Naziat surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun (inkar edənlərin canlarını) zorla çəkib alanlara!
(Naziat surəsi, 1)
- And olsun (möminlərin canlarını) asanlıqla alanlara!
(Naziat surəsi, 2)
- And olsun (göydə) üzüb gedən mələklərə!
(Naziat surəsi, 3)
- And olsun ötüb keçənlərə!
(Naziat surəsi, 4)
- And olsun işləri nizamlayanlara!
(Naziat surəsi, 5)
- O gün sarsan (sur) sarsacaq.
(Naziat surəsi, 6)
- Onun ardınca (ikinci dəfə surun üfürülməsi ilə) bir gurultu qopacaq.
(Naziat surəsi, 7)
- O gün qəlb qorxudan titrəyəcək.
(Naziat surəsi, 8)
- Gözlər (qorxudan) yerə zillənəcək.
(Naziat surəsi, 9)
- Onlar deyirlər: “Biz əvvəlki halımızamı döndürüləcəyik -
(Naziat surəsi, 10)
- Çürümüş sür-sümük olduqdan sonra?”
(Naziat surəsi, 11)
- Onlar: “Elə isə bu zərərli bir dönüş olar”, - deyirlər.
(Naziat surəsi, 12)
- O yalnız bir dəhşətli səslə olacaqdır.
(Naziat surəsi, 13)
- O zaman onlar düz bir yerdə (məhşərdə) toplaşacaqlar.
(Naziat surəsi, 14)
- Musanın xəbəri sənə gəlib çatdımı?
(Naziat surəsi, 15)
- Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində belə səslənmişdi:
(Naziat surəsi, 16)
- “Fironun yanına get! Həqiqətən, o, həddini aşdı.
(Naziat surəsi, 17)
- (Firona) de: “Səni (günahlardan) təmizlənməyə dəvət edirəm.
(Naziat surəsi, 18)
- Sənə Rəbbinə gedən doğru yolu göstərimmi? Beləcə, sən də (Allahdan) qorxarsan”.
(Naziat surəsi, 19)
- Sonra Musa ona ən böyük möcüzəni göstərdi.
(Naziat surəsi, 20)
- Ancaq o Musanı yalanladı və ona qarşı çıxdı.
(Naziat surəsi, 21)
- Sonra arxasını çevirib (Musanı haqsız göstərmək üçün) işə başladı.
(Naziat surəsi, 22)
- O, (öz adamlarını) bir yerə yığıb (onlara) səsləndi.
(Naziat surəsi, 23)
- O: “Mən sizin ən uca Rəbbinizəm!” - dedi.
(Naziat surəsi, 24)
- Buna görə də Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı.
(Naziat surəsi, 25)
- Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət dərsi vardır.
(Naziat surəsi, 26)
- Sizi yaratmaq daha çətindir, yoxsa göyü?! Allah onu inşa etdi,
(Naziat surəsi, 27)
- Qübbəsini yüksəltdi və onu nizamladı.
(Naziat surəsi, 28)
- Gecəsini qaranlıq, gündüzünü isə aydınlıq etdi.
(Naziat surəsi, 29)
- Bundan sonra yer üzünü döşədi.
(Naziat surəsi, 30)
- Oradan sular və otlaqlar çıxartdı.
(Naziat surəsi, 31)
- Dağları (yer üzündə) möhkəm yerləşdirdi,
(Naziat surəsi, 32)
- Həm sizin, həm də heyvanlarınız faydalanması üçün.
(Naziat surəsi, 33)
- Ən böyük fəlakət gəldiyi zaman,
(Naziat surəsi, 34)
- O gün insan (dünyada) etdiklərini xatırlayacaqdır.
(Naziat surəsi, 35)
- Cəhənnəm də, görə bilənlər üçün sərgilənmişdir.
(Naziat surəsi, 36)
- Kim azğınlıq etmişsə,
(Naziat surəsi, 37)
- Və dünya həyatını üstün tutmuşsa,
(Naziat surəsi, 38)
- Şübhəsiz ki, cəhənnəm onun sığınacağı olacaqdır.
(Naziat surəsi, 39)
- Ancaq kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa,
(Naziat surəsi, 40)
- Əlbəttə, onun məskəni cənnətdir.
(Naziat surəsi, 41)
- Səndən: “O nə zaman qopacaqdır?” – deyə qiyamət haqqında soruşurlar.
(Naziat surəsi, 42)
- Sən onu haradan biləcəksən?!
(Naziat surəsi, 43)
- Onu yalnız Rəbbin bilir.
(Naziat surəsi, 44)
- Sən ancaq qiyamətdən qorxanları xəbərdar edənsən.
(Naziat surəsi, 45)
- Onlar qiyaməti gördükləri gün sanki (dünyada) bir axşam, yaxud bir gündüz vaxtı qədər qaldıqlarını zənn edəcəklər.
(Naziat surəsi, 46)