Əhqaf surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ha, Mim!
(Əhqaf surəsi, 1)
- Bu Kitab qüdrətli və hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
(Əhqaf surəsi, 2)
- Biz göyləri, yeri və onların arasındakıları yalnız haqqa aparan bir vasitə olaraq və müəyyən bir müddət üçün yaratdıq. Ancaq inkar edənlər xəbərdar edildikləri şeylərdən üz döndərirlər.
(Əhqaf surəsi, 3)
- De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki elçilərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”
(Əhqaf surəsi, 4)
- Allahı qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən və dualarından xəbərsiz olanlara sitayiş edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?!
(Əhqaf surəsi, 5)
- İnsanlar bir yerə toplanacaqları zaman (müşriklər) onlara (sitayiş etdikləri bütlərə) düşmən kəsiləcək və onlara sitayiş etdiklərini inkar edəcəklər.
(Əhqaf surəsi, 6)
- Ayələrimiz inkar edənlərə açıq-aydın oxunduqda və haqq olan (Quran) gəldikdə onlar: “Bu, açıq bir sehrdir!” - dedilər.
(Əhqaf surəsi, 7)
- Yoxsa: “Onu özündən uydurmuşdur!” - deyirlər?! De: “Əgər onu özümdən uydurmuşamsa, onda Allahdan (gələcək əzaba qarşı) məni heç cür qoruya bilməzsiniz. O, sizin (Quran barəsində) etdiyiniz dedi-qoduları çox yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, bağışlayandır, rəhmlidir”.
(Əhqaf surəsi, 8)
- De: “İlk elçi mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm”.
(Əhqaf surəsi, 9)
- De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini görüb iman etdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”.
(Əhqaf surəsi, 10)
- İnkar edənlər iman edənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər.
(Əhqaf surəsi, 11)
- Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
(Əhqaf surəsi, 12)
- Şübhəsiz ki: “Rəbbimiz Allahdır!” - deyib sonra doğru yolda gedənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Əhqaf surəsi, 13)
- Onlar cənnət əhlidirlər. Etdikləri əməllərin mükafatı olaraq orada əbədi qalacaqlar.
(Əhqaf surəsi, 14)
- Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
- Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz və günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu, onlara verilmiş haqq bir vəddir.
(Əhqaf surəsi, 16)
- Ata-anasına: “Vay sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz məni təhdid edirsiniz?” – deyənə onlar: “Vay sənin halına! İman et! Həqiqətən, Allahın vədi haqdır”, - deyərək Allahdan yardım istəyərlər. Ancaq o: “Bu yalnız əvvəlkilərin əfsanələridir”, - deyər.
(Əhqaf surəsi, 17)
- Onlar özlərindən əvvəl gəlib-keçmiş cinlərdən və insanlardan ibarət millətlər arasında haqlarında əzab sözü vacib olmuş kimsələrdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır.
(Əhqaf surəsi, 18)
- Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah onlara əməllərinin əvəzini tam verəcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
(Əhqaf surəsi, 19)
- İnkar edənlər cəhənnəmin qarşısına gətirildikləri gün (onlara belə deyiləcək): “Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə və haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
(Əhqaf surəsi, 20)
- Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da elçilərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”.
(Əhqaf surəsi, 21)
- Onlar: “Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” - dedilər.
(Əhqaf surəsi, 22)
- Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
(Əhqaf surəsi, 23)
- Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
(Əhqaf surəsi, 24)
- O külək, Rəbbinin əmri ilə hər şeyi məhv edər. Beləcə, onların evlərindən başqa heç bir şey qalmadı. Biz günahkar qövmü belə cəzalandırırıq.
(Əhqaf surəsi, 25)
- Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbi onlara bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü.
(Əhqaf surəsi, 26)
- Biz sizin ətrafınızdakı (Səmud və Ad kimi) məmləkətləri də məhv etdik. Bəlkə (haqq yola) qayıdalar deyə ayələri (dəlilləri) təkrar-təkrar bəyan etdik.
(Əhqaf surəsi, 27)
- Bəs Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara yardım etməli deyildimi?! Əksinə, (o bütlər) onları qoyub getdilər. Bu, onların böhtanları və uydurmalarıdır.
(Əhqaf surəsi, 28)
- Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar.
(Əhqaf surəsi, 29)
- Onlar belə dedilər: “Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və doğru yola yönəldən bir Kitab dinlədik.
(Əhqaf surəsi, 30)
- Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman edin ki, O sizin günahlarınızı bağışlasın və sizi şiddətli əzabdan qorusun.
(Əhqaf surəsi, 31)
- Kim Allahın dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”.
(Əhqaf surəsi, 32)
- Göyləri və yeri yaradan, bunları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu dərk etmirlərmi? Bəli! Şübhəsiz ki, O, hər şeyə qadirdir.
(Əhqaf surəsi, 33)
- İnkar edənlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün (onlara belə deyiləcək): “Bu, həqiqət deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir)!” - deyə cavab verəcəklər. Allah: “Elə isə, inkar etdiyinizə görə dadın əzabı!” - deyəcəkdir.
(Əhqaf surəsi, 34)
- Əzmkar (ülül-əzm) elçilərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər!
(Əhqaf surəsi, 35)