Ənfal surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və elçiyə məxsusdur. Ona görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin (münaqişələrə son verin), Allaha və Onun elçisinə itaət edin!”
(Ənfal surəsi, 1)
- Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbi titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.
(Ənfal surəsi, 2)
- Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər.
(Ənfal surəsi, 3)
- Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında (cənnətdə) dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır.
(Ənfal surəsi, 4)
- Necə ki, Rəbbin səni haqq uğrunda evindən çıxartmışdı. Halbuki, bu, möminlərdən bir dəstənin heç xoşuna gəlməmişdi.
(Ənfal surəsi, 5)
- Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər.
(Ənfal surəsi, 6)
- (Xatırlayın ki,) o zaman Allah sizə iki dəstədən birinin sizin olmasını vəd edirdi. Siz isə silahsız olanının sizin olmasını istəyirdiniz. Ancaq Allah, Öz sözləri ilə haqqı ortaya çıxarmaq və inkar edənlərin kökünü kəsmək istəyirdi.
(Ənfal surəsi, 7)
- Bu, günahkarların xoşuna gəlməsə də, haqqı ortaya çıxarmaq və batili yox etmək üçündü.
(Ənfal surəsi, 8)
- (Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi.
(Ənfal surəsi, 9)
- Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbiniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 10)
- O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.
(Ənfal surəsi, 11)
- O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! inkar edənlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi.
(Ənfal surəsi, 12)
- Bu ona görə idi ki, onlar Allaha və Onun elçisinə qarşı çıxmışdılar. Kim Allaha və elçisinə qarşı çıxarsa, bilsin ki, həqiqətən, Allah şiddətli əzab verəndir.
(Ənfal surəsi, 13)
- Bu sizə (Allahın əzabıdır). Elə isə, dadın onu! İnkar edənlər üçün bir də cəhənnəm əzabı vardır.
(Ənfal surəsi, 14)
- Ey iman edənlər! (Döyüşdə) axıb gələn inkar edən ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (qorxub qaçmayın)!
(Ənfal surəsi, 15)
- (Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
(Ənfal surəsi, 16)
- (Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 17)
- Bu belədir! Şübhəsiz ki, Allah inkar edənlərin hiyləsini zəiflədəndir.
(Ənfal surəsi, 18)
- (Ey inkar edənlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (elçiyə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir.
(Ənfal surəsi, 19)
- Ey iman edənlər, Allaha və Onun elçisinə itaət edin! (Quranı) eşitdiyiniz halda, ondan üz çevirməyin!
(Ənfal surəsi, 20)
- Eşitmədikləri halda: “Eşitdik!” - deyənlər kimi olmayın!
(Ənfal surəsi, 21)
- Şübhəsiz, Allah nəzdində canlıların ən pisi, (haqqı) düşünməyən karlar və lallardır.
(Ənfal surəsi, 22)
- Əgər Allah onlarda bir xeyir olacağını bilsəydi, əlbəttə, onlara (haqqı) eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə onlar üz çevirərək dönərdilər.
(Ənfal surəsi, 23)
- Ey iman edənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və elçinin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız.
(Ənfal surəsi, 24)
- İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki, Allahın əzabı şiddətlidir.
(Ənfal surəsi, 25)
- Xatırlayın ki, bir zaman siz yer üzündə az və zəif idiniz. İnsanların sizi ələ keçirməsindən qorxurdunuz. Şükür edəsiniz deyə Allah sizə sığınacaq yer verdi, sizi köməyi ilə dəstəklədi və sizə təmiz ruzilər verdi.
(Ənfal surəsi, 26)
- Ey iman edənlər, bilə-bilə Allaha, elçiyə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin!
(Ənfal surəsi, 27)
- Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah yanındadır.
(Ənfal surəsi, 28)
- Ey iman edənlər, əgər Allahdan qorxsanız, O, sizə haqqı batildən ayıran bir nur və anlayış (furqan) bəxş edər, pis əməllərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
(Ənfal surəsi, 29)
- (Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün inkar edənlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (onlara) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür.
(Ənfal surəsi, 30)
- Ayələrimiz onlara oxunduğu zaman dedilər ki: “Eşitdik. İstəsəydik, biz də bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.
(Ənfal surəsi, 31)
- Onlar vaxtilə belə demişdilər: “Ey Allahım! Əgər bu (Quran) Sənin dərgahından gələn bir həqiqətdirsə, onda başımıza göydən daş yağdır, yaxud bizə acı bir əzab gətir!”
(Ənfal surəsi, 32)
- Ancaq sən onların arasında ikən Allah onlara əzab verəsi deyil. Onlar bağışlanmalarını diləyərkən də Allah onlara əzab verəsi deyil.
(Ənfal surəsi, 33)
- Onlar Məscidi-haramın sahibləri olmadıqları halda (elçinin və möminlərin ora daxil olmalarına) mane olduqlarına görə Allah onlara nə üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir.
(Ənfal surəsi, 34)
- Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!
(Ənfal surəsi, 35)
- Həqiqətən, inkar edənlər mallarını (insanları) Allah yolundan döndərmək üçün xərcləyirlər, (bundan sonra da) xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. İnkar edənlər cəhənnəmə toplanacaqlar.
(Ənfal surəsi, 36)
- Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır!
(Ənfal surəsi, 37)
- İnkar edənlərə de: “Əgər (küfrdən və elçiyə qarşı düşmənçilikdən) əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər (o işlərə) geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir.
(Ənfal surəsi, 38)
- Fitnə (şirk) yox olana və din tamamilə Allaha məxsus olanadək onlarla vuruşun! Əgər fitnəyə son qoysalar, bilsinlər ki, Allah onların nə etdiklərini görür.
(Ənfal surəsi, 39)
- Əgər onlar (iman etməkdən) üz döndərsələr, bilin ki, Allah sizin himayədarınızdır. O nə gözəl himayədar və nə gözəl yardımçıdır!
(Ənfal surəsi, 40)
- Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman etmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, elçiyə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir.
(Ənfal surəsi, 41)
- O zaman (Bədr döyüşündə) siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 42)
- (Xatırla ki,) o zaman Allah yuxunda sənə onları (düşmənləri) az göstərmişdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxacaq və bu iş barəsində bir-birinizlə mübahisə edəcəkdiniz. Lakin Allah (sizi bundan) qurtardı. Şübhəsiz ki, O, qəlbdəkini bilir.
(Ənfal surəsi, 43)
- Allah, olacaq bir işi yerinə yetirmək üçün (döyüşdə) üz-üzə gəldiyiniz zaman onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə az göstərirdi. Bütün işlər Allaha qaytarılacaqdır.
(Ənfal surəsi, 44)
- Ey iman edənlər, hər hansı (inkar edən) bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz!
(Ənfal surəsi, 45)
- Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.
(Ənfal surəsi, 46)
- Özlərini insanlara göstərmək və (insanları) Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxan (inkar edənlər) kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir (etdiklərindən xəbərdardır).
(Ənfal surəsi, 47)
- O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”
(Ənfal surəsi, 48)
- O zaman münafiqlər və qəlbində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 49)
- Kaş mələklər üzlərinə və arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” - deyərək inkar edənlərin canlarını alarkən onları görəydin!
(Ənfal surəsi, 50)
- Bu, etdiyiniz əməllərə görədir. Şübhəsiz ki, Allah bəndələrinə zülm edən deyildir.
(Ənfal surəsi, 51)
- Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar da Allahın ayələrini inkar etmişdilər. Ona görə də Allah onları günahlarına görə cəzalandırmışdı. Şübhəsiz ki, Allah güclüdür, cəzası şiddətlidir.
(Ənfal surəsi, 52)
- Bu ona görədir ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri yaxşı xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 53)
- Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi.
(Ənfal surəsi, 54)
- Həqiqətən, Allahın nəzərində yer üzündəki canlıların ən pisi inkar edənlərdir. Çünki onlar iman etməzlər.
(Ənfal surəsi, 55)
- Onlar, səninlə əhd bağladıqdan sonra heç çəkinmədən hər dəfə əhdlərini pozan kimsələrdir.
(Ənfal surəsi, 56)
- Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar!
(Ənfal surəsi, 57)
- Əgər (müqavilə bağladığın) bir tayfanın xəyanət etməsindən qorxsan, sən də eynilə müqaviləni pozduğunu onlara bildir! Şübhəsiz ki, Allah xainləri sevməz.
(Ənfal surəsi, 58)
- İnkar edənlər (xilas olub) önə keçdiklərini zənn etməsinlər! Şübhəsiz ki, onlar (Bizi) aciz qoya bilməzlər.
(Ənfal surəsi, 59)
- Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız.
(Ənfal surəsi, 60)
- Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.
(Ənfal surəsi, 61)
- Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir.
(Ənfal surəsi, 62)
- Allah onların qəlbini (bir-birlərinə qarşı sevgi və dostluqda) birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlbini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 63)
- Ey elçi! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayətdir.
(Ənfal surəsi, 64)
- Ey elçi, möminləri cihada həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, inkar edənlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır.
(Ənfal surəsi, 65)
- İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir!
(Ənfal surəsi, 66)
- Yer üzündə (inkar edənləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir elçiyə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 67)
- Əgər Allah tərəfindən əvvəlcədən verilmiş bir hökm olmasaydı, həqiqətən, aldığınıza (fidyəyə) görə sizə böyük bir əzab toxunardı.
(Ənfal surəsi, 68)
- Ona görə də əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Ənfal surəsi, 69)
- Ey elçi! Əlinizdə olan əsirlərə de ki: “Əgər Allah qəlbinizdə bir xeyir olduğunu bilsə, sizdən alınandan (fidyədən) daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir.
(Ənfal surəsi, 70)
- Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə də (Allah sənə) onlara qarşı (öldürmə və əsir tutma) imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Ənfal surəsi, 71)
- Şübhəsiz ki, iman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman etdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür.
(Ənfal surəsi, 72)
- İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz bunu yerinə yetirməsəniz (bir-birinizə kömək edib dost olmasanız), yer üzündə böyük bir fitnə-fəsad olar.
(Ənfal surəsi, 73)
- İman edib Allah yolunda hicrət edənlər, cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlərə gəldikdə, həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.
(Ənfal surəsi, 74)
- Sonradan iman edib hicrət edən və sizinlə birlikdə cihad edənlərə gəldikdə, onlar da sizdəndir. Allahın Kitabında qohumlar (varis olmaqda) bir-birlərinə daha uyğundurlar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Ənfal surəsi, 75)