Qaf surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qaf! Şərəfli Qurana and olsun!
(Qaf surəsi, 1)
- Xeyr! Onlar içlərindən özlərini xəbərdar edən bir elçi gəldiyinə təəccüb etdilər və inkar edən olanlar dedilər: “Bu, çox təəccüblü bir şeydir!
(Qaf surəsi, 2)
- Biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyikmi)? Bu, həqiqətdən uzaq (qeyri-mümkün) bir dönüşdür”.
(Qaf surəsi, 3)
- Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.
(Qaf surəsi, 4)
- Xeyr! Onlara haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər.
(Qaf surəsi, 5)
- Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.
(Qaf surəsi, 6)
- Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
(Qaf surəsi, 7)
- Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
(Qaf surəsi, 8)
- Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik.
(Qaf surəsi, 9)
- Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.
(Qaf surəsi, 10)
- Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. Yenidən dirilmə də belə olacaqdır.
(Qaf surəsi, 11)
- Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (elçiləri) yalanlamışdı.
(Qaf surəsi, 12)
- Ad qövmü, Firon, Lutun qardaşları (qövmü),
(Qaf surəsi, 13)
- Eykə əhli və Tübbə qövmü də! Bunların hamısı elçiləri yalanlamış və Mənim təhdidim (əzabım) gerçəkləşmişdi.
(Qaf surəsi, 14)
- Biz ilk dəfə yaratmaqdan aciz qaldıqmı?! Xeyr! Onlar yenidən yaratma barəsində şübhə içindədirlər.
(Qaf surəsi, 15)
- Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.
(Qaf surəsi, 16)
- Onun sağında və solunda iki mələk oturaraq əməllərini yazır.
(Qaf surəsi, 17)
- O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar).
(Qaf surəsi, 18)
- (Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir.
(Qaf surəsi, 19)
- Sura üfürüləcəkdir. Bu, vəd olunmuş gündür.
(Qaf surəsi, 20)
- (Artıq) Hər nəfs bir sürücü və bir şahidlə gəlmişdir.
(Qaf surəsi, 21)
- Həqiqətən, sən bundan qafil idin. İndi səndən pərdəni götürdük. Bu gün gözün çox yaxşı görür.
(Qaf surəsi, 22)
- Onun yanındakı yoldaşı (mələk): “Bu yanımdakı hazırdır!” - deyəcəkdir.
(Qaf surəsi, 23)
- (Mələklərə belə əmr veriləcək:) Hər inadkar inkar edəni cəhənnəmə atın!
(Qaf surəsi, 24)
- Xeyrə mane olanı, həddi aşanı və (haqdan) şübhə edəni də!
(Qaf surəsi, 25)
- O, Allahla yanaşı özünə başqa bir ilah qəbul etmişdi. Buna görə də onu şiddətli əzabın içinə atın!”
(Qaf surəsi, 26)
- Onun yoldaşı (şeytan): “Ey Rəbbimiz! Onu mən azdırmadım. O özü (haqdan) uzaq bir azğınlıq içində idi”, - deyəcəkdir.
(Qaf surəsi, 27)
- Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
(Qaf surəsi, 28)
- Mənim hüzurumda söz dəyişdirilməz və Mən bəndələrə zülm edən deyiləm!”
(Qaf surəsi, 29)
- O gün cəhənnəmə: “Dolmusanmı?” - deyə sual verəcəyik. O da: “Yenə varmı?” - deyə cavab verəcəkdir.
(Qaf surəsi, 30)
- Cənnət isə müttəqilərə yaxınlaşdırılmışdır, uzaq deyildir.
(Qaf surəsi, 31)
- Bu, sizə vəd olunandır! Cənnət daima Allaha yönələn, özünü (günahlardan) qoruyan,
(Qaf surəsi, 32)
- Görmədiyi halda Rəhman olan Allahdan qorxan və Allaha yönələn bir qəlblə gələn kimsə üçündür.
(Qaf surəsi, 33)
- Əmin-amanlıq içində ora daxil olun! Bu, əbədiyyət günüdür.
(Qaf surəsi, 34)
- Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var.
(Qaf surəsi, 35)
- Biz onlardan əvvəl özlərindən daha güclü olan və ölkələri gəzib dolaşan neçə-neçə nəsilləri məhv etdik. (Əzabdan) qurtuluş varmı?!”
(Qaf surəsi, 36)
- Həqiqətən, bunda, ağıl sahibi və gəlib diqqətlə qulaq asan kimsə üçün öyüd vardır.
(Qaf surəsi, 37)
- Həqiqətən, Biz göyləri, yeri və onların arasındakıları altı gündə yaratdıq və Biz heç bir yorğunluq hiss etmədik.
(Qaf surəsi, 38)
- Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et!
(Qaf surəsi, 39)
- Gecənin bir vaxtında və səcdələrdən sonra Onu təsbeh et!
(Qaf surəsi, 40)
- Dinlə! Carçının yaxın bir yerdən səslənəcəyi gün -
(Qaf surəsi, 41)
- O gün onlar qorxunc səsi eşidəcəklər. O, (ortaya) çıxış günüdür.
(Qaf surəsi, 42)
- Həqiqətən, dirildən də, öldürən də Bizik. Axır dönüş Bizədir.
(Qaf surəsi, 43)
- O gün yer üzü onlar üçün yarılıb açılar və sürətlə qaçarlar. Onları bir yerə yığmaq Bizim üçün çox asandır.
(Qaf surəsi, 44)
- Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman etmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!
(Qaf surəsi, 45)