Casiyə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ha, Mim!
(Casiyə surəsi, 1)
- Bu Kitab qüdrətli və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.
(Casiyə surəsi, 2)
- Şübhəsiz ki, göylərdə və yerdə möminlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 3)
- Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda da yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 4)
- Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 5)
- Bunlar sənə haqq olaraq oxuduğumuz Allahın ayələridir. Elə isə onlar Allahdan və Onun ayələrindən sonra hansı sözə inanacaqlar?
(Casiyə surəsi, 6)
- İftiraçı və günahkarların vay halına!
(Casiyə surəsi, 7)
- O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver!
(Casiyə surəsi, 8)
- O, ayələrimizdən bir şey öyrəndiyi zaman onları ələ salır. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
(Casiyə surəsi, 9)
- Onlar cəhənnəmlə qarşılaşacaqlar. Nə qazandıqları, nə də Allahdan başqa dost tutduqları (bütlər) onlara bir fayda verəcək. Onları böyük bir əzab gözləyir.
(Casiyə surəsi, 10)
- Bu (Quran) doğru yola aparan bir rəhbərdir. Rəbbinin ayələrini inkar edənlər üçün şiddətli və ağrılı-acılı bir əzab vardır.
(Casiyə surəsi, 11)
- Əmri ilə gəmilərin üzməsi və sizin də Onun lütfündən ruzi axtarmağınız və şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır.
(Casiyə surəsi, 12)
- O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 13)
- İman edənlərə de ki, qazandıqları günahlar səbəbilə bir qövmü cəzalandırsın deyə Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar.
(Casiyə surəsi, 14)
- Kim yaxşı bir iş görərsə, bu onun öz lehinə, kim də pis bir iş görərsə, bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
(Casiyə surəsi, 15)
- Həqiqətən, Biz İsrail oğullarına Kitab, hökm və elçilik verdik. Onlara yaxşı nemətlərdən ruzi verdik və onları aləmlərdən (digər insanlardan) üstün etdik.
(Casiyə surəsi, 16)
- Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
(Casiyə surəsi, 17)
- Sonra səni də dində bir şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin arzularına uyma!
(Casiyə surəsi, 18)
- Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur.
(Casiyə surəsi, 19)
- Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir.
(Casiyə surəsi, 20)
- Yoxsa pis işlər görənlər dünya həyatında və ölümdən sonra onları iman edib yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn edirlər?! Onlar necə də pis hökm verirlər!
(Casiyə surəsi, 21)
- Hər kəs qazandığının əvəzini haqsızlığa məruz qalmadan ala bilsin deyə Allah göyləri və yeri haqqa aparan bir vasitə olaraq yaratmışdır.
(Casiyə surəsi, 22)
- Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
(Casiyə surəsi, 23)
- Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, - dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər.
(Casiyə surəsi, 24)
- Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı geri gətirin!” - demələrindən başqa dəlilləri yoxdur.
(Casiyə surəsi, 25)
- De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir”.
(Casiyə surəsi, 26)
- Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün məhz o gün inkar edənlər ziyana uğrayacaqlar.
(Casiyə surəsi, 27)
- Hər ümməti diz çökmüş bir vəziyyətdə görərsən. Hər ümmət öz əməl dəftərinə tərəf çağırılar. (Onlara belə deyilər:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
(Casiyə surəsi, 28)
- Bu, sizə qarşı həqiqəti söyləyən əməl dəftərimizdir. Biz etdiyiniz əməlləri yazdırırdıq”.
(Casiyə surəsi, 29)
- İman edib yaxşı işlər görənləri isə Rəbbi Öz rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Bu, açıq-aydın uğurdur.
(Casiyə surəsi, 30)
- İnkar edənlərə isə belə deyiləcəkdir: “Ayələrim sizə oxunmurdumu?! Ancaq siz təkəbbürləndiniz və günahkar oldunuz.
(Casiyə surəsi, 31)
- Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
(Casiyə surəsi, 32)
- Etdikləri əməllərin pislikləri onlara görünmüş və istehza etdikləri (əzab) onları bürümüşdür.
(Casiyə surəsi, 33)
- Onlara belə deyilər: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacağınız yer cəhənnəmdir və heç bir yardımçınız olmayacaqdır!
(Casiyə surəsi, 34)
- Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
(Casiyə surəsi, 35)
- Göylərin, yerin və aləmlərin Rəbbi olan Allaha həmd olsun!
(Casiyə surəsi, 36)
- Göylərdə və yerdə əzəmət Ona məxsusdur. O, qüdrətlidir, hikmət sahibidir!
(Casiyə surəsi, 37)