Vaqiə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qiyamət qopduğu zaman!
(Vaqiə surəsi, 1)
- Onun qopacağını heç kim inkar edə bilməz.
(Vaqiə surəsi, 2)
- O, kimini alçaldar, kimini də ucaldar.
(Vaqiə surəsi, 3)
- Yer şiddətlə sarsıldığı zaman,
(Vaqiə surəsi, 4)
- Dağlar parçalanıb ovxalanaraq -
(Vaqiə surəsi, 5)
- Səpələnmiş toz kimi olduğu zaman,
(Vaqiə surəsi, 6)
- Siz üç firqəyə ayrılacaqsınız.
(Vaqiə surəsi, 7)
- Sağ tərəfdəkilər! Nə xoşbəxtdir sağ tərəfdəkilər!
(Vaqiə surəsi, 8)
- Sol tərəfdəkilər! Nə bədbəxtdir sol tərəfdəkilər!
(Vaqiə surəsi, 9)
- (Yaxşı əməldə) öndə olanlar (mükafatda da) öndədirlər!
(Vaqiə surəsi, 10)
- Onlar Allaha yaxın kimsələrdir.
(Vaqiə surəsi, 11)
- Nəim cənnətlərində!
(Vaqiə surəsi, 12)
- Onların çoxu əvvəlkilərdəndir.
(Vaqiə surəsi, 13)
- Bir qismi də sonrakılardandır.
(Vaqiə surəsi, 14)
- Onlar bəzədilmiş taxtlarda əyləşəcəklər.
(Vaqiə surəsi, 15)
- Taxtların üstündə qarşı-qarşıya əyləşib söykənəcəklər.
(Vaqiə surəsi, 16)
- Onların ətrafında həmişəcavan (xidmətçi) gənclər (mələk qılman) dolanacaqlar.
(Vaqiə surəsi, 17)
- (Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə!
(Vaqiə surəsi, 18)
- Ondan nə başları ağrıyar, nə də ağılları gedər.
(Vaqiə surəsi, 19)
- (Onlar üçün) bəyəndikləri meyvələr,
(Vaqiə surəsi, 20)
- Arzuladıqları quş əti,
(Vaqiə surəsi, 21)
- Və gözəl gözlü (xidmətçi) hurilər (mələklər) vardır.
(Vaqiə surəsi, 22)
- Onlar qorunub saxlanan inci kimidirlər.
(Vaqiə surəsi, 23)
- Bu, onlara etdikləri əməllərin mükafatı olaraq veriləcəkdir.
(Vaqiə surəsi, 24)
- Onlar orada nə boş bir söz, nə də günaha aparan bir şey eşidəcəklər -
(Vaqiə surəsi, 25)
- “Salam! Salam!” sözlərindən başqa.
(Vaqiə surəsi, 26)
- Sağ tərəfdəkilər! Nə xoşbəxtdir sağ tərəfdəkilər!
(Vaqiə surəsi, 27)
- Onlar tikansız sidr ağacları arasında,
(Vaqiə surəsi, 28)
- (Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında,
(Vaqiə surəsi, 29)
- Uzanmış kölgələr altında,
(Vaqiə surəsi, 30)
- Daim axan suyun kənarında,
(Vaqiə surəsi, 31)
- Çoxlu meyvələr arasında olacaqlar.
(Vaqiə surəsi, 32)
- O məyvələr nə tükənər, nə də qadağan olunar.
(Vaqiə surəsi, 33)
- Onlar hündür döşəklərdə oturacaqlar.
(Vaqiə surəsi, 34)
- Həqiqətən, Biz qadınları yenidən başqa bir gözəllikdə yaradacağıq.
(Vaqiə surəsi, 35)
- Biz onları bakirə xanımlar edəcəyik -
(Vaqiə surəsi, 36)
- Ərini sevən həmyaşıd qadın.
(Vaqiə surəsi, 37)
- Onlar sağ tərəfdəkilər üçündür.
(Vaqiə surəsi, 38)
- Onların bir qismi əvvəlkilərdən,
(Vaqiə surəsi, 39)
- Bir qismi də sonrakılardandır.
(Vaqiə surəsi, 40)
- Sol tərəfdəkilər! Nə bədbəxtdir sol tərəfdəkilər!
(Vaqiə surəsi, 41)
- Onlar qızmar yel və qaynar su içində,
(Vaqiə surəsi, 42)
- Qapqara tüstü kölgəsi altında olacaqlar.
(Vaqiə surəsi, 43)
- O nə sərin, nə də xoşagələndir.
(Vaqiə surəsi, 44)
- Onlar bundan əvvəl bolluq içində idilər.
(Vaqiə surəsi, 45)
- Onlar böyük günah işləməkdə israr edirdilər.
(Vaqiə surəsi, 46)
- Onlar belə deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra təkrar dirildiləcəyik?
(Vaqiə surəsi, 47)
- Əvvəlki atalarımız da?”
(Vaqiə surəsi, 48)
- De: “Heç şübhəsiz, əvvəlkilər də, sonrakılar da,
(Vaqiə surəsi, 49)
- Məlum bir günün (axirət gününün) müəyyən vaxtında toplanacaqlar.
(Vaqiə surəsi, 50)
- Sonra siz, ey haqq yoldan azanlar, haqqı yalanlayanlar!
(Vaqiə surəsi, 51)
- Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz.
(Vaqiə surəsi, 52)
- Qarınlarınızı onunla dolduracaqsınız.
(Vaqiə surəsi, 53)
- Onun üstündən də qaynar su içəcəksiniz.
(Vaqiə surəsi, 54)
- Həm də susamış dəvələrin içdiyi kimi içəcəksiniz.
(Vaqiə surəsi, 55)
- Bu onların haqq-hesab günündəki ziyafətidir.
(Vaqiə surəsi, 56)
- Sizi Biz yaratdıq. (Elə isə) təsdiqləməli deyilsinizmi?
(Vaqiə surəsi, 57)
- Elə isə deyin görək, (ana rəhminə) atdığınız nədir?
(Vaqiə surəsi, 58)
- Onu siz yaradırsınız, yoxsa Biz?!
(Vaqiə surəsi, 59)
- Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Heç kim Bizə mane ola bilməz -
(Vaqiə surəsi, 60)
- Sizin yerinizə bənzərlərinizi gətirməkdə və sizi bilmədiyiniz bir şəkildə yenidən yaratmaqda!
(Vaqiə surəsi, 61)
- Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi?
(Vaqiə surəsi, 62)
- Bəs əkdikləriniz barədə nə deyirsiniz?
(Vaqiə surəsi, 63)
- Onu siz bitirirsiniz, yoxsa Biz?
(Vaqiə surəsi, 64)
- Əgər Biz istəsəydik, əlbəttə, onu bir saman çöpünə çevirərdik. Siz də təəccüb içində qalıb:
(Vaqiə surəsi, 65)
- “Həqiqətən, biz ziyana uğramışıq.
(Vaqiə surəsi, 66)
- Daha doğrusu biz (ruzimizdən) məhrum qalmışıq”, - (deyərdiniz).
(Vaqiə surəsi, 67)
- Bəs içdiyiniz su barədə nə deyirsiniz?
(Vaqiə surəsi, 68)
- Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
(Vaqiə surəsi, 69)
- Əgər Biz istəsəydik, onu duzlu edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?!
(Vaqiə surəsi, 70)
- Bəs yandırdığınız od barədə nə deyirsiniz?
(Vaqiə surəsi, 71)
- Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
(Vaqiə surəsi, 72)
- Biz onu ibrət olsun və yolçular istifadə etsin deyə yaratdıq.
(Vaqiə surəsi, 73)
- Ona görə də uca Rəbbinin adını təsbeh et!
(Vaqiə surəsi, 74)
- Xeyr, ulduzların mövqelərinə and olsun.
(Vaqiə surəsi, 75)
- Kaş bunun böyük bir and olduğunu biləydiniz.
(Vaqiə surəsi, 76)
- O, həqiqətən, dəyərli Qurandır.
(Vaqiə surəsi, 77)
- Qorunmuş bir Kitabdadır (Lövhi-məhfuzdadır).
(Vaqiə surəsi, 78)
- Ona (xurafatlardan) təmizlənmişlərdən başqa heç kəs toxuna bilməz.
(Vaqiə surəsi, 79)
- O (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
(Vaqiə surəsi, 80)
- İndi siz bu sözümü yalanlayırsınız?!
(Vaqiə surəsi, 81)
- Sizə verilən ruzini təkzib edərəkmi şükür edirsiniz?!
(Vaqiə surəsi, 82)
- Can boğaza çatdığı zaman -
(Vaqiə surəsi, 83)
- O an siz (can verən adama) baxıb qalırsınız.
(Vaqiə surəsi, 84)
- Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz.
(Vaqiə surəsi, 85)
- Əgər (öldükdən sonra) haqq-hesaba çəkiləsi deyilsinizsə,
(Vaqiə surəsi, 86)
- Və doğru deyirsinizsə, onu (o canı) geri gətirin!
(Vaqiə surəsi, 87)
- Ancaq (ölən insan) Allaha yaxın olanlardandırsa,
(Vaqiə surəsi, 88)
- Onun üçün rahatlıq, gözəl ruzi və Nəim cənnəti vardır.
(Vaqiə surəsi, 89)
- Əgər sağ tərəfdəkilərdəndirsə,
(Vaqiə surəsi, 90)
- (Ona belə deyilər:) “Sağ tərəfdəkilərdən sənə salam olsun!”
(Vaqiə surəsi, 91)
- Əgər haqqı yalanlayıb doğru yoldan azanlardandırsa,
(Vaqiə surəsi, 92)
- Onun üçün qaynar su ziyafəti olacaqdır.
(Vaqiə surəsi, 93)
- O, cəhənnəmə atılacaqdır.
(Vaqiə surəsi, 94)
- Şübhəsiz ki, bu, danılmaz həqiqətdir.
(Vaqiə surəsi, 95)
- Elə isə uca Rəbbinin adını təsbeh et!
(Vaqiə surəsi, 96)