Qamər surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qiyamət yaxınlaşdı və ay yarıldı.
(Qamər surəsi, 1)
- Əgər onlar bir möcüzə görsələr, ondan üz çevirib: “Bu, davam edən bir sehrdir!” - deyərlər.
(Qamər surəsi, 2)
- Onlar (Quranı) yalanladılar və öz nəfsinin arzularına uydular. Halbuki hər bir işin (Allah tərəfindən) qərarlaşdırılmış bir vaxtı vardır.
(Qamər surəsi, 3)
- Həqiqətən, onlara (günahlardan) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
(Qamər surəsi, 4)
- Bu, böyük bir hikmətdir. Ancaq (haqdan üz çevirənə) xəbərdarlıqlar heç bir fayda verməz.
(Qamər surəsi, 5)
- Elə isə carçının bilinməyən bir şeyə çağıracağı günə qədər sən də onlardan üz çevir!
(Qamər surəsi, 6)
- Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq (ortaya) çıxacaqlar.
(Qamər surəsi, 7)
- İnkar edənlər carçıya tərəf qaçarkən: “Bu çox çətin bir gündür!” - deyəcəklər.
(Qamər surəsi, 8)
- Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
(Qamər surəsi, 9)
- Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.
(Qamər surəsi, 10)
- Biz də göyün qapılarını leysan yağışı ilə açdıq.
(Qamər surəsi, 11)
- Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi.
(Qamər surəsi, 12)
- Nuhu da taxtadan düzəldilib mismarlanmış bir gəmidə daşıdıq.
(Qamər surəsi, 13)
- O gəmi, (qövmü tərəfindən) inkar edilənə (Nuha) mükafat olaraq gözlərimizin önündə (nəzarətimiz altında) üzürdü.
(Qamər surəsi, 14)
- Həqiqətən, Biz onu ibrət olsun deyə saxladıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 15)
- Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 16)
- Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 17)
- Ad qövmü də (Hudu) yalanlamışdı. Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 18)
- Həqiqətən, Biz onların üstünə uğursuzluğu davam edən bir gündə uğultulu soyuq bir külək göndərdik.
(Qamər surəsi, 19)
- O külək, insanları kökündən qopmuş xurma kötükləri kimi (yerdən) qopardırdı.
(Qamər surəsi, 20)
- Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 21)
- Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 22)
- Səmud qövmü də xəbərdarlıqları yalan saymışdı.
(Qamər surəsi, 23)
- Onlar demişdilər: “Özümüzdən olan bir insanamı tabe olacağıq? O zaman biz azğınlığa düşmüş və çılğınlıq etmiş olarıq.
(Qamər surəsi, 24)
- Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.
(Qamər surəsi, 25)
- Onlar lovğa yalançının kim olduğunu sabah biləcəklər.
(Qamər surəsi, 26)
- Onları sınamaq üçün dişi bir dəvə göndərən Bizik. (Ey Saleh!) Ona görə də sən onları gözlə və səbir et!
(Qamər surəsi, 27)
- Onlara bildir ki, su onların arasında bölüşdürülmüşdür. Hər kəs su içməyə öz növbəsində gəlsin!”
(Qamər surəsi, 28)
- Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da (qılıncını) alıb (dəvəni) kəsdi.
(Qamər surəsi, 29)
- Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 30)
- Biz onlara qorxunc bir səs göndərdik və onlar heyvan ağılına qoyulan quru ot kimi oldular.
(Qamər surəsi, 31)
- Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 32)
- Lut qövmü də xəbərdarlıqları yalan saymışdı.
(Qamər surəsi, 33)
- Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik.
(Qamər surəsi, 34)
- Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.
(Qamər surəsi, 35)
- Həqiqətən, Lut onlara şiddətli əzabımız barəsində xəbərdarlıq etmişdi. Ancaq onlar xəbərdarlıqlara şübhə etmişdilər.
(Qamər surəsi, 36)
- Onlar Lutun qonaqlarına (yaraşıqlı oğlanlar kimi görünən mələklərə) pislik etmək istəmişdilər. Biz də onların gözlərini kor etdik. İndi əzabımı və təhdidlərimi dadın!
(Qamər surəsi, 37)
- Həqiqətən, səhər tezdən daimi bir əzab onları yaxaladı.
(Qamər surəsi, 38)
- İndi əzabımı və təhdidlərimi dadın!
(Qamər surəsi, 39)
- Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 40)
- Fironun qövmünə də xəbərdarlıqlar gəlmişdi.
(Qamər surəsi, 41)
- Onlar bütün ayələrimizi yalanladılar. Buna görə də onları güc və qüdrətimizə layiq bir şəkildə (əzabla) yaxaladıq.
(Qamər surəsi, 42)
- Sizin inkar edənləriniz onlardan daha yaxşıdır?! Yoxsa kitablarda sizin toxunulmaz olduğunuzmu yazılıb?!
(Qamər surəsi, 43)
- Yoxsa onlar: “Biz müzəffər bir dəstəyik”, - deyirlər?
(Qamər surəsi, 44)
- Yaxın bir vaxtda o dəstə məğlub olacaq və onlar arxalarına dönüb qaçacaqlar.
(Qamər surəsi, 45)
- Xeyr! Onlara vəd olunan qiyamətdir (axirət əzabıdır). Qiyamət isə daha çətin və daha acıdır.
(Qamər surəsi, 46)
- Həqiqətən, günahkarlar azğınlıq və çılğınlıq içindədirlər.
(Qamər surəsi, 47)
- Üzüstə cəhənnəmə sürüklənəcəkləri gün (onlara belə deyiləcəkdir:) “Dadın sizə toxunan cəhənnəm əzabını!”
(Qamər surəsi, 48)
- Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq.
(Qamər surəsi, 49)
- Bizim əmrimiz bir göz qırpımında gerçəkləşər.
(Qamər surəsi, 50)
- Şübhəsiz ki, Biz sizin kimiləri məhv etmişdik. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 51)
- Onların etdiyi hər şey kitablarda (əməl dəftərlərində) mövcuddur.
(Qamər surəsi, 52)
- Böyük-kiçik hər bir şey yazılmışdır.
(Qamər surəsi, 53)
- Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında olacaqlar.
(Qamər surəsi, 54)
- Güclü hökmdar olan Allahın dərgahında haqq məclisində olacaqlar.
(Qamər surəsi, 55)