Fəth surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həqiqətən, Biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik ki,
(Fəth surəsi, 1)
- Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin
(Fəth surəsi, 2)
- Və Allah sənə şanlı bir zəfər bəxş etsin.
(Fəth surəsi, 3)
- Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Fəth surəsi, 4)
- (Bütün) bunlar Allahın mömin kişiləri və mömin qadınları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil etməsi və onların günahlarının üstünü örtməsi üçündür. Bu, Allah dərgahında böyük bir uğurdur!
(Fəth surəsi, 5)
- Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
(Fəth surəsi, 6)
- Göylərin və yerin orduları Allaha məxsusdur. Allah qüdrətlidir, hikmət sahibidir.
(Fəth surəsi, 7)
- Şübhəsiz ki, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir elçi olaraq göndərdik ki,
(Fəth surəsi, 8)
- Allaha və Rəsuluna iman edəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
(Fəth surəsi, 9)
- Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir.
(Fəth surəsi, 10)
- Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlbində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Fəth surəsi, 11)
- Əksinə, siz elçinin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlbinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.
(Fəth surəsi, 12)
- Kim Allaha və Onun elçisinə iman etməzsə, bilsin ki, Biz inkar edənlər üçün alovlu bir od hazırlamışıq.
(Fəth surəsi, 13)
- Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir.
(Fəth surəsi, 14)
- Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.
(Fəth surəsi, 15)
- (Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
(Fəth surəsi, 16)
- (Döyüşə getmədiklərinə görə) kora, topala və xəstəyə günah yoxdur. Kim Allaha və elçisinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kim də üz döndərərsə, Allah ona acı bir əzab verəcəkdir.
(Fəth surəsi, 17)
- Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
(Fəth surəsi, 18)
- Həmçinin Allah onları əldə edəcəkləri bir çox qənimətlərlə mükafatlandırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir.
(Fəth surəsi, 19)
- Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Bunu (Hüdeybiyyə müqaviləsini) sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlər üçün (zəfərə) işarə olsun və sizi doğru yola yönəltsin.
(Fəth surəsi, 20)
- Hələ əldə etmədiyiniz başqa qənimətlər də vardır ki, Allah onları elmi ilə əhatə etmişdir. Allah hər şeyə qadirdir.
(Fəth surəsi, 21)
- Əgər inkar edənlər sizinlə döyüşsəydilər, arxalarını çevirib qaçacaqdılar. Sonra onlar nə bir dost, nə də bir yardımçı tapa biləcəkdilər.
(Fəth surəsi, 22)
- Bu, Allahın əzəldən qoyduğu qanunudur. Allahın qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən.
(Fəth surəsi, 23)
- Onlara qarşı sizə zəfər bəxş etdikdən sonra Məkkənin yaxınlığında (Hüdeybiyyədə) onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Odur. Allah sizin etdiklərinizi görür.
(Fəth surəsi, 24)
- Onlar inkar edən olub sizin Məscidi-haramı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan inkar edən olanlara acı bir əzab verərdik.
(Fəth surəsi, 25)
- İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26)
- Şübhəsiz ki, Allah elçisinin röyasını həqiqətə çevirdi. Siz inşaAllah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi.
(Fəth surəsi, 27)
- Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz elçisini hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər!
(Fəth surəsi, 28)
- Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)