Yasin surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ya, Sin!
(Yasin surəsi, 1)
- Hikmətli Qurana and olsun ki,
(Yasin surəsi, 2)
- (Ey Məhəmməd!) Həqiqətən, sən göndərilən elçilərdənsən.
(Yasin surəsi, 3)
- Doğru yoldasan.
(Yasin surəsi, 4)
- (Bu Quran) yenilməz qüvvət sahibi və mərhəmətli Allah tərəfindən nazil edilmişdir.
(Yasin surəsi, 5)
- Ataları xəbərdar edilmədiyinə görə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə nazil edilmişdir.
(Yasin surəsi, 6)
- Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman etməzlər.
(Yasin surəsi, 7)
- Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır.
(Yasin surəsi, 8)
- Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər.
(Yasin surəsi, 9)
- Sən onları xəbərdar etsən də, etməsən də onlar üçün birdir. Onlar iman etməzlər.
(Yasin surəsi, 10)
- Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
(Yasin surəsi, 11)
- Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq.
(Yasin surəsi, 12)
- Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi.
(Yasin surəsi, 13)
- O zaman Biz onlara iki elçi göndərmişdik. Ancaq onlar ikisini də təkzib etmişdilər. Biz də onları üçüncü bir elçi ilə dəstəkləmişdik. Onlar: “Həqiqətən, biz (Allah tərəfindən) sizə göndərilən elçilərik!” - dedilər.
(Yasin surəsi, 14)
- (Şəhərin əhalisi:) “Siz də bizim kimi insanlarsınız. Rəhman olan Allah heç bir şey nazil etməmişdir. Siz yalan danışırsınız!” - dedilər.
(Yasin surəsi, 15)
- Onlar dedilər: “Rəbbimiz bilir ki, biz həqiqətən, sizə göndərilmiş elçilərik.
(Yasin surəsi, 16)
- Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir”.
(Yasin surəsi, 17)
- Onlar (şəhər əhalisi): “Həqiqətən, biz sizdə bir uğursuzluq gördük. Əgər bu işdən vaz keçməzsəniz, and olsun ki, sizi daşqalaq edəcəyik və bizdən sizə acı bir əzab toxunacaq”, - dedilər.
(Yasin surəsi, 18)
- Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.
(Yasin surəsi, 19)
- Şəhərin ən ucqar yerindən bir kişi qaçaraq gəlib belə dedi: “Ey qövmüm, bu elçilərə tabe olun!
(Yasin surəsi, 20)
- Sizdən heç bir əvəz istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun!”
(Yasin surəsi, 21)
- “Mən nəyə görə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız.
(Yasin surəsi, 22)
- Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (bütlərin) şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
(Yasin surəsi, 23)
- (Əgər bütlərə sitayiş etsəm,) o zaman mən açıq-aşkar bir azğınlıq içində olaram.
(Yasin surəsi, 24)
- Şübhəsiz ki, mən sizin Rəbbinizə iman etdim. Mənə qulaq asın!”
(Yasin surəsi, 25)
- “Cənnətə daxil ol!” – deyildi. O da belə dedi: “Kaş qövmüm biləydi ki,
(Yasin surəsi, 26)
- Rəbbim məni bağışladı və məni möhtərəm kimsələrdən etdi”.
(Yasin surəsi, 27)
- Ondan sonra qövmünün üstünə göydən heç bir ordu göndərmədik və göndərəsi də deyildik.
(Yasin surəsi, 28)
- (Onları məhv edən,) qorxunc səsdən başqa bir şey deyildi. Onlar birdən-birə sönüb getdilər.
(Yasin surəsi, 29)
- Özlərinə bir elçi gəldikdə onu ələ salan insanların vay halına!
(Yasin surəsi, 30)
- Onlardan əvvəl neçə-neçə millətləri məhv etdiyimizi və bir daha onların yanına qayıda bilmədiklərini görmədilərmi?
(Yasin surəsi, 31)
- Əlbəttə, hamısı birlikdə Bizim hüzurumuza gətiriləcəklər.
(Yasin surəsi, 32)
- Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir və oradan dənələr çıxardırıq, onlar da bunlardan yeyirlər.
(Yasin surəsi, 33)
- Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,
(Yasin surəsi, 34)
- Onun meyvələrindən və əlləri ilə emal etdiklərindən yesinlər. Hələ də şükür etməzlərmi?
(Yasin surəsi, 35)
- Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir!
(Yasin surəsi, 36)
- Gecə də onlar üçün (Allahın qüdrətini göstərən) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardarıq və bu zaman onlar qaranlıqda qalarlar.
(Yasin surəsi, 37)
- Günəş də özü üçün təyin olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın qoyduğu nizamdır.
(Yasin surəsi, 38)
- Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.
(Yasin surəsi, 39)
- Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.
(Yasin surəsi, 40)
- Onların nəsillərini (ulu babalarını) yüklə dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.
(Yasin surəsi, 41)
- Onlar üçün bunun kimi başqa minik vasitələri də yaratdıq.
(Yasin surəsi, 42)
- Əgər istəsəydik, onları suda boğardıq. O zaman nə onların köməyinə çatan olardı, nə də onlar xilas olunardılar.
(Yasin surəsi, 43)
- Ancaq tərəfimizdən bir mərhəmət olaraq və müəyyən bir vaxta qədər (dünyadan) faydalansınlar deyə (onları xilas etdik).
(Yasin surəsi, 44)
- Onlara: “Önünüzdəkindən (dünya əzabından) və arxanızdakından (axirət əzabından) qorxun! Ola bilsin ki, sizə mərhəmət olunar”, - deyildikdə (onlar üz çevirərlər).
(Yasin surəsi, 45)
- Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
(Yasin surəsi, 46)
- Onlara: “Allahın sizə verdiyi ruzidən infaq edin!” – deyildikdə inkar edənlər möminlərə: “Allahın istədiyi təqdirdə yedirdə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz tamamilə zəlalət içindəsiniz”, - dedilər.
(Yasin surəsi, 47)
- Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd olunan (qiyamət) nə zaman olacaq?” - deyirlər.
(Yasin surəsi, 48)
- Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.
(Yasin surəsi, 49)
- O zaman onlar nə vəsiyyət edə biləcək, nə də ailələrinin yanına qayıda biləcəklər.
(Yasin surəsi, 50)
- Sur çalınan kimi onlar qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər.
(Yasin surəsi, 51)
- Onlar belə deyəcəklər: “Vay halımıza! Yatıb-qaldığımız yerdən bizi kim oyatdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Elçilər də doğru deyirlərmiş”.
(Yasin surəsi, 52)
- O dəhşətli səs qopan kimi onların hamısı Bizim hüzurumuza gətiriləcəklər.
(Yasin surəsi, 53)
- Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin qarşılığını alacaqsınız.
(Yasin surəsi, 54)
- Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər.
(Yasin surəsi, 55)
- Onlar və zövcəsi kölgəliklər altındakı taxtlara söykənib oturarlar.
(Yasin surəsi, 56)
- Orada onlar üçün meyvə və istədikləri hər şey mövcuddur.
(Yasin surəsi, 57)
- Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər.
(Yasin surəsi, 58)
- (Günahkarlara isə belə deyilər:) “Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!”
(Yasin surəsi, 59)
- Ey Adəm övladları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir”, - deyə əmr etmədimmi?!
(Yasin surəsi, 60)
- Mənə ibadət edin. Doğru yol budur!
(Yasin surəsi, 61)
- Həqiqətən, şeytan sizdən bir çox nəsilləri haqq yoldan azdırdı. Hələ də dərk etmirsinizmi?
(Yasin surəsi, 62)
- Bu, sizə vəd olunan cəhənnəmdir.
(Yasin surəsi, 63)
- Haqqı inkar etdiyinizə görə bu gün ora girin!
(Yasin surəsi, 64)
- Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində Bizimlə əlləri danışar, ayaqları da şahidlik edər.
(Yasin surəsi, 65)
- Əgər Biz istəsəydik, onların gözlərini tamamilə kor edərdik. Bu zaman onlar (doğru) yola çatmaq üçün bir-birləri ilə yarışardılar. Ancaq necə görə bilərdilər?!
(Yasin surəsi, 66)
- Əgər Biz istəsəydik, onları olduqları yerdə elə bir hala salardıq ki, nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.
(Yasin surəsi, 67)
- Biz kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik (qocaldıb zəif bir hala salarıq). Hələ də dərk etmirlərmi?
(Yasin surəsi, 68)
- Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.
(Yasin surəsi, 69)
- Diri olanları xəbərdar etsin və inkar edənlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik).
(Yasin surəsi, 70)
- Onlar üçün sahib olduqları heyvanları Öz qüdrətimizlə yaratdığımızı görmədilərmi?
(Yasin surəsi, 71)
- Bu heyvanları onların əmrinə verdik. Onlardan bəzilərinə minir, bəzilərini də yeyirlər.
(Yasin surəsi, 72)
- Bu heyvanlarda onlar üçün bir çox fayda və içəcək süd də vardır. Onlar hələ də şükür etmirlərmi?
(Yasin surəsi, 73)
- Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər.
(Yasin surəsi, 74)
- (Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir.
(Yasin surəsi, 75)
- (Ey elçi!) Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlətdiklərini də, aşkar etdiklərini də bilirik.
(Yasin surəsi, 76)
- İnsan Bizim onu nütfədən yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, (Rəbbinə qarşı) açıq-aydın bir düşmən kəsilib.
(Yasin surəsi, 77)
- O öz yaradılışını unudaraq Bizə qarşı bir misal çəkib: “Çürümüş sümükləri kim dirildəcək?!” - deyir.
(Yasin surəsi, 78)
- De ki: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir”.
(Yasin surəsi, 79)
- Sizin üçün yaşıl ağacdan od əmələ gətirən Odur. Beləcə, siz onunla od qalayırsınız.
(Yasin surəsi, 80)
- Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.
(Yasin surəsi, 81)
- O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyə əmr edər. O da dərhal olar.
(Yasin surəsi, 82)
- Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız.
(Yasin surəsi, 83)