Mürsəlat surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə)!
(Mürsəlat surəsi, 1)
- And olsun şiddətli fırtınalara!
(Mürsəlat surəsi, 2)
- And olsun (yağışı) yaydıqca yayanlara!
(Mürsəlat surəsi, 3)
- And olsun (haqq ilə batili) bir-birindən ayıranlara!
(Mürsəlat surəsi, 4)
- And olsun Zikri (Quranı) gətirənlərə -
(Mürsəlat surəsi, 5)
- (Möminlərə) üzr dilətmək, yaxud (inkar edənlərə) xəbərdarlıq etmək üçün (gətirənlərə)!
(Mürsəlat surəsi, 6)
- Sizə vəd olunan (qiyamət) mütləq baş verəcəkdir!
(Mürsəlat surəsi, 7)
- Ulduzlar sönəcəyi zaman,
(Mürsəlat surəsi, 8)
- Göy yarılacağı zaman,
(Mürsəlat surəsi, 9)
- Dağlar toz olub göyə sovrulacağı zaman,
(Mürsəlat surəsi, 10)
- Elçilərin (ümmətləri barədə şahidlik etmə) vaxtı təyin olunacağı zaman,
(Mürsəlat surəsi, 11)
- (Belə deyiləcək:) “Onlara hansı günə qədər vaxt verilmişdir?”
(Mürsəlat surəsi, 12)
- (Belə cavab veriləcək:) “Ayırd etmə gününə qədər!”
(Mürsəlat surəsi, 13)
- (Ey elçi!) Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?!
(Mürsəlat surəsi, 14)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 15)
- Biz əvvəlkiləri məhv etmədikmi?!
(Mürsəlat surəsi, 16)
- Sonra gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
(Mürsəlat surəsi, 17)
- Biz günahkarlarla belə rəftar edirik.
(Mürsəlat surəsi, 18)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 19)
- (Ey insanlar!) Biz sizi zəif bir sudan yaratmadıqmı?!
(Mürsəlat surəsi, 20)
- Onu möhkəm bir yerə (ana bətninə) yerləşdirdik,
(Mürsəlat surəsi, 21)
- Müəyyən bir müddətə qədər.
(Mürsəlat surəsi, 22)
- Biz buna qadir olduq. Biz nə qədər də qüdrətliyik!
(Mürsəlat surəsi, 23)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 24)
- Biz yer üzünü toplanma yeri etmədikmi -
(Mürsəlat surəsi, 25)
- Dirilər və ölülər üçün?!
(Mürsəlat surəsi, 26)
- Orada yüksək dağlar yaratdıq və sizə şirin su içirtdik.
(Mürsəlat surəsi, 27)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 28)
- (O gün inkar edənlərə belə deyiləcək:) “Yalan hesab etdiyinizə (cəhənnəmə) tərəf gedin!
(Mürsəlat surəsi, 29)
- Üç qola ayrılmış kölgəyə tərəf gedin!”
(Mürsəlat surəsi, 30)
- O nə kölgəlik olar, nə də alovdan qoruyar.
(Mürsəlat surəsi, 31)
- O, saray qədər böyük qığılcımlar saçar.
(Mürsəlat surəsi, 32)
- O (qığılcımlar), sarı dəvələr kimidir.
(Mürsəlat surəsi, 33)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 34)
- Bu, (inkar edənlərin) danışa bilməyəcəkləri gündür.
(Mürsəlat surəsi, 35)
- Onların üzrxahlıq etmələrinə də icazə verilməz.
(Mürsəlat surəsi, 36)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 37)
- Bu, ayırd etmə günüdür. Sizi də, əvvəlkiləri də bir yerə topladıq.
(Mürsəlat surəsi, 38)
- Əgər sizin bir hiyləniz varsa, Mənə hiylə qurun!
(Mürsəlat surəsi, 39)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 40)
- Şübhəsiz, müttəqilər kölgəliklərdə və çeşmə başlarında olacaqlar.
(Mürsəlat surəsi, 41)
- İstədikləri meyvələrin arasında olacaqlar.
(Mürsəlat surəsi, 42)
- (Onlara belə deyiləcək:) “Etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!”
(Mürsəlat surəsi, 43)
- Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Mürsəlat surəsi, 44)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 45)
- (Ey inkar edənlər!) Hələlik yeyin və kef çəkin. Həqiqətən, siz günahkarlarsınız.
(Mürsəlat surəsi, 46)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 47)
- Onlara: “Rüku edin!” - deyildiyi zaman onlar rüku etməzlər.
(Mürsəlat surəsi, 48)
- O gün haqqı yalanlayanların vay halına!
(Mürsəlat surəsi, 49)
- Onlar bundan (Quran nazil olduqdan) sonra daha hansı sözə inanacaqlar?!
(Mürsəlat surəsi, 50)