Sad surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sad! Öyüd verən Qurana and olsun!
(Sad surəsi, 1)
- (İddia etdiklərinin) əksinə, inkar edənlər qürur və təfriqə içindədirlər.
(Sad surəsi, 2)
- Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad etdilər, lakin artıq xilas olma vaxtı deyildi.
(Sad surəsi, 3)
- Onlar öz içlərindən xəbərdar edən bir elçinin gəlməsinə təəccüb etdilər və inkar edənlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır.
(Sad surəsi, 4)
- O, bütün ilahları bir ilahlamı əvəz etdi? Bu, həqiqətən, qəribə bir şeydir”.
(Sad surəsi, 5)
- Onların başçıları çıxıb gedərək: “Gedin öz ilahlarınıza bağlı qalın! Şübhəsiz ki, istənilən şey budur.
(Sad surəsi, 6)
- Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.
(Sad surəsi, 7)
- Quran aramızdan məhz onamı (Məhəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar.
(Sad surəsi, 8)
- Yoxsa qüdrətli və kərəm sahibi Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
(Sad surəsi, 9)
- Yaxud göylərin, yerin və onların arasındakıların hakimiyyəti onlardadırmı? Elə isə, müxtəlif yollarla göyə qalxsınlar görək.
(Sad surəsi, 10)
- Onlar fərqli dəstələrdən ibarət məğlubiyyətə uğrayacaq zəif bir ordudur.
(Sad surəsi, 11)
- Onlardan əvvəl Nuh qövmü, Ad qövmü və dirəklər sahibi Firon da (elçiləri) yalanlamışdı.
(Sad surəsi, 12)
- Səmud qövmü, Lut qövmü və Eykə əhli.
(Sad surəsi, 13)
- Onların hamısı elçiləri yalanladılar. Buna görə də Mənim əzabım (onlara) vacib oldu.
(Sad surəsi, 14)
- Bunlar yalnız bir an belə gecikməyəcək o qorxunc səsi gözləyirlər.
(Sad surəsi, 15)
- Onlar (istehza edərək): “Ey Rəbbimiz, bizim payımızı haqq-hesab günündən əvvəl tezliklə ver!” - dedilər.
(Sad surəsi, 16)
- (Ey elçi!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Sad surəsi, 17)
- Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.
(Sad surəsi, 18)
- Quşları da bütövlüklə ona ram etmişdik. Onların hamısı Allaha yönəlirdilər.
(Sad surəsi, 19)
- Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik.
(Sad surəsi, 20)
- (Ey elçi!) İddiaçıların xəbəri sənə gəldimi? O zaman onlar divardan aşıb məbədə girmişdilər.
(Sad surəsi, 21)
- Davudun yanına daxil olduqları zaman Davud onlardan qorxmuşdu. Onlar belə dedilər: “Qorxma! Biz aramızda mübahisə olan iki iddiaçıyıq. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə doğru yolu göstər!
(Sad surəsi, 22)
- (Onlardan biri belə dedi:) “Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var. Mənim isə bir qoyunum var. Buna baxmayaraq o: “Onu da mənə ver!” – dedi və danışıq qabiliyyəti ilə məni məğlub etdi”.
(Sad surəsi, 23)
- Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
- Biz də bunu ona bağışladıq. Həqiqətən, onun üçün dərgahımızda uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
(Sad surəsi, 25)
- Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Ona görə də insanlar arasında ədalətlə hökm ver! Nəfsin arzularına uyma, yoxsa səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allahın yolundan azanlar üçün hesab gününü unutduqlarına görə şiddətli bir əzab vardır.
(Sad surəsi, 26)
- Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, inkar edənlərin zənnidir. Vay o inkar edənlərin cəhənnəmdəki halına!
(Sad surəsi, 27)
- Yoxsa iman edib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq?! Yaxud müttəqiləri günahkarlarla bir tutacağıq?!
(Sad surəsi, 28)
- Sənə bu mübarək Kitabı, təmiz ağıl sahibləri ondakı ayələri düşünsün və öyüd alsınlar deyə nazil etdik.
(Sad surəsi, 29)
- Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Sad surəsi, 30)
- Bir vaxt axşam çağı ona cins, çapar atlar göstərilmişdi.
(Sad surəsi, 31)
- Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.
(Sad surəsi, 32)
- (Sonra Süleyman dedi:) “Onları təkrar mənə gətirin!” O, atların ayaqlarını və boyunlarını sığallamağa başladı.
(Sad surəsi, 33)
- Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı.
(Sad surəsi, 34)
- Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.
(Sad surəsi, 35)
- Buna görə də Biz küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə asanlıqla əsirdi.
(Sad surəsi, 36)
- Bənna və dalğıc olan bütün şeytanları da onun ixtiyarına verdik.
(Sad surəsi, 37)
- Başqalarını da zəncirlərlə bağlanmış halda onun xidmətinə verdik.
(Sad surəsi, 38)
- (Biz ona dedik:) “Bu Bizim hədiyyəmizdir. Bunlardan (başqalarına) versən də, verməsən də haqq-hesabı yoxdur”.
(Sad surəsi, 39)
- Həqiqətən, dərgahımızda onun üçün uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
(Sad surəsi, 40)
- Bəndəmiz Əyyubu da yad et! Bir zaman o: “Şeytan mənə zərər və əziyyət verdi!” - deyə Rəbbinə səslənmişdi.
(Sad surəsi, 41)
- “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”.
(Sad surəsi, 42)
- Bizdən bir mərhəmət və təmiz ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik.
(Sad surəsi, 43)
- “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Sad surəsi, 44)
- (Ey elçi!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et!
(Sad surəsi, 45)
- Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik.
(Sad surəsi, 46)
- Həqiqətən, onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər.
(Sad surəsi, 47)
- İsmaili, əl-Yəsəni və Zül-Kifli də yad et! Onların hamısı ən xeyirli kimsələrdəndirlər.
(Sad surəsi, 48)
- Bu bir öyüddür. Şübhəsiz ki, müttəqilər üçün gözəl bir qayıdış yeri vardır.
(Sad surəsi, 49)
- Ora qapıları onlar üçün açılmış Ədn cənnətləridir.
(Sad surəsi, 50)
- Onlar orada taxtlara söykənib oturacaq, bir çox meyvələrdən və içkilərdən istəyəcəklər.
(Sad surəsi, 51)
- Onların yanında gözlərini onlara dikmiş həmyaşıd zövcə olacaq.
(Sad surəsi, 52)
- Bu, haqq-hesab günü üçün sizə vəd olunandır.
(Sad surəsi, 53)
- Bu, əlbəttə, Bizim verdiyimiz ruzidir. O, bitməz-tükənməzdir.
(Sad surəsi, 54)
- Budur! Şübhəsiz, azğın kimsələr üçün də pis bir qayıdış yeri vardır.
(Sad surəsi, 55)
- Onlar cəhənnəmə girəcəklər. O necə də pis bir yataqdır!
(Sad surəsi, 56)
- Budur, qaynar su və irin! Qoy onu dadsınlar!
(Sad surəsi, 57)
- Buna bənzər başqa əzab növləri də vardır.
(Sad surəsi, 58)
- (İnkar edənlərin başçılarına belə deyiləcək:) “Bu, sizinlə birlikdə (cəhənnəmə) girəsi dəstədir”. (Bu zaman başçılar dəyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! Onlar cəhənnəmə girəcəklər”.
(Sad surəsi, 59)
- (Onlara tabe olanlar isə:) “Xeyr, siz rahatlıq üzü görməyin! Onu bizə siz gətirdiniz. O nə pis bir yerdir!” - deyəcəklər.
(Sad surəsi, 60)
- Onlar: “Ey Rəbbimiz, bunu bizə gətirənin əzabını cəhənnəmdə ikiqat artır!” - deyəcəklər.
(Sad surəsi, 61)
- Onlar belə deyəcəklər: “(Dünyada ikən) pis kimsələrdən hesab etdiyimiz adamları nə üçün görmürük?
(Sad surəsi, 62)
- Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlərmi?”
(Sad surəsi, 63)
- Həqiqətən, cəhənnəm əhlinin bir-biri ilə olan bu çəkişməsi gerçəkdir.
(Sad surəsi, 64)
- (Ey elçi!) De: “Mən ancaq xəbərdar edən bir elçiyəm. Tək olan və hər şeyə qalib gələn Allahdan başqa heç bir ilah yoxdur!
(Sad surəsi, 65)
- O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
(Sad surəsi, 66)
- De: “O, böyük xəbərdir.
(Sad surəsi, 67)
- Ancaq siz ondan üz çevirirsiniz.
(Sad surəsi, 68)
- Onlar (orada) mübahisə edərkən uca məclisdən (mələklər məclisindən) mənim heç bir məlumatım yox idi.
(Sad surəsi, 69)
- Mən ancaq açıq-aydın xəbərdar edən bir elçi olduğum üçün mənə vəhy olunur”.
(Sad surəsi, 70)
- Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.
(Sad surəsi, 71)
- Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!”
(Sad surəsi, 72)
- Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdilər.
(Sad surəsi, 73)
- İblisdən başqa! O təkəbbürləndi və inkar edənlərdən oldu.
(Sad surəsi, 74)
- Allah dedi: “Ey İblis! Əllərimlə yaratdığıma səcdə etməyinə mane olan nədir? Sən təkəbbürləndin, yoxsa üstün olanlardansan?”
(Sad surəsi, 75)
- İblis: “Mən ondan daha üstünəm. Məni oddan, onu isə palçıqdan yaratmısan!” - dedi.
(Sad surəsi, 76)
- Allah buyurdu: “Elə isə çıx oradan! Çünki sən qovulmuşsan.
(Sad surəsi, 77)
- Şübhəsiz, qiyamət gününə qədər Mənim lənətim sənədir!”
(Sad surəsi, 78)
- İblis: “Ey Rəbbim! Elə isə təkrar diriləcəkləri günə qədər mənə möhlət ver!” - dedi.
(Sad surəsi, 79)
- Allah buyurdu: “Şübhəsiz, sən möhlət verilənlərdənsən -
(Sad surəsi, 80)
- Vaxtı bilinən günə (qiyamətə) qədər”.
(Sad surəsi, 81)
- İblis dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını mütləq (haqq yoldan) azdıracağam.
(Sad surəsi, 82)
- Ancaq onlardan ixlaslı olanlar bundan istisnadır.
(Sad surəsi, 83)
- Allah buyurdu: “Bu haqdır və Mən yalnız haqqı deyirəm.
(Sad surəsi, 84)
- Şübhəsiz ki, cəhənnəmi sən və sənə uyanların hamısı ilə dolduracağam!”
(Sad surəsi, 85)
- (Ey elçi!) De: “Bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mən, (Quranı) özümdən uydurmamışam.
(Sad surəsi, 86)
- Bu (Quran), aləmlər üçün ancaq bir öyüddür!
(Sad surəsi, 87)
- Siz onun verdiyi xəbəri (doğru olduğunu) bir müddət sonra mütləq biləcəksiniz”.
(Sad surəsi, 88)