Mömin surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ha, Mim!
(Mömin surəsi, 1)
- Bu Kitab yenilməz qüvvət sahibi və hər şeyi bilən Allah tərəfindən nazil edilmişdir.
(Mömin surəsi, 2)
- O, günahları bağışlayan, tövbələri qəbul edən, şiddətlə cəzalandıran və lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Qayıdış yalnız Onadır.
(Mömin surəsi, 3)
- İnkar edənlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.
(Mömin surəsi, 4)
- Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (elçiləri) təkzib etmişdilər. Hər ümmət öz elçisini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Mömin surəsi, 5)
- Beləcə, inkar edənlərin cəhənnəm əhli olduqlarına dair Rəbbinin sözü həqiqət oldu.
(Mömin surəsi, 6)
- Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
(Mömin surəsi, 7)
- Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.
(Mömin surəsi, 8)
- Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!”
(Mömin surəsi, 9)
- İnkar edənlərə: “Şübhəsiz ki, Allahın qəzəbi sizin özünüzə olan qəzəbinizdən daha böyükdür. Çünki siz iman etməyə dəvət olunurdunuz, ancaq inkar edirdiniz”, - deyə nida ediləcək.
(Mömin surəsi, 10)
- Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər.
(Mömin surəsi, 11)
- (Onlara belə deyiləcək:) “Bu ona görədir ki, Allahın təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan Allahındır”.
(Mömin surəsi, 12)
- Sizə Öz (varlığının) dəlillərini göstərən və göydən sizin üçün ruzi endirən Odur. Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar.
(Mömin surəsi, 13)
- İnkar edənlərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək Ona dua edin!
(Mömin surəsi, 14)
- Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir.
(Mömin surəsi, 15)
- O gün onlar (orta yerə) çıxacaqlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. (O gün Allah buyuracaq:) “Bu gün hökmranlıq kimə məxsusdur? - Tək və hər şeyə qalib gələn Allaha!”
(Mömin surəsi, 16)
- Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün heç bir haqsızlıq olmayacaqdır. Şübhəsiz ki, Allah sürətlə haqq-hesab çəkəndir.
(Mömin surəsi, 17)
- Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların qəlbi ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır.
(Mömin surəsi, 18)
- Allah xain baxışları və qəlbin gizlətdiyini bilir.
(Mömin surəsi, 19)
- Allah ədalətlə hökm verər. Ondan başqa dua etdikləri isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Mömin surəsi, 20)
- Məgər onlar yer üzündə gəzib-dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Halbuki onlar bunlardan daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq günahlarına görə Allah onları (əzabla) yaxaladı. Onları Allahdan qoruyan da olmadı.
(Mömin surəsi, 21)
- Bu ona görə idi ki, elçiləri özlərinə açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir, cəzası şiddətlidir.
(Mömin surəsi, 22)
- Biz Musanı möcüzələrimizlə və açıq-aydın bir dəlillə göndərdik -
(Mömin surəsi, 23)
- Fironun, Hamanın və Qarunun yanına. Ancaq onlar: “Bu, çox yalançı bir sehrbazdır!” - dedilər.
(Mömin surəsi, 24)
- Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
- Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o Rəbbini (köməyə) çağırsın. Həqiqətən, mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.
(Mömin surəsi, 26)
- Musa isə: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığındım!” - dedi.
(Mömin surəsi, 27)
- Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
(Mömin surəsi, 28)
- Ey qövmüm! Bu gün hökmranlıq yer üzündə qalib olan sizlərin əlindədir. Ancaq Allahın əzabı gələrsə, bizə kim kömək edəcək?” Firon: “Mən sizə yalnız öz fikrimi bildirir və doğru yolu göstərirəm!” - dedi.
(Mömin surəsi, 29)
- Mömin olan şəxs isə belə dedi: “Ey qövmüm! Həqiqətən, mən (keçmiş) firqələrin başına gələn gün kimi bir günün sizin də başınıza gəlməsindən qorxuram.
(Mömin surəsi, 30)
- Nuh, Ad, Səmud qövmü və onlardan sonrakıların başına gələn kimi (bir bəlanın sizin başınıza gəlməsindən qorxuram). Allah bəndələrinə zülm etmək istəməz.
(Mömin surəsi, 31)
- Ey qövmüm! Həqiqətən, mən sizin üçün ah-nalə günündən qorxuram.
(Mömin surəsi, 32)
- Siz o gün arxanızı dönüb qaçacaqsınız. Sizi Allahdan qoruyan olmayacaq. Allah kimi haqq yoldan azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz”.
(Mömin surəsi, 33)
- Şübhəsiz ki, daha əvvəl Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq onun sizə gətirdiklərinə şübhə edirdiniz. Nəhayət, Yusif vəfat etdiyi zaman siz: “Allah ondan sonra elçi göndərməyəcəkdir”, - dediniz. Allah həddi aşan və şübhə edən kəsləri haqq yoldan belə azdırar.
(Mömin surəsi, 34)
- Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allahın, həm də iman edənlərin nəzdində böyük bir nifrətlə qarşılanarlar. Allah təkəbbürlü hər bir zalımın qəlbini belə möhürləyər.
(Mömin surəsi, 35)
- Firon dedi: “Ey Haman, mənim üçün elə bir hündür qüllə tik ki, mən onunla çata bilim yollara -
(Mömin surəsi, 36)
- Göylərə gedən yollara və Musanın ilahını görüm. Həqiqətən, mən onun yalançı olduğunu düşünürəm”. Beləcə, Firona pis əməli gözəl göstərildi və haqq yoldan çıxarıldı. Fironun hiyləsi, əlbəttə, boşa çıxdı.
(Mömin surəsi, 37)
- Mömin olan şəxs dedi: “Ey qövmüm, mənə tabe olun ki, sizi doğru yola aparım.
(Mömin surəsi, 38)
- Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur.
(Mömin surəsi, 39)
- Kim pis bir iş görərsə, yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir.
(Mömin surəsi, 40)
- Ey qövmüm! Nə üçün mən sizi qurtuluşa çağırdığım halda siz məni cəhənnəmə çağırırsınız?!
(Mömin surəsi, 41)
- Siz məni Allahı inkar etməyə və barəsində heç nə bilmədiyim şeyləri Ona şərik qoşmağa çağırırsınız. Halbuki mən sizi yenilməz qüvvət sahibi və çox bağışlayan Allaha çağırıram.
(Mömin surəsi, 42)
- Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz nə dünyada, nə də axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər.
(Mömin surəsi, 43)
- Sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələrini görür”.
(Mömin surəsi, 44)
- Beləcə, Allah həmin şəxsi onların hiylələrinin şərindən qorudu. Firon qövmünü isə pis bir əzab bürüdü.
(Mömin surəsi, 45)
- Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!”
(Mömin surəsi, 46)
- Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən sovuşdura bilərsinizmi?” - deyəcəklər.
(Mömin surəsi, 47)
- Təkəbbürlənənlər: “Biz hamımız cəhənnəmin içindəyik. Şübhəsiz ki, Allah bəndələrin arasında hökmünü vermişdir!” - deyəcəklər.
(Mömin surəsi, 48)
- Cəhənnəmdəkilər cəhənnəm gözətçilərinə: “Rəbbinizə dua edin ki, bircə gün də olsa əzabımızı yüngülləşdirsin!” - deyəcəklər.
(Mömin surəsi, 49)
- Gözətçilər: “Elçiləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab verəcəklər. Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. İnkar edənlərin duası isə mütləq boşa çıxar.
(Mömin surəsi, 50)
- Biz, əlbəttə, elçilərimizə və iman edənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik.
(Mömin surəsi, 51)
- O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir. Onlar üçün lənət və pis bir məskən vardır.
(Mömin surəsi, 52)
- Biz Musaya doğru yolu göstərən rəhbəri verdik və İsrail oğullarını o Kitaba varis etdik.
(Mömin surəsi, 53)
- O Kitab təmiz ağıl sahibləri üçün doğru yol rəhbəri və öyüddür.
(Mömin surəsi, 54)
- Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!
(Mömin surəsi, 55)
- Şübhəsiz ki, özlərinə heç bir dəlil gəlmədiyi halda Allahın ayələri barəsində mübahisə edənlərin qəlbində təkəbbürdən başqa bir şey yoxdur. Onlar buna əsla çata bilməyəcəklər. Ona görə də Allaha sığın! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir.
(Mömin surəsi, 56)
- Şübhəsiz, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük bir işdir. Lakin insanların çoxu bunu bilməz.
(Mömin surəsi, 57)
- Kor ilə görən, iman edib yaxşı işlər görənlərlə pis işlər görənlər eyni deyildir. Nə qədər az düşünürsünüz!
(Mömin surəsi, 58)
- Qiyamət mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların çoxu buna inanmır.
(Mömin surəsi, 59)
- Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”.
(Mömin surəsi, 60)
- Dincəlməyiniz üçün gecəni, görə bilməyiniz üçün də gündüzü yaradan Allahdır. Həqiqətən, Allah insanlara qarşı lütfkardır. Lakin insanların çoxu şükür etməz.
(Mömin surəsi, 61)
- Bu, hər şeyin xaliqi olan Rəbbiniz Allahdır. Ondan başqa heç bir ilah yoxdur! Bəs necə olur ki, haqq yoldan döndərilirsiniz?!
(Mömin surəsi, 62)
- Allahın ayələrini inkar edənlər haqq yoldan belə döndərilirlər.
(Mömin surəsi, 63)
- Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan və sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır.
(Mömin surəsi, 64)
- O daim diridir. Ondan başqa heç bir ilah yoxdur! Elə isə dini yalnız Ona məxsus edərək dua edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
(Mömin surəsi, 65)
- De: “Allahdan başqa dua etdiklərinizə ibadət etməyim Rəbbimdən gələn açıq-aşkar dəlillərlə mənə qadağan olunmuşdur. Mənə aləmlərin Rəbbinə təslim olmağım əmr olunmuşdur”.
(Mömin surəsi, 66)
- Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi (ana bətnindən) uşaq olaraq çıxardan, sonra yetkinlik yaşına çatasınız, sonra da qocalasınız deyə yaşadan Odur. Sizdən kimisi də daha əvvəl vəfat edir. Bu ona görədir ki, siz müəyyən bir vaxta qədər yaşayasınız və bəlkə (bunları) düşünüb dərk edəsiniz.
(Mömin surəsi, 67)
- Dirildən də, öldürən də Odur. O, bir işin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
(Mömin surəsi, 68)
- Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi? Onlar necə olur ki, haqq yoldan döndərilirlər?!
(Mömin surəsi, 69)
- Kitabı (Quranı) və elçilərimizə göndərdiklərimizi təkzib edənlər tezliklə (həqiqəti) biləcəklər.
(Mömin surəsi, 70)
- O zaman onlar boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər -
(Mömin surəsi, 71)
- Cəhənnəmə sonra da odun içində yandırılacaqlar.
(Mömin surəsi, 72)
- Sonra da onlara belə deyiləcək: “Haradadır şərik qoşduqlarınız -
(Mömin surəsi, 73)
- Allahdan başqa?!” Müşriklər: “Onlar bizdən uzaqlaşıb yoxa çıxdılar. Əslində, biz daha əvvəl heç bir şeyə dua etmirdik”, - deyəcəklər. Allah inkar edənləri belə azdırar.
(Mömin surəsi, 74)
- (Onlara belə deyiləcək:) “Bu, sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir.
(Mömin surəsi, 75)
- Əbədi qalmaq üzrə cəhənnəmin qapılarından girin!” Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!
(Mömin surəsi, 76)
- Ona görə də səbir et! Həqiqətən, Allahın vədi haqdır. Heç şübhəsiz, ya onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar.
(Mömin surəsi, 77)
- Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan hekayəsini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz. Allahın əmri gəldiyi zaman haqq öz yerini tapar və yalançılar oradaca ziyana uğrayarlar.
(Mömin surəsi, 78)
- Bəzilərinə minəsiniz, bəzilərini də yeyəsiniz deyə heyvanları sizin üçün yaradan Allahdır.
(Mömin surəsi, 79)
- Onlarda sizin üçün başqa faydalar da vardır. Ürəyinizin istədiyi yerə onlar vasitəsilə gedib çatırsınız. Həm onlarla, həm də gəmilərlə səyahət edirsiniz.
(Mömin surəsi, 80)
- Allah Öz ayələrini (varlığının dəlillərini) sizə göstərir. Elə isə Allahın ayələrindən hansını inkar edə bilərsiniz?!
(Mömin surəsi, 81)
- Onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan sayca daha çox, daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq onların qazandıqları özlərinə heç bir fayda vermədi.
(Mömin surəsi, 82)
- Elçiləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.
(Mömin surəsi, 83)
- Onlar əzabımızın şiddətini gördükdə: “Biz Allahın tək olduğuna inandıq və Ona qoşduğumuz şərikləri inkar etdik!” - dedilər.
(Mömin surəsi, 84)
- Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu, Allahın əzəldən bəri bəndələri barəsindəki qanunudur. İnkar edənlər oradaca ziyana uğradılar.
(Mömin surəsi, 85)