Cin surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Ey elçi!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.
(Cin surəsi, 1)
- O, doğru yola yönəldir. Ona görə də biz ona iman etdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq!
(Cin surəsi, 2)
- Şübhəsiz ki, Rəbbimizin şanı çox ucadır! Onun nə zövcəsi, nə də övladı vardır.
(Cin surəsi, 3)
- Həqiqətən, bizim səfehimiz (İblis) Allah haqqında həddindən artıq yalan danışırmış.
(Cin surəsi, 4)
- Halbuki biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını zənn etmişdik.
(Cin surəsi, 5)
- Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.
(Cin surəsi, 6)
- Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər.
(Cin surəsi, 7)
- Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
(Cin surəsi, 8)
- Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər.
(Cin surəsi, 9)
- Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir.
(Cin surəsi, 10)
- Bizim aramızda yaxşılar da var, başqa cür olanlar da. Biz müxtəlif yollar tutmuşuq.
(Cin surəsi, 11)
- Biz anladıq ki, nə yerdə, nə də göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).
(Cin surəsi, 12)
- Biz doğru yolu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman etdik. Kim Rəbbinə iman edərsə, nə (haqqının) əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.
(Cin surəsi, 13)
- Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.
(Cin surəsi, 14)
- Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”.
(Cin surəsi, 15)
- Əgər onlar (cinlər) doğru yolda getsəydilər, Biz onlara bol-bol su verərdik ki,
(Cin surəsi, 16)
- Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.
(Cin surəsi, 17)
- Şübhəsiz ki, məscidlər Allahındır. Ona görə də Allahdan başqa heç kəsə dua etməyin!
(Cin surəsi, 18)
- Allahın bəndəsi (Məhəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar.
(Cin surəsi, 19)
- De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”.
(Cin surəsi, 20)
- De: “Mən sizə nə bir zərər verə bilər, nə də sizi doğru yola yönəldə bilərəm”.
(Cin surəsi, 21)
- De: “(Əgər Allah mənim üçün bir şər istəmişsə,) Allaha qarşı məni heç kim qoruya bilməz. Ondan başqa sığınacağım bir kimsə də tapa bilmərəm.
(Cin surəsi, 22)
- Mənim edə bildiyim yalnız Allahdan gələni (vəhyləri insanlara) çatdırmaq və elçilik vəzifəsini yerinə yetirməkdir. Kim Allaha və Onun elçisinə asi olarsa, şübhəsiz, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır”.
(Cin surəsi, 23)
- Onlar özlərinə vəd olunanı (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
(Cin surəsi, 24)
- De: “Mən bilmirəm ki, sizə vəd olunan (əzab) yaxındır, yoxsa Rəbbim onun üçün uzun bir müddət qoymuşdur.
(Cin surəsi, 25)
- Qeybi bilən Allahdır və O, qeybini heç kimə göstərməz.
(Cin surəsi, 26)
- Ancaq razı qaldığı elçi bundan istisnadır. Həqiqətən, onun (elçisinin) önünə və arxasına gözətçilər qoyar ki,
(Cin surəsi, 27)
- Rəbbinin göndərdiklərini (vəhyləri insanlara) təbliğ edib-etmədiklərini bilsin. Allah onlarda olan hər şeyi (elmi ilə) əhatə etmiş və hər şeyi bir-bir saymışdır”.
(Cin surəsi, 28)