Həşr surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Həşr surəsi, 1)
- Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlbinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey təmiz ağıl sahibləri, (bundan) ibrət alın!
(Həşr surəsi, 2)
- Əgər Allah onlara (qədərlərinə) sürgünü yazmasaydı, mütləq onları dünyada cəzalandırardı. Axirətdə onlar üçün cəhənnəm əzabı vardır.
(Həşr surəsi, 3)
- Bu, Allaha və elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxarsa, bilsin ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 4)
- Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür.
(Həşr surəsi, 5)
- Allahın onların mallarından elçisinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah elçilərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir.
(Həşr surəsi, 6)
- Allahın (fəth edilən) məmləkətlərin xalqından elçisinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, elçiyə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Elçi sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 7)
- Qənimətlər yurdları və mallarından uzaqlaşdırılan, Allahdan lütf və riza diləyən, Allaha və Onun elçisinə yardım edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kəslərdir.
(Həşr surəsi, 8)
- Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.
(Həşr surəsi, 9)
- Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
(Həşr surəsi, 10)
- Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir.
(Həşr surəsi, 11)
- Əgər onlar yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, onlara yardım etməzlər. Yardım etsələr belə, arxalarını çevirib qaçarlar. Sonra onlara da heç bir yardım olunmaz.
(Həşr surəsi, 12)
- Onların qəlbində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır.
(Həşr surəsi, 13)
- Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud sipər arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən, halbuki qəlbi müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.
(Həşr surəsi, 14)
- Onlar özlərindən bir müddət əvvəl etdiklərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onlar üçün acı bir əzab vardır.
(Həşr surəsi, 15)
- Onlar (münafiqlər) şeytan kimidirlər. Belə ki, o, insana: “(Haqqı) inkar et!” - deyər. İnsan inkar etdiyi zaman isə şeytan: “Mən səndən uzağam. Şübhəsiz ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” - deyər.
(Həşr surəsi, 16)
- Onların hər ikisinin sonu əbədi qalacaqları cəhənnnəmdir. Zalımların cəzası budur!
(Həşr surəsi, 17)
- Ey iman edənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Həşr surəsi, 18)
- Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
(Həşr surəsi, 19)
- Cəhənnəm əhli ilə cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.
(Həşr surəsi, 20)
- Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.
(Həşr surəsi, 21)
- O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir.
(Həşr surəsi, 22)
- O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır.
(Həşr surəsi, 23)
- O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Həşr surəsi, 24)