Hud surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Ra! (Bu Quran) hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri möhkəmləndirilmiş, sonra da izah edilmiş bir kitabdır.
(Hud surəsi, 1)
- Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Mən Onun tərəfindən sizi xəbərdar etmək və müjdələmək üçün göndərilmişəm.
(Hud surəsi, 2)
- Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram.
(Hud surəsi, 3)
- Sizin dönüşünüz Allahadır. O, hər şeyə qadirdir.
(Hud surəsi, 4)
- Baxın, (münafiqlər) gizlənmək üçün ikiqat bükülürlər. Bilin ki, paltarlarına bürünsələr belə, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Şübhəsiz ki, O, qəlbdə olanı biləndir.
(Hud surəsi, 5)
- Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların məskunlaşdığı yeri də, (öldükdən sonra) qoyulacaqları yeri də bilir. Bunların hamısı açıq-aydın bir kitabdadır.
(Hud surəsi, 6)
- Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, inkar edənlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər.
(Hud surəsi, 7)
- Əgər onlara gələcək əzabı az bir vaxta qədər gecikdirsək, şübhəsiz: “Ona mane olan nədir?” - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün onlardan dəf edilməyəcək və məsxərəyə qoyduqları əzab onları bürüyəcəkdir.
(Hud surəsi, 8)
- Əgər tərəfimizdən insana bir mərhəmət (nemət və səhhət) daddırsaq və sonra bunu ondan çəkib alsaq, həqiqətən, o, ümidsiz və nankor olar.
(Hud surəsi, 9)
- Əgər dəyən zərərdən sonra ona bir nemət daddırsaq, mütləq: “Müsibətlər məndən sovuşdu”, - deyər və sevinib təkəbbürlənər.
(Hud surəsi, 10)
- Ancaq (müsibətlərə) səbir edib yaxşı işlər görənlər istisnadır. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hud surəsi, 11)
- (Ey elçi!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir.
(Hud surəsi, 12)
- Yoxsa onlar: “Quranı özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər doğru deyirsinizsə, siz də Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın və onun kimi on surə uydurub gətirin!”
(Hud surəsi, 13)
- Əgər (köməyə çağırdıqlarınız) sizə cavab vermirlərsə, bilin ki, Quran ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa heç bir ilah yoxdur! Elə isə, müsəlman olmayacaqsınızmı?
(Hud surəsi, 14)
- Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar.
(Hud surəsi, 15)
- Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
(Hud surəsi, 16)
- Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan, Allah tərəfindən bir şahidin izlədiyi və ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabının da şahidlik etdiyi kəs (başqaları kimi ola bilərmi)? Onlar (müsəlmanlar) ona inanırlar. Onu inkar edən zümrələrə vəd olunan yer cəhənnəmdir. Buna görə də onun barəsində şübhə etmə! Şübhəsiz ki, o, sənin Rəbbindən gələn haqdır. Ancaq insanların çoxu iman etməz.
(Hud surəsi, 17)
- Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
(Hud surəsi, 18)
- Onlar (insanları) Allah yolundan döndərən və onu (haqq yolu) əyri göstərmək istəyən kəslərdir. Məhz onlar axirəti inkar edənlərdir.
(Hud surəsi, 19)
- Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Onların Allahdan başqa (yardım istəyəcəkləri) dostları da yoxdur. Onlara ikiqat əzab veriləcəkdir. Onlar (haqqı) eşidə bilmir və görmürdülər.
(Hud surəsi, 20)
- Onlar özlərini ziyana salan kimsələrdir. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
(Hud surəsi, 21)
- Şübhəsiz, axirətdə ən çox ziyana uğrayanlar məhz onlardır.
(Hud surəsi, 22)
- Həqiqətən, iman edib yaxşı işlər görən və Rəbbinə qəlbən boyun əyənlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Hud surəsi, 23)
- İki dəstənin (möminlər və inkar edənlərin) halı korla karın, görənlə eşidənin halı kimidir. Onların halı eyni ola bilərmi?! Hələ də düşünüb ibrət almırsınızmı?
(Hud surəsi, 24)
- And olsun ki, Nuhu öz qövmünə elçi göndərdik. (Nuh belə demişdi:) “Mən sizi açıq-aydın xəbərdar edirəm!
(Hud surəsi, 25)
- Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizə gələcək acı günün əzabından qorxuram”.
(Hud surəsi, 26)
- Qövmünün inkar edən başçıları isə belə dedilər: “Biz sənin də bizim kimi adi bir insan olduğunu və yalnız aramızdakı avam olan səfillərin sənə tabe olduğunu görürük. Bizdən üstün bir cəhətinizi də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
(Hud surəsi, 27)
- Nuh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıramsa, Rəbbim mənə Öz dərgahından bir mərhəmət bəxş edibsə və o sizə gizli qalıbsa, istəmədiyiniz halda sizi ona məcbur edə bilərikmi?!
(Hud surəsi, 28)
- Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman edənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm.
(Hud surəsi, 29)
- Ey qövmüm! Əgər onları qovsam, Allah tərəfindən (gələcək bir əzaba qarşı) mənə kim kömək edə bilər?! Heç düşünmürsünüzmü?
(Hud surəsi, 30)
- Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
- Onlar: “Ey Nuh! Bizimlə mübarizə apardın və bizə qarşı mübarizəndə həddini aşdın. Əgər doğru söyləyirsənsə, bizi təhdid etdiyin əzabı gətir!” - dedilər.
(Hud surəsi, 32)
- Nuh belə dedi: “İstədiyi vaxt yalnız Allah onu sizə gətirər və siz ona mane ola bilməzsiniz.
(Hud surəsi, 33)
- Əgər Allah sizi (haqq yoldan) azdırmaq istəsə, mən sizə öyüd-nəsihət vermək istəsəm də, nəsihətim sizə heç bir fayda verməz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız!”
(Hud surəsi, 34)
- Yoxsa onlar: “Onu özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!”
(Hud surəsi, 35)
- Nuha belə vəhy olundu: “Qövmündən (indiyə kimi) iman edənlərdən başqası artıq iman etməyəcəkdir. Elə isə onların etdiklərinə görə kədərlənmə!
(Hud surəsi, 36)
- Gözümüzün qabağında və vəhyimizlə gəmini düzəlt! Zalımlar barəsində mənə heç bir şey demə! Şübhəsiz ki, onlar suda boğulacaqlar”.
(Hud surəsi, 37)
- Nuh gəmini düzəldirdi. Qövmünün başçıları isə hər dəfə ona baş çəkdiklərində onu ələ salırdılar. Nuh demişdi: “Əgər bizi ələ salırsınızsa, bilin ki, siz bizi ələ saldığınız kimi biz də sizi ələ salacağıq.
(Hud surəsi, 38)
- Rüsvayedici əzabın kimə gələcəyini və kimin daimi əzaba düçar olacağını yaxın bir vaxtda biləcəksiniz”.
(Hud surəsi, 39)
- Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.
(Hud surəsi, 40)
- Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, mənim Rəbbim bağışlayandır, mərhəmətlidir!”
(Hud surəsi, 41)
- Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna: “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və inkar edənlərlə birlikdə olma!” - deyə səsləndi.
(Hud surəsi, 42)
- Dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu.
(Hud surəsi, 43)
- (Yerə və göyə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi və iş bitdi. Gəmi Cudi dağına oturdu və: “Zalımlar məhv olsun!” - deyildi.
(Hud surəsi, 44)
- Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”
(Hud surəsi, 45)
- Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Hud surəsi, 46)
- Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”
(Hud surəsi, 47)
- (Allah tərəfindən) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər də olacaqdır”.
(Hud surəsi, 48)
- (Ey elçi!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır.
(Hud surəsi, 49)
- Ad qövmünə də qardaşları Hudu (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Siz yalnız (Allaha) böhtan atırsınız.
(Hud surəsi, 50)
- Ey qövmüm! Mən buna görə sizdən heç bir əvəz tələb etmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Hələ də düşünüb dərk etmirsinizmi?
(Hud surəsi, 51)
- Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
(Hud surəsi, 52)
- Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Biz sənin sözünlə ilahlarımızı tərk edən və sənə inanan deyilik!
(Hud surəsi, 53)
- Biz ancaq bunu deyə bilərik ki, ilahlarımızdan biri səni yaman pis çarpıb”. Hud dedi: “Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam.
(Hud surəsi, 54)
- Allahdan başqa (sitayiş etdiklərinizdən uzağam)! Elə isə hamılıqla mənə qarşı hiylə qurun, sonra mənə heç möhlət də verməyin!
(Hud surəsi, 55)
- Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır.
(Hud surəsi, 56)
- Əgər üz çevirsəniz, bilin ki, mənimlə göndəriləni sizə təbliğ etdim. Rəbbim (istəsə,) sizin yerinizə başqa bir qövm gətirər və siz Ona heç bir zərər verə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyə nəzarət edir”.
(Hud surəsi, 57)
- Əmrimiz gəldiyi zaman Hudu və onunla birlikdə iman edənləri mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
(Hud surəsi, 58)
- Bu da Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar edib Onun elçilərinə asi oldular və hər inadkar müstəbidin əmrinə uydular.
(Hud surəsi, 59)
- Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 60)
- Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.
(Hud surəsi, 61)
- Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər.
(Hud surəsi, 62)
- Saleh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslansam, O mənə Öz tərəfindən bir mərhəmət (elçilik) bəxş etsə və mən də Ona asi olsam, Allaha qarşı mənə kim yardım edə bilər?! Belə olan təqdirdə, siz mənə ziyandan başqa bir şey verməyəcəksiniz.
(Hud surəsi, 63)
- Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”.
(Hud surəsi, 64)
- Ancaq onlar dəvəni kəsdilər. Saleh: “Yurdunuzda üç gün daha yaşayıb kef çəkin! Bu, yalan olmayan bir vəddir”, - dedi.
(Hud surəsi, 65)
- (Əzaba dair) əmrimiz gəldiyi zaman Salehi və onunla birlikdə iman edənləri mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından xilas etdik. Şübhəsiz ki, sənin Rəbbin güclüdür, qüdrətlidir.
(Hud surəsi, 66)
- O qorxunc səs zalımları bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 67)
- Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü Rəbbini inkar etmişdi. Səmud qövmü (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 68)
- Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirib: “Salam!” - demişdilər. O da: “Salam!” - demiş və çox keçmədən (onlar üçün) qızardılmış bir buzov gətirmişdi.
(Hud surəsi, 69)
- İbrahim onların əllərinin yeməyə uzanmadığını gördüyü zaman onlardan xoşu gəlmədi və onlara görə canına qorxu düşdü. Onlar: “Qorxma (biz mələyik)! Lut qövmünə göndərilmişik”, - dedilər.
(Hud surəsi, 70)
- (İbrahimin) zövcəsi də orada idi və (bunu eşidəndə) güldü. Beləcə, onu (zövcəsi Saranı) İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
(Hud surəsi, 71)
- (Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də yaşlı bir kişi ikən övladım ola bilərmi?! Həqiqətən, bu çox qəribədir!”
(Hud surəsi, 72)
- (Mələklər) dedilər: “Sən Allahın işinə təəccüblənirsən? Ey ev əhli, Allahın mərhəməti və bərəkəti sizinlə olsun! Şübhəsiz ki, Allah tərifə və şükür edilməyə layiqdir, çox comərddir”.
(Hud surəsi, 73)
- İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı.
(Hud surəsi, 74)
- Həqiqətən, İbrahim yumşaq qəlbli, Allaha çox yalvaran və özünü Ona həsr edən bir kəs idi.
(Hud surəsi, 75)
- (Mələklər dedilər:) “Ey İbrahim, bundan (mübahisə etməkdən) əl çək! Həqiqətən, artıq Rəbbinin əmri gəlmişdir. Şübhəsiz, onlara dəfedilməz bir əzab gəlir.
(Hud surəsi, 76)
- Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman Lut onlara görə pis oldu, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi.
(Hud surəsi, 77)
- Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?”
(Hud surəsi, 78)
- Onlar: “Sənin qızlarına ehtiyacımız olmadığını bilirsən. Bizim nə istədiyimizi sən yaxşı bilirsən”, - dedilər.
(Hud surəsi, 79)
- Lut dedi: “Kaş sizə gücüm çataydı və ya güclü bir qalaya (qəbiləyə) sığına biləydim!”
(Hud surəsi, 80)
- (Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”
(Hud surəsi, 81)
- Əmrimiz gəldiyi zaman oranın altını üstünə çevirdik və ora odda bişən bərk daşlar yağdırdıq.
(Hud surəsi, 82)
- O daşlar Rəbbinin dərgahında işarələnmişdir və zalımlardan uzaq deyildir.
(Hud surəsi, 83)
- Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin! Mən sizin rifah içində yaşadığınızı görürəm və sizi bürüyəcək bir günün əzabından qorxuram.
(Hud surəsi, 84)
- Ey qövmüm, ölçüdə və çəkidə ədalətə riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin!
(Hud surəsi, 85)
- Əgər iman etmişsinizsə, (bilin ki,) Allahın sizin üçün saxladığı (təyin etdiyi halal qazanc) daha yaxşıdır. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”.
(Hud surəsi, 86)
- Onlar (istehza edərək) dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən, yaxud mallarımızı istədiyimiz kimi xərcləməkdən imtina etməyimizi namazınmı sənə əmr edir? Həqiqətən, sən yumşaq qəlblisən, çox ağıllısan!”
(Hud surəsi, 87)
- (Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
(Hud surəsi, 88)
- Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh qövmünün, yaxud Hud qövmünün və ya Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin! Lut qövmü də sizdən uzaq deyildir.
(Hud surəsi, 89)
- Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin! Şübhəsiz ki, Rəbbim çox mərhəmətlidir, çox sevəndir”.
(Hud surəsi, 90)
- Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!”
(Hud surəsi, 91)
- (Şüeyb) dedi: “Ey qövmüm! Mənim qəbiləm sizə görə Allahdan daha üstündür ki, Ona arxa çevirdiniz? Həqiqətən, Rəbbim etdiyiniz əməlləri (elmi ilə) əhatə etmişdir.
(Hud surəsi, 92)
- Ey qövmüm, əlinizdən gələni edin! Mən də (əlimdən gələni) edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu yaxında biləcəksiniz. Gözləyin! Mən də sizinlə birlikdə gözləyirəm”.
(Hud surəsi, 93)
- Əmrimiz gəldiyi zaman Öz mərhəmətimizlə Şüeybi və onunla birlikdə iman edənləri xilas etdik. Zalımları isə, qorxunc səs bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 94)
- Onlar sanki orada heç yaşamamışdılar. Bilin ki, Mədyən qövmü də Səmud qövmü kimi (Allahın mərhəmətindən) uzaq oldu.
(Hud surəsi, 95)
- Şübhəsiz, Biz Musanı da möcüzələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik -
(Hud surəsi, 96)
- Firona və onun əyanlarına. Lakin onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru deyildi.
(Hud surəsi, 97)
- O, qiyamət günü öz qövmünün qabağına keçib onları cəhənnəmə aparacaq. Aparıldıqları yer necə də pisdir!
(Hud surəsi, 98)
- Onlar həm burada, həm də axirətdə lənətə düçar oldular. Onlara verilən hədiyyə necə də pisdir!
(Hud surəsi, 99)
- (Ey elçi!) Bizim sənə bu söylədiklərimiz (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir. Onlardan izi qalanı da var, biçilmiş əkin kimi yox olanı da.
(Hud surəsi, 100)
- Biz onlara zülm etmədik, əksinə onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldiyi zaman Allahı qoyub dua etdikləri ilahları onlara heç bir fayda vermədi, əksinə, onların ziyanlarını artırdı.
(Hud surəsi, 101)
- Rəbbin (xalqı) zalım məmləkətləri (əzabla) yaxalayanda məhz belə yaxalayır. Şübhəsiz ki, Onun yaxalaması acılı və şiddətlidir.
(Hud surəsi, 102)
- Həqiqətən, axirət əzabından qorxanlar üçün bunda bir ibrət vardır. O gün, insanların bir yerə toplanacağı və (bütün məxluqatın) şahid olacağı bir gündür.
(Hud surəsi, 103)
- Biz onu (axirət gününü) sadəcə müəyyən bir vaxta qədər təxirə salırıq.
(Hud surəsi, 104)
- (Axirət) gəldiyi gün Onun icazəsi olmadan heç kim danışa bilməz. Onlardan bəziləri bədbəxt, bəziləri də xoşbəxt olacaqdır.
(Hud surəsi, 105)
- Bədbəxt olanlar cəhənnəmdədirlər. Onlar orada ah-fəryad içində çətinliklə nəfəs alarlar.
(Hud surəsi, 106)
- Rəbbinin diləməsi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, sənin Rəbbin istədiyini edəndir.
(Hud surəsi, 107)
- Xoşbəxt olanlar isə cənnətdədirlər. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, bitməz-tükənməz bir nemətdir.
(Hud surəsi, 108)
- Elə isə bunların ibadət etdiklərindən (bütlərin batil olduğundan) şübhə etmə! Onlar məhz daha əvvəl atalarının ibadət etdiyi kimi (bütlərə) ibadət edirlər. Şübhəsiz, Biz onların (əzab) paylarını əskiltmədən verəcəyik.
(Hud surəsi, 109)
- Həqiqətən, Biz Musaya Kitabı verdik, ancaq onun barəsində ixtilaf baş verdi. Əgər daha əvvəl Rəbbindən (əzabın təxirə salınmasına dair) bir söz olmasaydı, mütləq aralarında hökm verilərdi. Həqiqətən, onlar Quran barəsində də şəkk-şübhə içindədirlər.
(Hud surəsi, 110)
- Şübhəsiz ki, Rəbbin onların hamısına əməllərinin əvəzini əskiksiz verəcəkdir. Həqiqətən, Allah onların əməllərindən xəbərdardır.
(Hud surəsi, 111)
- Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
(Hud surəsi, 112)
- Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz.
(Hud surəsi, 113)
- Gündüzün iki başında (əvvəlində və axırında) namaz qıl və gecənin bəzi saatlarında ibadət (islama xidmət) et! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
(Hud surəsi, 114)
- (Ey elçi!) Səbirli ol! Şübhəsiz ki, Allah gözəl əməl sahiblərinin mükafatını zay etməz.
(Hud surəsi, 115)
- Kaş sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıllı və fəzilətli kimsələr olaydı. Ancaq onların xilas etdiyimiz az bir qismi belə idi. Zalımlar özlərinə verilən nemətlərin arxasınca getdilər. Onlar günahkar idilər.
(Hud surəsi, 116)
- Xalqı əməlisaleh olduğu halda, Rəbbin o məmləkətləri haqsız yerə məhv etməz.
(Hud surəsi, 117)
- Əgər Rəbbin diləsəydi, insanları tək bir ümmət (millət) edərdi. Onlar hələ də (din barəsində) ixtilafdadırlar.
(Hud surəsi, 118)
- Ancaq Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Rəbbin onları bunun üçün yaratdı. Rəbbinin: “Həqiqətən, cəhənnəmi məhz cin və insanlarla dolduracağam!” sözü yerinə yetdi.
(Hud surəsi, 119)
- Biz elçilərin xəbərlərindən sənin qəlbini təskin edən nə varsa, sənə danışırıq. Bunda (bu ayələrdə) sənə həqiqət, möminlərə də nəsihət və xəbərdarlıq gəlmişdir.
(Hud surəsi, 120)
- İman etməyənlərə de: “Əlinizdən gələni edin, biz də (əlimizdən gələni) edəcəyik.
(Hud surəsi, 121)
- Gözləyin! Biz də gözləyirik”.
(Hud surəsi, 122)
- Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
(Hud surəsi, 123)