Ğaşiyə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Ey elçi!) Hər tərəfi bürüyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?!
(Ğaşiyə surəsi, 1)
- O gün elə üzlər vardır ki, zəlil bir halda olacaqlar.
(Ğaşiyə surəsi, 2)
- Onlar (xilas olmaq üçün) çırpınacaqlar, (ancaq boş yerə) yorulacaqlar.
(Ğaşiyə surəsi, 3)
- Onlar qızmar oda girəcəklər.
(Ğaşiyə surəsi, 4)
- Onlara qaynar su bulağından içirdiləcəkdir.
(Ğaşiyə surəsi, 5)
- Onların quru tikandan başqa yeməkləri olmayacaqdır.
(Ğaşiyə surəsi, 6)
- (O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər.
(Ğaşiyə surəsi, 7)
- O gün elə üzlər də vardır ki, sevinclidirlər.
(Ğaşiyə surəsi, 8)
- Onlar (dünyada) etdiklərindən razıdırlar.
(Ğaşiyə surəsi, 9)
- Uca cənətdədirlər.
(Ğaşiyə surəsi, 10)
- Orada boş söz eşitməzlər.
(Ğaşiyə surəsi, 11)
- Orada axar çeşmələr vardır.
(Ğaşiyə surəsi, 12)
- Orada hündür taxtlar,
(Ğaşiyə surəsi, 13)
- (Çeşmə başlarına) qoyulmuş qədəhlər,
(Ğaşiyə surəsi, 14)
- Yan-yana düzülmüş yastıqlar,
(Ğaşiyə surəsi, 15)
- Sərilmiş xalılar vardır.
(Ğaşiyə surəsi, 16)
- Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!
(Ğaşiyə surəsi, 17)
- Göyün necə yüksəldildiyinə,
(Ğaşiyə surəsi, 18)
- Dağların necə yerləşdirildiyinə,
(Ğaşiyə surəsi, 19)
- Yer üzünün necə döşəndiyinə (baxmırlarmı)?!
(Ğaşiyə surəsi, 20)
- (Ey elçi!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.
(Ğaşiyə surəsi, 21)
- Sən onları məcbur edən deyilsən.
(Ğaşiyə surəsi, 22)
- Ancaq kim üz döndərər və haqqı inkar edərsə,
(Ğaşiyə surəsi, 23)
- Allah onu ən böyük əzabla cəzalandıracaqdır.
(Ğaşiyə surəsi, 24)
- Şübhəsiz ki, onların dönüşü Bizədir.
(Ğaşiyə surəsi, 25)
- Sonra onları sorğu-suala çəkmək də Bizə məxsusdur.
(Ğaşiyə surəsi, 26)