Yunis surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Ra. Bunlar, hikmətli Kitabın ayələridir!
(Yunis surəsi, 1)
- Onlardan birinə: “İnsanları xəbərdar et və iman edənləri müjdələ ki, onlar üçün Rəbbi yanında bir doğruluq məqamı vardır”, - deyə vəhy etməyimiz insanlara təəccüblümü gəldi?! İnkar edənlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır”, - dedilər.
(Yunis surəsi, 2)
- Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da işləri tənzimləyərək ərşə istiva edən Allahdır. Onun izni olmadan heç kim şəfaətçi ola bilməz. O, Rəbbiniz olan Allahdır. Elə isə Ona ibadət edin! Hələ də düşünmürsünüzmü?
(Yunis surəsi, 3)
- Allahın haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman edib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. İnkar edənlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki və acı bir əzab vardır.
(Yunis surəsi, 4)
- Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur. Allah bunları haqq olaraq yaratdı. O, bilib düşünən bir qövm üçün ayələri açıq şəkildə izah edir.
(Yunis surəsi, 5)
- Şübhəsiz, gecə və gündüzün dəyişməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan çəkinən bir qövm üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Yunis surəsi, 6)
- Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə,
(Yunis surəsi, 7)
- Qazandıqları (günahlar) səbəbilə onların sığınacaqları yer cəhənnəmdir.
(Yunis surəsi, 8)
- Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri, iman etdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar.
(Yunis surəsi, 9)
- Onların oradakı duası: “Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları: “Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.
(Yunis surəsi, 10)
- Əgər insanlar xeyri tələsik istədikləri kimi, Allah da şəri tələsik versəydi, həqiqətən, onların əcəlləri çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içində çaşqın bir halda qoyarıq.
(Yunis surəsi, 11)
- İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
(Yunis surəsi, 12)
- Həqiqətən, zülm etdiklərinə və sizdən əvvəl elçiləri möcüzələr gətirdiyi halda iman etmədiklərinə görə neçə-neçə millətləri məhv etdik. Biz günahkar insanları belə cəzalandırırıq.
(Yunis surəsi, 13)
- Sonra da nə edəcəyinizi görmək üçün sizi yer üzündə onların xələfləri etdik.
(Yunis surəsi, 14)
- (Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.
(Yunis surəsi, 15)
- De: “Əgər Allah diləsəydi, onu sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Mən (Quran nazil edilməzdən) əvvəl də sizin aranızda ömür sürmüşəm. Yenə də dərk etmirsinizmi?”
(Yunis surəsi, 16)
- Elə isə Allaha qarşı yalan uyduran, yaxud Onun ayələrini yalanlayan kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, günahkarlar nicat tapmazlar.
(Yunis surəsi, 17)
- Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” - deyirlər. De ki: “ Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!”
(Yunis surəsi, 18)
- İnsanlar tək bir ümmət idilər. Sonra isə ixtilafa düşüb ayrıldılar. Əgər Rəbbindən (əzabın gecikdirilməsinə dair) bir söz olmasaydı, ixtilafa düşdükləri məsələlər haqqında aralarında mütləq hökm verilərdi.
(Yunis surəsi, 19)
- Onlar: “Ona (Məhəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”.
(Yunis surəsi, 20)
- Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”.
(Yunis surəsi, 21)
- Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
(Yunis surəsi, 22)
- Ancaq onları xilas etdiyi zaman bir də görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonra dönüşünüz Bizədir. Biz də etdiyiniz əməlləri sizə xəbər verəcəyik.
(Yunis surəsi, 23)
- Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
(Yunis surəsi, 24)
- Allah (bəndələrini) əmin-amanlıq yurduna (cənnətə) çağırır və dilədiyini doğru yola yönəldir.
(Yunis surəsi, 25)
- Yaxşı işlər görənlər üçün ən gözəl mükafat (cənnət) və daha da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir toz, nə də bir zillət bürüyər. Onlar cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
(Yunis surəsi, 26)
- Pis işlər görənlərə isə etdikləri pis işlər qədər cəza verilər və onları zillət bürüyər. Heç kəs onları Allahdan qoruya bilməz. Üzləri sanki gecənin bir hissəsi ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Yunis surəsi, 27)
- O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
(Yunis surəsi, 28)
- Bizimlə sizin aranızda şahid kimi Allah yetər. Həqiqətən, sizin (bizə) ibadət etməyinizdən xəbərsiz idik”.
(Yunis surəsi, 29)
- Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq.
(Yunis surəsi, 30)
- De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
(Yunis surəsi, 31)
- O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqq ortadan qalxdıqdan sonra zəlalətdən başqa nə qalar?! Bəs necə olur ki, (haqdan) döndərilirsiniz?”
(Yunis surəsi, 32)
- Beləcə, Rəbbinin fasiqlər haqqındakı “Onlar iman etməzlər!” sözü gerçək oldu.
(Yunis surəsi, 33)
- De: “Qoşduğunuz şəriklərin arasında bir canlını yoxdan yaradıb, (ölümündən) sonra onu dirildə bilən varmı?” De ki: “Allah bir canlını yoxdan yaradır, (ölümündən) sonra da onu dirildir. Elə isə necə (haqdan) döndərilirsiniz?”
(Yunis surəsi, 34)
- De: “Qoşduğunuz şəriklərin arasında haqq yola yönəldən biri varmı?” De: “Allah haqq yola yönəldir. Elə isə doğru yola yönəldənmi tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilməyincə doğru yolu tapa bilməyənmi? Sizə nə olub? Siz necə hökm verirsiniz?”
(Yunis surəsi, 35)
- Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən, Allah etdiyiniz əməlləri bilir.
(Yunis surəsi, 36)
- Bu Quran Allahdan başqasına isnad edilə bilməz. O, ancaq özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (hökmləri) bəyan edəndir. Onda heç bir şübhə yoxdur. O, aləmlərin Rəbbi tərəfindəndir.
(Yunis surəsi, 37)
- Yoxsa onlar: “(Məhəmməd) onu özündən uydurdu!” - deyirlər? De ki: “Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın və siz də ona bənzər bir surə gətirin!”
(Yunis surəsi, 38)
- Əksinə, onlar həqiqətini dərk edə bilmədikləri və yozumu onlara gəlib çatmayan Quranı yalanladılar. Onlardan əvvəlkilər də belə yalanlamışdılar. Bax gör, zalımların sonu necə oldu!
(Yunis surəsi, 39)
- Onlardan bəziləri ona (Qurana) inanır, bəziləri də inanmır. Rəbbin fitnə-fəsad çıxardanları çox yaxşı tanıyır.
(Yunis surəsi, 40)
- Əgər səni yalanlasalar, de ki: “Mənim əməlim mənə, sizin əməliniz də sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam!”
(Yunis surəsi, 41)
- Onlardan elələri var ki, sənə qulaq asırlar. Ancaq karlara – üstəlik təfəkkür etmirlərsə – sənmi eşitdirəcəksən?!
(Yunis surəsi, 42)
- Onlardan elələri də var ki, sənə baxırlar. Ancaq korları – üstəlik (həqiqəti) görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?!
(Yunis surəsi, 43)
- Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz, ancaq insanlar özləri özlərinə zülm edərlər.
(Yunis surəsi, 44)
- Allah onları toplayacağı gün bir-birlərini tanıyacaq və sanki gündüzün yalnız bir hissəsi qədər qaldıqlarını zənn edəcəklər. Allah ilə qarşılaşacaqlarını yalanlayanlar ziyana uğrayacaqlar. Onlar doğru yolda deyillər.
(Yunis surəsi, 45)
- Onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, sənin canını alsaq da onların dönüşü Bizədir. Allah onların etdikləri əməllərə şahiddir.
(Yunis surəsi, 46)
- Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz.
(Yunis surəsi, 47)
- Onlar: “Əgər doğru söyləyirsinizsə, vəd olunan bu əzab nə vaxt gələcək?” - deyirlər.
(Yunis surəsi, 48)
- De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
- De: “Deyin görək, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələrsə, nə edərsiniz? Nəyə görə günahkarlar əzabın tez gəlməsini istəyirlər?!
(Yunis surəsi, 50)
- Əzab gəldikdən sonramı Ona iman edəcəksiniz? Yoxsa indimi? Halbuki əzabın tez gəlməsini istəyirsiniz”.
(Yunis surəsi, 51)
- Sonra (şirk qoşaraq özlərinə) zülm edənlərə: “Dadın əbədi əzabı! Siz ancaq qazandıqlarınıza görə cəzalandırılacaqsınız!” - deyiləcəkdir.
(Yunis surəsi, 52)
- Səndən: “O (əzab və axirət) həqiqətdirmi?” - deyə məlumat istəyirlər. De ki: “Bəli, Rəbbimə and olsun ki, o həqiqətdir və siz ona mane ola bilməzsiniz!”
(Yunis surəsi, 53)
- (Şirk qoşaraq özünə) zülm edən hər bir kəs yer üzündəki hər şeyə sahib olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq hamısını fəda edərdi. Onlar əzabı gördükləri zaman dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm olunar və onlara haqsızlıq edilməz.
(Yunis surəsi, 54)
- Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Bilin ki, Allahın vədi haqdır. Lakin onların çoxu bilmir.
(Yunis surəsi, 55)
- Həyat verən də, öldürən də Odur. Siz Ona döndürüləcəksiniz.
(Yunis surəsi, 56)
- Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlbdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir.
(Yunis surəsi, 57)
- De: “Allahın lütfü (İslam) və mərhəməti (Quran) ilə - məhz bunlarla sevinsinlər. Bu, onların (dünyada) yığdıqlarından daha xeyirlidir”.
(Yunis surəsi, 58)
- De: “Allahın sizə bəxş etdiyi ruzilərin bir qismini haram, bir qismini isə halal etməyiniz barədə nə deyirsiniz? De ki: “(Bunu etməyə) Allah sizə izin verdi, yoxsa siz Allaha iftira yaxırsınız?”
(Yunis surəsi, 59)
- Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Yunis surəsi, 60)
- (Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
(Yunis surəsi, 61)
- Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər.
(Yunis surəsi, 62)
- Onlar iman edib (pis əməllərdən) çəkinən kimsələrdir.
(Yunis surəsi, 63)
- Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!
(Yunis surəsi, 64)
- Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz, qüdrət bütövlüklə Allaha məxsusdur. O, hər şeyi eşidəndir, biləndir.
(Yunis surəsi, 65)
- Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Elə isə Allahı qoyub Ona qoşduqları şəriklərə ibadət edənlər nəyin ardınca gedirlər?! Onlar ancaq zənnin ardınca gedir və yalan söyləyirlər.
(Yunis surəsi, 66)
- Dincəlməyiniz üçün gecəni yaradan, gündüzü də işıqlı edən Odur. Həqiqətən, bunda, qulaq asanlar üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Yunis surəsi, 67)
- Onlar Allahın Özünə övlad götürdüyünü deyirlər. Halbuki O, pakdır və (belə xüsusiyyətlərdən) uzaqdır. O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Buna (övlad götürməklə bağlı iddianıza) dair sizin heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeymi söyləyirsiniz?
(Yunis surəsi, 68)
- De: “Şübhəsiz, Allaha böhtan atanlar nicat tapa bilməzlər!”
(Yunis surəsi, 69)
- Onlar üçün dünyada bir az dolanacaq vardır. Sonra onların dönüşü Bizədir. Sonra da (haqqı) inkar etdiklərinə görə onlara şiddətli əzabı daddıracağıq.
(Yunis surəsi, 70)
- Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
- Əgər (haqdan) üz çevirsəniz, onsuz da mən sizdən heç bir mükafat istəmirəm. Məni yalnız Allah mükafatlandırar. Mənə, müsəlmanlardan olmağım əmr olunmuşdur”.
(Yunis surəsi, 72)
- Onlar yenə də Nuhu yalanladılar. Beləcə, onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Onları (yer üzünün) varisləri etdik. Ayələrimizi yalanlayanları isə suda boğduq. Bax gör, xəbərdar edilənlərin sonu necə oldu!
(Yunis surəsi, 73)
- Sonra onun ardınca bir çox elçisi öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman edəsi deyildilər. Həddi aşanların qəlbini belə möhürləyirik.
(Yunis surəsi, 74)
- Sonra onların ardınca Musanı və Harunu möcüzələrimizlə Firona və onun qövmünə göndərdik. Ancaq onlar təkəbbürləndilər və günahkar bir qövm oldular.
(Yunis surəsi, 75)
- Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Şübhəsiz, bu açıq-aşkar bir sehrdir!” - dedilər.
(Yunis surəsi, 76)
- Musa: “Sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Halbuki sehrbazlar nicat tapmazlar!” - dedi.
(Yunis surəsi, 77)
- Onlar dedilər: “Bizi atalarımızın yolundan döndərəsiniz və yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman edəsi deyilik”.
(Yunis surəsi, 78)
- Firon dedi: “Bütün bilikli sehrbazları yanıma gətirin!”
(Yunis surəsi, 79)
- Sehrbazlar gəldiyi zaman Musa onlara: “Siz atacağınız şeyləri (sehr alətlərini) atın!” – dedi.
(Yunis surəsi, 80)
- Onlar (əllərindəki ipləri yerə) atdıqları zaman Musa dedi: “Sizin etdiyiniz sehrdir. Şübhəsiz ki, Allah onu boşa çıxaracaqdır. Həqiqətən, Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz.
(Yunis surəsi, 81)
- Günahkarların xoşuna gəlməsə də, Allah sözləri ilə həqiqəti ortaya çıxaracaqdır”.
(Yunis surəsi, 82)
- Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə iman etdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi.
(Yunis surəsi, 83)
- Musa dedi: “Ey qövmüm, əgər Allaha iman edib təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin!”
(Yunis surəsi, 84)
- Onlar da belə dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!
(Yunis surəsi, 85)
- Mərhəmətinlə bizi inkar edən qövmdən xilas et!”
(Yunis surəsi, 86)
- Musaya və qardaşına: “(Təhlükəsizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın və evlərinizi namazgah edin! Namazı düzgün qılın və (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik.
(Yunis surəsi, 87)
- Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlbini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman etməsinlər!”
(Yunis surəsi, 88)
- Allah buyurdu: “İkinizin də duası qəbul olunmuşdur. Ona görə də haqq yolunda möhkəm olun və bilməyənlərin yolundan getməyin!”
(Yunis surəsi, 89)
- İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!”
(Yunis surəsi, 90)
- İndimi (iman etdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin.
(Yunis surəsi, 91)
- (Ey Firon!) Səndən sonrakılara ibrət olsun deyə bu gün sənin (cansız) bədənini xilas edəcəyik. Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir.
(Yunis surəsi, 92)
- And olsun ki, İsrail oğullarını gözəl bir yurda yerləşdirdik və onlara təmiz nemətlər bəxş etdik. Onlara elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, qiyamət günü Rəbbin ixtilaf etdikləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Yunis surəsi, 93)
- (Ey elçi!) Əgər sənə nazil etdiyimizdən şübhə edirsənsə, səndən əvvəl kitabı oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq (Quran) gəlmişdir. Ona görə də əsla şübhə edənlərdən olma!
(Yunis surəsi, 94)
- Allahın ayələrini yalanlayanlardan da olma! Yoxsa ziyana uğrayanlardan olarsan.
(Yunis surəsi, 95)
- Şübhəsiz ki, özlərinə Rəbbinin (əzab) sözü vacib olan kəslər iman etməzlər.
(Yunis surəsi, 96)
- Onlara bütün ayələr (möcüzələr) gəlsə belə, acı verən əzabı görməyincə (iman etməzlər).
(Yunis surəsi, 97)
- Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman edəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman etdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq.
(Yunis surəsi, 98)
- Əgər Rəbbin diləsəydi, yer üzündəkilərin hamısı birlikdə iman edərdilər. Elə isə, insanları iman etməyə sənmi məcbur edəcəksən?!
(Yunis surəsi, 99)
- Allahın izni olmadan heç kim iman edə bilməz. O, təfəkkür etməyənləri əzaba düçar edər.
(Yunis surəsi, 100)
- De: “Bir baxın, göylərdə və yerdə nələr var! Lakin iman etməyən bir qövmə dəlillər və xəbərdarlıqlar fayda verməz.
(Yunis surəsi, 101)
- Onlar özlərindən əvvəl gəlib-keçmiş kimsələrin (əzablı) günlərinin bir bənzərinimi gözləyirlər?” De: “Elə isə gözləyin! Əlbəttə, mən də sizinlə birlikdə gözləyirəm”.
(Yunis surəsi, 102)
- Sonra elçilərimizi və iman edənləri xilas edərik. İman edənləri xilas etmək Bizim borcumuzdur.
(Yunis surəsi, 103)
- De: “Ey insanlar! Əgər mənim dinimə şübhə edirsinizsə, bilin ki, mən Allahı qoyub sizin ibadət etdiklərinizə ibadət etmərəm. Lakin sizin canınızı alan Allaha ibadət edərəm. Mənə, iman edənlərdən olmağım əmr olunmuşdur.
(Yunis surəsi, 104)
- Hənif olaraq (Allahı bir tutaraq) üzünü dinə çevir və əsla müşriklərdən olma!
(Yunis surəsi, 105)
- Allahı qoyub sənə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, o zaman həqiqətən, sən də (Allaha şirk qoşaraq özlərinə) zülm edənlərdən olarsan.
(Yunis surəsi, 106)
- Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kim onu aradan qaldıra bilməz. Əgər Allah sənin üçün bir xeyir diləsə, heç kim Onun lütfünə mane ola bilməz. Onu, bəndələrindən dilədiyi kimsəyə bəxş edər. O bağışlayandır, mərhəmətlidir.
(Yunis surəsi, 107)
- De: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Artıq kim doğru yolu tutarsa, bu onun lehinə olar, kim də (doğru yoldan) azarsa, bu onun əleyhinə olar. Mən sizə zamin deyiləm”.
(Yunis surəsi, 108)
- (Ey elçi!) Sənə gələn vəhyə tabe ol və Allah (onlar barəsində) hökm verənə qədər səbir et! O, hökm verənlərin ən yaxşısıdır.
(Yunis surəsi, 109)