Ali İmran surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Mim!
(Ali İmran surəsi, 1)
- Allahdan başqa heç bir ilah yoxdur! O, daima diridir, bütün məxluqatı idarə edəndir.
(Ali İmran surəsi, 2)
- O sənə Kitabı, haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq (hissə-hissə) nazil etdi. O, Tövratı və İncili nazil etdi -
(Ali İmran surəsi, 3)
- Daha əvvəl insanlara doğru yolu göstərmək üçün. (İndi də) O, Furqanı nazil etdi. Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir.
(Ali İmran surəsi, 4)
- Şübhəsiz ki, göydə və yerdə olan heç bir şey Allahdan gizli qalmaz.
(Ali İmran surəsi, 5)
- Bətnlərdə sizə dilədiyi kimi surət verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur!
(Ali İmran surəsi, 6)
- Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
(Ali İmran surəsi, 7)
- (Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən.
(Ali İmran surəsi, 8)
- Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə insanları toplayacaq olan Sənsən!” Şübhəsiz ki, Allah, Öz vədinə xilaf çıxmaz.
(Ali İmran surəsi, 9)
- Şübhəsiz ki, inkar edənlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar.
(Ali İmran surəsi, 10)
- (Onların halı,) Firon camaatı və onlardan əvvəlkilərin halı kimidir. Onlar Bizim ayələrimizi yalanladılar. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası şiddətlidir.
(Ali İmran surəsi, 11)
- İnkar edənlərə de: “Siz məğlub olacaqsınız və cəhənnəmə yığılacaqsınız! (Ora) necə də pis bir yerdir!”
(Ali İmran surəsi, 12)
- (Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən inkar edənlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır.
(Ali İmran surəsi, 13)
- Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
- (Ey elçi!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcə və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.
(Ali İmran surəsi, 15)
- (Bu nemətlər,) “Ey Rəbbimiz, biz həqiqətən, (Sənə) iman etdik. Günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!” - deyən,
(Ali İmran surəsi, 16)
- Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
- Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.
(Ali İmran surəsi, 18)
- Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
(Ali İmran surəsi, 19)
- Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
(Ali İmran surəsi, 20)
- Allahın ayələrini inkar edən, elçiləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!
(Ali İmran surəsi, 21)
- Onlar, əməlləri dünya və axirətdə puça çıxmış kimsələrdir. Onlara kömək edənlər də olmayacaqdır.
(Ali İmran surəsi, 22)
- Kitabdan özlərinə bir pay verilənləri görmədinmi? Aralarında hökm verilməsi üçün Allahın kitabına dəvət olunurlar. Sonra isə onlardan bir dəstə üz döndərərək geri dönür.
(Ali İmran surəsi, 23)
- Bu ona görədir ki, onlar belə demişdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmayacaq!” Öz dinləri barəsində uydurduqları şeylər onları aldatmışdır.
(Ali İmran surəsi, 24)
- Bəs olacağına şübhə edilməyən bir gündə onları topladığımız və haqsızlıq edilmədən hər kəsə (dünyada) qazandığının əvəzi tam olaraq veriləcəyi zaman (onların halı) necə olacaq?!
(Ali İmran surəsi, 25)
- De: “Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən!
(Ali İmran surəsi, 26)
- Gecəni gündüzə, gündüzü də gecəyə qatarsan. Ölüdən dirini, diridən də ölünü çıxararsan. Dilədiyin kimsəyə saysız-hesabsız ruzi verərsən”.
(Ali İmran surəsi, 27)
- Möminlər, möminləri qoyub inkar edənləri dost tutmasınlar! Kim bunu edərsə, Allah yanında onun heç bir dəyəri qalmaz. Ancaq onlardan gələcək bir təhlükədən çəkinməniz istisnadır. Allah sizi Özündən (əzabından) çəkindirir. Axır dönüş Allahadır.
(Ali İmran surəsi, 28)
- De: “Qəlbinizdə olanı gizli saxlasanız da, üzə çıxartsanız da, Allah onu bilir. O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyə qadirdir”.
(Ali İmran surəsi, 29)
- Hər kəsin etdiyi yaxşı əməlləri və pis əməlləri, qarşısında hazır bir vəziyyətdə görəcəyi o gün (qiyamət günü insan), onunla (günahları ilə) özü arasında uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən (əzabından) çəkindirir. Allah bəndələrinə qarşı şəfqətlidir.
(Ali İmran surəsi, 30)
- (Ey elçi!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.
(Ali İmran surəsi, 31)
- De: “Allaha və elçiyə itaət edin! Əgər üz döndərərlərsə, (bilsinlər ki,) Allah inkar edənləri sevməz”.
(Ali İmran surəsi, 32)
- Həqiqətən, Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə (insanlara) üstün etdi.
(Ali İmran surəsi, 33)
- Onlar, biri digərindən (törəmiş) bir nəsil olaraq gəlmişdilər. Allah eşidəndir, biləndir.
(Ali İmran surəsi, 34)
- O zaman İmranın arvadı dedi: "Ey Rəbbim, mən qarnımda olanı hər cür dünyəvi istəklərdən uzaq olaraq Sənə həsr etdim. Onu məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, bilənsən!"
(Ali İmran surəsi, 35)
- Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”
(Ali İmran surəsi, 36)
- Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan (bitki) kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi.
(Ali İmran surəsi, 37)
- Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
(Ali İmran surəsi, 38)
- Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi: “Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə də rəhbər, namuslu və əməlisalehlərdən bir elçi olaraq Yəhyanı müjdə verir”.
(Ali İmran surəsi, 39)
- Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”.
(Ali İmran surəsi, 40)
- Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
(Ali İmran surəsi, 41)
- Bir zamanlar mələklər demişdi: “Ey Məryəm! Həqiqətən, Allah səni seçib tər-təmiz etdi və aləmlərin (insanların) qadınlarından üstün tutdu.
(Ali İmran surəsi, 42)
- Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”
(Ali İmran surəsi, 43)
- (Ey Rəsulum!) Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir.Məryəmi hansı himayəsinə alacaq deyə (püşk üçün) qələmlərini atdıqları zaman sən onların yanında deyildin. (Buna görə) mübahisə etdikləri vaxt da sən onların yanında deyildin.
(Ali İmran surəsi, 44)
- O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir.
(Ali İmran surəsi, 45)
- O, həm beşikdə ikən, həm də yetkinlik çağında insanlarla danışacaq və salehlərdən olacaqdır”.
(Ali İmran surəsi, 46)
- “Ey Rəbbim, mənə heç bir insan toxunmadığı halda mənim necə uşağım ola bilər?” dedi. (Lakin) Allah istədiyini yaradır. O, bir işin olmasına hökm etdiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
(Ali İmran surəsi, 47)
- Allah ona (İsaya) kitabı, hikməti, Tövratı və İncili öyrədəcək.
(Ali İmran surəsi, 48)
- Və o, İsrail oğullarına elçi (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır.
(Ali İmran surəsi, 49)
- Məndən əvvəl göndərilən Tövratı təsdiqləyici olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Sizə, Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. Allahdan qorxun və mənə itaət edin!
(Ali İmran surəsi, 50)
- Şübhəsiz, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə, Ona ibadət edin! Bu doğru yoldur”.
(Ali İmran surəsi, 51)
- İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi: “Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər: “Biz Allahın (dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”
(Ali İmran surəsi, 52)
- (Həvarilər dedilər:) “Ey Rəbbimiz, nazil etdiyinə (İncilə) iman etdik və elçisinə tabe olduq. Elə isə, bizləri (Sənin birliyini və elçisini təsdiq edən) şahidlərlə birlikdə yaz!”
(Ali İmran surəsi, 53)
- Onlar hiyləgərlik etdilər. Allah da (onlara) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır.
(Ali İmran surəsi, 54)
- O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb inkar edənlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər inkar edənlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”
(Ali İmran surəsi, 55)
- İnkar edənlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli bir əzab verəcəyəm. Onların heç bir köməkçisi də olmayacaqdır!
(Ali İmran surəsi, 56)
- İman edib yaxşı işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam olaraq verəcəkdir. Allah zülm edənləri sevməz.
(Ali İmran surəsi, 57)
- (Ey Rəsulum!) Bunları sənə, ayələrdən və hikmətlə dolu olan Qurandan oxuyuruq.
(Ali İmran surəsi, 58)
- Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi) Adəmin məsəli kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da dərhal oldu.
(Ali İmran surəsi, 59)
- Həqiqət, sənin Rəbbindəndir. Ona görə də şübhə edənlərdən olma!
(Ali İmran surəsi, 60)
- Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!”
(Ali İmran surəsi, 61)
- Həqiqətən, bu (İsa elçi haqqında söylədiklərimiz), əsil doğru xəbərdir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Ali İmran surəsi, 62)
- Əgər onlar üz döndərərlərsə, (bilsinlər ki,) həqiqətən, Allah fitnə-fəsad törədənləri tanıyandır.
(Ali İmran surəsi, 63)
- De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
(Ali İmran surəsi, 64)
- Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Halbuki Tövrat və İncil ondan sonra nazil edilmişdir. Siz heç düşünmürsünüzmü?
(Ali İmran surəsi, 65)
- Baxın, siz bildiyiniz şeylər barəsində mübahisə etmişdiniz. Bəs bilmədiyiniz şeylər barəsində nə üçün mübahisə edirsiniz? Allah bilir, siz isə bilməzsiniz.
(Ali İmran surəsi, 66)
- İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
(Ali İmran surəsi, 67)
- Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu elçi və (ona) iman edənlərdir. Allah möminlərin dostudur.
(Ali İmran surəsi, 68)
- Kitab əhlindən bir dəstə sizi yolunuzdan döndərmək istədi. Halbuki onlar yalnız özlərini haqq yoldan döndərirlər, lakin (bunu) dərk etmirlər.
(Ali İmran surəsi, 69)
- Ey kitab əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?
(Ali İmran surəsi, 70)
- Ey kitab əhli! Nə üçün həqiqətə yalan donu geyindirirsiniz və bilə-bilə həqiqəti gizlədirsiniz?
(Ali İmran surəsi, 71)
- Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “Möminlərə nazil edilənə (Qurana) səhər iman edin, axşam isə inkar edin ki, bəlkə onlar (şübhəyə düşərək öz dinlərindən) üz döndərələr.
(Ali İmran surəsi, 72)
- Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey elçi!) De ki: “Əlbəttə, doğru yol Allahın yoludur”. “Sizə verilənin bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”.
(Ali İmran surəsi, 73)
- (Allah,) Öz rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 74)
- Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
(Ali İmran surəsi, 75)
- Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər.
(Ali İmran surəsi, 76)
- Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.
(Ali İmran surəsi, 77)
- Onlardan (kitab əhlindən) bir dəstə də kitabı oxuyarkən dillərini əyib-bükərlər ki, onu (oxuduqlarını) kitabdan hesab edəsiniz. Halbuki, o (oxuduqları), kitabdan deyildir. Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
(Ali İmran surəsi, 78)
- Allah kitab, hikmət və elçilik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis bəndə olun!”
(Ali İmran surəsi, 79)
- O sizə, mələkləri və elçiləri özünüzə ilah qəbul etməyi əmr etməz. Müsəlman olduqdan sonra heç o sizə inkar edən olmağı əmr edərmi?
(Ali İmran surəsi, 80)
- Bir vaxt Allah elçilərdən: “Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir elçi gəldiyi zaman mütləq ona iman edəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi.
(Ali İmran surəsi, 81)
- Kim bundan sonra (haqq yoldan)üz döndərərsə, onlar əsil fasiqlərdir.
(Ali İmran surəsi, 82)
- Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.
(Ali İmran surəsi, 83)
- De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə iman etdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) elçilərə verilənlərə də (iman etdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
- Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki, bu,) ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Ali İmran surəsi, 85)
- İman edib elçisin haqq olduğuna şəhadət verdikdən və özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra inkar edən olan bir qövmü Allah necə doğru yola yönəldər?! Allah zalımlar qövmünü haqq yola yönəltməz!
(Ali İmran surəsi, 86)
- Onların cəzası odur ki, Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinədir.
(Ali İmran surəsi, 87)
- Onlar orada əbədi qalacaqlar. Onların əzabları yüngülləşdirilməyəcək və onlara heç möhlət də verilməyəcəkdir.
(Ali İmran surəsi, 88)
- Ancaq bundan sonra tövbə edib doğru yolu tutanlar istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Ali İmran surəsi, 89)
- İman etdikdən sonra inkar edən olub, sonra küfrlərini daha da artıranların tövbələri əsla qəbul olunmaz! Onlar (doğru yoldan) azanlardır.
(Ali İmran surəsi, 90)
- Həqiqətən, inkar edən olub bu cürə ölənlərdən hər hansı biri (cəhənnəm əzabından xilas olmaq üçün) dünya dolusu qızılı fidyə versə belə, ondan qəbul olunmayacaqdır. Onlar üçün dəhşətli bir əzab vardır. Onların heç bir köməkçisi də olmayacaqdır.
(Ali İmran surəsi, 91)
- Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir.
(Ali İmran surəsi, 92)
- Tövratın göndərilməsindən əvvəl İsrailin (Yaqub elçisin) özünə haram etdiyi şeylər istisna olmaqla, hər növ yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin və oxuyun!”
(Ali İmran surəsi, 93)
- Bundan sonra kim Allaha qarşı yalan uydurarsa, onlar əsil zalımlardır.
(Ali İmran surəsi, 94)
- De: “Allah doğru demişdir. Ona görə də, hənif (Allahın birliyini tanıyan) olan İbrahimin dininə tabe olun! O, müşriklərdən deyildi”.
(Ali İmran surəsi, 95)
- Şübhəsiz, insanlar üçün bərəkət və doğru yol rəhbəri kimi tikilən ilk ev (məbəd), Məkkədəki (Kəbə)dir.
(Ali İmran surəsi, 96)
- Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir.
(Ali İmran surəsi, 97)
- De: “Ey kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda nə üçün Allahın ayələrini inkar edirsiniz?”
(Ali İmran surəsi, 98)
- De: “Ey kitab əhli! Nə üçün (həqiqəti) gördüyünüz halda onu əyri göstərmək məqsədilə iman edənləri Allahın yolundan döndərməyə çalışırsınız? Allah sizin etdiklərinizdən qafil deyildir”.
(Ali İmran surəsi, 99)
- Ey iman edənlər! Əgər kitab əhlindən olan bir dəstəyə tabe olsanız, onlar imanınızdan sonra sizi (təkrar) küfrə (cahiliyyə dövrünə) döndərərlər.
(Ali İmran surəsi, 100)
- Sizə Allahın ayələri oxunduğu və Onun elçisi də aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir.
(Ali İmran surəsi, 101)
- Ey iman edənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin!
(Ali İmran surəsi, 102)
- Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
(Ali İmran surəsi, 103)
- Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır.
(Ali İmran surəsi, 104)
- Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın! Onlar üçün böyük bir əzab vardır.
(Ali İmran surəsi, 105)
- O gün bəzi üzlər ağaracaq, bəziləri də qaralacaqdır. Üzləri qaralan kəslərə (belə deyiləcək): “İman etdikdən sonra inkar edənmi oldunuz? Elə isə, inkar edən olduğunuza görə dadın əzabı!”
(Ali İmran surəsi, 106)
- Üzləri ağaranlar isə Allahın rəhməti içərisində (cənnətdə) olacaqlar. Onlar orada əbədi qalacaqlar.
(Ali İmran surəsi, 107)
- Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə (insanlara) zülm etmək istəməz.
(Ali İmran surəsi, 108)
- Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur və (bütün) işlər Allaha qaytarılacaqdır.
(Ali İmran surəsi, 109)
- Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman etsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman edənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
(Ali İmran surəsi, 110)
- Onlar sizə, əziyyət verməkdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşsalar, sizə arxalarını dönüb qaçarlar. Sonra onlara yardım da edilməz.
(Ali İmran surəsi, 111)
- Harada olursa olsunlar, Allahın və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə düçar olmuşlar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar edir və elçiləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir.
(Ali İmran surəsi, 112)
- Onlar (hamısı) eyni deyillər. Kitab əhli içində düzgün bir camaat vardır ki, onlar gecə vaxtı səcdəyə qapanaraq Allahın ayələrini oxuyurlar.
(Ali İmran surəsi, 113)
- Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər.
(Ali İmran surəsi, 114)
- Onların etdikləri heç bir yaxşı əməl əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri yaxşı tanıyandır.
(Ali İmran surəsi, 115)
- Şübhəsiz ki, inkar edənlərin nə malları, nə də övladları Allaha qarşı onlara bir fayda verəcək. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Ali İmran surəsi, 116)
- (Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
(Ali İmran surəsi, 117)
- Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
(Ali İmran surəsi, 118)
- Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, - deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah qəlbdə olanları biləndir.
(Ali İmran surəsi, 119)
- Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
(Ali İmran surəsi, 120)
- Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
(Ali İmran surəsi, 121)
- O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər.
(Ali İmran surəsi, 122)
- Həqiqətən, zəif olduğunuz halda Allah sizə Bədrdə yardım etmişdi. Ona görə də Allahdan qorxun ki, bəlkə şükür etmiş olasınız!
(Ali İmran surəsi, 123)
- O zaman möminlərə belə deyirdin: “Rəbbinizin üç min mələk endirərək yardım etməsi sizə kifayət etmirmi?”
(Ali İmran surəsi, 124)
- Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər.
(Ali İmran surəsi, 125)
- Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbiniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
(Ali İmran surəsi, 126)
- (Həmçinin Allah) inkar edənlərin bir qismini məhv etsin və ya onları darmadağın etsin deyə (belə etdi). Beləcə, onlar məğlub olub geri dönsünlər.
(Ali İmran surəsi, 127)
- (Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır.
(Ali İmran surəsi, 128)
- Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. O, dilədiyini bağışlayar, dilədiyinə isə əzab verər. Allah bağışlayandır, rəhm edəndir.
(Ali İmran surəsi, 129)
- Ey iman edənlər, qatbaqat artıraraq faiz yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
(Ali İmran surəsi, 130)
- İnkar edənlər üçün hazırlanmış olan oddan çəkinin!
(Ali İmran surəsi, 131)
- Allaha və elçiyə itaət edin ki, bəlkə sizə rəhm olunsun!
(Ali İmran surəsi, 132)
- Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer qədər olub müttəqilər üçün hazırlanmış olan cənnətə tələsin!
(Ali İmran surəsi, 133)
- O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.
(Ali İmran surəsi, 134)
- O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər.
(Ali İmran surəsi, 135)
- Onların mükafatı Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir. Onlar orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı nə gözəldir!
(Ali İmran surəsi, 136)
- Sizdən əvvəl neçə-neçə ilahi qanunlar gəlib keçmişdir. Ona görə də, yer üzündə dolaşın və yalançıların aqibətinin necə olduğunu görün!
(Ali İmran surəsi, 137)
- Bu (Quran), insanlar üçün bir bəyan, müttəqilər üçün hidayət (doğru yolu göstərən) və nəsihətdir.
(Ali İmran surəsi, 138)
- Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!
(Ali İmran surəsi, 139)
- Əgər siz (Ühüd döyüşündə) bir yara almışsınızsa, o biri (inkar edən olan) dəstə də (Bədr döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman edənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz.
(Ali İmran surəsi, 140)
- Bu həm də Allahın iman edənləri (günahlarından) təmizləməsi və inkar edənləri məhv etməsi üçündür.
(Ali İmran surəsi, 141)
- Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?!
(Ali İmran surəsi, 142)
- Həqiqətən, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Artıq onu əyani şəkildə gördünüz.
(Ali İmran surəsi, 143)
- Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır.
(Ali İmran surəsi, 144)
- Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
(Ali İmran surəsi, 145)
- Neçə-neçə elçi vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (inkar edənlərə) boyun əymədilər. Allah səbir edənləri sevər.
(Ali İmran surəsi, 146)
- Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və inkar edənlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər.
(Ali İmran surəsi, 147)
- Allah da onlara dünya savabını (nemətini) və axirət savabının gözəlliyini verdi. Allah yaxşı əməl sahiblərini sevər.
(Ali İmran surəsi, 148)
- Ey iman edənlər! Əgər inkar edənlərə itaət etsəniz, sizi geri (öz dinlərinə) döndərərlər və siz də ziyana uğramış halda geri qayıdarsınız.
(Ali İmran surəsi, 149)
- Əksinə, sizin himayədarınız Allahdır və O, yardım edənlərin ən xeyirlisidir.
(Ali İmran surəsi, 150)
- Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün inkar edənlərin qəlbinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer nə pisdir!
(Ali İmran surəsi, 151)
- Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
- O zaman elçi arxanızdan sizi çağırdığı halda siz heç kəsə baxmadan (qaçaraq dağa) qalxırdınız. (Allah da) sizə qəm üstünə qəm verdi ki, əlinizdən çıxanlara və başınıza gələnlərə görə kədərlənməyəsiniz. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Ali İmran surəsi, 153)
- Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin qəlbinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah qəlbdəkini biləndir!”
(Ali İmran surəsi, 154)
- Həqiqətən, şeytan iki ordu qarşılaşdığı gün sizi qoyub gedənləri, qazandıqları bəzi şeylərə (xətalarına) görə azdırmaq istəmişdi. Allah onları bağışlamışdır. Həqiqətən, Allah bağışlayandır, həlimdir.
(Ali İmran surəsi, 155)
- Ey iman edənlər! Siz, yer üzündə cihada çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən inkar edənlər kimi olmayın! Allah bunu, onların qəlbində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
(Ali İmran surəsi, 156)
- Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir.
(Ali İmran surəsi, 157)
- Ölsəniz də, öldürülsəniz də, hökmən Allahın hüzurunda toplanacaqsınız.
(Ali İmran surəsi, 158)
- Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər.
(Ali İmran surəsi, 159)
- Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər!
(Ali İmran surəsi, 160)
- Heç bir elçiyə əmanətə xəyanət etmək yaraşmaz. Kim əmanətə (dövlət malına) xəyanət edərsə, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra hər kəsə (dünyada) qazandığının əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
(Ali İmran surəsi, 161)
- Allahın rizasını qazanmaq istəyən kəs, Allahın qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə də pis bir yerdir!
(Ali İmran surəsi, 162)
- Allah dərgahında onlar dərəcə-dərəcədirlər. Allah onların nə etdiklərini görəndir.
(Ali İmran surəsi, 163)
- Şübhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir elçi göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
(Ali İmran surəsi, 164)
- İkiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Ali İmran surəsi, 165)
- İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız Allahın izni ilə oldu ki, möminləri ayırd etsin
(Ali İmran surəsi, 166)
- Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlbində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlbində) gizlətdikləri şeyi daha yaxşı bilir.
(Ali İmran surəsi, 167)
- (Evlərində) oturub qardaşları barəsində: “Əgər bizə tabe olsaydılar, öldürülməzdilər”, - deyənlərə de ki: “Onda, əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın!”
(Ali İmran surəsi, 168)
- Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.
(Ali İmran surəsi, 169)
- Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar.
(Ali İmran surəsi, 170)
- Həm Allahdan gələn nemət və lütfə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə şad olarlar.
(Ali İmran surəsi, 171)
- Yaralandıqdan sonra da Allahın və elçinin dəvətinə uyanların arasından yaxşı işlər görüb (pis işlərdən) çəkinənlər üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 172)
- Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
- Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 174)
- O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər. Elə isə, əgər iman etmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
(Ali İmran surəsi, 175)
- Küfr etməyə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah axirətdə onlara heç bir pay vermək istəmir. Onlar üçün böyük bir əzab vardır.
(Ali İmran surəsi, 176)
- Şübhəsiz ki, iman əvəzinə küfrü satın alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün acı bir əzab vardır.
(Ali İmran surəsi, 177)
- İnkar edənlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
(Ali İmran surəsi, 178)
- Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz elçilərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun elçilərinə iman edin! Əgər iman edib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 179)
- Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.
(Ali İmran surəsi, 180)
- Şübhəsiz ki, “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların bu dediklərini və elçiləri haqsız yerə öldürmələrini yazacaq və onlara: “Dadın yandırıcı əzabı!” - deyəcəyik.
(Ali İmran surəsi, 181)
- Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. (Yoxsa) Allah bəndələrinə zülm edən deyildir.
(Ali İmran surəsi, 182)
- “Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə elçilər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?”
(Ali İmran surəsi, 183)
- (Ey elçi!) Əgər səni yalançı sayırlarsa (kədərlənmə), çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş elçilər də yalançı sayılmışdılar.
(Ali İmran surəsi, 184)
- Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir.
(Ali İmran surəsi, 185)
- Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir.
(Ali İmran surəsi, 186)
- Bir zaman Allah kitab verilənlərdən: “Onu mütləq insanlara açıqlayacaq və gizlətməyəcəksiniz!” – deyə əhd almışdı. Onlar isə bunu qulaqardına vurdular və onu az bir qiymətə satdılar (dəyişdirdilər). Onların alış-verişi necə də pisdir!
(Ali İmran surəsi, 187)
- Etdiklərinə görə sevinən və görmədikləri işlərə görə təriflənməyi sevənlərin əzabdan xilas olacaqlarını sanma! Onlar üçün şiddətli bir əzab vardır.
(Ali İmran surəsi, 188)
- Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
(Ali İmran surəsi, 189)
- Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ali İmran surəsi, 190)
- Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!
(Ali İmran surəsi, 191)
- Ey Rəbbimiz! Sən, cəhənnəmə atdığın kəsi rüsvay etmiş olarsan. Zalımların heç bir köməkçisi yoxdur.
(Ali İmran surəsi, 192)
- Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al!
(Ali İmran surəsi, 193)
- Ey Rəbbimiz! Elçilərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan”.
(Ali İmran surəsi, 194)
- Rəbbi də onların duasını qəbul etdi (və dedi:) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.
(Ali İmran surəsi, 195)
- İnkar edənlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın!
(Ali İmran surəsi, 196)
- (Onların bu əyləncələri) azacıq bir mənfəətdən ibarətdir. Sonra onların sığınacaqları yer cəhənnəmdir. (Ora) necə də pis yataqdır!
(Ali İmran surəsi, 197)
- Lakin Rəbbindən qorxanlar üçün, Allahın qonağı olaraq içində əbədi qalacaqları və (ağacları) altından çaylar axan cənnətlər vardır. Allah dərgahında olanlar yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
(Ali İmran surəsi, 198)
- Həqiqətən, kitab əhlindən elələri də var ki, həm Allaha, həm də sizə və özlərinə nazil olana Allaha boyun əyərək iman edər və Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allahın haqq-hesaba çəkməsi çox sürətlidir.
(Ali İmran surəsi, 199)
- Ey iman edənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Ali İmran surəsi, 200)