Əbəsə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O qaşqabağını töküb üzünü çevirdi,
(Əbəsə surəsi, 1)
- Kor adam yanına gəldiyinə görə.
(Əbəsə surəsi, 2)
- Sən haradan bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi.
(Əbəsə surəsi, 3)
- Yaxud öyüd alacaq və bu öyüd ona fayda verəcəkdi.
(Əbəsə surəsi, 4)
- Ancaq (öyüd-nəsihətə) ehtiyac duymayana gəldikdə,
(Əbəsə surəsi, 5)
- Sən ona yönəlirsən.
(Əbəsə surəsi, 6)
- Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən.
(Əbəsə surəsi, 7)
- Sənin yanına qaça-qaça gələn,
(Əbəsə surəsi, 8)
- (Allahdan) qorxan kimsəyə gəldikdə,
(Əbəsə surəsi, 9)
- Sən onunla maraqlanmırsan.
(Əbəsə surəsi, 10)
- Xeyr! Həqiqətən, bu (Quran) bir öyüddür.
(Əbəsə surəsi, 11)
- İstəyən hər kəs ondan öyüd alar.
(Əbəsə surəsi, 12)
- O (Quran) çox şərəfli səhifələrdədir,
(Əbəsə surəsi, 13)
- Yüksək, pak (səhifələrdə)!
(Əbəsə surəsi, 14)
- O, katiblərin (mələklərin) əllərindədir,
(Əbəsə surəsi, 15)
- Şərəfli və itaətkar (mələklərin əllərində)!
(Əbəsə surəsi, 16)
- Ölsün (inkar edən) insan! O necə də nankordur!
(Əbəsə surəsi, 17)
- Allah onu nədən yaratdı?!
(Əbəsə surəsi, 18)
- Onu nütfədən yaratdı və ona nizam verdi.
(Əbəsə surəsi, 19)
- Sonra onun üçün yolu asanlaşdırdı.
(Əbəsə surəsi, 20)
- Sonra onun canını aldı və onu qəbrə qoydu.
(Əbəsə surəsi, 21)
- Sonra istədiyi vaxt onu dirildəcəkdir.
(Əbəsə surəsi, 22)
- Xeyr! O, Allahın əmrini hələ yerinə yetirməyib.
(Əbəsə surəsi, 23)
- Elə isə insan yediklərinə bir nəzər salsın!
(Əbəsə surəsi, 24)
- Şübhəsiz ki, Biz (göydən) bol-bol su endirdik.
(Əbəsə surəsi, 25)
- Sonra yeri çat-çat yardıq.
(Əbəsə surəsi, 26)
- Beləcə orada dənli bitkilər bitirdik.
(Əbəsə surəsi, 27)
- Üzüm, yonca,
(Əbəsə surəsi, 28)
- Zeytun, xurma,
(Əbəsə surəsi, 29)
- Sıx ağaclı bağlar,
(Əbəsə surəsi, 30)
- Meyvələr və otlar bitirdik.
(Əbəsə surəsi, 31)
- Bunlar həm sizin, həm də heyvanlarınızın faydalanması üçündür.
(Əbəsə surəsi, 32)
- Qulaqları kar edən (surun ikinci dəfə çalınma vaxtı) gəldiyi zaman,
(Əbəsə surəsi, 33)
- O gün insan qaçacaq öz qardaşından,
(Əbəsə surəsi, 34)
- Anasından, atasından,
(Əbəsə surəsi, 35)
- Zövcəsindən və övladlarından.
(Əbəsə surəsi, 36)
- O gün onlardan hər birinin yetərincə işi olacaq.
(Əbəsə surəsi, 37)
- O gün elə üzlər vardır ki, parlayacaq,
(Əbəsə surəsi, 38)
- Güləcək və sevinəcəkdir.
(Əbəsə surəsi, 39)
- O gün elə üzlər də vardır ki, toz-torpağa bulanacaq.
(Əbəsə surəsi, 40)
- Onları qaranlıq bürüyəcək.
(Əbəsə surəsi, 41)
- Onlar inkar edənlər və günahkarlardır.
(Əbəsə surəsi, 42)