Nəcm surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Batmaqda olan ulduza and olsun ki,
(Nəcm surəsi, 1)
- Yoldaşınız (Məhəmməd) nə haqq yoldan çıxmış, nə də azmışdır!
(Nəcm surəsi, 2)
- O, öz istəyinə görə danışmır.
(Nəcm surəsi, 3)
- O (Quran), yalnız ona göndərilən bir vəhydir.
(Nəcm surəsi, 4)
- Onu qüdrətli (mələk Cəbrail) öyrətdi -
(Nəcm surəsi, 5)
- Gözəl görünüşlü (Cəbrail). O, öz surətində göründü -
(Nəcm surəsi, 6)
- Ən uca üfüqdə ikən.
(Nəcm surəsi, 7)
- Sonra (Məhəmmədə) yaxınlaşıb aşağı endi.
(Nəcm surəsi, 8)
- O, (birləşdirilmiş) iki yay arası qədər, hətta daha çox yaxınlaşdı.
(Nəcm surəsi, 9)
- Bu zaman Allah Öz bəndəsinə vəhyini nazil etdi.
(Nəcm surəsi, 10)
- Onun (elçinin) qəlbi gördüyünü yalanlamadı.
(Nəcm surəsi, 11)
- Gördüyü şey haqqında indi siz onunla mübahisəmi edirsiniz?
(Nəcm surəsi, 12)
- Həqiqətən, onu başqa bir dəfə də (öz surətində) görmüşdü.
(Nəcm surəsi, 13)
- (Yeddinci göydə) Sidrəti-müntəhanın (cənnətdəki Sidr ağacının) yanında.
(Nəcm surəsi, 14)
- Onun yanında Məva cənnəti vardır.
(Nəcm surəsi, 15)
- O zaman Sidr ağacını bürüyən bürümüşdü.
(Nəcm surəsi, 16)
- Göz nə yayındı, nə də başqa bir yerə baxdı.
(Nəcm surəsi, 17)
- Şübhəsiz ki, o (elçi), Rəbbinin ən böyük dəlillərindən bir qismini gördü.
(Nəcm surəsi, 18)
- Lat və Uzzanı gördünüzmü?!
(Nəcm surəsi, 19)
- Bəs digər üçüncüsü olan Mənatı?!
(Nəcm surəsi, 20)
- Oğlanlar sizin, qızlar isə Onundur?!
(Nəcm surəsi, 21)
- Onda bu ədalətsiz bir bölgüdür.
(Nəcm surəsi, 22)
- Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən onlara doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfsinin arzularına uyurlar.
(Nəcm surəsi, 23)
- Yoxsa insan arzuladığı hər şeyə sahib olacaq?!
(Nəcm surəsi, 24)
- Axirət də, dünya da Allahındır.
(Nəcm surəsi, 25)
- Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allahın istədiyi və razı qaldığı kimsə üçün izin verməsi bundan istisnadır.
(Nəcm surəsi, 26)
- Axirətə inanmayanlar mələklərə qadın adları qoyurlar.
(Nəcm surəsi, 27)
- Halbuki onların bu haqda heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Halbuki zənn qətiyyən həqiqət deyildir.
(Nəcm surəsi, 28)
- Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
(Nəcm surəsi, 29)
- Onların bildikləri yalnız bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin yolundan azanı da, doğru yolda olanı da yaxşı tanıyır.
(Nəcm surəsi, 30)
- Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Bu, pis əməl sahiblərini etdikləri əməllərə görə cəzalandırması, yaxşı əməl sahiblərini də ən gözəl şəkildə mükafatlandırması üçündür.
(Nəcm surəsi, 31)
- Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və əxlaqsız işlərdən çəkinənlərdir. Şübhəsiz ki, Rəbbinin məğfirəti genişdir. Sizi torpaqdan yaradarkən də, siz analarınızın bətnlərində rüşeym halında ikən də O sizi yaxşı tanıyırdı. Ona görə də özünüzü təmizə çıxartmayın! Allah günahlardan çəkinəni və Ondan qorxanı yaxşı tanıyır.
(Nəcm surəsi, 32)
- Gördünmü (haqdan) üz çevirəni
(Nəcm surəsi, 33)
- Və (malından) bir az verib sonra xəsislik edəni?!
(Nəcm surəsi, 34)
- Məgər onun əlində qeybə dair məlumatlarmı var ki, görsün?!
(Nəcm surəsi, 35)
- Yoxsa Musanın səhifələrində olanlar ona xəbər verilmədimi?!
(Nəcm surəsi, 36)
- Bəs əhdə vəfalı olan İbrahimin (səhifələrində olanlar ona xəbər verilmədimi)?!
(Nəcm surəsi, 37)
- Heç bir günahkar başqasının günahını yüklənə bilməz.
(Nəcm surəsi, 38)
- İnsan üçün öz əməlindən başqa bir şey yoxdur.
(Nəcm surəsi, 39)
- Şübhəsiz ki, onun əməlləri tezliklə görünəcəkdir.
(Nəcm surəsi, 40)
- Sonra ona (əməllərinin) əvəzi tam veriləcəkdir.
(Nəcm surəsi, 41)
- Şübhəsiz ki, axır dönüş Rəbbinədir.
(Nəcm surəsi, 42)
- Güldürən də, ağladan da Odur.
(Nəcm surəsi, 43)
- Öldürən də, dirildən də Odur.
(Nəcm surəsi, 44)
- Həqiqətən, erkək və dişi olmaqla iki cifti O yaratdı -
(Nəcm surəsi, 45)
- (ana rəhminə) atıldığı zaman nütfədən.
(Nəcm surəsi, 46)
- Yenidən diriltmək də Ona məxsusdur.
(Nəcm surəsi, 47)
- Zəngin edən də, kasıb edən də Odur.
(Nəcm surəsi, 48)
- Şübhəsiz, Şira ulduzunun Rəbbi də Odur.
(Nəcm surəsi, 49)
- Əvvəlki Ad qövmünü də O məhv etmişdir.
(Nəcm surəsi, 50)
- Səmudu da! Beləliklə, (onlardan heç kimi sağ) qoymadı.
(Nəcm surəsi, 51)
- Daha əvvəl Nuh qövmünü də (O məhv etmişdi). Həqiqətən, onlar daha zalım və daha azğın kimsələr idi.
(Nəcm surəsi, 52)
- Alt-üst olmuş şəhərləri (Lut qövmünün məmləkətini) də O viran qoydu.
(Nəcm surəsi, 53)
- Beləcə, oranı nələr bürüdü nələr!
(Nəcm surəsi, 54)
- Elə isə Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
(Nəcm surəsi, 55)
- Bu (Məhəmməd də) əvvəlki elçilər kimi bir elçidir.
(Nəcm surəsi, 56)
- Yaxınlaşan (qiyamət) yaxınlaşmışdır.
(Nəcm surəsi, 57)
- Allahdan başqa heç kəs onu aradan qaldıra bilməz!
(Nəcm surəsi, 58)
- Elə isə siz bu sözə (Qurana) təəccübmü edirsiniz?
(Nəcm surəsi, 59)
- (İstehza ilə) gülürsünüz və (oradakı təhdidlərə görə) ağlamırsınız.
(Nəcm surəsi, 60)
- Siz qəflət içində əylənirsiniz.
(Nəcm surəsi, 61)
- Allaha səcdə edin və Ona qulluq edin!
(Nəcm surəsi, 62)