Ənkəbut surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Mim!
(Ənkəbut surəsi, 1)
- İnsanlar imtahana çəkilmədən yalnız: “İman etdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?
(Ənkəbut surəsi, 2)
- Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.
(Ənkəbut surəsi, 3)
- Yoxsa pis işlər görənlər bizdən qaça biləcəklərinimi zənn edirlər? Onlar necə də pis hökm verirlər!
(Ənkəbut surəsi, 4)
- Kim Allaha qovuşacağına ümid edirsə, bilsin ki, Allahın təyin etdiyi vaxt mütləq gələcəkdir. O, hər şeyi eşidəndir, biləndir.
(Ənkəbut surəsi, 5)
- Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir.
(Ənkəbut surəsi, 6)
- İman edib yaxşı işlər görənlərə gəldikdə, əlbəttə, Biz onların günahlarını örtər və etdikləri əməllərin daha gözəli ilə onları mükafatlandırarıq.
(Ənkəbut surəsi, 7)
- Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Ənkəbut surəsi, 8)
- İman edib yaxşı işlər görənləri, əlbəttə, saleh kimsələrin arasına daxil edəcəyik.
(Ənkəbut surəsi, 9)
- İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” - deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” - deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlbindəkini bilmirmi?!
(Ənkəbut surəsi, 10)
- Şübhəsiz ki, Allah iman edənləri də, münafiqləri də bilir.
(Ənkəbut surəsi, 11)
- İnkar edənlər möminlərə: “Bizim yolumuza tabe olun! Sizin günahlarınızı da biz daşıyaq”, - dedilər. Halbuki onların heç bir günahını daşıyası deyillər. Həqiqətən, onlar yalançıdırlar.
(Ənkəbut surəsi, 12)
- Şübhəsiz, onlar həm öz günahlarını, həm də öz günahları ilə yanaşı başqa günahları daşıyacaqlar. Onlar qiyamət günü, uydurduqları şeylər barəsində hökmən sorğu-sual olunacaqlar.
(Ənkəbut surəsi, 13)
- Nuhu da öz qövmünə göndərmişdik. O, min ildən əlli il az onların arasında qaldı. Nəhayət, zülmlərinə davam edərkən tufan onları yaxaladı.
(Ənkəbut surəsi, 14)
- Beləcə, Nuhu və gəmidəkiləri qurtardıq və bu gəmini aləmlərə bir ibrət etdik.
(Ənkəbut surəsi, 15)
- İbrahimi də (yad et)! Bir zaman o öz qövmünə belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Əgər (həqiqəti) bilsəydiniz, bunun sizin üçün daha xeyirli olduğunu anlayardınız.
(Ənkəbut surəsi, 16)
- Siz Allahı qoyub bütlərə ibadət edir və yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə də ruzini Allahdan istəyin! Ona ibadət edin və Ona şükür edin! Siz Ona qaytarılacaqsınız”.
(Ənkəbut surəsi, 17)
- Əgər (sizə gələn haqqı) yalanlasanız, bilin ki, sizdən əvvəlki ümmətlər də (özlərinə gələn haqqı) yalanlamışdılar. Elçinin vəzifəsi yalnız açıq-aydın təbliğ etməkdir.
(Ənkəbut surəsi, 18)
- Allahın ilk dəfə necə yaratdığını, (öldükdən) sonra da onu yenidən necə yaradacağını düşünmürlərmi? Şübhəsiz ki, bu, Allah üçün asandır.
(Ənkəbut surəsi, 19)
- De: “Yer üzündə gəzib dolaşın və Allahın ilk dəfə necə yaratdığına bir baxın! Sonra Allah axirətdə də belə yaradacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Ənkəbut surəsi, 20)
- O, dilədiyinə əzab verər, dilədiyinə də rəhm edər. Siz Ona qaytarılacaqsınız.
(Ənkəbut surəsi, 21)
- Nə yerdə, nə də göydə siz (Allahı) aciz qoya bilməzsiniz! Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır”.
(Ənkəbut surəsi, 22)
- Allahın ayələrini və Onun hüzuruna çıxacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün acı bir əzab vardır.
(Ənkəbut surəsi, 23)
- İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” - demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman edənlər üçün ibrətlər vardır.
(Ənkəbut surəsi, 24)
- İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)
- Lut da ona iman etdi və: “Şübhəsiz, mən Rəbbimə (Onun əmr etdiyi yerə) hicrət edirəm. Həqiqətən, O, yenilməz qüvvət və hikmət sahibidir!” – dedi.
(Ənkəbut surəsi, 26)
- Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
- Lutu da (yad et)! Bir zaman o öz qövmünə belə demişdi: “Həqiqətən, siz özünüzdən əvvəl heç bir millətin etmədiyi əxlaqsızlığı edirsiniz.
(Ənkəbut surəsi, 28)
- Siz kişilərə (şəhvətlə) yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin işlər görürsünüz?” Qövmünün cavabı isə: “Əgər doğru söyləyirsənsə, bizə Allahın əzabını gətir!” – demələri oldu.
(Ənkəbut surəsi, 29)
- Lut dedi: “Ey Rəbbim, fitnə-fəsad törədən bu qövmə qarşı mənə yardım et!”
(Ənkəbut surəsi, 30)
- Elçilərimiz İbrahimə (iki oğlu olacağına dair) müjdə gətirdikləri zaman: “Şübhəsiz, biz bu məmləkətin xalqını məhv edəcəyik. Çünki oranın xalqı zalımdır”, - dedilər.
(Ənkəbut surəsi, 31)
- İbrahim: “Axı Lut da oradadır”, - dedi. Onlar: “Biz orada kimlərin olduğunu çox yaxşı bilirik. Arvadı istisna olmaqla, onu və ailəsini, əlbəttə, xilas edəcəyik. Arvadı (əzab içində) qalanlardan olacaq”. - dedilər.
(Ənkəbut surəsi, 32)
- Elçilərimiz Lutun yanına gəldiklərində Lut onlara görə narahat oldu və ürəyi sıxıldı. Onlar belə dedilər: “Qorxma, kədərlənmə! Şübhəsiz, biz arvadın istisna olmaqla, səni və ailəni xilas edəcəyik. O, (əzab içində) qalanlardan olacaqdır.
(Ənkəbut surəsi, 33)
- Etdikləri günahlara görə bu məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”.
(Ənkəbut surəsi, 34)
- Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq.
(Ənkəbut surəsi, 35)
- Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Qiyamət gününə ümid bəsləyin və yer üzündə fitnə-fəsad çıxararaq qarışıqlıq törətməyin!” - demişdi.
(Ənkəbut surəsi, 36)
- Ancaq onlar Şüeybi yalanladılar. Buna görə də onları sarsıntı yaxaladı və öz yurdlarında diz üstə çöküb qaldılar.
(Ənkəbut surəsi, 37)
- Ad və Səmud qövmünü də (məhv etdik). Bu (onların başına gələnlər), məskənlərindən sizə bəlli olmuşdur. Şeytan onlara gördükləri işləri gözəl göstərdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq kimsələr idilər.
(Ənkəbut surəsi, 38)
- Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara açıq-aydın dəlillər gətirmişdi. Onlar isə yer üzündə təkəbbürləndilər və (əzabımızdan) qurtula bilmədilər.
(Ənkəbut surəsi, 39)
- Beləliklə, hər birini öz günahı ilə yaxaladıq. Onlardan bəzilərinin üstünə qızmar daş yağdıran qasırğa göndərdik, bəzilərini dəhşətli səs yaxaladı, bəzilərini yerə batırdıq, bəzilərini də suda boğduq. Allah onlara zülm etmirdi. Lakin onlar özləri özlərinə zülm edirdilər.
(Ənkəbut surəsi, 40)
- Allahdan başqasını özlərinə dost tutanların halı özünə yuva qurmuş hörümçəyin halına bənzəyir. Şübhəsiz ki, yuvaların ən zəifi hörümçək yuvasıdır. Kaş bunu biləydilər.
(Ənkəbut surəsi, 41)
- Allah onların Onu qoyub nəyə dua etdiklərini çox yaxşı bilir. O, yenilməz qüvvət və hikmət sahibidir.
(Ənkəbut surəsi, 42)
- Biz bu məsəlləri insanlar üçün çəkirik. Ancaq alimlərdən başqası bunları anlaya bilməz.
(Ənkəbut surəsi, 43)
- Allah göyləri və yeri haqq olaraq yaratdı. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.
(Ənkəbut surəsi, 44)
- (Ey elçi!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir.
(Ənkəbut surəsi, 45)
- Zülm edənləri istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübarizə aparın və deyin ki: “Bizə nazil olana da, sizə nazil olana da inanırıq. Bizimlə sizin ilahınız eyni ilahdır. Biz Ona təslim olmuşuq”.
(Ənkəbut surəsi, 46)
- (Ey elçi!) Beləcə, kitabı sənə nazil etdik. Kitab verdiklərimiz ona (Qurana) inanırlar. Bunlardan (ərəblərdən) ona inananlar da var. Bizim ayələrimizi ancaq inkar edənlər inkar edərlər.
(Ənkəbut surəsi, 47)
- (Ey elçi) Sən bundan əvvəl nə bir yazı oxuyurdun, nə də əlinlə onu yazırdın. Əgər elə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
(Ənkəbut surəsi, 48)
- Əksinə, o (Quran), elm verilmiş kimsələrin sinələrində yer tutmuş açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edər.
(Ənkəbut surəsi, 49)
- Onlar: “Rəbbindən ona möcüzələr endirilməli deyildimi?” - dedilər. De ki: “Möcüzələr yalnız Allah dərgahındandır. Mən isə yalnız açıq-aşkar xəbərdar edənəm”.
(Ənkəbut surəsi, 50)
- Özlərinə oxunan kitabı sənə nazil etməyimiz onlara kifayət deyilmi?! Həqiqətən, bunda iman edənlər üçün rəhmət və öyüd vardır.
(Ənkəbut surəsi, 51)
- De: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Batilə inanıb Allahı inkar edənlər əsil ziyana uğrayanlardır”.
(Ənkəbut surəsi, 52)
- Səndən əzabın tez gəlməsini istəyirlər. Əgər vaxtı əvvəlcədən təyin edilmiş olmasaydı, həqiqətən, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən və özləri də fərqinə varmadan gələcəkdir.
(Ənkəbut surəsi, 53)
- Səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, cəhənnəm inkar edənləri bürüyəcəkdir.
(Ənkəbut surəsi, 54)
- O gün əzab onları həm üstlərindən, həm də ayaqlarının altından bürüyəcək və (əzab mələyi onlara:) “Etdiklərinizin cəzasını dadın!” - deyəcəkdir.
(Ənkəbut surəsi, 55)
- Ey iman edən bəndələrim! Şübhəsiz ki, Mənim yer üzüm genişdir. Yalnız Mənə ibadət edin!
(Ənkəbut surəsi, 56)
- Hər can ölümü dadacaqdır! Sonra siz Bizə qaytarılacaqsınız.
(Ənkəbut surəsi, 57)
- Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnət köşklərinə yerləşdirəcəyik. Yaxşı əməl edənlərin mükafatı necə də gözəldir!
(Ənkəbut surəsi, 58)
- O kəslər ki, səbir edər və Rəbbinə təvəkkül edərlər!
(Ənkəbut surəsi, 59)
- Elə canlılar var ki, ruzisini yanında daşımaz. Allah onlara da, sizə də ruzi verir. O hər şeyi eşidəndir, biləndir.
(Ənkəbut surəsi, 60)
- Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” - deyə soruşsan, onlar: “Allah!” - deyərlər. Bəs onlar necə olub (haqdan) döndərilirlər?!
(Ənkəbut surəsi, 61)
- Allah Öz bəndələrindən istədiyi kimsənin ruzisini artırar, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Ənkəbut surəsi, 62)
- Əgər onlardan: “Göydən su endirib onunla ölü torpağa can verən kimdir?” - deyə soruşsan, onlar mütləq: “Allah!” - deyərlər. De ki: “Həmd Allaha məxsusdur!” Ancaq onların çoxu düşünməz.
(Ənkəbut surəsi, 63)
- Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsil həyat axirət yurdundadır. Kaş bunu biləydilər.
(Ənkəbut surəsi, 64)
- Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları xilas edib quruya çıxartdıqdan sonra yenə Allaha şərik qoşarlar.
(Ənkəbut surəsi, 65)
- Qoy özlərinə verdiklərimizi inkar edib kef çəksinlər! Onlar tezliklə (aqibətlərini) biləcəklər.
(Ənkəbut surəsi, 66)
- Ətraflarındakı insanlar yaxalanarkən (hücuma məruz qalıb talan edilərkən) Məkkəni müqəddəs və təhlükəsiz bir yer etdiyimizi görmədilərmi? Onlar hələ də batilə inanıb Allahın nemətinə qarşı nankorluq edirlər?!
(Ənkəbut surəsi, 67)
- Allaha qarşı yalan uyduran, yaxud özünə haqq gəldiyi zaman onu yalanlayan kimsədən daha zalım kim ola bilər? İnkar edənlər üçün cəhənnəmdə yermi yoxdur?!
(Ənkəbut surəsi, 68)
- Lakin bizim yolumuzda cihad edənləri, əlbəttə, Öz yollarımıza yönəldərik. Şübhəsiz ki, Allah yaxşı əməl sahibləri ilə birlikdədir.
(Ənkəbut surəsi, 69)