Həcc surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamətin sarsıntısı çox dəhşətlidir.
(Həcc surəsi, 1)
- Onu gördüyün gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir.
(Həcc surəsi, 2)
- İnsanlardan eləsi var ki, heç bir şey bilmədiyi halda Allah barəsində mübahisə edir və hər bir üsyankar şeytana tabe olur.
(Həcc surəsi, 3)
- Şeytan barəsində hökm verilmişdir ki, kim onunla yoldaşlıq edərsə, həqiqətən, şeytan onu azdırar və cəhənnəm əzabına sürükləyər.
(Həcc surəsi, 4)
- Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
(Həcc surəsi, 5)
- Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və hər şeyə qadirdir.
(Həcc surəsi, 6)
- Qiyamət vaxtı da gələcəkdir. Bunda heç bir şübhə yoxdur. Allah ölü olanları dirildəcəkdir.
(Həcc surəsi, 7)
- İnsanlardan eləsi var ki, heç bir biliyi, doğru yolu göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
(Həcc surəsi, 8)
- O, Allahın yolundan sapdırmaq üçün təkəbbürlə sinəsini qabardaraq bunu edir. Onun üçün dünyada rüsvayçılıq vardır. Qiyamət günü isə ona yandırıb-yaxan əzabı daddıracağıq.
(Həcc surəsi, 9)
- Bu, öz əllərinlə etdiklərinə görədir. Şübhəsiz ki, Allah bəndələrinə haqsızlıq edən deyildir.
(Həcc surəsi, 10)
- İnsanlardan eləsi də var ki, Allaha şübhə içində ibadət edər. Əgər ona bir xeyir toxunsa, rahat olar. Əgər o bir müsibətə düçar olsa, çöhrəsi dəyişər (küfrə geri dönər). O, dünyada da, axirətdə də ziyana düşmüşdür. Açıq-aşkar ziyan məhz budur!
(Həcc surəsi, 11)
- O, Allahı qoyub özünə nə zərər, nə də xeyir verə bilən şeylərə dua edir. (Haqdan) uzaq zəlalət məhz budur!
(Həcc surəsi, 12)
- O, zərəri faydasından daha yaxın olana dua edir. Onun dua etdiyi nə pis köməkçi, nə pis yoldaşdır!
(Həcc surəsi, 13)
- Həqiqətən, Allah iman edib yaxşı işlər görən kimsələri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Şübhəsiz ki, Allah istədiyini edər.
(Həcc surəsi, 14)
- Hər kim Allahın Öz elçisinə dünya və axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın və (elçiyə gələn vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!
(Həcc surəsi, 15)
- Beləcə, Biz onu açıq-aşkar ayələr halında nazil etdik. Şübhəsiz ki, Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Həcc surəsi, 16)
- Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Həcc surəsi, 17)
- Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
- Bunlar Rəbbi barəsində mübahisə edən (möminlər və inkar edənlər olmaqla) iki zümrədir. İnkar edənlərə gəldikdə, onlar üçün oddan paltarlar biçilmişdir. Onların başlarının üstündən qaynar su töküləcəkdir.
(Həcc surəsi, 19)
- Həmin qaynar su ilə içalatları və dəriləri əridiləcəkdir.
(Həcc surəsi, 20)
- Onlar üçün bir də dəmirdən qamçılar vardır.
(Həcc surəsi, 21)
- Çəkdikləri iztiraba görə hər dəfə oradan çıxmaq istədiklərində, təkrar ora qaytarılarlar və (onlara belə deyilər): “Dadın yandırıb-yaxan əzabı!”
(Həcc surəsi, 22)
- Şübhəsiz ki, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər. Onların oradakı libasları isə ipəkdəndir.
(Həcc surəsi, 23)
- Onlar həm sözün ən gözəlinə, həm də şükür edilməyə layiq olan Allahın yoluna yönəldilmişlər.
(Həcc surəsi, 24)
- Şübhəsiz, inkar edən olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
(Həcc surəsi, 25)
- Bir zaman İbrahim üçün Evin (Kəbənin) yerini hazırlamışdıq (və belə demişdik): “Heç bir şeyi Mənə şərik qoşma! Təvaf edən, qiyamda duran, rüku edən və səcdəyə qapanan kimsələr üçün Mənim evimi təmiz saxla!”
(Həcc surəsi, 26)
- İnsanlar arasında həcci elan et ki, istər piyada, istərsə də hər cür uzaq yoldan dəvə üstündə sənə gəlsinlər.
(Həcc surəsi, 27)
- Ona görə ki, onlar öz mənfəətlərinin şahidi olsunlar və müəyyən günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) üstündə Allahın adını çəksinlər. Beləliklə, onlardan həm özünüz yeyin, həm də biçarə kasıblara yedirdin!
(Həcc surəsi, 28)
- Sonra kirlərini təmizləsinlər və qurban ibadətini yerinə yetirsinlər. Beyt-i Ətiki (Kəbəni) təvaf etsinlər.
(Həcc surəsi, 29)
- Budur! Hər kim Allahın qadağalarına hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!
(Həcc surəsi, 30)
- Allaha şərik qoşmadan həniflər (Allahın birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır.
(Həcc surəsi, 31)
- Budur! Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlbin təqvasındandır.
(Həcc surəsi, 32)
- Onlarda sizin üçün müəyyən bir müddətə qədər faydalar vardır. Sonra onların yeri Beyt-i Atiqdir.
(Həcc surəsi, 33)
- Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey elçi!) İxlaslı və təvazökar olanlara müjdə ver!
(Həcc surəsi, 34)
- O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Həcc surəsi, 35)
- Sizin üçün (qurbanlıq) dəvələri də Allahın nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Ona görə də onlar ayaq üstə ikən üstlərində Allahın adını çəkin (və qurban olaraq kəsin)! Böyrü üstə düşdüyü zaman onlardan həm özünüz yeyin, həm də əl açan və ya açmayan kasıblara yedirin! Beləcə, şükür edəsiniz deyə onları (o heyvanları) sizin xidmətinizə verdik.
(Həcc surəsi, 36)
- Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!
(Həcc surəsi, 37)
- Şübhəsiz ki, Allah iman edənləri qoruyar. Həqiqətən, Allah heç bir nankoru və xaini sevməz.
(Həcc surəsi, 38)
- Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.
(Həcc surəsi, 39)
- Onlar (müharibə üçün izin verilənlər) o kəslərdir ki, yalnız: “Rəbbimiz Allahdır!” - dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində Allahın adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir.
(Həcc surəsi, 40)
- Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.
(Həcc surəsi, 41)
- (Ey elçi!) Əgər səni yalanlayırlarsa, (bil ki,) onlardan əvvəl Nuh, Ad və Səmud qövmləri də (elçilərini) yalanlamışdılar.
(Həcc surəsi, 42)
- İbrahim və Lutun qövmü də (elçilərini yalanlamışdılar).
(Həcc surəsi, 43)
- (Şüeybin qövmü olan) Mədyən xalqı da (elçisini yalanlamışdı). Musa da yalanlanmışdı. Buna görə də inkar edənlərə möhlət verdim, sonra da onları yaxaladım. Bəs Mənim inkar etməyim (cəzalandırmağım) necədir!
(Həcc surəsi, 44)
- (Xalqı) zülm edərkən məhv etdiyimiz neçə-neçə məmləkət vardır ki, indi oranın divarları, çökən tavanlarının üstünə aşmışdır. Neçə-neçə xaraba qalmış su quyuları və (içində heç kimin yaşamadığı) yüksək saraylar da vardır.
(Həcc surəsi, 45)
- Onlar yer üzündə dolaşmadılarmı ki, bunun sayəsində onların düşünən qəlbi, yaxud eşidən qulaqları olsun?! Şübhəsiz, gözlər yox, sinələrdəki qəlb kor olur.
(Həcc surəsi, 46)
- (Ey elçi!) Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədindən əsla dönməz! Şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin hesabladığınızın min ili kimidir.
(Həcc surəsi, 47)
- Neçə-neçə məmləkət vardır ki, (xalqı) zalım olduğu halda onlara möhlət verdim, sonra da onları (əzabımla) yaxaladım. Axır dönüş Mənədir!
(Həcc surəsi, 48)
- De: “Ey insanlar, mən sizi açıq-aydın xəbərdar edənəm!
(Həcc surəsi, 49)
- İman edib saleh əməl işləyənlərə gəldikdə, onlar üçün bağışlanma və bol ruzi vardır.
(Həcc surəsi, 50)
- Ayələrimizi təsirsiz hala salmaq üçün səy göstərənlərə gəldikdə, onlar cəhənnəm əhlidirlər.
(Həcc surəsi, 51)
- (Ey elçi!) Biz səndən əvvəl elə bir rəsul və nəbi göndərməmişik ki, o bir şeyi arzuladığı zaman şeytan onun arzusuna bir şey qatmasın. Ancaq Allah şeytanın qatdığını yox edər. Sonra Allah Öz ayələrini möhkəmləndirər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Həcc surəsi, 52)
- (Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlbində xəstəlik olanlar və qəlbi qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
(Həcc surəsi, 53)
- Bir də ona görə ki, özlərinə elm verilmiş kimsələr onun Rəbbindən gələn haqq olduğunu bilib ona inansınlar və bununla da qəlbi rahatlıq tapsın. Şübhəsiz ki, Allah iman edənləri mütləq doğru yola yönəldər.
(Həcc surəsi, 54)
- İnkar edənlər isə, (qiyamət və ya ölüm) vaxtı qəflətən onlara gələnə, yaxud faydasız bir günün əzabı onlara gəlib çatana qədər ondan (Qurandan) şübhə etməyə davam edəcəklər.
(Həcc surəsi, 55)
- O gün (qiyamət günü) hökmranlıq Allahındır. O, onların arasında hökm verəcəkdir. İman edib saleh əməllər işləyənlər Nəim cənnətlərində olacaqlar.
(Həcc surəsi, 56)
- İnkar edən olub ayələrimizi yalanlayanlara gəldikdə, onlar üçün rüsvayedici bir əzab olacaqdır.
(Həcc surəsi, 57)
- Allah yolunda hicrət edib sonra öldürülən, yaxud ölən kimsələrə gəldikdə, əlbəttə, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir.
(Həcc surəsi, 58)
- Həqiqətən, Allah onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, həlimdir.
(Həcc surəsi, 59)
- Budur! Hər kim (qisas olaraq) özünə verilən cəzaya bərabər bir cəza verərsə, sonra yenə təcavüzə məruz qalarsa, şübhəsiz ki, Allah hökmən ona yardım edəcəkdir. Həqiqətən, Allah çox əfv edəndir, bağışlayandır.
(Həcc surəsi, 60)
- Bu ona görədir ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Həcc surəsi, 61)
- Bu ona görədir ki, Allah haqdır. Ondan başqa dua etdikləri (bütlər, ilahlar) isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür.
(Həcc surəsi, 62)
- Allahın göydən su endirdiyini və beləcə, yer üzünün yaşıllaşdığını görmədinmi?! Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır.
(Həcc surəsi, 63)
- Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Şübhəsiz ki, Allah heç nəyə möhtac deyildir, şükür edilməyə layiqdir.
(Həcc surəsi, 64)
- Görmürsənmi ki, Allah yerdə olanları və Onun əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir?! Göyü də izni olmadıqca yerə düşməməsi üçün tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Həcc surəsi, 65)
- Sizə həyat verən Odur. Sonra sizi öldürəcək, sonra təkrar dirildəcəkdir. Həqiqətən, insan çox nankordur.
(Həcc surəsi, 66)
- Biz hər bir ümmət üçün əməl edəcəkləri bir şəriət müəyyən etdik. Ona görə də bu məsələdə səninlə mübahisə etməsinlər. Sən (insanları) Rəbbinə dəvət et! Həqiqətən, sən doğru yoldasan.
(Həcc surəsi, 67)
- Əgər səninlə mübahisə etsələr, de ki: “Allah sizin etdiyiniz əməlləri daha yaxşı bilir.
(Həcc surəsi, 68)
- Allah qiyamət günü ixtilafda olduğunuz məsələlər barəsində sizin aranızda hökm verəcəkdir”.
(Həcc surəsi, 69)
- Bilmirsənmi ki, Allah göydə və yerdə olanların hamısını bilir? Həqiqətən, bu, bir kitabda (lövhi-məhfuzda) mövcuddur. Əlbəttə, bu, Allah üçün çox asandır.
(Həcc surəsi, 70)
- Onlar Allahı qoyub, Onun heç bir dəlil nazil etmədiyi və özlərinin də heç bir bilgiləri olmadığı şeylərə ibadət edirlər. Zalımların heç bir yardımçısı yoxdur.
(Həcc surəsi, 71)
- Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkar edənlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu inkar edənlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!”
(Həcc surəsi, 72)
- Ey insanlar! Bir məsəl çəkildi. Elə isə onu dinləyin! Həqiqətən, Allahı qoyub dua etdiyiniz şeylər bir yerə yığışsalar da, bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey alıb aparsa, onu geri ala bilməzlər. İstəyən də, istənilən də (müşriklər də, bütlər də) aciz qaldı.
(Həcc surəsi, 73)
- Onlar Allahı layiqincə qiymətləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüvvətli və qüdrətlidir.
(Həcc surəsi, 74)
- Allah mələklərdən də, insanlardan da elçilər seçər. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
(Həcc surəsi, 75)
- O, onların etdiklərini də, edəcəklərini də bilir. Bütün işlər Allaha qaytarılacaqdır.
(Həcc surəsi, 76)
- Ey iman edənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!
(Həcc surəsi, 77)
- Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır!
(Həcc surəsi, 78)