Qəsas surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ta, Sin, Mim!
(Qəsas surəsi, 1)
- Bunlar, açıq-aydın Kitabın ayələridir.
(Qəsas surəsi, 2)
- İman edən bir qövm üçün Musanın və Fironun xəbərlərindən bir qismini olduğu kimi sənə oxuyacağıq.
(Qəsas surəsi, 3)
- Firon öz torpağında (Misirdə) azğınlıq edərək oranın əhalisini zümrələrə ayırmışdı. O, onlardan bir qövmün (İsrail oğullarının) oğlan uşaqlarını boğazlayıb qadınlarını sağ buraxaraq onları alçaldırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
(Qəsas surəsi, 4)
- Biz o torpaqlarda əzilənlərə (İsrail oğullarına) lütf edərək, onları rəhbərlər və varislər etmək istəyirdik.
(Qəsas surəsi, 5)
- Biz onlara o torpaqlarda hökmranlıq vermək, Firona, Hamana və ordularına qorxduqları şeyi göstərmək istəyirdik.
(Qəsas surəsi, 6)
- Biz Musanın anasına: “Onu əmizdir! Ona zərər gəlməsindən qorxduğun zaman onu dənizə (Nil çayına) at! Heç qorxma və kədərlənmə! Şübhəsiz, biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik”, - deyə vəhy etdik.
(Qəsas surəsi, 7)
- Beləcə, Fironun ailəsi özlərinə düşmən və başlarına bəla olacaq Musanı (nil çayından) götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri səhv yolda idilər.
(Qəsas surəsi, 8)
- Fironun arvadı (Asiyə) dedi: “(Bu uşaq) mənim və sənin üçün gözaydınlığıdır. Onu öldürməyin! Ola bilsin ki, onun bizə faydası toxunar, yaxud onu oğulluğa götürərik”. Halbuki, onlar (bu işin sonunun) fərqində deyildilər.
(Qəsas surəsi, 9)
- Musanın anasının qəlbində (Musanın həsrətindən başqa) bir şey qalmamışdı. Əgər möminlərdən olsun deyə onun qəlbinə təskinlik verməsəydik, az qala onu büruzə verəcəkdi.
(Qəsas surəsi, 10)
- Anası Musanın bacısına: “Onun arxasınca get!” - dedi. O da heç kim hiss etmədən uzaqdan Musanı izlədi.
(Qəsas surəsi, 11)
- Biz əvvəlcədən ona süd analarını (onlardan süd əmməsini) qadağan etmişdik. Buna görə də Musanın bacısı belə dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona yaxşı davranacaq bir ailə göstərimmi?”
(Qəsas surəsi, 12)
- Beləliklə, onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm çəkməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilmir.
(Qəsas surəsi, 13)
- Musa yetkinlik yaşına çatdığı zaman Biz ona hikmət (elçilik) və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Qəsas surəsi, 14)
- Musa əhalisinin xəbəri olmadan şəhərə daxil oldu. Orada biri öz tayfasından, digəri isə düşmən tayfadan olan iki nəfərin döyüşdüyünü gördü. Öz tayfasından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Musa da yumruq vurub onu (düşmən tayfadan olanı) öldürdü. Musa: “Bu, şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sürükləyən açıq-aydın bir düşməndir!” - dedi.
(Qəsas surəsi, 15)
- Musa: “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etdim. Məni bağışla!” - dedi. O da onu bağışladı. Şübhəsiz ki, O, bağışlayandır, mərhəmətlidir.
(Qəsas surəsi, 16)
- Musa: “Ey Rəbbim, mənə verdiyin nemətlərin haqqı üçün günahkarlara əsla dayaq olmayacağam!” - dedi.
(Qəsas surəsi, 17)
- Beləliklə, o, şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Bir də gördü ki, dünən ondan yardım istəyən həmin adam yenə qışqıraraq onu köməyə çağırır. Musa ona: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - dedi.
(Qəsas surəsi, 18)
- Musa ikisinin də düşməni olan adamı yaxalamaq istəyərkən o belə dedi: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalım biri olmaq istəyirsən və xeyirxahlardan olmaq istəmirsən!”
(Qəsas surəsi, 19)
- Bir nəfər şəhərin ən ucqar yerindən qaça-qaça gəlib belə dedi: “Ey Musa! Əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx! Mən sənə bunu tövsiyə edirəm”.
(Qəsas surəsi, 20)
- Beləcə, Musa qorxu içində ətrafa göz qoya-qoya oradan çıxıb belə dedi: “Ey Rəbbim, məni zalım qövmdən xilas et!”
(Qəsas surəsi, 21)
- Musa Mədyənə tərəf üz tutduğu zaman: “Ümid edirəm ki, Rəbbim məni doğru yola yönəldər”, - dedi.
(Qəsas surəsi, 22)
- Mədyənin su quyusuna çatanda orada heyvanlarını sulayan bir dəstə adam gördü. Onlardan başqa heyvanlarının suya getməsinə mane olan iki qız da görüb onlara dedi: “Sizin dərdiniz nədir?” Onlar: “Çobanlar gedənə qədər heyvanlarımıza su vermirik. Atamız da çox yaşlıdır”, - dedilər.
(Qəsas surəsi, 23)
- Musa onların heyvanlarını suladı, sonra da kölgəyə çəkilib belə dedi: “Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam”.
(Qəsas surəsi, 24)
- O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeybin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi.
(Qəsas surəsi, 25)
- Qızlardan biri: “Atacan! Onu muzdla (çoban) tut! Həqiqətən, o, muzdla tutduqlarının ən yaxşısı, ən güclüsü və ən etibarlısıdır”, - dedi.
(Qəsas surəsi, 26)
- (Şüeyb Musaya) dedi: “Səkkiz il mənə xidmət etməyin müqabilində bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər on ilə tamamlasan, bu, artıq sənin tərəfindən bir lütfdür. Mən səni çətinliyə salmaq istəmirəm. İnşaAllah, mənim salehlərdən olduğumu görəcəksən”.
(Qəsas surəsi, 27)
- Musa: “Bu, mənimlə sənin aranda bir müqavilədir. Bu iki müddətdən hər hansı birini yerinə yetirsəm, mənə qarşı bir düşmənçilik olmayacaq. Allah söylədiklərimizə şahiddir”, - dedi.
(Qəsas surəsi, 28)
- Nəhayət, Musa (çobanlıq) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir alov gördü. Ailəsinə: “Siz burada qalın! Mən bir alov gördüm. Bəlkə, oradan sizə bir xəbər, yaxud isinə bilməyiniz üçün bir köz gətirərəm”, - dedi.
(Qəsas surəsi, 29)
- Ora gəlib çatdıqda sağdakı vadi tərəfdə olan mübarək yerdə olan ağacdan belə bir nida gəldi: “Ey Musa, Mən aləmlərin Rəbbi olan Allaham!
(Qəsas surəsi, 30)
- Əsanı at!” Musa əsanın ilan kimi hərəkət etdiyini görən kimi arxasına baxmadan dönüb qaçdı. (Allah buyurdu:) “Ey Musa! Geri gəl, qorxma! Şübhəsiz ki, sən əminlikdəsən.
(Qəsas surəsi, 31)
- Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Əlini özünə çək ki, qorxun keçsin! Bunlar Firona və onun əyanlarına qarşı Rəbbin tərəfindən iki dəlildir. Həqiqətən, onlar fasiqlərdir”.
(Qəsas surəsi, 32)
- Musa dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşdüm. Ona görə də onların məni öldürmələrindən qorxuram.
(Qəsas surəsi, 33)
- Qardaşım Harunun nitqi mənimkindən daha səlisdir. Onu da söylədiklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə göndər. Çünki onların məni yalanlamalarından qorxuram”.
(Qəsas surəsi, 34)
- Allah dedi: “Səni qardaşınla qüvvətləndirəcəyik. Sizə bir üstünlük verəcəyik və beləcə, möcüzələrimiz sayəsində onlar (zərər vermək üçün) sizə yetişə bilməyəcəklər. Siz və sizə tabe olanlar qalib gələcəksiniz”.
(Qəsas surəsi, 35)
- Musa açıq-aşkar möcüzələrimizlə onların yanına gəldiyi zaman onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan da bu barədə bir şey eşitməmişik”, - dedilər.
(Qəsas surəsi, 36)
- Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə göndərildiyini və xeyirli aqibətin kimə qismət olacağını çox yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
(Qəsas surəsi, 37)
- Firon dedi: “Ey əyanlar! Sizin üçün məndən başqa bir ilah tanımıram. Ey Haman! Palçığın üzərində od qala və (kərpiç düzəldib bununla) mənim üçün bir qüllə tikdir ki, bəlkə, Musanın ilahına boylanıb baxa bildim. Həqiqətən, mən onun yalançılardan olduğunu hesab edirəm”.
(Qəsas surəsi, 38)
- O (Firon) və əsgərləri yer üzündə haqsız yerə təkəbbürlənir və bizə qaytarılmayacaqlarını zənn edirdilər.
(Qəsas surəsi, 39)
- Buna görə də Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Bax gör, zalımların aqibəti necə oldu!
(Qəsas surəsi, 40)
- Biz onları cəhənnəmə çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik göstərilməyəcəkdir.
(Qəsas surəsi, 41)
- Onları bu dünyada lənətlədik. Qiyamət günü də onlar çirkinlərdən olacaqlar.
(Qəsas surəsi, 42)
- Həqiqətən, Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bir nur, hidayət rəhbəri və rəhmət olaraq Kitabı verdik ki, bəlkə, onlar düşünüb öyüd alalar.
(Qəsas surəsi, 43)
- (Ey elçi!) Musaya o əmri vəhy etdiyimiz əsnada sən qərb tərəfdə deyildin. Sən (bu hadisəyə) şahid olanlardan da deyildin.
(Qəsas surəsi, 44)
- Lakin Biz neçə-neçə nəsillər yaratdıq ki, onların üzərindən uzun zaman keçdi. Sən Mədyən xalqı arasında yaşayıb ayələrimizi onlara oxumurdun. Lakin Biz (bu xəbərləri sənə) göndəririk.
(Qəsas surəsi, 45)
- Biz (Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən bir elçi gəlməyən bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir rəhmət olaraq (bunları sənə bildirdik). Ola bilsin ki, onlar düşünüb öyüd alarlar.
(Qəsas surəsi, 46)
- Etdikləri əməllərə görə başlarına bir müsibət gəldikdə: “Ey Rəbbimiz! Bizə bir elçi göndərsəydin, biz də Sənin ayələrinə tabe olub iman edənlərdən olardıq”, – deyəsi olmasaydılar, (səni onlara elçi göndərməzdik).
(Qəsas surəsi, 47)
- Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Musaya verilənin (möcüzələrin) bənzəri ona da verilməli deyildimi?” - dedilər. Bəs daha əvvəl Musaya verilənləri inkar etməmişdilərmi? Onlar: “(Quran və Tövrat) bir-birinə dəstək olan iki sehrdir!” – dedilər. Həmçinin: “Biz hamısını inkar edirik!” - dedilər.
(Qəsas surəsi, 48)
- De: “Əgər doğru söyləyirsinizsə, onda Allah dərgahından, bu ikisindən daha doğru bir kitab gətirin ki, mən də ona tabe olum”.
(Qəsas surəsi, 49)
- Əgər sənə cavab verməzlərsə, bil ki, onlar ancaq öz nəfsinin arzularına tabe olurlar. Allah tərəfindən göndərilən bir hidayət rəhbərinə uymayıb öz nəfsinin arzusuna uyan kimsədən daha azğın kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
(Qəsas surəsi, 50)
- Şübhəsiz ki, Biz sözü (vəhyi) onlar üçün ard-arda çatdırdıq ki, bəlkə, düşünüb öyüd alalar.
(Qəsas surəsi, 51)
- Ondan (Qurandan) əvvəl özlərinə kitab verdiyimiz kimsələr ona iman edirlər.
(Qəsas surəsi, 52)
- Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman etdik. Həqiqətən, o, Rəbbimizdən gələn həqiqətdir. Bundan əvvəl də biz (Allaha) təslim olanlar idik”, - deyərlər.
(Qəsas surəsi, 53)
- Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri səbəbilə mükafatları iki dəfə veriləcəkdir.
(Qəsas surəsi, 54)
- Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, - deyərlər.
(Qəsas surəsi, 55)
- Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər. Doğru yola yönələnləri ən yaxşı bilən Odur.
(Qəsas surəsi, 56)
- (Müşriklər:) “Əgər biz səninlə birlikdə doğru yola tabe olsaq, yurdumuzdan çıxarılarıq”, - dedilər. Biz onları Öz tərəfimizdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, təhlükəsiz və müqəddəs bir yerdə (Məkkədə) məskunlaşdırmadıqmı?! Lakin onların çoxu bunu bilməz.
(Qəsas surəsi, 57)
- Biz mürəffəh həyatı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Bu, onlardan sonra insanların çox az məskunlaşdığı yurdlarıdır. Lakin (onların hamısına) Biz varis olduq.
(Qəsas surəsi, 58)
- Sənin Rəbbin məmləkətlərin mərkəzinə ayələrimizi oxuyan bir elçi göndərmədikcə oranı məhv etməz. Biz yalnız xalqı zalım olan məmləkətləri məhv edərik.
(Qəsas surəsi, 59)
- Sizə verilən hər şey dünya həyatının neməti və bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha əbədidir. Hələ də dərk etmirsinizmi?
(Qəsas surəsi, 60)
- Elə isə, gözəl bir vəd verdiyimiz və ona qovuşan kəs, dünya həyatının nemətini verdiyimiz, sonra da qiyamət günü (əzab üçün hüzurumuza) gətirilən kəs kimi olarmı?
(Qəsas surəsi, 61)
- O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?!” - deyəcək.
(Qəsas surəsi, 62)
- Haqlarında söz (əzab) vacib olan kimsələr belə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim haqq yoldan azdırdığımız kimsələrdir. Özümüz haqq yoldan azdığımız kimi onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə yönəldik. Onlar bizə ibadət etmirdilər (öz nəfsinin arzularına uyurdular).
(Qəsas surəsi, 63)
- (Onlara:) “Çağırın şəriklərinizi!” - deyiləcək. Onlar da dərhal onları çağıracaq, ancaq onlar cavab verməyəcəklər və əzabı görəcəklər. Kaş onlar (dünyada) doğru yola yönələydilər.
(Qəsas surəsi, 64)
- O gün Allah onlara nida edərək: “Elçilərə nə cavab verdiniz?” - deyəcək.
(Qəsas surəsi, 65)
- O gün xəbərlər onlara gizli qalacaq və bir-birindən heç nə soruşa bilməyəcəklər.
(Qəsas surəsi, 66)
- Ancaq kim tövbə edib iman edər və yaxşı işlər görərsə, ümid olunur ki, o, nicat tapanlardan olar.
(Qəsas surəsi, 67)
- Rəbbin dilədiyini yaradar və seçər. Onların isə seçmə haqqı yoxdur. Allah pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
(Qəsas surəsi, 68)
- Rəbbin onların qəlbində gizlətdiklərini də, aşkar etdiklərini də bilir.
(Qəsas surəsi, 69)
- O, Özündan başqa heç bir ilah olmayan Allahdır. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur. Siz Ona qaytarılacaqsınız.
(Qəsas surəsi, 70)
- De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər sizi gecəyə qərq etsəydi, Allahdan başqa hansı ilah sizi aydınlığa çıxarardı? Hələ də (haqqı) eşitmirsinizmi?”
(Qəsas surəsi, 71)
- De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər gündüzü sizin üçün daimi etsəydi, Allahdan başqa hansı ilah dincəldiyiniz gecəni sizə gətirəcəkdi? Hələ də (haqqı) görmürsünüzmü?”
(Qəsas surəsi, 72)
- Dincələsiniz, Onun lütfündən ruzi axtarasınız və şükür edəsiniz deyə sizin üçün gecəni və gündüzü yaratması Onun mərhəmətindəndir.
(Qəsas surəsi, 73)
- O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?” - deyəcəkdir.
(Qəsas surəsi, 74)
- Biz hər ümmətdən bir şahid (elçi) çıxardacaq və (inkar edənlərə): “Dəlilinizi gətirin!” - deyəcəyik. O zaman onlar biləcəklər ki, haqq Allaha aiddir və uydurduqları (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
(Qəsas surəsi, 75)
- Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)
- Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
(Qəsas surəsi, 77)
- Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz.
(Qəsas surəsi, 78)
- Beləliklə, (Qarun) öz ehtişamı ilə qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar: “Kaş Qaruna verilənlərin eynisi bizə də veriləydi. O, çox bəxtəvərdir”, - dedilər.
(Qəsas surəsi, 79)
- Elm sahibi olanlar isə: “Vay halınıza! İman edib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər.
(Qəsas surəsi, 80)
- Nəhayət, onu evi ilə birlikdə yerə batırdıq. Nə Allahdan başqa ona yardım edən adamları var idi, nə də o, özünü müdafiə edə bildi.
(Qəsas surəsi, 81)
- Dünən onun yerində olmağı arzulayanlar belə deməyə başladılar: “Deməli, Allah bəndələrindən dilədiyinin ruzisini artırır, dilədiyinin ruzisini də azaldırmış. Əgər Allah bizə lütf etməsəydi, həqiqətən, bizi də yerə batıracaqdı. Deməli, inkar edənlər nicat tapa bilməzlər”.
(Qəsas surəsi, 82)
- Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)
- Kim yaxşı əməllə gələrsə, onun üçün bundan daha yaxşısı vardır. Kim də pis əməllə gələrsə, pis işlər görənlərə ancaq etdikləri əməllər qədər cəza verilər.
(Qəsas surəsi, 84)
- (Ey elçi!) Şübhəsiz, Quranı (oxumağı və təbliğ etməyi) sənə fərz buyuran Allah səni qayıdacağın yerə (Məkkəyə) mütləq qaytaracaqdır. De: “Rəbbim kimin doğru yolu göstərdiyini və kimin açıq-aşkar zəlalət içində olduğunu ən yaxşı biləndir”.
(Qəsas surəsi, 85)
- Sənə Kitab nazil olacağını gözləmirdin. Lakin o, Rəbbindən bir rəhmət olaraq sənə nazil olmuşdur. Ona görə də əsla inkar edənlərə dayaq olma!
(Qəsas surəsi, 86)
- Allahın ayələri sənə nazil edildikdən sonra onlar səni bundan döndərməsinlər. (İnsanları) Rəbbinə dəvət et və əsla müşriklərdən olma!
(Qəsas surəsi, 87)
- Allahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa heç bir ilah yoxdur. Ondan başqa hər şey yox olacaqdır. Hökm Onundur! Siz də Ona qaytarılacaqsınız.
(Qəsas surəsi, 88)