Hədid surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Hədid surəsi, 1)
- Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir.
(Hədid surəsi, 2)
- Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir.
(Hədid surəsi, 3)
- Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür.
(Hədid surəsi, 4)
- Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər Allaha qaytarılacaqdır.
(Hədid surəsi, 5)
- O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, qəlbdəkini də bilir.
(Hədid surəsi, 6)
- Allaha və Onun elçisinə iman edin! Sizin ixtiyarınıza verdiklərindən infaq edin! Sizdən iman edib infaq edən kimsələr üçün böyük bir mükafat vardır.
(Hədid surəsi, 7)
- Elçi sizi Rəbbinizə iman etməyə dəvət etdiyi halda, siz nə üçün Allaha iman etmirsiniz? Əgər inanırsınızsa, bilin ki, o sizdən əhd almışdır.
(Hədid surəsi, 8)
- Sizi zülmətdən aydınlığa çıxartmaq üçün Öz bəndəsinə açıq-aydın ayələr nazil edən Odur! Şübhəsiz ki, Allah sizə qarşı çox şəfqətlidir, mərhəmətlidir.
(Hədid surəsi, 9)
- Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, siz nə üçün Allah yolunda infaq etmirsiniz? Aranızdan (Məkkənin) fəthindən əvvəl infaq edən və döyüşənlər (digərləri ilə) eyni deyillər. Onların dərəcəsi (Məkkənin fəthindən) sonra infaq edən və döyüşənlərdən daha böyükdür. Allah onların hamısına ən gözəl olanı (cənnəti) vəd etmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Hədid surəsi, 10)
- Kim Allaha gözəl bir borc vərərsə, O bunu (əməllərinin mükafatını) onun üçün qat-qat artırar. Bir də onun üçün çox qiymətli bir mükafat vardır.
(Hədid surəsi, 11)
- O gün mömin kişi və qadınların nurlarının önlərindən və sağ tərəflərindən saçıldığını görərsən. (Onlara belə deyiləcəkdir:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir!” Əsil böyük müvəffəqiyyət budur.
(Hədid surəsi, 12)
- O gün münafiq kişi və qadınlar iman edənlərə: “Bizi gözləyin ki, nurunuzdan bir az alaq!” - deyəcəklər. Onlara: “Geri qayıdın və özünüzə nur axtarın!” - deyiləcəkdir. Nəhayət, onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır.
(Hədid surəsi, 13)
- (Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
(Hədid surəsi, 14)
- Bu gün nə sizdən, nə də inkar edənlərdən fidyə qəbul olunar. Sizin sığınacağınız yer cəhənnəmdir. Sizə layiq olan odur. O nə pis bir dönüş yeridir!”
(Hədid surəsi, 15)
- İman edənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlbinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (elçilərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbi sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir.
(Hədid surəsi, 16)
- Bilin ki, Allah torpağı ölümündən sonra dirildər. Biz sizə ayələri bəyan etdik ki, düşünüb dərk edəsiniz.
(Hədid surəsi, 17)
- Həqiqətən, sədəqə verən kişilər, sədəqə verən qadınlar və Allaha gözəl bir borc verənlər üçün (əməllərinin mükafatı) qat-qat artırılacaqdır. Bir də onlar üçün çox qiymətli bir mükafat vardır.
(Hədid surəsi, 18)
- Allaha və elçisinə iman edənlər – məhz onlar Rəbbi dərgahında siddiqlər və şəhidlərdir. Onların mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.
(Hədid surəsi, 19)
- Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
- Həm Rəbbinizin məğfirəti, həm də Allaha və Onun elçilərinə iman edənlər üçün hazırlanan və genişliyi yerlə göy arası qədər olan cənnət üçün yarışın! Bu, Allahın istədiyi kimsəyə verdiyi lütfüdür. Allah böyük lütf sahibidir.
(Hədid surəsi, 21)
- Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır.
(Hədid surəsi, 22)
- (Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz.
(Hədid surəsi, 23)
- Onlar xəsislik edər, insanlara da xəsisliyi əmr edərlər. Kim (Allah yolunda infaq etməkdən) üz döndərərsə, bilsin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur və O, hər cür tərifə layiqdir!
(Hədid surəsi, 24)
- Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və elçilərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
(Hədid surəsi, 25)
- Biz Nuhu və İbrahimi də elçi olaraq göndərdik. Onların nəslinə elçilik və kitab verdik. Onlardan doğru yolda olanlar da vardır, lakin əksəriyyəti fasiqlərdir.
(Hədid surəsi, 26)
- Sonra onların ardınca elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlbinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman edənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir.
(Hədid surəsi, 27)
- Ey iman edənlər! Allahdan qorxun və elçisinə iman edin ki, O sizə Öz rəhmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir nur yaratsın və sizi bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir.
(Hədid surəsi, 28)
- Kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini, lütfün yalnız Allahın əlində olduğunu və onu istədiyinə verəcəyini bilsinlər. Allah böyük lütf sahibidir.
(Hədid surəsi, 29)