İnsan surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!
(İnsan surəsi, 1)
- Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik.
(İnsan surəsi, 2)
- Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.
(İnsan surəsi, 3)
- Biz inkar edənlər üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.
(İnsan surəsi, 4)
- Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər.
(İnsan surəsi, 5)
- Allahın bəndələrinin içdiyi çeşmədən! Onu (istədikləri tərəfə) axıdacaqlar.
(İnsan surəsi, 6)
- Onlar verdikləri sözü yerinə yetirər və vahiməsi hər yeri bürüyəcək o gündən qorxarlar.
(İnsan surəsi, 7)
- Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(İnsan surəsi, 8)
- “Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik.
(İnsan surəsi, 9)
- Şübhəsiz ki, biz çətin və ağır bir günə görə Rəbbimizdən qorxuruq”.
(İnsan surəsi, 10)
- Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.
(İnsan surəsi, 11)
- Və səbr etdiklərinə görə onları cənnət və ipəklə mükafatlandırdı.
(İnsan surəsi, 12)
- Orada taxtlara söykəniblər. Onlar orada nə qızmar günəşi, nə də şaxtalı soyuğu görərlər.
(İnsan surəsi, 13)
- (Meyvələrin) kölgələri onlara çox yaxındır və onların dərilməsi çox asanlaşdırılıb.
(İnsan surəsi, 14)
- Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır.
(İnsan surəsi, 15)
- Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar.
(İnsan surəsi, 16)
- Orada onlara qarışığı zəncəfil olan içki içirilir.
(İnsan surəsi, 17)
- Bir bulaq ki, “səlsebil” adlanır.
(İnsan surəsi, 18)
- Onların ətrafında həmişə gənc olan cavanlar dolanırlar. Onları gördüyün zaman səpələnmiş inci olduqlarını zənn edərsən.
(İnsan surəsi, 19)
- Orada hara baxsan, çoxlu naz-nemət və böyük bir səltənət görərsən.
(İnsan surəsi, 20)
- Onların əynində taftadan və atlazdan yaşıl paltarlar vardır. Onlar gümüş bilərziklərlər bəzəniblər. Rəbbi onlara tərtəmiz içki içirər.
(İnsan surəsi, 21)
- (Onlara belə deyiləcək:) “Bu sizin mükafatınızdır. Sizin (dünyadakı) səylərinizin əvəzi verilmişdir”.
(İnsan surəsi, 22)
- (Ey elçi!) Şübhəsiz ki, Biz sənə Quranı hissə-hissə nazil etdik.
(İnsan surəsi, 23)
- Ona görə də sən Rəbbinin hökmünə (boyun əyib) səbir et və onlardan günahkar, yaxud nankor olana boyun əymə!
(İnsan surəsi, 24)
- Səhər-axşam Rəbbinin adını zikr et!
(İnsan surəsi, 25)
- Gecənin bir vaxtında Ona səcdə et və gecə uzun bir müddət Onu təsbeh et!
(İnsan surəsi, 26)
- Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər.
(İnsan surəsi, 27)
- Onları yaradan da, qüvvətli edən də Bizik. Əgər istəsək, onları bənzərləri ilə əvəz edərik.
(İnsan surəsi, 28)
- Həqiqətən, bu (Quran), bir öyüddür. İstəyən, Rəbbinə tərəf bir yol tutar.
(İnsan surəsi, 29)
- Allah diləməyincə, siz diləyə bilməzsiniz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(İnsan surəsi, 30)
- O, dilədiyini Öz mərhəmətinə nail edər. Zalımlar üçün isə şiddətli bir əzab hazırlamışdır.
(İnsan surəsi, 31)