Nur surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bu, nazil etdiyimiz və (hökmlərini sizə) fərz etdiyimiz bir surədir. Bəlkə düşünüb ibrət alasınız deyə onda açıq-aşkar ayələr nazil etdik.
(Nur surəsi, 1)
- Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun!
(Nur surəsi, 2)
- Zina edən bir kişi yalnız zina edən bir qadınla və ya müşrik bir qadınla evlənə bilər. Zina edən qadın da yalnız zina edənlə və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, möminlərə haram edilmişdir.
(Nur surəsi, 3)
- Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
(Nur surəsi, 4)
- Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 5)
- Zövcəsinə zina isnad edib, özlərindən başqa şahidləri olmayanlara gəldikdə, onlardan hər biri özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allah adına and içərək şahidlik etməlidir.
(Nur surəsi, 6)
- Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər o yalan söyləyənlərdəndirsə, Allahın lənəti onun öz üzərinə olsun.
(Nur surəsi, 7)
- Ərinin yalan söyləyənlərdən olduğuna dair qadının dörd dəfə Allah adına and içib şahidlik etməsi cəzanı ondan dəf edər.
(Nur surəsi, 8)
- Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər əri doğru söyləyənlərdəndirsə, Allahın lənəti öz üzərinə olsun!
(Nur surəsi, 9)
- Əgər Allahın sizə olan lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)?! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, hikmət sahibidir.
(Nur surəsi, 10)
- Həqiqətən, (elçinin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır.
(Nur surəsi, 11)
- Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlbində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” - desəydilər.
(Nur surəsi, 12)
- (İftiraçılar) bunun üçün dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahid gətirə bilmədilər, deməli, onlar Allah yanında əsil yalançılardır.
(Nur surəsi, 13)
- Əgər dünyada və axirətdə Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz, (iftira ilə bağlı) dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
(Nur surəsi, 14)
- Çünki siz onu (iftiranı) dilə gətirir, bilmədiyiniz şeyləri danışır və bunun əhəmiyyətsiz olduğunu zənn edirdiniz. Halbuki o, Allah dərgahında böyük günahdır.
(Nur surəsi, 15)
- Onu eşitdiyiniz zaman: “Bu barədə danışmaq bizə yaraşmaz. Sən pak və müqəddəssən (Allahım! Bu ola bilməz!) Bu, böyük bir böhtandır!” - deməli deyildinizmi?
(Nur surəsi, 16)
- Əgər iman etmisinizsə, Allah sizə bir daha belə şeylər etməməyi tövsiyə edir.
(Nur surəsi, 17)
- Allah sizin üçün ayələri bəyan edir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nur surəsi, 18)
- Möminlər arasında çirkin şeylərin (iftiranın) yayılmasını istəyənlərə gəldikdə, onlar üçün həm dünyada, həm də axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz isə bilməzsiniz.
(Nur surəsi, 19)
- Allahın sizə lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)? Şübhəsiz ki, Allah şəfqətlidir, rəhmlidir.
(Nur surəsi, 20)
- Ey iman edənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri və pisliyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
(Nur surəsi, 21)
- İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 22)
- Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
- O gün dilləri, əlləri və ayaqları etdikləri əməllərə görə onların əleyhində şahidlik edəcəkdir.
(Nur surəsi, 24)
- O gün Allah onlara layiq olduqları cəzanı verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər.
(Nur surəsi, 25)
- Murdar qadınlar murdar kişilərə, murdar kişilər də murdar qadınlara məxsusdur. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır). Onlar (iftiraçıların) söylədiklərindən uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl bir ruzi vardır.
(Nur surəsi, 26)
- Ey iman edənlər! Öz evinizdən başqa evlərə icazə almadan və salam vermədən girməyin! Bu sizin üçün daha xeyirlidir. Ola bilsin ki, düşünüb anlayarsınız.
(Nur surəsi, 27)
- Əgər orada heç kimi tapa bilməsəniz, sizə icazə verilənə qədər ora daxil olmayın! Əgər sizə: “Geri qayıdın!” – deyilərsə, siz də geri qayıdın! Bu sizin üçün daha təmiz bir davranışdır. Allah sizin etdiklərinizi bilir.
(Nur surəsi, 28)
- Heç kimin yaşamadığı və istifadə edə biləcəyiniz (karvansaray və s. kimi) evlərə isə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.
(Nur surəsi, 29)
- Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.
(Nur surəsi, 30)
- Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)
- İçinizdəki subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları zəngin edər. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
(Nur surəsi, 32)
- Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 33)
- Şübhəsiz ki, sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-getmiş kimsələr barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
(Nur surəsi, 34)
- Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 35)
- (Həmin çıraqdan) ucaldılmasına və orada Öz adının zikr edilməsinə Allahın izin verdiyi evlərdədir. Orada səhər-axşam Onu təsbeh edərlər.
(Nur surəsi, 36)
- O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
- Bu, Allahın onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması və Öz lütfündən onlara daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
(Nur surəsi, 38)
- İnkar edənlərə gəldikdə, onların əməlləri çöldəki ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər. Nəhayət, onun yanına çatdığı zaman orada heç nə tapmaz. O, öz (əməlinin) yanında Allahı görər. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir.
(Nur surəsi, 39)
- Yaxud (o inkar edənlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.
(Nur surəsi, 40)
- Göylərdə və yerdə olanlarla qatar-qatar uçan quşların Allahı təsbeh etdiyini görmədinmi?! Onların hər biri öz duasını və təsbehini öyrənmişdir. Allah onların nə etdiklərini bilir.
(Nur surəsi, 41)
- Göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Allahadır.
(Nur surəsi, 42)
- Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
(Nur surəsi, 43)
- Allah gecəni gündüzə, gündüzü də gecəyə çevirər. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
(Nur surəsi, 44)
- Allah hər bir canlını sudan yaratdı. Onlardan eləsi var ki, qarnı üstə sürünür, eləsi var ki, iki ayaq üstündə gəzir, eləsi də var ki, dörd ayaq üstündə gəzir. Allah dilədiyini yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Nur surəsi, 45)
- Şübhəsiz ki, Biz (bilmədiklərinizi) bəyan edən ayələr nazil etdik. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Nur surəsi, 46)
- (Münafiqlər:) “Allaha və elçiyə iman etdik və itaət etdik!” - deyirlər. Bunun ardınca onlardan bir qrup (haqdan) üz döndərir. Onlar mömin deyillər.
(Nur surəsi, 47)
- Aralarında hökm verməsi üçün Allaha və elçisinə çağırıldıqları zaman onlardan bir qrup dərhal üz çevirər.
(Nur surəsi, 48)
- Əgər haqq (Allah və Rəsulunun verdiyi hökm) onların lehinə olarsa, itaət edərək onun yanına gələrlər.
(Nur surəsi, 49)
- Onların qəlbində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah və elçisinin onlara haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır.
(Nur surəsi, 50)
- Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” - demələridir. Nicat tapanlar məhz onlardır!
(Nur surəsi, 51)
- Kim Allaha və Onun elçisinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır.
(Nur surəsi, 52)
- Onlara (münafiqlərə) əmr etdiyin zaman (cihada) çıxacaqlarına dair Allaha möhkəm and içdilər. De ki: “And içməyin! Gözəl bir şəkildə itaət etmək (kifayətdir). Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”.
(Nur surəsi, 53)
- De: “Allaha da, elçiyə də itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz də sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Elçinin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir.
(Nur surəsi, 54)
- Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
(Nur surəsi, 55)
- Namazı qılın, zəkatı verin və elçiyə itaət edin ki, sizə rəhm olunsun!
(Nur surəsi, 56)
- İnkar edənlərin yer üzündə (Allahı) aciz qoya biləcəklərini zənn etmə! Onların sığınacaqları yer cəhənnəmdir. O nə pis qayıdış yeridir!
(Nur surəsi, 57)
- Ey iman edənlər! Əlinizin altındakılar (cariyə) və həddi-büluğa çatmayanlarınız sübh namazından əvvəl, günorta paltarınızı soyunduğunuz zaman və axşam namazından sonra (yanınıza daxil olacaqları zaman) sizdən üç dəfə icazə alsınlar. Bu üç vaxt sizin məhrəm (soyunmuş ola biləcəyiniz) vaxtlarınızdır. Digər vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmağınızda sizə də, onlara da heç bir günah yoxdur. Allah sizin üçün ayələri belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nur surəsi, 58)
- Sizdən uşaq olanlar həddi-büluğa çatdıqları zaman özlərindən əvvəlkilərin icazə istədikləri kimi icazə istəsinlər. Allah sizin üçün ayələrini belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nur surəsi, 59)
- Evlənmək ümidi qalmayan yaşlı qadınlara gəlincə, zinətlərini (başqa kişilərə) göstərmədən üst geyimlərini çıxartmaları onlara günah deyildir. Bundan çəkinmələri isə onlar üçün daha xeyirlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
(Nur surəsi, 60)
- Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
(Nur surəsi, 61)
- Möminlər yalnız Allaha və elçisinə iman etmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (elçi ilə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey elçi!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun elçisinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 62)
- Elçini öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər!
(Nur surəsi, 63)
- Bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. O, həqiqətən, sizin hansı yolda olduğunuzu bilir. O, (insanların) etdikləri əməlləri hüzuruna qaytarılacaqları gün onlara xəbər verəcəkdir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 64)