İnfitar surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göy yarılacağı zaman,
(İnfitar surəsi, 1)
- Ulduzlar saçılacağı zaman,
(İnfitar surəsi, 2)
- Dənizlər daşıb bir-birinə qarışacağı zaman,
(İnfitar surəsi, 3)
- Qəbirlər çevriləcəyi zaman,
(İnfitar surəsi, 4)
- Hər kəs nə etdiyini və nəyi təxirə saldığını biləcəkdir.
(İnfitar surəsi, 5)
- Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir?
(İnfitar surəsi, 6)
- O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı.
(İnfitar surəsi, 7)
- Səni istədiyi şəkildə yaratdı.
(İnfitar surəsi, 8)
- Xeyr! Əksinə, siz haqq-hesab gününü yalanlayırsınız.
(İnfitar surəsi, 9)
- Həqiqətən, sizə nəzarət edən mələklər vardır,
(İnfitar surəsi, 10)
- Əməllərinizi yazan möhtərəm (mələklər)!
(İnfitar surəsi, 11)
- Onlar sizin etdiklərinizi bilirlər.
(İnfitar surəsi, 12)
- Şübhəsiz ki, yaxşı əməl sahibləri (cənnətdə) nemət içində olacaqlar.
(İnfitar surəsi, 13)
- Günahkarlar isə cəhənnəmdə olacaqlar.
(İnfitar surəsi, 14)
- Haqq-hesab günü onlar ora girəcəklər.
(İnfitar surəsi, 15)
- Onlar oradan çıxa bilməyəcəklər.
(İnfitar surəsi, 16)
- Sən haradan biləsən ki, haqq-hesab günü nədir?!
(İnfitar surəsi, 17)
- Bəli, sən haradan biləsən ki, haqq-hesab günü nədir?!
(İnfitar surəsi, 18)
- O gün heç kim heç kimə yardım edə bilməz. O gün hökm Allahındır!
(İnfitar surəsi, 19)