Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
Onlar axirəti dünya həyatına dəyişən kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.
(Bəqərə surəsi, 86)
Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
(Bəqərə surəsi, 114)
Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaqdır.
(Bəqərə surəsi, 130)
Tabe olanlar isə belə deyəcəklər: “Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah onlara əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər.
(Bəqərə surəsi, 167)
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)
Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər.
(Bəqərə surəsi, 201)
İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır.
(Bəqərə surəsi, 204)
Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman edənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verər.
(Bəqərə surəsi, 212)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 220)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
Onlar, əməlləri dünya və axirətdə puça çıxmış kimsələrdir. Onlara kömək edənlər də olmayacaqdır.
(Ali İmran surəsi, 22)
O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir.
(Ali İmran surəsi, 45)
İnkar edənlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli bir əzab verəcəyəm. Onların heç bir köməkçisi də olmayacaqdır!
(Ali İmran surəsi, 56)
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
(Ali İmran surəsi, 117)
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
(Ali İmran surəsi, 145)
Allah da onlara dünya savabını (nemətini) və axirət savabının gözəlliyini verdi. Allah yaxşı əməl sahiblərini sevər.
(Ali İmran surəsi, 148)
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir.
(Ali İmran surəsi, 185)
Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
(Nisa surəsi, 74)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Ey iman edənlər! Allah yolunda cihada çıxdığınız zaman yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 94)
Bax siz, dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək, yaxud kim onlara vəkil olacaq?
(Nisa surəsi, 109)
Kim dünya mükafatını istəyərsə, (bilsin ki,) dünyanın da, axirətin də mükafatı Allah dərgahındadır. Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 134)
Allaha və elçisinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
(Maidə surəsi, 33)
Ey elçi! Qəlbi inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
(Maidə surəsi, 41)
Onlar: “Dünyadakı həyatımızdan başqa (bir həyat) yoxdur və biz (təkrar) diriləsi də deyilik!” – demişdilər.
(Ənam surəsi, 29)
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi?
(Ənam surəsi, 32)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
“Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən elçilər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin inkar edən olduğuna şahidlik etdilər.
(Ənam surəsi, 130)
De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik.
(Əraf surəsi, 32)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq.
(Əraf surəsi, 51)
Şübhəsiz ki, buzovu özlərinə (ilah) qəbul edənlər Rəbbindən (gələcək) bir qəzəbə və dünya həyatında zillətə düçar olacaqlar. Biz iftira yaxanları məhz belə cəzalandırırıq.
(Əraf surəsi, 152)
Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman edən kimsələrə yazacağam (nəsib edəcəyəm)”.
(Əraf surəsi, 156)
Yer üzündə (inkar edənləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir elçiyə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 67)
Ey iman edənlər! “Allah yolunda cihad edin!” - deyildiyi zaman sizə nə oldu ki, yerə yapışıb qaldınız. Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya malı axirət (nemətlərinin) yanında çox az bir şeydir.
(Tövbə surəsi, 38)
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və inkar edən olaraq can vermələrini istəyir.
(Tövbə surəsi, 55)
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!
(Tövbə surəsi, 69)
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
(Tövbə surəsi, 74)
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və inkar edən olduqları halda can vermələrini istəyir.
(Tövbə surəsi, 85)
Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə,
(Yunis surəsi, 7)
Ancaq onları xilas etdiyi zaman bir də görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonra dönüşünüz Bizədir. Biz də etdiyiniz əməlləri sizə xəbər verəcəyik.
(Yunis surəsi, 23)
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
(Yunis surəsi, 24)
Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!
(Yunis surəsi, 64)
Onlar üçün dünyada bir az dolanacaq vardır. Sonra onların dönüşü Bizədir. Sonra da (haqqı) inkar etdiklərinə görə onlara şiddətli əzabı daddıracağıq.
(Yunis surəsi, 70)
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlbini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman etməsinlər!”
(Yunis surəsi, 88)
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman edəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman etdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq.
(Yunis surəsi, 98)
Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar.
(Hud surəsi, 15)
Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 60)
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Yusif surəsi, 101)
Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)
Onlar üçün dünya həyatında əzab vardır. Axirət əzabı isə daha şiddətlidir. Onları Allahdan (Onun əzabından) heç kim qoruya bilməz.
(Rad surəsi, 34)
Dünya həyatını axirətdən üstün tutan, (insanları) Allah yolundan döndərən və əyri yolu istəyənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(İbrahim surəsi, 3)
Allah iman edənləri möhkəm bir sözlə dünya həyatında da, axirətdə də möhkəmləndirər. Allah zalımları isə (haqq yoldan) azdırar. Allah istədiyini edər.
(İbrahim surəsi, 27)
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam.
(Hicr surəsi, 39)
Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” - deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, - deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
(Nəhl surəsi, 30)
Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdıracağıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Kaş (inkar edənlər, yaxud hicrət etməyə qarşı çıxanlar bunu) biləydilər!
(Nəhl surəsi, 41)
Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına və Allahın inkar edənlər qövmünü doğru yola yönəltmədiyinə görədir.
(Nəhl surəsi, 107)
(Onların qazandığı) az bir mənfəətdir. Halbuki onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 117)
Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Nəhl surəsi, 122)
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
(İsra surəsi, 18)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.
(Kəhf surəsi, 45)
Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir.
(Kəhf surəsi, 46)
(Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.
(Kəhf surəsi, 104)
Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən.
(Taha surəsi, 72)
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)
Məhv etdiyimiz bir məmləkətin (xalqının dünyaya) geri dönməsi qadağan olunmuşdur.
(Ənbiya surəsi, 95)
O, Allahın yolundan sapdırmaq üçün təkəbbürlə sinəsini qabardaraq bunu edir. Onun üçün dünyada rüsvayçılıq vardır. Qiyamət günü isə ona yandırıb-yaxan əzabı daddıracağıq.
(Həcc surəsi, 9)
İnsanlardan eləsi də var ki, Allaha şübhə içində ibadət edər. Əgər ona bir xeyir toxunsa, rahat olar. Əgər o bir müsibətə düçar olsa, çöhrəsi dəyişər (küfrə geri dönər). O, dünyada da, axirətdə də ziyana düşmüşdür. Açıq-aşkar ziyan məhz budur!
(Həcc surəsi, 11)
Hər kim Allahın Öz elçisinə dünya və axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın və (elçiyə gələn vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!
(Həcc surəsi, 15)
Onun qövmündən inkar edən olub axirətə qovuşacaqlarını yalanlayan və dünyada bol nemət verdiyimiz rəhbərlər (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, içdiyinizdən içir.
(Muminun surəsi, 33)
Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
(Muminun surəsi, 37)
Əgər dünyada və axirətdə Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz, (iftira ilə bağlı) dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
(Nur surəsi, 14)
Möminlər arasında çirkin şeylərin (iftiranın) yayılmasını istəyənlərə gəldikdə, onlar üçün həm dünyada, həm də axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz isə bilməzsiniz.
(Nur surəsi, 19)
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 33)
Onları bu dünyada lənətlədik. Qiyamət günü də onlar çirkinlərdən olacaqlar.
(Qəsas surəsi, 42)
Sizə verilən hər şey dünya həyatının neməti və bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha əbədidir. Hələ də dərk etmirsinizmi?
(Qəsas surəsi, 60)
Elə isə, gözəl bir vəd verdiyimiz və ona qovuşan kəs, dünya həyatının nemətini verdiyimiz, sonra da qiyamət günü (əzab üçün hüzurumuza) gətirilən kəs kimi olarmı?
(Qəsas surəsi, 61)
Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
(Qəsas surəsi, 77)
Beləliklə, (Qarun) öz ehtişamı ilə qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar: “Kaş Qaruna verilənlərin eynisi bizə də veriləydi. O, çox bəxtəvərdir”, - dedilər.
(Qəsas surəsi, 79)
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)
Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsil həyat axirət yurdundadır. Kaş bunu biləydilər.
(Ənkəbut surəsi, 64)
Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.
(Rum surəsi, 7)
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Loğman surəsi, 15)
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)
Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman etdik”, - deyərkən onları görəydin.
(Səcdə surəsi, 12)
Ey elçi! Zövcələrinə de: “Əgər dünya həyatını və onun bər-bəzəyini (rifahını) istəyirsinizsə, gəlin sizə boşanma haqqınızı verim və gözəl bir şəkildə sizi boşayım.
(Əhzab surəsi, 28)
Həqiqətən, Allahı və Onun elçisini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Əhzab surəsi, 57)
Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!
(Fatir surəsi, 5)
Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.
(Saffat surəsi, 6)
De: “Ey İman edən bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.
(Zumər surəsi, 10)
Beləliklə, Allah dünya həyatında onlara rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər!
(Zumər surəsi, 26)
Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur.
(Mömin surəsi, 39)
Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz nə dünyada, nə də axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər.
(Mömin surəsi, 43)
Biz, əlbəttə, elçilərimizə və iman edənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik.
(Mömin surəsi, 51)
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.
(Fussilət surəsi, 12)
Buna görə də onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir. Onlara heç bir köməklik də göstərilməz.
(Fussilət surəsi, 16)
Biz həm dünyada, həm də axirətdə sizin dostlarınızıq. Orada sizin üçün ürəyinizin istədiyi hər şey vardır. İstədiyiniz hər şey orada hazırlanmışdır,
(Fussilət surəsi, 31)
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
(Şura surəsi, 20)
Sizə verilənlər dünya həyatının dolanacağıdır. Ancaq Allah yanındakı (mükafat) iman edib Rəbbinə təvəkkül edənlər üçün daha yaxşı və əbədidir.
(Şura surəsi, 36)
Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Onların dünya həyatındakı dolanışıqlarını aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə onlardan bəzilərini (zənginlik) dərəcəsi etibarilə digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
(Zuxruf surəsi, 32)
Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.
(Zuxruf surəsi, 35)
Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, - dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər.
(Casiyə surəsi, 24)
Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
(Casiyə surəsi, 35)
İnkar edənlər cəhənnəmin qarşısına gətirildikləri gün (onlara belə deyiləcək): “Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə və haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
(Əhqaf surəsi, 20)
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əgər iman edib Allahdan qorxsanız, O sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal-dövlətinizi istəmir.
(Məhəmməd surəsi, 36)
Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
(Nəcm surəsi, 29)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
Əgər Allah onlara (qədərlərinə) sürgünü yazmasaydı, mütləq onları dünyada cəzalandırardı. Axirətdə onlar üçün cəhənnəm əzabı vardır.
(Həşr surəsi, 3)
(Ey inkar edənlər!) Hələlik yeyin və kef çəkin. Həqiqətən, siz günahkarlarsınız.
(Mürsəlat surəsi, 46)
Buna görə də Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı.
(Naziat surəsi, 25)