Səba surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həmd göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə də həmd Ona məxsusdur. O hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Səba surəsi, 1)
- Allah yerə girəni də, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. O mərhəmətlidir, bağışlayandır.
(Səba surəsi, 2)
- İnkar edənlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda (lövhi-məhfuzda) olmasın”.
(Səba surəsi, 3)
- Allah bunları iman edib yaxşı işlər görənləri mükafatlandırmaq üçün etmişdir. Onlar üçün bağışlanma və gözəl ruzi vardır.
(Səba surəsi, 4)
- Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər acı əzabın ən pisinə düçar olacaqlar.
(Səba surəsi, 5)
- Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər.
(Səba surəsi, 6)
- İnkar edənlər (öz aralarında) belə dedilər: “Tamamilə çürüyüb parçalandıqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir adamı sizə göstərəkmi?
(Səba surəsi, 7)
- Görəsən, o, yalandan Allaha iftira atır, yoxsa onda dəlilikmi var?” Xeyr! Axirətə inanmayanlar əzab və (haqdan) uzaq zəlalət içindədirlər.
(Səba surəsi, 8)
- Onlar göydə və yerdə önlərinə və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar, yaxud onların üstünə göydən (əzab) parçaları yağdırarıq. Həqiqətən, tövbə edib Rəbbinə yönələn hər bəndə üçün bunda bir ibrət vardır.
(Səba surəsi, 9)
- Şübhəsiz ki, Biz Davuda Öz tərəfimizdən bir üstünlük verib: “Ey dağlar və quşlar, onunla birlikdə Allahı təsbeh edin!” (- buyurduq) və dəmiri onun üçün yumşaltdıq.
(Səba surəsi, 10)
- (Sonra ona belə buyurduq:) “Geniş zirehlər düzəlt və toxuyarkən ölçüyə riayət et! Yaxşı işlər görün! Həqiqətən, Mən sizin etdiklərinizi görürəm”.
(Səba surəsi, 11)
- Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona daddırırdıq.
(Səba surəsi, 12)
- Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.
(Səba surəsi, 13)
- Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
(Səba surəsi, 14)
- Səbə qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”
(Səba surəsi, 15)
- Ancaq onlar haqdan üz döndərdilər. Biz də onların üstünə Ərim selini göndərdik. Beləcə, onların bağlarını acı meyvəli və bir az da sidr ağacı bitən bağlara çevirdik.
(Səba surəsi, 16)
- Nankorluq etdikləri üçün onları belə cəzalandırdıq. Biz nankorluq edəndən başqasına cəza verərikmi?!
(Səba surəsi, 17)
- Biz onların (Səbə qövmünün) və bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi də asanlaşdırdıq. (Onlara belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”
(Səba surəsi, 18)
- Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Səba surəsi, 19)
- Şübhəsiz ki, İblisin onlar barəsindəki təxmini düz çıxdı. Möminlərdən ibarət bir dəstə istisna olmaqla, hamısı ona tabe oldular.
(Səba surəsi, 20)
- Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir.
(Səba surəsi, 21)
- (Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri Allahın köməkçisi də deyildir.
(Səba surəsi, 22)
- Onun hüzurunda, izin verdiyi kimsələrdən başqasının şəfaəti fayda verməz. Nəhayət, onların qəlbindən qorxu çıxdığı zaman: “Rəbbiniz nə buyurdu?” - deyərlər. Onlar da: “Haqq olanı buyurdu. O ucadır, böyükdür!” - deyərlər.
(Səba surəsi, 23)
- De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz, yaxud siz (ikimizdən biri) ya doğru yoldadır, ya da açıq-aydın bir zəlalət içindədir”.
(Səba surəsi, 24)
- De: “Bizim işlədiyimiz günahlardan siz sorğu-suala çəkilməyəcəksiniz. Biz də sizin etdiklərinizdən sorğu-suala çəkilməyəcəyik.
(Səba surəsi, 25)
- De: “Rəbbimiz (axirət günü) bizi toplayacaq, sonra da bizim aramızda haqq ilə hökm verəcəkdir. O, ən ədalətli hökm verəndir, hər şeyi biləndir”.
(Səba surəsi, 26)
- De: “Allaha qoşduğunuz şərikləri mənə göstərin! Xeyr! Əksinə, O, yenilməz qüvvət və hikmət sahibidir”.
(Səba surəsi, 27)
- Biz səni bütün insanlara yalnız müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir.
(Səba surəsi, 28)
- Onlar: “Əgər doğru söyləyirsənsə, bu vəd (qiyamət) nə vaxt olacaq?” - deyirlər.
(Səba surəsi, 29)
- De ki: “Sizə vəd olunmuş elə bir gün vardır ki, ondan nə bir an geri qala bilər, nə də irəli keçə bilərsiniz”.
(Səba surəsi, 30)
- İnkar edənlər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” - dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” - deyəcəklər.
(Səba surəsi, 31)
- Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: “Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz”.
(Səba surəsi, 32)
- Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz inkar edənlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Səba surəsi, 33)
- Biz hansı bir məmləkətə xəbərdar edən bir elçi göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.
(Səba surəsi, 34)
- Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər.
(Səba surəsi, 35)
- De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.
(Səba surəsi, 36)
- Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
(Səba surəsi, 37)
- Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər əzaba sürüklənəcəklər.
(Səba surəsi, 38)
- De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”.
(Səba surəsi, 39)
- O gün Allah onların hamısını toplayacaq, sonra mələklərə: “Bunlar sizə ibadət edirdilər?” - deyəcəkdir.
(Səba surəsi, 40)
- Mələklər: “Sən pak və müqəddəssən! Bizim dostumuz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə iman etmişdi”, - deyəcəklər.
(Səba surəsi, 41)
- Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verməyə qadirsiniz. Biz zalımlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyəcəyik.
(Səba surəsi, 42)
- Ayələrimiz onlara açıq-aşkar oxunduqda: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır”, - dedilər. Həmçinin belə dedilər: “Bu (Quran) uydurma bir yalandan başqa bir şey deyil”. İnkar edənlərə haqq (Quran) gəldiyi zaman: “Bu yalnız açıq-aşkar bir sehrdir!” - dedilər.
(Səba surəsi, 43)
- Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmişdik və səndən əvvəl özlərinə xəbərdar edən bir elçi göndərməmişdik.
(Səba surəsi, 44)
- Onlardan əvvəlkilər də (elçiləri) yalanlamışdılar. Bunlar onlara verdiklərimizin onda birinə belə nail olmayıblar. Ancaq onlar da elçilərimi yalanlamışdılar. Bəs Mənim onları inkar (məhv) etməyim necə olmuşdu?!
(Səba surəsi, 45)
- (Ey elçi!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Məhəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir elçidir”.
(Səba surəsi, 46)
- De: “Mən sizdən heç bir əvəz istəmirəm, o sizin olsun. Mənim mükafatım yalnız Allaha aiddir. O, hər şeyə şahiddir”.
(Səba surəsi, 47)
- De: “Həqiqətən, Rəbbim haqqı nazil edir. O, qeybi çox yaxşı biləndir!”
(Səba surəsi, 48)
- De: “Haqq (İslam) gəldi. Artıq batil nə bir şey (küfr, şirk) ortaya çıxara bilər, nə də geri gətirə bilər”.
(Səba surəsi, 49)
- De: “Əgər mən zəlalətə düşsəm, bu, yalnız mənim öz əleyhimə olar. Əgər doğru yolda gedirəmsə, bu, Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, yaxındır”.
(Səba surəsi, 50)
- Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar.
(Səba surəsi, 51)
- Onlar (axirətdə): “Ona (Qurana) iman etdik!” – deyəcəklər. Ancaq onlar uzaq bir yerdən imana necə nail ola bilərlər?
(Səba surəsi, 52)
- Halbuki daha əvvəl onu inkar edir və uzaq bir yerdən (dünyada) qeyb haqqında fikir yürüdürdülər.
(Səba surəsi, 53)
- Artıq daha əvvəl onlara bənzər kimsələrə edildiyi kimi, onlarla arzuladıqları arasına pərdə çəkilmişdir. Həqiqətən, onlar dərin bir şübhə içində idilər.
(Səba surəsi, 54)