Muminun surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həqiqətən, möminlər nicat tapmışlar;
(Muminun surəsi, 1)
- O kəslər ki, namazlarında huşu içindədirlər,
(Muminun surəsi, 2)
- O kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər,
(Muminun surəsi, 3)
- O kəslər ki, zəkatı verərlər,
(Muminun surəsi, 4)
- O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyarlar,
(Muminun surəsi, 5)
- Ancaq zövcəsi, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar.
(Muminun surəsi, 6)
- Bundan artığını istəyənlər isə məhz həddi aşanlardır.
(Muminun surəsi, 7)
- Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər,
(Muminun surəsi, 8)
- Namazlarında daimdirlər.
(Muminun surəsi, 9)
- Onlar əsil varislərdir!
(Muminun surəsi, 10)
- Onlar əbədi qalacaqları Firdövs cənnətinə varis olacaqlar.
(Muminun surəsi, 11)
- Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq.
(Muminun surəsi, 12)
- Sonra onu sağlam bir məkanda (ana rəhmində) nütfə halına saldıq.
(Muminun surəsi, 13)
- Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır!
(Muminun surəsi, 14)
- Sonra onun ardınca siz hökmən öləcəksiniz!
(Muminun surəsi, 15)
- Sonra da qiyamət günü mütləq dirildiləcəksiniz!
(Muminun surəsi, 16)
- Şübhəsiz ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz yaratma işindən xəbərsiz deyilik.
(Muminun surəsi, 17)
- Biz göydən kifayət qədər su endirdik və onu yer üzündə saxladıq. Əlbəttə, onu yox etməyə də qadirik.
(Muminun surəsi, 18)
- Beləcə, su vasitəsilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada başqa bir çox meyvələr də vardır ki, onlardan yeyirsiniz.
(Muminun surəsi, 19)
- Bir də Sina dağında bitən (zeytun) ağacı (yaratdıq). O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir.
(Muminun surəsi, 20)
- Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Onların qarınlarındakından (süddən) sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır. Həmçinin onlardan (ətlərindən) yeyirsiniz.
(Muminun surəsi, 21)
- Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.
(Muminun surəsi, 22)
- Həqiqətən, Nuhu öz qövmünə elçi göndərdik. O: “Ey qövmüm! Allaha ibadət edin! Ondan başqa sizin heç bir ilahınız yoxdur! Elə isə, Allahdan çəkinmirsinizmi?” - demişdi.
(Muminun surəsi, 23)
- Qövmünün inkar edən öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik.
(Muminun surəsi, 24)
- O, ancaq dəlilik əlamətləri olan biridir. Ona görə də bir müddətə qədər onu gözləyin!”
(Muminun surəsi, 25)
- Nuh dedi: “Ey Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!”
(Muminun surəsi, 26)
- Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
- Sən yanındakılarla birlikdə gəmiyə mindiyin zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!” – de.
(Muminun surəsi, 28)
- Bir də: “Ey Rəbbim! Məni bərəkətli bir yerə endir. Axı sən məskunlaşdıranların ən xeyirlisisən!” – de.
(Muminun surəsi, 29)
- Şübhəsiz, bunda da ibrətlər vardır. Həqiqətən, Biz (bəndələrimizi) sınağa çəkirik.
(Muminun surəsi, 30)
- Onlardan sonra da başqa bir nəsil xəlq etdik.
(Muminun surəsi, 31)
- Onlara da öz içlərindən: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Yenə də Allahdan çəkinmirsinizmi?” - deyən bir elçi göndərdik.
(Muminun surəsi, 32)
- Onun qövmündən inkar edən olub axirətə qovuşacaqlarını yalanlayan və dünyada bol nemət verdiyimiz rəhbərlər (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, içdiyinizdən içir.
(Muminun surəsi, 33)
- Əgər sizin kimi bir insana itaət etsəniz, həqiqətən, ziyana uğramış olarsınız.
(Muminun surəsi, 34)
- O sizə, ölüb torpaq və sür-sümük olduqdan sonra (yenidən dirilib) çıxarılacağınızımı vəd edir?
(Muminun surəsi, 35)
- Sizə vəd olunan (həqiqətdən) çox-çox uzaqdır!
(Muminun surəsi, 36)
- Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
(Muminun surəsi, 37)
- O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”.
(Muminun surəsi, 38)
- Elçi dedi: “Ey Rəbbim! Məni yalanlamalarına qarşı mənə yardım et!”
(Muminun surəsi, 39)
- Allah buyurdu: “Onlar tezliklə mütləq peşman olacaqlar!”
(Muminun surəsi, 40)
- Beləcə, labüd olan o qorxunc səs onları yaxaladı və Biz onları sel üstündəki süpürüntüyə çevirdik. Zalım qövm (Allahın mərhəmətindən) uzaq olsun!
(Muminun surəsi, 41)
- Onlardan sonra başqa nəsillər də xəlq etdik.
(Muminun surəsi, 42)
- Heç bir ümmət öz əcəlini nə qabağa çəkə bilər, nə də təxirə sala bilər.
(Muminun surəsi, 43)
- Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə bir ümmətə elçisi gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman etməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!
(Muminun surəsi, 44)
- Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir dəlil (möcüzə) ilə göndərdik -
(Muminun surəsi, 45)
- Firona və onun əyanlarına. Ancaq onlar təkəbbürləndilər. Onlar özlərini üstün tutan bir qövm idi.
(Muminun surəsi, 46)
- Ona görə də belə dedilər: “Onların qövmü bizim qulumuz olduğu halda, bizim kimi adi iki insanamı inanaq?”
(Muminun surəsi, 47)
- Beləliklə, o ikisini yalanladılar və buna görə də məhv edilənlərdən oldular.
(Muminun surəsi, 48)
- Şübhəsiz, Biz Musaya kitabı verdik ki, bəlkə (İsrail oğulları) doğru yola yönəlsinlər.
(Muminun surəsi, 49)
- Biz Məryəm oğlunu və anasını bir möcüzə etdik. O ikisini əlverişli və suyu olan bir təpədə yerləşdirdik.
(Muminun surəsi, 50)
- Ey elçilər! Təmiz olan nemətlərdən yeyin və saleh əməllər edin! Şübhəsiz ki, Mən sizin etdiklərinizi bilirəm.
(Muminun surəsi, 51)
- Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də məndən çəkinin!
(Muminun surəsi, 52)
- Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər. Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır.
(Muminun surəsi, 53)
- Buna görə də onları bir müddətə qədər öz qəflətləri ilə baş-başa burax!
(Muminun surəsi, 54)
- Onlar zənn edirlər ki, özlərinə verdiyimiz mal-mülk və övladlarla.
(Muminun surəsi, 55)
- Onların xeyri üçün tələsirik? Xeyr, onlar başa düşmürlər.
(Muminun surəsi, 56)
- Şübhəsiz, Rəbbinin qorxusundan titrəyənlər,
(Muminun surəsi, 57)
- Rəbbinin ayələrinə iman edənlər,
(Muminun surəsi, 58)
- Rəbbinə şərik qoşmayanlar,
(Muminun surəsi, 59)
- Verməli olduqlarını (sədəqəni, zəkatı) Rəbbinə dönəcəkləri üçün qəlbi titrəyərək verənlər,
(Muminun surəsi, 60)
- Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar.
(Muminun surəsi, 61)
- Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz.
(Muminun surəsi, 62)
- Xeyr, onların qəlbi bu (Quran) barədə cəhalət içindədir. Onların bundan başqa (pis) əməlləri də vardır.
(Muminun surəsi, 63)
- Nəhayət, onlardan bolluq içində yaşayanları (zənginləri və başçıları) əzabla yaxaladığımız zaman dərhal fəryad edərlər.
(Muminun surəsi, 64)
- Bu gün fəryad etməyin! Bizim tərəfimizdən sizə heç bir yardım edilməyəcəkdir!
(Muminun surəsi, 65)
- Ayələrim sizə oxunurdu, lakin siz arxa çevirirdiniz.
(Muminun surəsi, 66)
- Siz ona (Qurana) qarşı təkəbbürlənərək gecə vaxtı toplaşıb (Quran və elçi barəsində) həqiqətə uyğun olmayan sözlər söyləyirdiniz.
(Muminun surəsi, 67)
- Onlar sözü (Quranı) heç düşünmürlərmi? Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?
(Muminun surəsi, 68)
- Yoxsa öz elçilərini tanımayıb, buna görə də onu inkarmı edirlər?
(Muminun surəsi, 69)
- Yoxsa onda divanəlik olduğunumu söyləyirlər? Xeyr, o (elçi) onlara haqqı gətirdi. Onların çoxu haqdan nifrət edir.
(Muminun surəsi, 70)
- Əgər haqq onların arzu və istəklərinə uysaydı, göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər.
(Muminun surəsi, 71)
- (Ey elçi!) Yoxsa sən onlardan bir mükafat tələb edirsən?! Rəbbinin mükafatı daha yaxşıdır. O, ruzi verənlərin ən yaxşısıdır.
(Muminun surəsi, 72)
- Həqiqətən, sən onları doğru yola dəvət edirsən.
(Muminun surəsi, 73)
- Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
(Muminun surəsi, 74)
- Əgər Biz onlara rəhm edib içinə düşdükləri fəlakətdən xilas etsək, şübhəsiz, yenə öz azğınlıqları içində çaşqın vəziyyətdə gəzərlər.
(Muminun surəsi, 75)
- Şübhəsiz, Biz onları əzabla (aclıqla) yaxaladıq. Ancaq onlar yenə Rəbbinə itaət etmədilər, Ona yalvarıb-yaxarmadılar.
(Muminun surəsi, 76)
- Nəhayət, onlara şiddətli əzab qapısını açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
(Muminun surəsi, 77)
- Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz!
(Muminun surəsi, 78)
- Sizləri yer üzündə xəlq edən Odur. Siz (yenidən dirilib) Onun hüzuruna toplaşacaqsınız.
(Muminun surəsi, 79)
- Dirildən də, öldürən də Odur. Gecə və gündüzün dəyişməsi də Onun əlindədir. Yenə də düşünmürsünüzmü?
(Muminun surəsi, 80)
- Əksinə, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.
(Muminun surəsi, 81)
- Onlar belə dedilər: “Həqiqətən, biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyikmi?
(Muminun surəsi, 82)
- Əlbəttə, bu, bizə də, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
(Muminun surəsi, 83)
- De: “Əgər bilirsinizsə, (deyin görək) yer üzü və orada olanlar kimindir?”
(Muminun surəsi, 84)
- Onlar: “Allahındır!” - deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” - de.
(Muminun surəsi, 85)
- De ki: “Yeddi göyün və əzəmətli ərşin Rəbbi kimdir?”
(Muminun surəsi, 86)
- Onlar: “Allahındır!” - deyəcəklər. De ki: “Elə isə siz (Allahdan) qorxmursunuzmu?”
(Muminun surəsi, 87)
- De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, (hər şeyi) himayə edən və heç bir himayəçiyə ehtiyacı olmayan kimdir?”
(Muminun surəsi, 88)
- Onlar: “(Bu sifətlər) Allaha məxsusdur!” - deyəcəklər. De ki: “Bəs necə olur ki, ovsunlanırsınız (aldanıb haqdan üz döndərirsiniz)?”
(Muminun surəsi, 89)
- Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, doğrudan da yalançıdırlar.
(Muminun surəsi, 90)
- Allah Özünə övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Yoxsa, əlbəttə, hər bir ilah öz yaratdığını idarə edər və mütləq onlardan biri digərinə qalib gələrdi. Allah onların (müşriklərin) yaraşdırdıqları sifətlərdən uzaq və pakdır!
(Muminun surəsi, 91)
- Allah qeybi də, aşkarı da biləndir. O, onların şərik qoşduqlarından çox ucadır!
(Muminun surəsi, 92)
- De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı (dünyadakı əzablarını) mənə göstərəcəksənsə,
(Muminun surəsi, 93)
- Məni zalım qövmün içində buraxma, ey Rəbbim!”
(Muminun surəsi, 94)
- (Ey elçi!) Şübhəsiz ki, Biz onlara vəd etdiyimizi (əzabı) sənə göstərməyə qadirik.
(Muminun surəsi, 95)
- Sən pisliyi ən gözəl şəkildə dəf et! Biz onların Bizə yaraşdırdıqları sifətləri çox yaxşı bilirik.
(Muminun surəsi, 96)
- De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
(Muminun surəsi, 97)
- Ey Rəbbim! Onların mənə yaxın gəlməsindən də Sənə sığınıram!”
(Muminun surəsi, 98)
- Nəhayət, onlardan (müşriklərdən) birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar!
(Muminun surəsi, 99)
- Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların qarşısında (yuxudan) oyanacaqları günə qədər maneə (bərzəx) vardır.
(Muminun surəsi, 100)
- Beləliklə, Sura üfürüldükdə, o gün artıq onların arasında heç bir soy əlaqəsi yoxdur, nə də (bir-birlərini) soruşmurlar.
(Muminun surəsi, 101)
- Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır.
(Muminun surəsi, 102)
- Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Muminun surəsi, 103)
- Alov onların üzlərini yandırar və onlar orada (üz dəriləri yandığı üçün) dişləri üzə çıxmış halda olarlar.
(Muminun surəsi, 104)
- (Allah tərəfindən onlara belə deyilər:) “Mənim ayələrim sizə oxunmurdumu?! Ancaq siz onları yalanlayırdınız”.
(Muminun surəsi, 105)
- Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq.
(Muminun surəsi, 106)
- Ey Rəbbimiz, bizi buradan çıxart! Əgər (bir daha küfrə) geri dönsək, həqiqətən, biz zalım olarıq”.
(Muminun surəsi, 107)
- Allah buyurar: “Zəlil vəziyyətdə orada qalın və Mənimlə danışmayın!”
(Muminun surəsi, 108)
- Həqiqətən, bəndələrimdən elə bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman etdik. Elə isə, bizi bağışla və bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!” - deyirdilər.
(Muminun surəsi, 109)
- Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz də onlara gülürdünüz.
(Muminun surəsi, 110)
- Şübhəsiz ki, bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar əsil uğur qazananlardır.
(Muminun surəsi, 111)
- Allah (inkar edənlərə) belə deyəcək: “Yer üzündə neçə il qaldınız?”
(Muminun surəsi, 112)
- Onlar: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Sayanlardan (mələklərdən) soruş!” - deyəcəklər.
(Muminun surəsi, 113)
- Allah deyəcək: “Sadəcə az bir müddət qaldınız. Kaş bunu biləydiniz.
(Muminun surəsi, 114)
- Sizi boş yerə yaratdığımızı və bizə qaytarılmayacağınızımı zənn etdiniz?”
(Muminun surəsi, 115)
- Hakim və haqq olan Allah çox ucadır! Ondan başqa heç bir ilah yoxdur! O, şərafətli ərşin Rəbbidir.
(Muminun surəsi, 116)
- Kim əlində heç bir dəlil olmadığı halda Allahla yanaşı başqa bir ilaha sitayiş edərsə, onun cəzasını məhz Rəbbi verəcəkdir. Şübhəsiz ki, inkar edənlər nicat tapmazlar.
(Muminun surəsi, 117)
- De: “Ey Rəbbim, (bizi) bağışla və (bizə) rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”
(Muminun surəsi, 118)