Məryəm surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Kəf, Hə, Yə, Eyn, Sad!
(Məryəm surəsi, 1)
- (Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir!
(Məryəm surəsi, 2)
- Bir zaman o, astadan Rəbbinə səslənmişdi.
(Məryəm surəsi, 3)
- Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
- Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!
(Məryəm surəsi, 5)
- O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Məryəm surəsi, 6)
- (Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
(Məryəm surəsi, 7)
- O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)
- O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
(Məryəm surəsi, 9)
- (Zəkəriyyə) dedi: “Ey Rəbbim, (buna dair) mənə bir işarə ver!” Allah: “Sənin işarən, sağlam olduğun halda üç gün insanlarla danışa bilməməyindir”, – buyurdu.
(Məryəm surəsi, 10)
- Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Məryəm surəsi, 11)
- "Ey Yəhya, kitabdan möhkəm yapış”. Biz ona hələ uşaq ikən hikmət vermişdik.
(Məryəm surəsi, 12)
- Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik. O, çox təqvalı idi.
(Məryəm surəsi, 13)
- O, ata-anasına çox yaxşı davranırdı. Təkəbbürlü və üsyankar deyildi.
(Məryəm surəsi, 14)
- Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gün ona salam olsun!
(Məryəm surəsi, 15)
- Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi.
(Məryəm surəsi, 16)
- Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu onun yanına göndərdik, ona tam bir insan surətində göründü.
(Məryəm surəsi, 17)
- Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!”
(Məryəm surəsi, 18)
- “Həqiqətən, mən sənə tər-təmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin göndərdiyi bir elçiyəm!” - dedi.
(Məryəm surəsi, 19)
- Məryəm: “Mənə bir insan toxunmadığı və iffətsiz olmadığım halda necə uşağım ola bilər?!” - dedi.
(Məryəm surəsi, 20)
- dedi: “Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu, əzəldən qərarı verilmiş bir işdir!”
(Məryəm surəsi, 21)
- Beləcə, (Məryəm) ona (İsaya) hamilə qaldı və buna görə də onunla birlikdə uzaq bir yerə çəkildi.
(Məryəm surəsi, 22)
- Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (söykənməyə) sövq etdi. Məryəm dedi: “Kaş mən bundan əvvəl ölüb tamamilə unudulaydım!”
(Məryəm surəsi, 23)
- Aşağı tərəfindən ona belə səsləndi: “Kədərlənmə! Rəbbin sənin (ayağının) altında bir su arxı yaratmışdır.
(Məryəm surəsi, 24)
- Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün.
(Məryəm surəsi, 25)
- (Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmuşam. Ona görə də bu gün heç bir insanla danışmayacağam!”
(Məryəm surəsi, 26)
- Nəhayət, o, körpəni götürüb öz qövmünə gətirdi. Onlar dedilər: “Ey Məryəm, həqiqətən, sən böyük bir qəbahət işləmisən!
(Məryəm surəsi, 27)
- Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da iffətsiz deyildi”.
(Məryəm surəsi, 28)
- O zaman Məryəm ona (qucağındakı körpəyə) işarə etdi. Onlar: “Biz beşikdəki bir körpə ilə necə danışaq?” - dedilər.
(Məryəm surəsi, 29)
- (Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni elçi etdi.
(Məryəm surəsi, 30)
- Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.
(Məryəm surəsi, 31)
- Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!
(Məryəm surəsi, 32)
- Doğulduğum gün, öləcəyim gün və diriləcəyim gün mənə salam olsun!”
(Məryəm surəsi, 33)
- O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır.
(Məryəm surəsi, 34)
- Övlad götürmək Allaha yaraşmaz. O, pak və müqəddəsdir! O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
(Məryəm surəsi, 35)
- Şübhəsiz ki, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol budur!”
(Məryəm surəsi, 36)
- Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün inkar edənlərin vay halına!
(Məryəm surəsi, 37)
- Bizə gələcəkləri gün necə yaxşı eşidəcək və necə də yaxşı görəcəklər! Lakin zalımlar o gün açıq-aşkar bir zəlalət içindədirlər.
(Məryəm surəsi, 38)
- Onları peşmançılıq günü ilə xəbərdar et! O zaman onlar qəflətdə olub iman etməmişkən iş bitmiş olacaq.
(Məryəm surəsi, 39)
- Şübhəsiz ki, Biz yer üzünə və orada olanlara varis olacağıq və onlar Bizə qaytarılacaqlar.
(Məryəm surəsi, 40)
- Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və elçi idi.
(Məryəm surəsi, 41)
- Bir zaman o, atasına demişdi: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən?
(Məryəm surəsi, 42)
- Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım.
(Məryəm surəsi, 43)
- Atacan, şeytana ibadət etmə! Şübhəsiz, şeytan Rəhmana (Allaha) üsyan etmişdir.
(Məryəm surəsi, 44)
- Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram”.
(Məryəm surəsi, 45)
- Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!”
(Məryəm surəsi, 46)
- İbrahim dedi: “Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
(Məryəm surəsi, 47)
- Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.
(Məryəm surəsi, 48)
- İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və (onun oğlu) Yaqubu bəxş etdik. Onların hər ikisini də elçi etdik.
(Məryəm surəsi, 49)
- Onlara Öz rəhmətimizdən bəxş etdik və dürüstlüklərini dillərə dastan etdik.
(Məryəm surəsi, 50)
- Kitabda Musanı da an! Həqiqətən, o, ixlas sahibi idi. O, həm rəsul, həm də nəbi idi.
(Məryəm surəsi, 51)
- Ona (Musaya) Tur dağının sağ tərəfindən səsləndik və onu pıçıldaşan kimsə qədər (Özümüzə) yaxınlaşdırdıq.
(Məryəm surəsi, 52)
- Biz qardaşı Harunu da Öz rəhmətimizdən bir elçi olaraq ona bəxş etdik.
(Məryəm surəsi, 53)
- Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.
(Məryəm surəsi, 54)
- O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu.
(Məryəm surəsi, 55)
- Kitabda İdrisi də an! O, həqiqətən, çox dürüst bir elçi idi.
(Məryəm surəsi, 56)
- Biz onu yüksək bir məqama ucaltdıq.
(Məryəm surəsi, 57)
- Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
- Ancaq onlardan sonra namazı tərk edib nəfslərinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
(Məryəm surəsi, 59)
- Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.
(Məryəm surəsi, 60)
- Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
(Məryəm surəsi, 61)
- Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri də (daim) vardır.
(Məryəm surəsi, 62)
- Bəndələrimizdən təqva sahiblərini varis edəcəyimiz cənnət budur!
(Məryəm surəsi, 63)
- (Cəbrail belə demişdi: ) “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, hamısı Ona məxsusdur. Rəbbin (səni) unudan deyildir”.
(Məryəm surəsi, 64)
- O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. Elə isə, Ona ibadət et və Ona ibadətdə səbirli ol! Ona oxşar birini tanıyırsanmı?!
(Məryəm surəsi, 65)
- İnsan: “Həqiqətən, mən öldükdən sonra diri olaraq çıxardılacağammı?” - deyir.
(Məryəm surəsi, 66)
- İnsan daha əvvəl heç bir şey deyilkən Bizim onu xəlq etdiyimizi düşünmürmü?
(Məryəm surəsi, 67)
- Rəbbinə and olsun ki, onları və şeytanları bir yerə toplayacağıq. Sonra onları diz çökmüş bir vəziyyətdə cəhənnəmin ətrafına gətirəcəyik.
(Məryəm surəsi, 68)
- Sonra hər bir firqədən Rəhmana qarşı ən çox üsyankar olanı çəkib çıxardacağıq.
(Məryəm surəsi, 69)
- Cəhənnəmə girməyə daha çox layiq olanları, əlbəttə, Biz çox yaxşı bilirik.
(Məryəm surəsi, 70)
- İçinizdən ora girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür.
(Məryəm surəsi, 71)
- Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq.
(Məryəm surəsi, 72)
- Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman inkar edənlər iman edənlərə: “İki qrupdan hansının (hansımızın) məqamı daha yaxşı, məclisi daha gözəldir?” - demişdilər.
(Məryəm surəsi, 73)
- Halbuki onlardan əvvəl mal-mülk və görünüş baxımından daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
(Məryəm surəsi, 74)
- De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
(Məryəm surəsi, 75)
- Allah doğru yolda olanların hidayətini artırar. (Axirətə) qalan yaxşı əməllər isə Rəbbinin dərgahında həm mükafat, həm də dönüş yeri etibarilə daha yaxşıdır.
(Məryəm surəsi, 76)
- Ayələrimizi inkar edib: “Mənə mütləq mal-mülk və övlad veriləcəkdir!” - deyən kimsəni gördünmü?!
(Məryəm surəsi, 77)
- O qeybi öyrəndi, yoxsa Rəhmanın dərgahından (bu barədə) bir söz aldı?!
(Məryəm surəsi, 78)
- Əsla! Biz onun söylədiklərini yazacaq və əzabını uzatdıqca uzadacağıq.
(Məryəm surəsi, 79)
- Onun söylədiklərinə Biz varis olacağıq (mal-mülkü və övladları Bizə qalacaq) və o, tək-tənha bizə gələcəkdir.
(Məryəm surəsi, 80)
- Onlar özlərinə dəstək (şəfaətçi) olsun deyə, Allahdan başqa ilahlar qəbul etdilər.
(Məryəm surəsi, 81)
- Əsla! (İlah qəbul etdikləri şəriklər axirət günü) onların ibadətini inkar edəcək və onlara düşmən kəsiləcəklər.
(Məryəm surəsi, 82)
- (Ey elçi!) inkar edənlərin üstünə, onları qızışdırıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?!
(Məryəm surəsi, 83)
- Ona görə də onlar barəsində tələsmə! Şübhəsiz, Biz onların günlərini bir-bir sayırıq.
(Məryəm surəsi, 84)
- O gün müttəqiləri bir heyət halında Rəhmanın hüzurunda toplayacağıq.
(Məryəm surəsi, 85)
- Günahkarları isə susamış halda cəhənnəmə sürükləyəcəyik.
(Məryəm surəsi, 86)
- (O gün) Rəhmanın hüzurunda əhd (icazə) almış kimsələrdən başqaları şəfaət edə bilməyəcəklər.
(Məryəm surəsi, 87)
- Onlar: “Rəhman (olan Allah) özünə övlad götürmüşdür!” - dedilər.
(Məryəm surəsi, 88)
- Siz, həqiqətən, çox pis bir iş gördünüz.
(Məryəm surəsi, 89)
- Az qalsın buna görə göylər çatlayacaq, yer yarılacaq, dağlar yerə səriləcəkdi -
(Məryəm surəsi, 90)
- Rəhmana övlad isnad etdiklərinə görə!
(Məryəm surəsi, 91)
- Halbuki övlad götürmək Rəhmana yaraşmaz.
(Məryəm surəsi, 92)
- Göylərdə və yerdə olanlar hamılıqla bir bəndə kimi Rəhmanın hüzuruna gələcəklər.
(Məryəm surəsi, 93)
- Şübhəsiz ki, Allah onları hesablamış və tək-tək saymışdır.
(Məryəm surəsi, 94)
- Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir.
(Məryəm surəsi, 95)
- Şübhəsiz, Rəhman (olan Allah) iman edib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır.
(Məryəm surəsi, 96)
- (Ey elçi!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə asanlaşdırdıq.
(Məryəm surəsi, 97)
- Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Sən onlardan hər hansı birini görürsənmi, yaxud onlara aid cüzi bir səs eşidirsənmi?
(Məryəm surəsi, 98)