Fatir surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göyləri və yeri yaradan, mələkləri ikiqanadlı, üçqanadlı və dördqanadlı elçilər edən Allaha həmd olsun! O, istədiyi qədər çox yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Fatir surəsi, 1)
- Allahın insanlara bəxş etdiyi mərhəmətə heç kəs əngəl ola bilməz. Onun əngəl olduğunu da, Ondan başqa heç kəs verə bilməz. O qüdrətlidir, hikmət sahibidir.
(Fatir surəsi, 2)
- Ey insanlar, Allahın sizə verdiyi neməti xatırlayın! Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir yaradan varmı? Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olur ki, siz (haqq yoldan) döndərilirsiniz?
(Fatir surəsi, 3)
- Əgər səni yalanlayırlarsa, bil ki, səndən əvvəlki elçilər də təkzib edilmişdilər. Bütün işlər Allaha qaytarılacaqdır.
(Fatir surəsi, 4)
- Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!
(Fatir surəsi, 5)
- Həqiqətən, şeytan sizin düşməninizdir. Ona görə siz də onu düşmən hesab edin. O, öz tərəfdarlarını yalnız cəhənnəmliklərdən olmağa çağırır.
(Fatir surəsi, 6)
- İnkar edənlər üçün şiddətli bir əzab vardır. İman edib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
(Fatir surəsi, 7)
- Pis əməli özünə yaxşı göstərilib onu yaxşı hesab edən kimsə (pis əməli yaxşı hesab etməyən kimsə kimi) ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salar, istədiyini də doğru yola yönəldər. Elə isə onlar üçün kədərlənib özünü məhv etmə! Şübhəsiz ki, Allah onların nə etdiklərini yaxşı bilir.
(Fatir surəsi, 8)
- Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır.
(Fatir surəsi, 9)
- Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir. Pis işlər görüb hiylə quranlar üçün şiddətli bir əzab vardır və onların hiylələri boşa çıxacaqdır.
(Fatir surəsi, 10)
- Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır.
(Fatir surəsi, 11)
- İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
(Fatir surəsi, 12)
- Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da sizə ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedər. Bu (işləri görən), Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Onu qoyub dua etdiyiniz (bütlər) isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
(Fatir surəsi, 13)
- Əgər onları (bütləri) çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz.
(Fatir surəsi, 14)
- Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Fatir surəsi, 15)
- Əgər Allah istəsə, sizi yox edər və sizin yerinizə yeni bir xalq gətirər.
(Fatir surəsi, 16)
- Bu, Allah üçün çətin deyildir.
(Fatir surəsi, 17)
- Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır.
(Fatir surəsi, 18)
- Kor ilə görən eyni deyildir.
(Fatir surəsi, 19)
- Qaranlıqlar ilə aydınlıq eyni deyildir.
(Fatir surəsi, 20)
- Kölgə ilə isti eyni deyildir.
(Fatir surəsi, 21)
- Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyi kimsəyə (haqqı) eşitdirər. Ancaq sən ölü olanlara (haqqı) eşitdirə bilməzsən!
(Fatir surəsi, 22)
- Sən yalnız xəbərdar edənsən.
(Fatir surəsi, 23)
- Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir elçi olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir elçi gəlməmiş olsun.
(Fatir surəsi, 24)
- Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz elçilərini) yalanlamışdılar. elçiləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər.
(Fatir surəsi, 25)
- Sonra inkar edən olanları yaxaladım. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!
(Fatir surəsi, 26)
- Allahın göydən su endirdiyini görmədinmi? Beləcə, onunla (torpaqdan) müxtəlif rəngli meyvələr çıxartdıq. Dağlarda da ağ, qırmızı və tünd qara kimi müxtəlif rənglərdə yollar meydana gətirdik.
(Fatir surəsi, 27)
- İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan bəndələri arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
(Fatir surəsi, 28)
- Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər.
(Fatir surəsi, 29)
- Allah onlara mükafatlarını tam verər, hətta Öz lütfündən onlara bundan artığını da verər. Şübhəsiz ki, O, bağışlayandır, şükrün mükafatını verəndir.
(Fatir surəsi, 30)
- Sənə vəhy etdiyimiz Kitab (Quran) özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən bir həqiqətdir. Şübhəsiz, Allah bəndələrindən xəbərdardır, hər şeyi görəndir.
(Fatir surəsi, 31)
- Sonra Kitabı bəndələrimizin arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur.
(Fatir surəsi, 32)
- (Onların mükafatı) daxil olacaqları Ədn cənnətləridir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzənərlər. Oradakı paltarları da ipəkdəndir.
(Fatir surəsi, 33)
- Onlar belə deyəcəklər: “Qəm-kədəri bizdən dəf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrün mükafatını verəndir.
(Fatir surəsi, 34)
- O (Rəbb) ki, Öz lütfü ilə bizi iqamətgahda (cənnətdə) yerləşdirdi. Burada biz nə yorularıq, nə də bezib usanarıq”.
(Fatir surəsi, 35)
- İnkar edənlər üçün isə cəhənnəm odu vardır. Nə onların ölmələri üçün hökm verilər, nə də əzabları yüngülləşdirilər. Biz hər bir inkar edəni bu cür cəzalandırarıq.
(Fatir surəsi, 36)
- Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir elçi də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.
(Fatir surəsi, 37)
- Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Həqiqətən, O, qəlbdə olanları da biləndir.
(Fatir surəsi, 38)
- Sizi yer üzünün varisləri edən Odur. Kim inkar edərsə, bu onun öz əleyhinədir. İnkar edənlərin (haqqı) inkar etməsi Rəbbi yanında yalnız qəzəbi artırar. İnkar edənlərin (haqqı) inkar etmələri onların ancaq ziyanını artırar.
(Fatir surəsi, 39)
- De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
(Fatir surəsi, 40)
- Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir (cəzaları təxirə salandır), bağışlayandır.
(Fatir surəsi, 41)
- Onlar özlərinə xəbərdar edən bir elçi gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir elçi gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı.
(Fatir surəsi, 42)
- Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən!
(Fatir surəsi, 43)
- Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlar bunlardan daha güclü idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
(Fatir surəsi, 44)
- Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah bəndələrini görür.
(Fatir surəsi, 45)