Nəhl surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allahın əmri gələcəkdir. Ona görə də onu istəməkdə tələsməyin! Allah onların qoşduqları şəriklərdən uzaq və ucadır.
(Nəhl surəsi, 1)
- Allah Öz iradəsi ilə mələkləri vəhylə bəndələrindən dilədiyi kimsəyə göndərib buyurar: “Məndən başqa heç bir ilah olmadığına dair (bəndələrimi) xəbərdar edin və Məndən qorxun!”
(Nəhl surəsi, 2)
- O, göyləri və yeri haqq ilə yaratdı. Allah onların qoşduqları şəriklərdən ucadır!
(Nəhl surəsi, 3)
- O, insanı nütfədən (bir damcı sudan) yaratdı. Ancaq bir də görürsən ki, o (insan) açıq-aşkar bir düşmənə çevrilib.
(Nəhl surəsi, 4)
- Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (vasitələri) və başqa faydalar vardır. Onlardan (bir qisminin ətindən) yeyirsiniz.
(Nəhl surəsi, 5)
- Səhər (otlağa) göndərərkən, axşam (tövləyə) gətirərkən onlara baxıb zövq alırsınız.
(Nəhl surəsi, 6)
- (Bu heyvanların bir qismi də) sizin yüklərinizi, yalnız məşəqqətlə çata biləcəyiniz bir məmləkətə daşıyarlar. Həqiqətən, sənin Rəbbin çox şəfqətlidir, mərhəmətlidir.
(Nəhl surəsi, 7)
- Atları, qatırları və uzunqulaqları da minəsiniz və zinət olsun deyə (Allah yaratdı). O, sizin bilmədiklərinizi (başqa minik vasitələri) də yaradır.
(Nəhl surəsi, 8)
- Doğru yolu göstərmək Allaha məxsusdur. Yolun əyrisi də vardır. Əgər O diləsəydi, əlbəttə, sizin hamınızı doğru yola yönəldərdi.
(Nəhl surəsi, 9)
- Göydən su endirən Odur. Ondan həm içirsiniz, həm də onun vasitəsilə otlaqlarınız göyərir.
(Nəhl surəsi, 10)
- Allah onun vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 11)
- O, gecəni, gündüzü, günəşi və ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 12)
- Yer üzündə sizin üçün yaratdığı növbənöv şeyləri də (istifadənizə verdi). Şübhəsiz, bunda da düşünüb öyüd alanlar üçün ibrətlər vardır.
(Nəhl surəsi, 13)
- Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür.
(Nəhl surəsi, 14)
- O, sizi yırğalamasın deyə, yer üzündə möhkəm dağlar, yolunuzu tapasınız deyə də, çaylar və yollar yaratdı.
(Nəhl surəsi, 15)
- (Başqa) nişanələr də (yaratdı). Onlar ulduzlarla da yollarını taparlar.
(Nəhl surəsi, 16)
- Elə isə yaradan (Allah) yarada bilməyən (bütlər) kimi ola bilərmi?! Bəs siz (bunları) düşünüb öyüd almırsınızmı?
(Nəhl surəsi, 17)
- Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 18)
- Allah sizin gizlətdiklərinizi də, aşkar etdiklərinizi də bilir.
(Nəhl surəsi, 19)
- Allahı qoyub ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər. Axı onlar özləri yaradılmışlar.
(Nəhl surəsi, 20)
- Onlar diri deyil, ölüdürlər. Nə zaman diriləcəklərini də bilməzlər.
(Nəhl surəsi, 21)
- Sizin ilahınız bir olan ilahdır. Axirətə inanmayanlara gəldikdə, onların qəlbi inkarçıdır, özləri də təkəbbürlüdürlər.
(Nəhl surəsi, 22)
- Şübhəsiz ki, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Həqiqətən, O, təkəbbürlənənləri sevməz!
(Nəhl surəsi, 23)
- Onlara: “Rəbbiniz nəyi nazil etdi?” - deyildiyi zaman onlar: “Əvvəlkilərin əfsanələrini”, - deyərlər.
(Nəhl surəsi, 24)
- Onlar qiyamət günü həm öz (günah) yüklərinin hamısını, həm də cahillikləri üzündən azdırdıqları kimsələrin (günah) yüklərindən bir qismini daşımaları üçün (belə deyirlər). Bilin ki, daşıyacaqları (bu yük) necə də pisdir!
(Nəhl surəsi, 25)
- Onlardan əvvəlkilər də (elçilərə) hiylə qurmuşdular. Ancaq Allah onların binalarını bünövrəsindən sökdü və tavan yuxarıdan onların üstünə çökdü. Əzab onlara heç ağıllarına gəlməyən bir yerdən gəlmişdi.
(Nəhl surəsi, 26)
- Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün inkar edənlər üçün rəzillik və pislik (əzab) vardır”.
(Nəhl surəsi, 27)
- Öz-özlərinə zülm edərkən canlarını mələklərin aldıqları kimsələr: “Biz heç bir pis iş görmürdük”, - deyərək təslim olarlar. Xeyr! Həqiqətən, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.
(Nəhl surəsi, 28)
- Ona görə də içində əbədi qalacağınız cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin sığınacaqları yer necə də pisdir!”
(Nəhl surəsi, 29)
- Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” - deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, - deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
(Nəhl surəsi, 30)
- (O yurd) daxil olacaqları Ədn cənnətləridir. (Ağacları) altından çaylar axır. Orada onların istədikləri hər şey vardır. Allah təqva sahiblərini belə mükafatlandırır.
(Nəhl surəsi, 31)
- Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.
(Nəhl surəsi, 32)
- (İnkar edənlər) mələklərin onların yanına gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
(Nəhl surəsi, 33)
- Nəhayət, etdikləri (pis) əməllərin cəzasına düçar oldular və istehza etdikləri (əzab) onları bürüdü.
(Nəhl surəsi, 34)
- Müşriklər dedilər: “Əgər Allah diləsəydi, nə biz, nə də atalarımız Ondan başqasına ibadət edərdik. Onun əmri olmadan heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Elçilərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
(Nəhl surəsi, 35)
- Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) elçi göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (elçiləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
(Nəhl surəsi, 36)
- Onların hidayətə gəlməsini çox arzulasan da, bil ki, Allah (haqq yoldan) azdırdığı kimsələri hidayətə yönəltməz. Onlara yardım edənlər də olmaz.
(Nəhl surəsi, 37)
- Onlar: “Allah ölən bir kimsəni diriltməz!” - deyə var gücləri ilə Allaha and içdilər. Əksinə, (ölüləri diriltmək) Onun haqq olaraq verdiyi bir vəddir. Ancaq insanların çoxu bunu bilmir.
(Nəhl surəsi, 38)
- Allah ixtilafda olduqları məsələləri onlara izah etmək üçün və inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər deyə (onları dirildəcəkdir).
(Nəhl surəsi, 39)
- Biz bir şeyi (yaratmaq) istədiyimiz zaman ona yalnız: “Ol!” – deyərik, o da dərhal olar.
(Nəhl surəsi, 40)
- Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdıracağıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Kaş (inkar edənlər, yaxud hicrət etməyə qarşı çıxanlar bunu) biləydilər!
(Nəhl surəsi, 41)
- Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir.
(Nəhl surəsi, 42)
- Səndən əvvəl də vəhy etdiyimiz kişilərdən başqasını elçi göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun!
(Nəhl surəsi, 43)
- (Onları) açıq-aşkar möcüzələr və kitablarla (göndərmişdik). Sənə də Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər.
(Nəhl surəsi, 44)
- Pislik etmək məqsədilə hiylə quranlar Allahın onları yerə batırmayacağından, yaxud gözləmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyindən əmindirlərmi?
(Nəhl surəsi, 45)
- Və ya gəzib dolaşarkən (əzabın) onları yaxalamayacağından (əmindirlərmi)? Onlar (əzaba) mane ola bilməzlər.
(Nəhl surəsi, 46)
- Yaxud (əzabın) onları yavaş-yavaş yaxalamayacağına (əmindirlərmi)? Şübhəsiz ki, Rəbbiniz çox şəfqətlidir, mərhəmətlidir.
(Nəhl surəsi, 47)
- Onlar Allahın yaratdığı - kölgələri kiçilən və Allaha səcdə edərək sağa-sola əyilən hər hansı bir əşyaya baxıb təfəkkür etmədilərmi?
(Nəhl surəsi, 48)
- Göylərdə və yerdə olan hər bir canlı və mələklər təkəbbürlənmədən Allaha səcdə edirlər.
(Nəhl surəsi, 49)
- Onlar üstlərində olan Rəblərindən qorxar və özlərinə əmr olunanları yerinə yetirərlər.
(Nəhl surəsi, 50)
- Allah buyurmuşdur: “İki ilah qəbul etməyin! O Allah, tək bir ilahdır. Elə isə, yalnız Məndən qorxun!”
(Nəhl surəsi, 51)
- Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din (itaət) də daima Ona aiddir. Elə isə, siz Allahdan başqasındanmı qorxursunuz?
(Nəhl surəsi, 52)
- Sizə bəxş edilən hər bir nemət Allah tərəfindəndir. Sonra sizə bir zərər toxunduğu zaman Ona yalvarırsınız.
(Nəhl surəsi, 53)
- Sonra zərəri sizdən dəf etdiyi zaman içinizdən bir qrup çox keçmədən Rəbbinə şərik qoşar.
(Nəhl surəsi, 54)
- Onlar özlərinə verdiklərimizə nankorluq etmək üçün (belə edirlər). Elə isə, (bir müddət dünya nemətlərindən) faydalanın. Tezliklə (həqiqəti) biləcəksiniz!
(Nəhl surəsi, 55)
- Onlar özlərinə verdiyimiz ruzidən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, iftira yaxdığınız şeylərə görə mütləq sorğu-sual olunacaqsınız!
(Nəhl surəsi, 56)
- Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir! Arzuladıqlarını (oğlanları) da özlərinə aid edirlər.
(Nəhl surəsi, 57)
- Onlardan birinə qız övladı olduğu müjdəsi verildiyi zaman qəzəblənmiş bir halda üzü qapqara qaralar.
(Nəhl surəsi, 58)
- Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir!
(Nəhl surəsi, 59)
- Pis sifətlər (xüsusiyyətlər) axirətə inanmayanlara məxsusdur. Ən uca sifətlər isə Allaha məxsusdur. O, yenilməz qüvvət və hikmət sahibidir!
(Nəhl surəsi, 60)
- Əgər Allah insanları etdikləri haqsızlıqlara görə (bu dünyada) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onları (cəzalarını) təqdir olunmuş bir vaxta qədər təxirə salır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də bir an irəli keçə bilərlər.
(Nəhl surəsi, 61)
- Onlar özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Ən gözəl olanın (gözəl aqibətin) özlərinə aid olduğunu söyləyən dilləri də yalan deyir. Şübhəsiz ki, onlar üçün cəhənnəm vardır və onlar ora ən qabaqda girəcəklər.
(Nəhl surəsi, 62)
- Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə də elçilər göndərdik. Ancaq şeytan onlara (o ümmətlərə) öz əməllərini gözəl göstərdi. Ona görə də şeytan bu gün onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 63)
- Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri onlara izah etməyin üçün və möminlərə hidayət və rəhmət olsun deyə nazil etdik.
(Nəhl surəsi, 64)
- Allah göydən su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda (haqqı) dinləyənlər üçün dəlillər vardır.
(Nəhl surəsi, 65)
- Şübhəsiz, heyvanlarda da sizin üçün bir ibrət vardır. Belə ki, sizə onların qarınlarındakı ifrazat ilə qan arasından çıxan, içənlərin boğazından rahatlıqla keçən xalis bir süd içirdirik.
(Nəhl surəsi, 66)
- Xurma və üzümün meyvələrindən də içki və gözəl qidalar əldə edirsiniz. Şübhəsiz ki, bunda düşünənlər üçün bir dəlil vardır.
(Nəhl surəsi, 67)
- Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur!
(Nəhl surəsi, 68)
- Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır.
(Nəhl surəsi, 69)
- Sizi Allah yaratdı, sonra da O, sizin canınızı alacaqdır. Sizlərdən bəzisi vaxtilə bildiklərini xatırlamasın deyə ömrünün ən ixtiyar çağına qədər yaşadılar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.
(Nəhl surəsi, 70)
- Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün onlara ruzilərini vermirlər. Onlar Allahın verdiyi neməti inkarmı edirlər?
(Nəhl surəsi, 71)
- Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcə yaratdı, zövcənizdən də sizin üçün övladlar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?
(Nəhl surəsi, 72)
- Onlar (müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara heç bir ruzi verə bilməyən və buna əsla gücləri çatmayanlara (bütlərə) ibadət edirlər?
(Nəhl surəsi, 73)
- Ona görə də heç bir şeyi Allaha bənzətməyin (şərik qoşmayın)! Şübhəsiz ki, Allah hər şeyi bilir, siz isə bilməzsiniz.
(Nəhl surəsi, 74)
- Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul və verdiyimiz gözəl ruzidən həm gizli, həm də aşkar infaq edən (azad) bir kimsəni misal gətirdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur. Lakin onların əksəriyyəti bunu bilməz.
(Nəhl surəsi, 75)
- Allah iki nəfəri də misal gətirdi; onlardan biri laldır, heç bir şey bacarmır və ağası üçün bir yükdür. Ağası onu hara göndərsə, bir xeyir gətirməz. O və doğru yolda olub ədaləti əmr edən kimsə eyni ola bilərmi?
(Nəhl surəsi, 76)
- Göylərin və yerin qeybini yalnız Allah bilir. Qiyamət ancaq bir göz qırpımında, yaxud daha az bir vaxtda qopacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Nəhl surəsi, 77)
- Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Şükür edəsiniz deyə Allah sizə qulaqlar, gözlər və qəlb bəxş etdi.
(Nəhl surəsi, 78)
- Göy üzündə ram edilmiş quşları görmədilərmi?! Onları (havada) yalnız Allah saxlayır. Həqiqətən, bunda iman etmiş insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 79)
- Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi və heyvanların dərilərindən sizin üçün köç vaxtı və bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən və qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası və ticarət malı meydana gətirdi.
(Nəhl surəsi, 80)
- Allah, yaratdığı şeylərdən sizin üçün kölgəliklər etdi. Dağlarda sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyan geyimlər və həmçinin müharibədə sizi mühafizə edən zirehli paltar yaratdı. Beləcə, O, müsəlman olasınız deyə sizə olan nemətini tamamladı.
(Nəhl surəsi, 81)
- Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.
(Nəhl surəsi, 82)
- Onlar Allahın nemətini bilir, sonra da onu inkar edirlər. Onların çoxu inkar edəndir.
(Nəhl surəsi, 83)
- O gün hər ümmətdən bir şahid gətirəcəyik. Sonra inkar edənlərə (üzr istəmələri üçün) nə icazə veriləcək, nə də onlardan üzr istəmələri tələb olunacaqdır.
(Nəhl surəsi, 84)
- Zalımlar əzabı görən zaman artıq onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.
(Nəhl surəsi, 85)
- Müşriklər (Allaha) qoşduqları şərikləri gördükdə: “Ey Rəbbimiz, bunlar, Səni qoyub ibadət etdiyimiz şəriklərimizdir!” - deyəcəklər. Onlar da bunlara: “Şübhəsiz, siz yalançısınız!” - deyəcəklər.
(Nəhl surəsi, 86)
- O gün (müşriklər) Allaha təslim olacaqlar, uydurduqları (bütlər) də yox olub gedəcəkdir.
(Nəhl surəsi, 87)
- İnkar edən olub (insanları) Allahın yolundan döndərənlərə törətdikləri fitnə-fəsad səbəbilə əzab üstünə əzab artıracağıq.
(Nəhl surəsi, 88)
- O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik.
(Nəhl surəsi, 89)
- Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.
(Nəhl surəsi, 90)
- Əhd (müqavilə) bağladığınız zaman Allaha verdiyiniz əhdi yerinə yetirin və Allahı şahid göstərərək andları möhkəmləndirdikdən sonra onu pozmayın! Həqiqətən, Allah sizin etdiklərinizi yaxşı bilir.
(Nəhl surəsi, 91)
- Bir tayfa digər tayfadan (sayca və güc baxımından) daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir.
(Nəhl surəsi, 92)
- Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Ancaq O, istədiyini zəlalətə salar, istədiyini isə doğru yola yönəldər. Şübhəsiz ki, siz etdiyiniz əməllərdən sorğu-sual olunacaqsınız.
(Nəhl surəsi, 93)
- Andlarınızı aranızdakı bir fitnə-fəsada çevirməyin! Yoxsa (İslamda) ayağınız möhkəmləndikdən sonra sürüşər və (insanları) Allahın yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız, (axirətdə də) böyük bir əzaba düçar olarsınız.
(Nəhl surəsi, 94)
- Allahın əhdini az bir mənfəət müqabilində satmayın! Əgər bilirsinizsə, şübhəsiz ki, Allah yanında olan sizin üçün daha xeyirlidir.
(Nəhl surəsi, 95)
- Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan isə əbədidir. Şübhəsiz, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 96)
- Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)
- Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın!
(Nəhl surəsi, 98)
- Əlbəttə, iman edib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur.
(Nəhl surəsi, 99)
- Onun (şeytanın) hökmranlığı yalnız onu dost tutanların və Allaha şərik qoşanların üzərindədir.
(Nəhl surəsi, 100)
- Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir.
(Nəhl surəsi, 101)
- De: “Onu Müqəddəs Ruh iman edənlərə səbat vermək, müsəlmanları doğru yola yönəltmək və onlara müjdə vermək üçün Rəbbinin dərgahından haqq olaraq nazil etmişdir!”
(Nəhl surəsi, 102)
- Şübhəsiz ki, Biz onların: “Ona (Quranı) ancaq bir insan öyrədir!” - dediklərini bilirik. Onların nəzərdə tutduqları şəxsin dili başqa bir dildir. Bu (Quran) isə açıq-aşkar ərəb dilindədir.
(Nəhl surəsi, 103)
- Allahın ayələrinə inanmayanları, əlbəttə, Allah doğru yola yönəltməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 104)
- Allahın ayələrinə inanmayanlar ancaq yalan uydururlar. Onlar əsil yalançılardır.
(Nəhl surəsi, 105)
- Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır.
(Nəhl surəsi, 106)
- Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına və Allahın inkar edənlər qövmünü doğru yola yönəltmədiyinə görədir.
(Nəhl surəsi, 107)
- Onlar, Allahın qəlbini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir.
(Nəhl surəsi, 108)
- Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!
(Nəhl surəsi, 109)
- Əziyyətə məruz qaldıqdan sonra hicrət edib, sonra da səbir edərək cihad edənləri – bunlardan sonra Rəbbin şübhəsiz ki, bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 110)
- O gün hər kəs öz canının hayına qalar. Hər kəsə etdiklərinin əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
(Nəhl surəsi, 111)
- Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı.
(Nəhl surəsi, 112)
- Şübhəsiz ki, onlara özlərindən bir elçi gəldi, ancaq onlar onu yalanladılar. Buna görə də zülm edərkən əzab onları yaxaladı.
(Nəhl surəsi, 113)
- Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və Allahın nemətinə şükür edin!
(Nəhl surəsi, 114)
- Şübhəsiz ki, Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanı haram etmişdir. Ancaq kim məcbur qalarsa, (başqasının hüququna) təcavüz etmədən və həddi aşmadan bunlardan yeyə bilər. Çünki Allah bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 115)
- Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, - deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar!
(Nəhl surəsi, 116)
- (Onların qazandığı) az bir mənfəətdir. Halbuki onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 117)
- Sənə xəbər verdiklərimizi daha əvvəl yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.
(Nəhl surəsi, 118)
- Həqiqətən, Rəbbin cahillikləri səbəbilə pis iş görüb, sonra tövbə edərək özlərini islah edənləri - (bütün) bunlardan sonra bağışlayandır, rəhm edəndir.
(Nəhl surəsi, 119)
- Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi.
(Nəhl surəsi, 120)
- O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi.
(Nəhl surəsi, 121)
- Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Nəhl surəsi, 122)
- Sonra sənə: “Doğru yola yönələrək İbrahimin dininə tabe ol! O, müşriklərdən deyildi”, - deyə vəhy etdik.
(Nəhl surəsi, 123)
- Şənbə günü (ibadət etmək) yalnız onun barəsində ixtilafda olanlara fərz buyurulmuşdur. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir.
(Nəhl surəsi, 124)
- Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır.
(Nəhl surəsi, 125)
- Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir.
(Nəhl surəsi, 126)
- Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!
(Nəhl surəsi, 127)
- Həqiqətən, Allah pis işlərdən çəkinən və yaxşı işlər görənlərlə birlikdədir.
(Nəhl surəsi, 128)