Hucurat surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey iman edənlər, Allahın və elçisinin önünə keçməyin! Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Hucurat surəsi, 1)
- Ey iman edənlər, səslərinizi elçinin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.
(Hucurat surəsi, 2)
- Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlbini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hucurat surəsi, 3)
- (Ey elçi!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir.
(Hucurat surəsi, 4)
- Əgər sən çölə çıxıb onların yanına gedənə qədər səbir etsəydilər, şübhəsiz ki, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir.
(Hucurat surəsi, 5)
- Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz.
(Hucurat surəsi, 6)
- Bilin ki, sizin aranızda Allahın elçisi vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, həqiqətən, siz çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirib onu qəlbinizə gözəl göstərdi. Küfrü, günahı və asiliyi isə sizə çirkin göstərdi. Əsil doğru yolda olanlar onlardır.
(Hucurat surəsi, 7)
- Bu, Allahın lütfü və neməti sayəsindədir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Hucurat surəsi, 8)
- Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Hucurat surəsi, 9)
- Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun.
(Hucurat surəsi, 10)
- Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır.
(Hucurat surəsi, 11)
- Ey iman edənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.
(Hucurat surəsi, 12)
- Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Hucurat surəsi, 13)
- Bədəvi ərəblər: “Biz iman etdik!” - dedilər. De ki: “Siz iman etməmisiniz. Ancaq: “Biz təslim olmuşuq!” - deyin. İman hələ sizin qəlbinizə girməmişdir. Əgər Allaha və Onun elçisinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”.
(Hucurat surəsi, 14)
- Möminlər o kəslərdir ki, Allaha və elçisinə iman edər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır.
(Hucurat surəsi, 15)
- De: “Siz dininizi Allaha öyrədirsiniz? Halbuki Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyi biləndir”.
(Hucurat surəsi, 16)
- Müsəlman oldular deyə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuza görə mənə minnət qoymayın! Əksinə, əgər sadiqlərdənsinizsə, bilin ki, əslində sizi imana yönəltdiyinə görə Allah sizə minnət qoymalıdır”.
(Hucurat surəsi, 17)
- Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah sizin bütün etdiklərinizi görür.
(Hucurat surəsi, 18)