Zəriyət surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Toz-torpaq qaldıran küləklərə,
(Zəriyət surəsi, 1)
- yağış yüklü buludlara,
(Zəriyət surəsi, 2)
- rahatlıqla üzüb gedən gəmilərə və
(Zəriyət surəsi, 3)
- işləri bölüşdürən mələklərə and olsun ki,
(Zəriyət surəsi, 4)
- Sizə vəd olunan (axirət həyatı) haqdır.
(Zəriyət surəsi, 5)
- Şübhəsiz, haqq-hesab mütləq baş verəcəkdir.
(Zəriyət surəsi, 6)
- İçində yollar (orbitlər) olan göyə and olsun ki,
(Zəriyət surəsi, 7)
- Siz (Quran barəsində) müxtəlif sözlər deyirsiniz.
(Zəriyət surəsi, 8)
- (Qurandan) dönən kimsə ondan döndərilər.
(Zəriyət surəsi, 9)
- Qəhr olsun yalançılar!
(Zəriyət surəsi, 10)
- O kəslər ki, cəhalət içində qalmış qafillərdir.
(Zəriyət surəsi, 11)
- Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
(Zəriyət surəsi, 12)
- O gün onlara cəhənnəmdə əzab veriləcəkdir.
(Zəriyət surəsi, 13)
- (Onlara belə deyiləcək:) “Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.
(Zəriyət surəsi, 14)
- Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar.
(Zəriyət surəsi, 15)
- Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər.
(Zəriyət surəsi, 16)
- Onlar gecələr (ibadət edib) çox az yatırdılar.
(Zəriyət surəsi, 17)
- Sübh çağında isə istiğfar edirdilər.
(Zəriyət surəsi, 18)
- Mallarında da istəyənin və yoxsulun haqqı (payı) var idi.
(Zəriyət surəsi, 19)
- Yer üzündə yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Zəriyət surəsi, 20)
- Sizin özünüzdə də (buna dair dəlillər vardır)! Hələ də görmürsünüzmü?
(Zəriyət surəsi, 21)
- Göydə də ruziniz (yağış) və sizə vəd olunan (mükafat və ya cəzalar) vardır.
(Zəriyət surəsi, 22)
- Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışığınız kimi gerçəkdir.
(Zəriyət surəsi, 23)
- (Ey elçi!) İbrahimin hörmətli qonaqlarının xəbəri sənə gəlib çatdımı?
(Zəriyət surəsi, 24)
- Onlar İbrahimin hüzuruna daxil olub salam verdiklərində o da: “Salam! Siz yad adamlarsınız”, - dedi.
(Zəriyət surəsi, 25)
- İbrahim dərhal ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.
(Zəriyət surəsi, 26)
- Yeməyi onlara yaxınlaşdırıb: “Yemirsinizmi?” - dedi.
(Zəriyət surəsi, 27)
- İbrahim (qonaqların yemədiklərini görüb) dərhal onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” - dedilər və onu çox bilikli bir oğlan uşağı (İshaq) ilə müjdələdilər.
(Zəriyət surəsi, 28)
- Onun zövcəsi (Sara) qışqıraraq gəldi və əlini üzünə vuraraq: “Mən sonsuz bir qoca qarıyam!” - dedi.
(Zəriyət surəsi, 29)
- Onlar: “Rəbbin belə buyurdu. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir!” - dedilər.
(Zəriyət surəsi, 30)
- İbrahim dedi: “Elə isə sizin (mənimlə) nə işiniz var ey elçilər?”
(Zəriyət surəsi, 31)
- Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
(Zəriyət surəsi, 32)
- Onların üstünə gildən daşlar yağdıraq.
(Zəriyət surəsi, 33)
- Bu daşlar həddi aşanlar üçün Rəbbinin dərgahında işarələnmişdir.
(Zəriyət surəsi, 34)
- Oradakı möminləri də (oradan) çıxartdıq.
(Zəriyət surəsi, 35)
- Orada bir evdən (bir ailədən) başqa müsəlman tapmadıq.
(Zəriyət surəsi, 36)
- Şiddətli əzabdan qorxanlar üçün orada (ibrətamiz) bir işarə saxladıq.
(Zəriyət surəsi, 37)
- Musanın da (hekayəsində ibrətlər vardır)! Bir zaman onu açıq-aşkar bir dəlillə Fironun yanına göndərmişdik.
(Zəriyət surəsi, 38)
- O (Firon), öz ordusu ilə birlikdə (haqdan) üz çevirib: “Bu sehrbazdır, yaxud dəlidir!” – demişdi.
(Zəriyət surəsi, 39)
- Nəhayət, Fironu və əsgərlərini yaxaladıq və onları dənizə atdıq. O, (boğularkən, iman etmədiyi üçün) öz-özünü qınayırdı.
(Zəriyət surəsi, 40)
- Ad qövmündə də (ibrətlər vardır)! O zaman onların üstünə faydasız (məhv edən) bir külək göndərmişdik.
(Zəriyət surəsi, 41)
- O külək üstündən keçdiyi hər şeyi külə çevirirdi.
(Zəriyət surəsi, 42)
- Səmud qövmündə də (ibrətlər vardır)! O zaman onlara: “Müəyyən bir vaxta qədər (dünya nemətlərindən) faydalanın!” - deyilmişdi.
(Zəriyət surəsi, 43)
- Onlar Rəbbinin əmrinə qarşı çıxdılar və buna görə də onlar görə-görə (gündüz) özlərini ildırım vurmuşdu.
(Zəriyət surəsi, 44)
- Beləliklə, onlar ayağa qalxa bilmədilər, onlara yardım edən də olmadı.
(Zəriyət surəsi, 45)
- Daha əvvəl Nuh qövmünü də (məhv etmişdik). Çünki onlar fasiq bir qövm idilər.
(Zəriyət surəsi, 46)
- Biz göyü əllərimizlə (qüdrətimizlə) yaratdıq və onu genişləndiririk.
(Zəriyət surəsi, 47)
- Biz yeri də döşədik. Biz necə də gözəl döşəyirik!
(Zəriyət surəsi, 48)
- Düşünüb ibrət alasınız deyə hər şeydən cüt-cüt yaratdıq.
(Zəriyət surəsi, 49)
- (De:) “Allaha tərəf qaçın (yönəlin)! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm.
(Zəriyət surəsi, 50)
- Allahla yanaşı başqa bir ilah qəbul etməyin! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm”.
(Zəriyət surəsi, 51)
- Onlardan əvvəlkilərə də bir elçi gəldiyi zaman məhz belə demişdilər: “Bu sehrbazdır, yaxud divanədir!”
(Zəriyət surəsi, 52)
- Bunu (nəsildən-nəsilə) bir-birinə vəsiyyətmi etmişdilər?! Xeyr! Onlar azğın bir qövmdür.
(Zəriyət surəsi, 53)
- Artıq onlardan üz çevir! Sən bundan ötrü qınanmayacaqsan.
(Zəriyət surəsi, 54)
- Sən öyüd-nəsihət ver! Çünki öyüd-nəsihət möminlərə fayda verər.
(Zəriyət surəsi, 55)
- Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.
(Zəriyət surəsi, 56)
- Mən onlardan nə bir ruzi, nə də Məni yedirtmələrini istəyirəm.
(Zəriyət surəsi, 57)
- Şübhəsiz ki, ruzi verən, qüvvət sahibi və mətin olan Allahdır!
(Zəriyət surəsi, 58)
- Həqiqətən, zülm edənləri də (keçmiş) yoldaşları kimi əzab qisməti gözləyir. Buna görə də onlar Məni tələsdirməsinlər.
(Zəriyət surəsi, 59)
- Onlara vəd olunan günlərinə görə vay inkar edənlərin halına!
(Zəriyət surəsi, 60)