Taha surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ta, Ha!
(Taha surəsi, 1)
- Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik!
(Taha surəsi, 2)
- Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).
(Taha surəsi, 3)
- O (Quran), yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur.
(Taha surəsi, 4)
- Rəhman (olan Allah) Ərşə istiva etdi (Ərşi hökmü altına aldı).
(Taha surəsi, 5)
- Göylərdə və yerdə olanlar, o ikisinin arasındakılar və torpağın altındakıların hamısı Onundur.
(Taha surəsi, 6)
- Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi yoxdur). Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir.
(Taha surəsi, 7)
- Allahdan başqa heç bir ilah yoxdur! Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur!
(Taha surəsi, 8)
- Musanın əhvalatı sənə gəlib çatdımı?
(Taha surəsi, 9)
- Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: “Siz (burada) qalın! Mən bir alov gördüm. Bəlkə, mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam”.
(Taha surəsi, 10)
- Musa ora gəlib çatan zaman ona belə bir nida gəldi: “Ey Musa!
(Taha surəsi, 11)
- Həqiqətən, Mən sənin Rəbbinəm. Dərhal çarıqlarını çıxart. Çünki sən müqəddəs vadi olan Tuvadasan!
(Taha surəsi, 12)
- Mən səni seçdim. Ona görə də vəhyə qulaq as!
(Taha surəsi, 13)
- Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!
(Taha surəsi, 14)
- O Saat mütləq gələcəkdir! Hər kəs etdiklərinin əvəzini alsın deyə az qalsın onu (n vaxtını) gizlədirəm.
(Taha surəsi, 15)
- Ona (axirətə) inanmayan və nəfsinin arzularına uyan kimsə səni əsla (ona inanmaqdan) yayındırmasın! Yoxsa məhv olarsan!
(Taha surəsi, 16)
- Sağ əlindəki nədir, ey Musa?”
(Taha surəsi, 17)
- Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”.
(Taha surəsi, 18)
- Allah dedi: “Ey Musa! Onu (əsanı) at!”
(Taha surəsi, 19)
- Musa dərhal onu atdı. Bir də gördü ki, o, sürətlə sürünən bir ilan oldu.
(Taha surəsi, 20)
- Allah buyurdu: “Qorxma, götür onu! Biz onu əvvəlki şəklinə salacağıq.
(Taha surəsi, 21)
- Bir də, əlini qoltuğunun altına sal ki, başqa bir möcüzə olaraq (əlin) qüsursuz bir şəkildə ağappaq çıxsın!
(Taha surəsi, 22)
- Ən böyük möcüzələrimizdən bəzilərini sənə göstərmək məqsədilə (bunları etdik).
(Taha surəsi, 23)
- Fironun yanına get! Həqiqətən, o, həddini aşmışdır”.
(Taha surəsi, 24)
- Musa dedi: “Ey Rəbbim, qəlbimi genişlət!
(Taha surəsi, 25)
- İşimi asanlaşdır!
(Taha surəsi, 26)
- Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,
(Taha surəsi, 27)
- Sözümü başa düşsünlər!
(Taha surəsi, 28)
- Ailəmdən də mənə bir köməkçi ver -
(Taha surəsi, 29)
- Qardaşım Harunu!
(Taha surəsi, 30)
- Onunla arxamı möhkəmləndir!
(Taha surəsi, 31)
- Onu işimə ortaq et ki,
(Taha surəsi, 32)
- Səni çox təsbeh edək (şəninə təriflər deyək).
(Taha surəsi, 33)
- Və Səni çox zikr edək.
(Taha surəsi, 34)
- Şübhəsiz ki, Sən bizi görürsən”.
(Taha surəsi, 35)
- Allah dedi: “İstədiklərin sənə verilmişdir, ey Musa!
(Taha surəsi, 36)
- Şübhəsiz ki, sənə bir dəfə də nemət vermişdik.
(Taha surəsi, 37)
- Bir zaman anana belə vəhy etmişdik:
(Taha surəsi, 38)
- “Onu (Musanı) bir sandığa qoyub suya burax ki, su onu sahilə çıxartsın, beləliklə Mənim və onun düşməni olan (Firon) onu götürsün. (Ey Musa!) gözümün qabağında boya-başa çatasan deyə sənə Özümdən bir sevgi yönəltdim.”
(Taha surəsi, 39)
- (Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
(Taha surəsi, 40)
- Mən səni Özüm üçün (elçi) seçdim.
(Taha surəsi, 41)
- Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə səhlənkar olmayın!
(Taha surəsi, 42)
- Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır.
(Taha surəsi, 43)
- Onunla yumşaq danışın! Ola bilsin ki, öyüd alar, yaxud qorxar”.
(Taha surəsi, 44)
- Onlar (Musa və Harun) belə dedilər: “Ey Rəbbimiz! Doğrusu biz, onun bizə sərt davranacağından, yaxud həddini aşıb azğınlaşacağından qorxuruq”.
(Taha surəsi, 45)
- Allah buyurdu: “Qorxmayın! Şübhəsiz ki, Mən sizinləyəm. Hər şeyi eşidir və görürəm.
(Taha surəsi, 46)
- Onun yanına gedib belə deyin: “Biz sənin Rəbbinin elçiləriyik. Ona görə də İsrail oğullarını bizimlə göndər və onlara əziyyət etmə! Biz sənə Rəbbindən bir dəlil gətirmişik. Haqq yola uyanlara salam olsun!
(Taha surəsi, 47)
- Şübhəsiz, bizə: “(Elçiləri) yalanlayıb haqq yoldan üz çevirənlərə əzab veriləcəkdir!” - deyə vəhy olunmuşdur.
(Taha surəsi, 48)
- (Firon) dedi: “Bəs sizin Rəbbiniz kimdir, ey Musa?”
(Taha surəsi, 49)
- Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”.
(Taha surəsi, 50)
- (Firon:) “Elə isə bəs əvvəlki millətlərin halı necə olacaq?” - dedi.
(Taha surəsi, 51)
- Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!”
(Taha surəsi, 52)
- O (Rəbb) ki, yer üzünü sizin üçün beşik etdi, orada sizin üçün yollar saldı və göydən su endirdi. Onunla da (yerdən) müxtəlif növ bitkilərdən cüt-cüt çıxartdıq.
(Taha surəsi, 53)
- (Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün (Allahın qüdrətini göstərən) işarələr vardır.
(Taha surəsi, 54)
- Sizi ondan (torpaqdan) yaratdıq. Sizi yenə ora qaytaracaq və (axirətdə) təkrar oradan çıxardacağıq.
(Taha surəsi, 55)
- Həqiqətən, Biz bütün möcüzələrimizi ona (Firona) göstərdik. Ancaq o yalanladı və rədd etdi.
(Taha surəsi, 56)
- (Firon) belə dedi: “Ey Musa! Etdiyin sehrlə bizi yurdumuzdan çıxartmaq üçün gəldin?
(Taha surəsi, 57)
- Elə isə mütləq sənə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bizim də, sənin də etiraz etməyəcəyin münasib bir məkan və vaxt təyin et!”
(Taha surəsi, 58)
- Musa dedi: “Sizinlə görüş vaxtımız bayram günü, insanların toplaşacağı səhər vaxtıdır”.
(Taha surəsi, 59)
- Bu zaman Firon dönüb getdi və öz hiyləgərlik vasitələrini (sehrbazlarını) topladıqdan sonra gəldi.
(Taha surəsi, 60)
- Musa onlara dedi: “Vay halınıza! Yalandan Allaha iftira yaxmayın! Yoxsa O sizi əzabla məhv edər. İftira yaxan kimsə zərərə uğramışdır”.
(Taha surəsi, 61)
- Beləcə, onlar öz aralarında işlərini müzakirə etdilər və gizli-gizli pıçıldaşdılar.
(Taha surəsi, 62)
- (Sehrbazlar) dedilər: “Həqiqətən, bu ikisi sehrləri vasitəsilə sizi yurdunuzdan çıxartmaq və sizin nümunəvi yolunuzu yox etmək istəyən sehrbazlardır.
(Taha surəsi, 63)
- Ona görə də hiyləgərlik vasitələrinizi cəmləşdirin, sonra da sıra ilə gəlin. Bu gün qalib gələn qurtulacaqdır!”
(Taha surəsi, 64)
- (Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən at, ya da əvvəlcə biz ataq”.
(Taha surəsi, 65)
- Musa: “Xeyr, siz atın!” - dedi. Bu zaman onların sehri nəticəsində ona elə gəldi ki, onların ipləri və çomaqları (ilan kimi) sürünür.
(Taha surəsi, 66)
- Buna görə də Musa daxilən qorxu hiss etdi.
(Taha surəsi, 67)
- Biz dedik: “Qorxma! Sən mütləq qalib gələcəksən!
(Taha surəsi, 68)
- Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!”
(Taha surəsi, 69)
- Bu zaman sehrbazlar səcdəyə qapanıb: “Biz Harunun və Musanın Rəbbinə iman etdik!” - dedilər.
(Taha surəsi, 70)
- (Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman etdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”
(Taha surəsi, 71)
- Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən.
(Taha surəsi, 72)
- Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman etdik. Allah daha xeyirlidir və əbədidir!”
(Taha surəsi, 73)
- Şübhəsiz ki, kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, onun üçün cəhənnəm vardır. O, orada nə ölər, nə də yaşayar.
(Taha surəsi, 74)
- Kim də yaxşı əməllər etmiş bir mömin olaraq Onun hüzuruna gələrsə, onlar üçün ən yüksək dərəcələr vardır.
(Taha surəsi, 75)
- İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri! Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.
(Taha surəsi, 76)
- Şübhəsiz ki, Biz Musaya: “Bəndələrimlə birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik.
(Taha surəsi, 77)
- Buna görə də Firon ordusu ilə onları təqib etdi. Beləcə, dəniz onları büsbütün suya qərq etdi.
(Taha surəsi, 78)
- Firon öz qövmünü azdırdı və doğru yola yönəltmədi.
(Taha surəsi, 79)
- Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası və bildirçin əti endirdik.
(Taha surəsi, 80)
- Sizə verdiyimiz ruzilərin təmiz olanlarından (halalından) yeyin! Lakin bu barədə nankorluq etməyin! Yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə, şübhəsiz ki, məhv olmuşdur.
(Taha surəsi, 81)
- Həqiqətən, Mən tövbə edib iman edən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam!
(Taha surəsi, 82)
- (Allah buyurdu:) “Ey Musa! Səni öz qövmündən ayrılmaq üçün tələsməyə vadar edən nədir?”
(Taha surəsi, 83)
- Musa dedi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Razı qalasan deyə Sənin hüzuruna tələsərək gəldim”.
(Taha surəsi, 84)
- Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı.
(Taha surəsi, 85)
- Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”
(Taha surəsi, 86)
- Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri də atdı”.
(Taha surəsi, 87)
- (Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”.
(Taha surəsi, 88)
- Bəs onlar (buzovun) cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürlərmi?!
(Taha surəsi, 89)
- Həqiqətən, Harun daha əvvəl onlara: “Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.
(Taha surəsi, 90)
- Onlar: “Musa yanımıza qayıdana qədər ona (buzova) sitayiş etməkdən əsla əl çəkməyəcəyik!” - dedilər.
(Taha surəsi, 91)
- (Musa qayıtdıqda) dedi: “Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
(Taha surəsi, 92)
- Mənim yolumdan getmədin? Sən mənim əmrimə qarşı çıxdın?”
(Taha surəsi, 93)
- (Harun) dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı burax! Sənin: “İsrail oğullarının arasına ayrılıq saldın və mənim dediklərimə riayət etmədin!” - deməyindən qorxdum.
(Taha surəsi, 94)
- (Musa) dedi: “Ey Samiri! Sənin məqsədin nədir?”
(Taha surəsi, 95)
- (Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.
(Taha surəsi, 96)
- (Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü də səni gözləyir. Sitayiş etdiyin ilahına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.
(Taha surəsi, 97)
- Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.
(Taha surəsi, 98)
- Beləcə, keçmişdəkilərin xəbərlərindən bir qismini sənə nəql edirik. Sənə Öz tərəfimizdən bir Zikr (Quran) vermişik.
(Taha surəsi, 99)
- Kim ondan üz çevirərsə, şübhəsiz ki, o, qiyamət günü ağır bir günahı yüklənəcəkdir.
(Taha surəsi, 100)
- Əbədi olaraq onun (əzabın) içində qalacaqlar. Qiyamət günü bu, onlar üçün necə də pis bir yükdür!
(Taha surəsi, 101)
- Sura üfürüləcəyi gün günahkarları (gözləri qorxudan) göm-göy olmuş halda bir yerə yığacağıq.
(Taha surəsi, 102)
- Onlar öz aralarında pıçıldaşaraq bir-birinə: “(Dünyada) yalnız on gün qaldınız!” - deyəcəklər.
(Taha surəsi, 103)
- Biz onların nə danışdıqlarını daha yaxşı bilirik. Onların ən ağıllısı: “Yalnız bir gün qaldınız!” - deyəcək.
(Taha surəsi, 104)
- (Ey elçi!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır.
(Taha surəsi, 105)
- Beləcə, oranı dümdüz edəcəkdir.
(Taha surəsi, 106)
- Orada nə bir eniş, nə də bir yoxuş görə bilərsən”.
(Taha surəsi, 107)
- O gün onlar hər hansı bir tərəfə yönəlmədən dəvətçiyə (İsrafilə) uyacaqlar. Rəhman (olan Allahın) hüzurunda bütün səslər kəsiləcəkdir. Buna görə də pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
(Taha surəsi, 108)
- O gün Rəhmanın izin verdiyi və söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir.
(Taha surəsi, 109)
- Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu qavraya bilməz.
(Taha surəsi, 110)
- Bütün üzlər (insanlar) əzəli, əbədi və hər şeyə hakim olan Allahın hüzurunda yerə baş əymiş, zülmlə (şirklə) yüklənən kimsə isə ziyana düşmüşdür.
(Taha surəsi, 111)
- Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar.
(Taha surəsi, 112)
- Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
(Taha surəsi, 113)
- Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.
(Taha surəsi, 114)
- Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik.
(Taha surəsi, 115)
- Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
(Taha surəsi, 116)
- Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)
- Şübhəsiz ki, sən burada nə aclıq çəkir, nə də çılpaq qalırsan.
(Taha surəsi, 118)
- Sən burada nə susuzluq hiss edir, nə də istilikdən əziyyət çəkirsən”.
(Taha surəsi, 119)
- Ancaq şeytan ona vəsvəsə verərək belə dedi: “Ey Adəm! Sənə əbədilik ağacını və sonsuz bir səltənəti göstərimmi?
(Taha surəsi, 120)
- Beləcə, ondan yedilər və buna görə də ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub doğru yoldan azdı.
(Taha surəsi, 121)
- Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və doğru yola yönəltdi.
(Taha surəsi, 122)
- (Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
(Taha surəsi, 123)
- Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.
(Taha surəsi, 124)
- (Kor olaraq həşr olunan kəs) belə deyəcək: “Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən (dünyada ikən) görürdüm”.
(Taha surəsi, 125)
- Allah deyəcək: “Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən də bu gün eyni şəkildə unudulursan”.
(Taha surəsi, 126)
- Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.
(Taha surəsi, 127)
- Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Halbuki özləri onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün ibrətlər vardır.
(Taha surəsi, 128)
- Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı.
(Taha surəsi, 129)
- Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan!
(Taha surəsi, 130)
- Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)
- Ailənə namaz qılmağı buyur! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət təqva əhlinindir.
(Taha surəsi, 132)
- Onlar: “(Məhəmməd) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?!
(Taha surəsi, 133)
- Əgər Biz bundan (Quran gəlmədən) əvvəl bir əzabla onları məhv etsəydik, əlbəttə, belə deyəcəkdilər: “Ey Rəbbimiz! Bizə bir elçi göndərməli deyildinmi? Beləcə, biz də zəlil və rüsvay olmadan əvvəl Sənin ayələrinə uyardıq”.
(Taha surəsi, 134)
- De ki: “Hamı gözləyir. Siz də gözləyin! Kimlərin doğru yol sahibi olduğunu və kimlərin haqq yolda olduğunu yaxında biləcəksiniz”.
(Taha surəsi, 135)