Loğman surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Mim!
(Loğman surəsi, 1)
- Bunlar hikmətli Kitabın ayələridir.
(Loğman surəsi, 2)
- O (Quran), yaxşı əməl sahibləri üçün doğru yol və rəhmətdir.
(Loğman surəsi, 3)
- Onlar namazı qılar, zəkatı verər və axirətə yəqinliklə inanarlar.
(Loğman surəsi, 4)
- Onlar Rəbbi tərəfindən (göstərilən) doğru yol üzərindədirlər. Onlar əsil nicat tapanlardır!
(Loğman surəsi, 5)
- İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
(Loğman surəsi, 6)
- Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver!
(Loğman surəsi, 7)
- Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
(Loğman surəsi, 8)
- Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət və hikmət sahibidir.
(Loğman surəsi, 9)
- O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik.
(Loğman surəsi, 10)
- Bu, Allahın yaratdıqlarıdır. Elə isə, Mənə başqalarının nə yaratdığını göstərin! Xeyr, zalımlar açıq-aşkar bir zəlalət içindədirlər.
(Loğman surəsi, 11)
- Biz Loğmana da: “Allaha şükür et!” - deyə hikmət vermişdik. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Loğman surəsi, 12)
- Vaxtilə Loğman öz oğluna öyüd verərək: “Ey oğlum, Allaha şərik qoşma! Həqiqətən, şərik qoşmaq böyük zülmdür”, - demişdi.
(Loğman surəsi, 13)
- Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir.
(Loğman surəsi, 14)
- Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Loğman surəsi, 15)
- (Loğman oğluna belə nəsihət etdi:) “Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır.
(Loğman surəsi, 16)
- Ey oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir.
(Loğman surəsi, 17)
- Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz.
(Loğman surəsi, 18)
- Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
(Loğman surəsi, 19)
- Allahın göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər.
(Loğman surəsi, 20)
- Onlara: “Allahın nazil etdiyinə tabe olun!” - deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” - deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?!
(Loğman surəsi, 21)
- Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar.
(Loğman surəsi, 22)
- İnkar edənin küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik. Şübhəsiz ki, Allah qəlbdə olanı biləndir.
(Loğman surəsi, 23)
- Biz onları bir az (dünya nemətlərindən) faydalandıracaq, sonra da ağır bir əzaba sürükləyəcəyik.
(Loğman surəsi, 24)
- Əgər onlardan: “Göyləri və yeri kim yaratdı?” - deyə soruşsan, onlar: “Allah!” - deyəcəklər. De ki: “Həmd Allaha məxsusdur!” Lakin onların çoxu bilməz.
(Loğman surəsi, 25)
- Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Şübhəsiz ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Loğman surəsi, 26)
- Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.
(Loğman surəsi, 27)
- (Ey insanlar!) Sizi yaratmaq və diriltmək bir nəfəri (yaradıb diriltmək) kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
(Loğman surəsi, 28)
- Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmədinmi?! O, günəşi və ayı da (sizə) ram etmişdir. Onların hər biri müəyyən bir vaxta qədər (öz orbitində) irəliləyir. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Loğman surəsi, 29)
- Bu ona görədir ki, Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Şübhəsiz, Allah ucadır, böyükdür.
(Loğman surəsi, 30)
- Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Loğman surəsi, 31)
- Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
(Loğman surəsi, 32)
- Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)
- Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34)