Furqan surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Aləmləri xəbərdar etsin deyə Furqanı (Quranı) Öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah çox ucadır!
(Furqan surəsi, 1)
- O Allah ki, göylərin və yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onlara müəyyən ölçü və nizam vermişdir.
(Furqan surəsi, 2)
- (İnkar edənlər) Allahı qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılmış olan, özlərinə belə nə zərər, nə də xeyir verə bilən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları ilah qəbul etdilər.
(Furqan surəsi, 3)
- İnkar edənlər: “Bu (Quran), onun (Məhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.
(Furqan surəsi, 4)
- Onlar: “(Quran, Məhəmmədin) başqalarına yazdırdığı əvvəlkilərin əfsanələridir. O, səhər-axşam özünə oxunur”, - dedilər.
(Furqan surəsi, 5)
- De: “Onu göylərin və yerin sirrini bilən Allah nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir”.
(Furqan surəsi, 6)
- Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
(Furqan surəsi, 7)
- Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.
(Furqan surəsi, 8)
- (Ey elçi!) Sənin barəndə bax necə misallar çəkdilər! Onlar artıq (haqq yoldan) azmışlar və (haqqa gedən) yolu tapa bilməzlər.
(Furqan surəsi, 9)
- İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın şanı çox ucadır!
(Furqan surəsi, 10)
- Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Furqan surəsi, 11)
- (Cəhənnəm) onları uzaqdan gördüyü zaman (inkar edənlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər.
(Furqan surəsi, 12)
- Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.
(Furqan surəsi, 13)
- (Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!”
(Furqan surəsi, 14)
- De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”.
(Furqan surəsi, 15)
- Onlar üçün orada istədikləri hər şey vardır və onlar orada əbədi qalacaqlar. Bu, Rəbbinin öhdəsinə götürdüyü və Ondan istənilən bir vəddir.
(Furqan surəsi, 16)
- O gün Rəbbin onları və Allahdan başqa ibadət etdiklərini bir yerə yığacaq və: “Mənim bu bəndələrimi sizmi haqq yoldan azdırdınız, yoxsa özləri azdılar?” - deyəcəkdir.
(Furqan surəsi, 17)
- Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
(Furqan surəsi, 18)
- (Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq nə əzabı sovuşdura bilər, nə də yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”
(Furqan surəsi, 19)
- (Ey elçi!) Səndən əvvəl göndərdiyimiz elçilər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
(Furqan surəsi, 20)
- Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
(Furqan surəsi, 21)
- Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
(Furqan surəsi, 22)
- Biz onların etdiyi hər bir (yaxşı) əmələ nəzər salar və onu səpələnmiş zərrələrə çevirərik (puç edərik).
(Furqan surəsi, 23)
- O gün cənnət əhlinin qalacağı yer (inkar edənlərin dünyadakı yerindən) daha yaxşı, istirahət edəcəyi yer də daha gözəldir.
(Furqan surəsi, 24)
- O gün göy ağ buludlarla yarılacaq və mələklər bölük-bölük endiriləcəkdir.
(Furqan surəsi, 25)
- O gün gerçək hökmranlıq Rəhmana məxsusdur. İnkar edənlər üçün isə çətin bir gün olacaqdır.
(Furqan surəsi, 26)
- O gün zalım kimsə (peşmançılıqdan) əllərini dişləyərək belə deyəcəkdir: “Kaş mən elçinin yolunu tutaydım.
(Furqan surəsi, 27)
- Vay halıma! Kaş (batil yolda olan) filankəsi özümə dost tutmayaydım.
(Furqan surəsi, 28)
- Həqiqətən, Zikr (Quran) mənə gəldikdən sonra o məni azdırdı”. Şeytan insanı (fəlakətə apardıqdan sonra orada) tənha qoyar.
(Furqan surəsi, 29)
- Elçi dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”.
(Furqan surəsi, 30)
- (Ey elçi!) Beləcə, Biz hər bir elçi üçün günahkarlardan düşmənlər peyda etdik. Haqq yolu göstərən və yardımçı kimi Rəbbin yetər!
(Furqan surəsi, 31)
- İnkar edənlər isə: “Quran ona bütöv nazil edilməli deyildimi?” - dedilər. Biz onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə etdik və onu hissə-hissə oxuduq (vəhy etdik).
(Furqan surəsi, 32)
- Onların sənə çəkdiyi elə bir məsəl yoxdur ki, Biz sənə (onun) doğru olanını və daha yaxşı izahını gətirməyək.
(Furqan surəsi, 33)
- Üzü üstə (sürülüb) cəhənnəmə toplanacaq kəslər - onlar yeri ən pis olan və haqq yoldan ən çox azanlardır.
(Furqan surəsi, 34)
- Şübhəsiz ki, Musaya Kitabı verdik. Qardaşı Harunu da ona yardımçı təyin etdik.
(Furqan surəsi, 35)
- Beləcə, (onlara) dedik: “Ayələrimizi yalanlayan qövmün yanına gedin!” Nəhayət, onları tamamilə məhv etdik.
(Furqan surəsi, 36)
- Nuh qövmünə gəldikdə, elçiləri yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ibrət etdik. Zalımlar üçün acı bir əzab hazırlamışıq.
(Furqan surəsi, 37)
- Ad qövmünü, Səmud qövmünü, Rəss əhlini və bunların arasında olan bir çox nəsilləri də (küfrləri səbəbilə məhv etdik).
(Furqan surəsi, 38)
- Onların hər birinə misallar çəkdik və (inkar etdiklərinə görə) hamısını yerlə yeksan etdik.
(Furqan surəsi, 39)
- Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər.
(Furqan surəsi, 40)
- Səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyirlər): “Allahın elçi göndərdiyi şəxs budurmu?!
(Furqan surəsi, 41)
- Əgər ilahlarımıza inanmaqda səbat göstərməsəydik, az qalsın o bizi onlardan uzaqlaşdırıb azdıracaqdı”. Onlar əzabı gördükləri zaman əslində kimin haqq yoldan azdığını biləcəklər.
(Furqan surəsi, 42)
- Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?
(Furqan surəsi, 43)
- Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
(Furqan surəsi, 44)
- Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik.
(Furqan surəsi, 45)
- Sonra onu (uzanan kölgəni) yavaş-yavaş Özümüzə çəkdik (qısaltdıq).
(Furqan surəsi, 46)
- Sizin üçün gecəni örtük, yuxunu istirahət vasitəsi, gündüzü də iş vaxtı edən Odur.
(Furqan surəsi, 47)
- Küləkləri mərhəmətinin önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,
(Furqan surəsi, 48)
- Ölü bir diyara onunla həyat verək, yaratdığımız bir çox heyvana və insana da ondan içirdək.
(Furqan surəsi, 49)
- Şübhəsiz ki, öyüd alsınlar deyə onların arasında onu (suyun əhəmiyyətini) müxtəlif şəkillərdə izah etdik. Lakin insanların çoxu nankorluq etdi.
(Furqan surəsi, 50)
- Əgər istəsəydik, hər bir məmləkətə bir xəbərdar edən elçi göndərərdik.
(Furqan surəsi, 51)
- Ona görə də inkar edənlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük bir mübarizə apar!
(Furqan surəsi, 52)
- İki dənizi qovuşduran Odur! Bu (dənizin suyu) şirin və susuzluğu yatırandır. Bu (dənizin suyu) isə duzlu və acıdır. Allah o ikisinin arasında (sularının bir-birinə qarışmaması üçün) bir maneə və keçilməz bir sədd yaratmışdır.
(Furqan surəsi, 53)
- İnsanı sudan yaradan, onu nəsillər və evlilik münasibətləri edən də Odur. Sənin Rəbbin Qüdrətlidir.
(Furqan surəsi, 54)
- Onlar isə Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilən şeylərə ibadət edirlər. İnkar edən Rəbbinə qarşı çıxanlara dayaq olur.
(Furqan surəsi, 55)
- Biz səni ancaq müjdə verən və xəbərdar edən olaraq göndərdik.
(Furqan surəsi, 56)
- De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm”.
(Furqan surəsi, 57)
- Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
(Furqan surəsi, 58)
- O, göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə istiva edən (hökmü altına alan) Rəhmandır. Bunu bir biləndən soruş!
(Furqan surəsi, 59)
- Onlara: “Rəhmana səcdə edin!” - deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyərlər. Bu, onların nifrətini daha da artırar.
(Furqan surəsi, 60)
- Göydə bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay xəlq edən Allah çox ucadır!
(Furqan surəsi, 61)
- Düşünüb ibrət almaq və ya şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur.
(Furqan surəsi, 62)
- Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər.
(Furqan surəsi, 63)
- Onlar gecəni də Rəbbi üçün səcdə və qiyamda (namaz qılaraq) keçirərlər.
(Furqan surəsi, 64)
- Və deyərlər: “Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz, onun əzabı daimidir.
(Furqan surəsi, 65)
- O, necə pis bir məskən və necə də pis bir yerdir!”
(Furqan surəsi, 66)
- Həmçinin (Allahın xalis bəndələri) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
(Furqan surəsi, 67)
- Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.
(Furqan surəsi, 68)
- Qiyamət günü onun əzabı qat-qat artırılar və orada (əzabın içində) alçaldılmış bir vəziyyətdə əbədi qalar.
(Furqan surəsi, 69)
- Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.
(Furqan surəsi, 70)
- Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər.
(Furqan surəsi, 71)
- Onlar yalan yerə şahidlik etməz və boş şeylərlə qarşılaşdıqları zaman vüqarlı bir şəkildə oradan keçib gedərlər.
(Furqan surəsi, 72)
- Onlara Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar və kor kimi davranmazlar.
(Furqan surəsi, 73)
- Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
(Furqan surəsi, 74)
- Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
(Furqan surəsi, 75)
- Onlar orada əbədi qalacaqlar. O nə gözəl məskən və iqamətgahdır!
(Furqan surəsi, 76)
- De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey inkar edənlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!”
(Furqan surəsi, 77)