Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz bunu o dövrdəkilər və sonradan gələnlər üçün ibrət, müttəqilər üçün də nəsihət olsun deyə etdik.
(Bəqərə surəsi, 66)
İman etməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman edənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın və kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır və insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar.
(Bəqərə surəsi, 221)
Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
(Bəqərə surəsi, 232)
Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. təmiz ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz.
(Bəqərə surəsi, 269)
Faiz yeyənlər, şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 275)
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
(Ali İmran surəsi, 7)
Bu (Quran), insanlar üçün bir bəyan, müttəqilər üçün hidayət (doğru yolu göstərən) və nəsihətdir.
(Ali İmran surəsi, 138)
Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın və (yenə yola gəlməzlərsə,) onlardan ayrılın (boşanın)! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol axtarmayın! Şübhəsiz ki, Allah ucadır, böyükdür.
(Nisa surəsi, 34)
Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 58)
Onlar o kəslərdir ki, Allah onların qəlbindəkini bilir. Elə isə onlardan üz çevir və onlara öyüd-nəsihət verərək özləri haqqında təsirli söz söylə!
(Nisa surəsi, 63)
Onların ardınca, özündən əvvəlki Tövratı təsdiqləyən Məryəm oğlu İsanı göndərdik. Ona, müttəqilər üçün doğru yol və nəsihət olaraq özündən əvvəlki Tövratı təsdiqləyən və içində haqq yol və nur olan İncili verdik.
(Maidə surəsi, 46)
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?
(Ənam surəsi, 80)
Onlar (o elçilər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol! De: “Bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran), aləmlər üçün ancaq bir nəsihətdir”.
(Ənam surəsi, 90)
Bu (din), Rəbbinin doğru yoludur. Biz düşünüb öyüd-nəsihət alan bir qövm üçün ayələrimizi təfsilatlı şəkildə izah etdik.
(Ənam surəsi, 126)
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
(Bu, insanları) xəbərdar etmək və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Elə isə ondan ötrü (Quranı yalan sayarlar deyə) qəlbində bir sıxıntı olmasın!
(Əraf surəsi, 2)
Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun və Allahı qoyub özünüzə başqa dostlar tutmayın! Nə qədər də az öyüd-nəsihət alırsınız.
(Əraf surəsi, 3)
Həmçinin (şeytan) onlara and verərək: “Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi.
(Əraf surəsi, 21)
Ey Adəm övladları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar.
(Əraf surəsi, 26)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.
(Əraf surəsi, 62)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm.
(Əraf surəsi, 68)
O zaman (Saleh) onlardan üz döndərdi və dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin vəhyini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.
(Əraf surəsi, 79)
Şüeyb onlardan üz döndərib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiyi vəhyləri təbliğ etdim və öyüd-nəsihət verdim. İndi inkar edən bir qövm üçün necə kədərlənim?”
(Əraf surəsi, 93)
Həqiqətən, Firon ailəsini quraqlıq və məhsul qıtlığı ilə cəzalandırdıq ki, bəlkə, düşünüb ibrət alalar.
(Əraf surəsi, 130)
(Din barəsində) hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et! Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm.
(Əraf surəsi, 145)
O zaman onlardan bir qrup demişdi: “Allahın məhv edəcəyi, yaxud şiddətli bir əzab verəcəyi bir qövmə nə üçün nəsihət verirsiniz?” Onlar da: “Rəbbinizə üzrxahlıq etmək üçün və onlar (pis əməllərdən) çəkinərlər ümidi ilə (nəsihət veririk)”, - dedilər.
(Əraf surəsi, 164)
Onlar hər il bir və ya iki dəfə (qıtlıq, xəstəlik kimi müsibətlərlə) sınandıqlarını görmürlərmi? Sonra da nə tövbə edir, nə də ibrət alırlar.
(Tövbə surəsi, 126)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da işləri tənzimləyərək ərşə istiva edən Allahdır. Onun izni olmadan heç kim şəfaətçi ola bilməz. O, Rəbbiniz olan Allahdır. Elə isə Ona ibadət edin! Hələ də düşünmürsünüzmü?
(Yunis surəsi, 3)
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlbdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir.
(Yunis surəsi, 57)
İki dəstənin (möminlər və inkar edənlərin) halı korla karın, görənlə eşidənin halı kimidir. Onların halı eyni ola bilərmi?! Hələ də düşünüb ibrət almırsınızmı?
(Hud surəsi, 24)
Əgər Allah sizi (haqq yoldan) azdırmaq istəsə, mən sizə öyüd-nəsihət vermək istəsəm də, nəsihətim sizə heç bir fayda verməz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız!”
(Hud surəsi, 34)
Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Hud surəsi, 46)
Gündüzün iki başında (əvvəlində və axırında) namaz qıl və gecənin bəzi saatlarında ibadət (islama xidmət) et! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
(Hud surəsi, 114)
Biz elçilərin xəbərlərindən sənin qəlbini təskin edən nə varsa, sənə danışırıq. Bunda (bu ayələrdə) sənə həqiqət, möminlərə də nəsihət və xəbərdarlıq gəlmişdir.
(Hud surəsi, 120)
Halbuki bunun əvəzində onlardan heç bir şey istəmirsən. O (Quran), aləmlər (insanlar) üçün yalnız bir öyüddür.
(Yusif surəsi, 104)
Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilənlə (qəlb gözü) kor olan eyni olarmı? Yalnız təmiz ağıl sahibləri (bundan) ibrət götürərlər.
(Rad surəsi, 19)
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar.
(İbrahim surəsi, 25)
Bu (Quran) insanların xəbərdar edilmələri, Allahın tək bir ilah olduğunu bilmələri və təmiz ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir.
(İbrahim surəsi, 52)
Yer üzündə sizin üçün yaratdığı növbənöv şeyləri də (istifadənizə verdi). Şübhəsiz, bunda da düşünüb öyüd alanlar üçün ibrətlər vardır.
(Nəhl surəsi, 13)
Elə isə yaradan (Allah) yarada bilməyən (bütlər) kimi ola bilərmi?! Bəs siz (bunları) düşünüb öyüd almırsınızmı?
(Nəhl surəsi, 17)
Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.
(Nəhl surəsi, 90)
Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır.
(Nəhl surəsi, 125)
Şübhəsiz, düşünüb ibrət almaları üçün bu Quranda (hər cür xəbərdarlıq və vədləri) bəyan etdik. Ancaq bu onları (haqdan) daha çox uzaqlaşdırdı.
(İsra surəsi, 41)
Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
(Kəhf surəsi, 57)
O dedi: “Əgər mənimlə gələcəksənsə, səbəbini sənə söyləyənə qədər heç bir şey barəsində məndən soruşma!”
(Kəhf surəsi, 70)
Sənə Zülqərneyn barəsində də sual verirlər. De ki: “Sizə ondan bəhs edəcəyəm”.
(Kəhf surəsi, 83)
Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).
(Taha surəsi, 3)
Onunla yumşaq danışın! Ola bilsin ki, öyüd alar, yaxud qorxar”.
(Taha surəsi, 44)
Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Furqanı verdik.
(Ənbiya surəsi, 48)
Onlar: “Allahındır!” - deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” - de.
(Muminun surəsi, 85)
Bu, nazil etdiyimiz və (hökmlərini sizə) fərz etdiyimiz bir surədir. Bəlkə düşünüb ibrət alasınız deyə onda açıq-aşkar ayələr nazil etdik.
(Nur surəsi, 1)
Əgər iman etmisinizsə, Allah sizə bir daha belə şeylər etməməyi tövsiyə edir.
(Nur surəsi, 17)
Ey iman edənlər! Öz evinizdən başqa evlərə icazə almadan və salam vermədən girməyin! Bu sizin üçün daha xeyirlidir. Ola bilsin ki, düşünüb anlayarsınız.
(Nur surəsi, 27)
Şübhəsiz ki, sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-getmiş kimsələr barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
(Nur surəsi, 34)
Şübhəsiz ki, öyüd alsınlar deyə onların arasında onu (suyun əhəmiyyətini) müxtəlif şəkillərdə izah etdik. Lakin insanların çoxu nankorluq etdi.
(Furqan surəsi, 50)
Düşünüb ibrət almaq və ya şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur.
(Furqan surəsi, 62)
Onlar dedilər: “Öyüd versən də, verməsən də, bizim üçün fərqi yoxdur.
(Şuəra surəsi, 136)
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!
(Nəml surəsi, 62)
Biz əvvəlcədən ona süd analarını (onlardan süd əmməsini) qadağan etmişdik. Buna görə də Musanın bacısı belə dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona yaxşı davranacaq bir ailə göstərimmi?”
(Qəsas surəsi, 12)
Bir nəfər şəhərin ən ucqar yerindən qaça-qaça gəlib belə dedi: “Ey Musa! Əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx! Mən sənə bunu tövsiyə edirəm”.
(Qəsas surəsi, 20)
Həqiqətən, Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bir nur, hidayət rəhbəri və rəhmət olaraq Kitabı verdik ki, bəlkə, onlar düşünüb öyüd alalar.
(Qəsas surəsi, 43)
Biz (Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən bir elçi gəlməyən bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir rəhmət olaraq (bunları sənə bildirdik). Ola bilsin ki, onlar düşünüb öyüd alarlar.
(Qəsas surəsi, 46)
Şübhəsiz ki, Biz sözü (vəhyi) onlar üçün ard-arda çatdırdıq ki, bəlkə, düşünüb öyüd alalar.
(Qəsas surəsi, 51)
Özlərinə oxunan kitabı sənə nazil etməyimiz onlara kifayət deyilmi?! Həqiqətən, bunda iman edənlər üçün rəhmət və öyüd vardır.
(Ənkəbut surəsi, 51)
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz və şəfaətçiniz yoxdur. Yenə də düşünüb öyüd almırsınızmı?
(Səcdə surəsi, 4)
(Ey elçi!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Məhəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir elçidir”.
(Səba surəsi, 46)
Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir elçi də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.
(Fatir surəsi, 37)
Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.
(Yasin surəsi, 19)
Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.
(Yasin surəsi, 69)
Onlara öyüd verildikdə ibrət almazlar.
(Saffat surəsi, 13)
Onlara öyüd verildikdə ibrət almazlar.
(Saffat surəsi, 13)
Sənə bu mübarək Kitabı, təmiz ağıl sahibləri ondakı ayələri düşünsün və öyüd alsınlar deyə nazil etdik.
(Sad surəsi, 29)
Bizdən bir mərhəmət və təmiz ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik.
(Sad surəsi, 43)
Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq təmiz ağıl sahibləri düşünüb ibrət alarlar”.
(Zumər surəsi, 9)
Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır.
(Zumər surəsi, 21)
İnsanlar öyüd alsınlar deyə Biz bu Quranda onlar üçün hər cür misal çəkdik.
(Zumər surəsi, 27)
Sizə Öz (varlığının) dəlillərini göstərən və göydən sizin üçün ruzi endirən Odur. Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar.
(Mömin surəsi, 13)
Kor ilə görən, iman edib yaxşı işlər görənlərlə pis işlər görənlər eyni deyildir. Nə qədər az düşünürsünüz!
(Mömin surəsi, 58)
İndi onların öyüd-nəsihəti qəbul etmələrinin nə xeyri var?! Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
(Duxan surəsi, 13)
Bəlkə öyüd alalar deyə, onu (Quranı) sənin dilinlə asanlaşdırdıq.
(Duxan surəsi, 58)
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
(Casiyə surəsi, 23)
Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.
(Məhəmməd surəsi, 18)
Həqiqətən, bunda, ağıl sahibi və gəlib diqqətlə qulaq asan kimsə üçün öyüd vardır.
(Qaf surəsi, 37)
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman etmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!
(Qaf surəsi, 45)
Düşünüb ibrət alasınız deyə hər şeydən cüt-cüt yaratdıq.
(Zəriyət surəsi, 49)
Sən öyüd-nəsihət ver! Çünki öyüd-nəsihət möminlərə fayda verər.
(Zəriyət surəsi, 55)
Ona görə də sən öyüd-nəsihət ver! Rəbbinin neməti sayəsində sən nə kahinsən, nə də məcnun!
(Tur surəsi, 29)
Həqiqətən, Biz onu ibrət olsun deyə saxladıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 15)
Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 17)
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 22)
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 32)
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 40)
Şübhəsiz ki, Biz sizin kimiləri məhv etmişdik. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 51)
Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi?
(Vaqiə surəsi, 62)
Biz onu ibrət olsun və yolçular istifadə etsin deyə yaratdıq.
(Vaqiə surəsi, 73)
Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Mücadilə surəsi, 3)
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
(Talaq surəsi, 2)
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Ey iman etmiş təmiz ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etmişdir.
(Talaq surəsi, 10)
O sizin üçün bir ibrət dərsi olsun və dinləyib dərk edənlər onu yadda saxlasın deyə belə etdik.
(Haqqə surəsi, 12)
O, kahin sözü də deyildir. Nə qədər də az düşünürsünüz!
(Haqqə surəsi, 42)
Həqiqətən, bu (Quran), müttəqilər üçün öyüd-nəsihətdir.
(Haqqə surəsi, 48)
Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar.
(Müzzəmmil surəsi, 19)
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31)
Belə olduğu halda onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!
(Müddəssir surəsi, 49)