Rad surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır. Lakin insanların çoxu iman etməz.
(Rad surəsi, 1)
- Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra ərşə istiva edən (dünya və axirət işlərini nizamlayan), günəşə və aya boyun əydirən Allahdır. (Onların) hər biri müəyyən vaxta qədər dövr edir. O, işləri belə tənzimləyir. Ayələri müfəssəl izah edir ki, bəlkə Rəbbinizə qovuşacağınıza qəti şəkildə iman edəsiniz.
(Rad surəsi, 2)
- Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Rad surəsi, 3)
- Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır.
(Rad surəsi, 4)
- (Ey Rəsulum!) Əgər (inkar edənlərə) təəccüblənirsənsə, (bil ki,) əslində təəccüblü olan onların “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” sözüdür. Onlar Rəbbini inkar edənlərdir. (Axirət günü) onların boyunlarına zəncir vurulacaq. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Rad surəsi, 5)
- (Müşriklər) səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi (əzabın gəlməsini) istəyirlər. Halbuki onlardan öncə də bunun bənzərləri baş vermişdi. Həqiqətən, Rəbbin, zülm etmələrinə rəğmən insanlara qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası şiddətlidir.
(Rad surəsi, 6)
- İnkar edənlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. Sən yalnız xəbərdar edənsən. Hər qövmün doğru yolu göstərən bir rəhbəri vardır.
(Rad surəsi, 7)
- Hər bir dişinin nəyə hamilə qaldığını və bətnlərin nəyi əskildib, nəyi artırdığını (körpənin vaxtından əvvəl və ya vaxtından gec doğulacağını) Allah bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir.
(Rad surəsi, 8)
- Allah qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır!
(Rad surəsi, 9)
- Sizdən sözünü gizlədən də, onu açıqdan deyən də, gecə gizlənən də, gündüz gəzib dolaşan da (Allah üçün) eynidir.
(Rad surəsi, 10)
- Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar (həfəzə mələkləri) vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur.
(Rad surəsi, 11)
- Sizi qorxutmaq məqsədilə və (yağışı) ümid edəsiniz deyə, şimşəyi göstərən və ağır buludları meydana gətirən Odur.
(Rad surəsi, 12)
- Göy gurultusu həmd edərək Onu təsbeh edir (şəninə təriflər deyir). Mələklər də Onun qorxusundan (həmd edərək Onu təsbeh edirlər). Onlar Allah barəsində mübahisə edərkən O, ildırımları göndərərək dilədiyi kimsəni onunla müsibətə düçar edər. Onun cəzası şiddətlidir.
(Rad surəsi, 13)
- Həqiqi dua yalnız Ona edilər. Ondan başqa dua etdikləri, onların duasını heç cür qəbul edə bilməz. Onların halı ağzına su gəlsin deyə iki ovcunu suya açan, ancaq suyun gəlib çatmadığı kimsənin halına bənzəyir. İnkar edənlərin duası ancaq zəlalətdədir (düzgün istiqamətə yönəlməmişdir).
(Rad surəsi, 14)
- Göylərdə və yerdə olanlar da, onların kölgələri də gecə-gündüz istər-istəməz Allaha səcdə edirlər.
(Rad surəsi, 15)
- De: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənləri (bütləri) dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular və onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”.
(Rad surəsi, 16)
- Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir.
(Rad surəsi, 17)
- Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl (mükafat) vardır. Onun dəvətini qəbul etməyənlərə gəldikdə, yer üzündəki hər şey və bir o qədəri də onların olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq onu fidyə verərdilər. Onların haqq-hesabı çox pis (çətin) olacaqdır. Onların sığınacaqları yer cəhənnəmdir. Ora necə də pis bir yerdir!
(Rad surəsi, 18)
- Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilənlə (qəlb gözü) kor olan eyni olarmı? Yalnız təmiz ağıl sahibləri (bundan) ibrət götürərlər.
(Rad surəsi, 19)
- Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir.
(Rad surəsi, 20)
- Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər, Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar.
(Rad surəsi, 21)
- Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır.
(Rad surəsi, 22)
- (Bu gözəl aqibət) onların, eləcə də atalarından, zövcələrindən və övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər də hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
(Rad surəsi, 23)
- “Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!”
(Rad surəsi, 24)
- Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır.
(Rad surəsi, 25)
- Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)
- İnkar edənlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. De ki: “Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, Ona yönələn kimsəni də hidayətə (İslama) çatdırar”.
(Rad surəsi, 27)
- Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.
(Rad surəsi, 28)
- İman edib saleh əməl işləyənlərin xoş halına! Onlar üçün gözəl bir qayıdış yeri (cənnət) vardır.
(Rad surəsi, 29)
- (Ey elçi!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə elçi göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı) onlara oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm də Onadır!”
(Rad surəsi, 30)
- Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman etməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə inkar edənlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
(Rad surəsi, 31)
- Həqiqətən, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Beləcə, inkar edənlərə möhlət verdim, sonra da onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Rad surəsi, 32)
- Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, inkar edənlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz.
(Rad surəsi, 33)
- Onlar üçün dünya həyatında əzab vardır. Axirət əzabı isə daha şiddətlidir. Onları Allahdan (Onun əzabından) heç kim qoruya bilməz.
(Rad surəsi, 34)
- Müttəqilərə vəd edilən cənnətin təsviri (belədir); (ağacları) altından çaylar axar, meyvələri və kölgələri daimidir. Təqva sahiblərinin aqibəti budur. İnkar edənlərin aqibəti isə cəhənnəmdir.
(Rad surəsi, 35)
- Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!”
(Rad surəsi, 36)
- Beləliklə, Biz onu ərəbcə bir hökm (qanun) olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allaha qarşı nə himayə edən, nə də qoruyan olar.
(Rad surəsi, 37)
- Şübhəsiz, Biz səndən əvvəl də elçilər göndərdik. Onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır.
(Rad surəsi, 38)
- Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır.
(Rad surəsi, 39)
- Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, yaxud (ondan əvvəl) səni öldürsək də bil ki, sənin vəzifən ancaq (Allahın dinini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.
(Rad surəsi, 40)
- Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir.
(Rad surəsi, 41)
- Onlardan əvvəlkilər də (elçilərə) hiylə qurmuşdular. Bütün hiylələr Allaha məxsusdur (Allah onların hiylələrini puça çıxarar). O, hər kəsin nə qazandığını bilir. İnkar edənlər də, (dünya) yurdunun (gözəl) aqibətinin kimin olacağını biləcəklər.
(Rad surəsi, 42)
- İnkar edənlər: “Sən elçi deyilsən”, - deyirlər. De ki: “Allah və Kitabı bilənlər (müsəlman olmuş yəhudi və xristianlar) mənimlə sizin aranızda şahid olaraq kifayətdir”.
(Rad surəsi, 43)