(Duxan surəsi, 48)
- (Və ona deyin:) “(Əzabı) dad! Sən (özünə görə) çox qüdrətli və şərəfli biri idin”.
(Duxan surəsi, 49)
- Siz bundan şübhə edirdiniz.
(Duxan surəsi, 50)
- Şübhəsiz ki, müttəqilər əmin-amanlıqda olacaqlar.
(Duxan surəsi, 51)
- Bağçalarda və çeşmələr başında!
(Duxan surəsi, 52)
- Onlar ipəkdən və atlazdan paltarlar geyinib qarşı-qarşıya əyləşəcəklər.
(Duxan surəsi, 53)
- Həmçinin onları gözəl gözlü qadınlarla evləndirəcəyik.
(Duxan surəsi, 54)
- Onlar orada əmin-amanlıq içində hər cür meyvədən gətizdirəcəklər.
(Duxan surəsi, 55)
- Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.
(Duxan surəsi, 56)
- Bu, Rəbbindən gələn bir lütfdür. Əsil böyük uğur budur!
(Duxan surəsi, 57)
- Bəlkə öyüd alalar deyə, onu (Quranı) sənin dilinlə asanlaşdırdıq.
(Duxan surəsi, 58)
- Buna görə də sən (onların məhvini) gözlə! Onlar da gözləyirlər.
(Duxan surəsi, 59)