Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və nəfsinizi öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 54)
(Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası və bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.
(Bəqərə surəsi, 57)
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
(Bəqərə surəsi, 150)
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
(Bəqərə surəsi, 231)
Ey iman edənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır.
(Bəqərə surəsi, 254)
Allah yolunda hər nəyi infaq edər və ya fəda etsəniz, şübhəsiz ki, Allah onu bilir. Zalımların heç bir köməkçisi yoxdur.
(Bəqərə surəsi, 270)
Əgər (belə) etməsəniz, bilin ki, Allah və elçisi tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.
(Bəqərə surəsi, 279)
İman edib elçisin haqq olduğuna şəhadət verdikdən və özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra inkar edən olan bir qövmü Allah necə doğru yola yönəldər?! Allah zalımlar qövmünü haqq yola yönəltməz!
(Ali İmran surəsi, 86)
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
(Ali İmran surəsi, 117)
O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər.
(Ali İmran surəsi, 135)
Əgər siz (Ühüd döyüşündə) bir yara almışsınızsa, o biri (inkar edən olan) dəstə də (Bədr döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman edənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz.
(Ali İmran surəsi, 140)
Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. (Yoxsa) Allah bəndələrinə zülm edən deyildir.
(Ali İmran surəsi, 182)
Ey Rəbbimiz! Sən, cəhənnəmə atdığın kəsi rüsvay etmiş olarsan. Zalımların heç bir köməkçisi yoxdur.
(Ali İmran surəsi, 192)
Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb-yaxan bir oda girəcəklər.
(Nisa surəsi, 10)
Kim düşmənçiliklə və zalımcasına bunu edərsə (haram yeyər, yaxud haqsız yerə birini öldürərsə), Biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır.
(Nisa surəsi, 30)
Biz hər bir elçini, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçi də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
(Nisa surəsi, 64)
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!
(Nisa surəsi, 97)
Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.
(Nisa surəsi, 110)
Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir.
(Nisa surəsi, 148)
Şübhəsiz ki, inkar edən olub haqsızlıq edənləri Allah nə bağışlayar, nə də onlara (başqa) bir yol göstərər.
(Nisa surəsi, 168)
İstəyirəm ki, həm mənim günahımı, həm də öz günahını yüklənib cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur!”
(Maidə surəsi, 29)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
(Maidə surəsi, 72)
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
(Maidə surəsi, 107)
Beləcə, o zalım qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
(Ənam surəsi, 45)
De: “Deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gələrsə, zalım qövmdən başqasımı məhv edilər?!”
(Ənam surəsi, 47)
De: “Əgər tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda olsaydı, mənimlə sizin aranızda iş, əlbəttə, bitirilmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.
(Ənam surəsi, 58)
Ayələrimizi ələ salanları gördüyün zaman onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur! Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma!
(Ənam surəsi, 68)
Əzabımız onlara gəldiyi zaman onların yalvarışı ancaq: “Biz həqiqətən, zalım kimsələrmişik!” - demələri oldu.
(Əraf surəsi, 5)
Kimin çəkisi (savabları) yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərinə zülm edən kimsələrdir.
(Əraf surəsi, 9)
O ikisi belə dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”.
(Əraf surəsi, 23)
Onlar üçün cəhənnəm odundan döşəklər, üstlərində də (cəhənnəm odundan) yorğanlar vardır. Biz zalımları belə cəzalandırırıq.
(Əraf surəsi, 41)
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular.
(Əraf surəsi, 148)
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
(Əraf surəsi, 160)
Ancaq onlardan zalım olanlar, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Zülm etdiklərinə görə Biz də onlara göydən bir əzab göndərdik.
(Əraf surəsi, 162)
Onlar özlərinə verilən öyüd-nəsihəti unutduqları zaman biz də pis işlərdən çəkindirənləri xilas etdik və zülm edənləri işlədikləri günahlara görə şiddətli bir əzabla yaxaladıq.
(Əraf surəsi, 165)
Ayələrimizi yalanlayan və özlərinə zülm edən qövmün halı necə də pisdir!
(Əraf surəsi, 177)
İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki, Allahın əzabı şiddətlidir.
(Ənfal surəsi, 25)
Bu, etdiyiniz əməllərə görədir. Şübhəsiz ki, Allah bəndələrinə zülm edən deyildir.
(Ənfal surəsi, 51)
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi.
(Ənfal surəsi, 54)
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!
(Tövbə surəsi, 19)
Ey iman edənlər! Əgər valideyniniz və bacı-qardaşlarınız iman etmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.
(Tövbə surəsi, 23)
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 36)
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır.
(Tövbə surəsi, 47)
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
(Tövbə surəsi, 70)
Binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz.
(Tövbə surəsi, 109)
Həqiqətən, zülm etdiklərinə və sizdən əvvəl elçiləri möcüzələr gətirdiyi halda iman etmədiklərinə görə neçə-neçə millətləri məhv etdik. Biz günahkar insanları belə cəzalandırırıq.
(Yunis surəsi, 13)
Əksinə, onlar həqiqətini dərk edə bilmədikləri və yozumu onlara gəlib çatmayan Quranı yalanladılar. Onlardan əvvəlkilər də belə yalanlamışdılar. Bax gör, zalımların sonu necə oldu!
(Yunis surəsi, 39)
Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz, ancaq insanlar özləri özlərinə zülm edərlər.
(Yunis surəsi, 44)
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz.
(Yunis surəsi, 47)
Sonra (şirk qoşaraq özlərinə) zülm edənlərə: “Dadın əbədi əzabı! Siz ancaq qazandıqlarınıza görə cəzalandırılacaqsınız!” - deyiləcəkdir.
(Yunis surəsi, 52)
(Şirk qoşaraq özünə) zülm edən hər bir kəs yer üzündəki hər şeyə sahib olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq hamısını fəda edərdi. Onlar əzabı gördükləri zaman dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm olunar və onlara haqsızlıq edilməz.
(Yunis surəsi, 54)
Onlar da belə dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!
(Yunis surəsi, 85)
Allahı qoyub sənə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, o zaman həqiqətən, sən də (Allaha şirk qoşaraq özlərinə) zülm edənlərdən olarsan.
(Yunis surəsi, 106)
Gözümüzün qabağında və vəhyimizlə gəmini düzəlt! Zalımlar barəsində mənə heç bir şey demə! Şübhəsiz ki, onlar suda boğulacaqlar”.
(Hud surəsi, 37)
O qorxunc səs zalımları bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 67)
Əmrimiz gəldiyi zaman Öz mərhəmətimizlə Şüeybi və onunla birlikdə iman edənləri xilas etdik. Zalımları isə, qorxunc səs bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 94)
Biz onlara zülm etmədik, əksinə onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldiyi zaman Allahı qoyub dua etdikləri ilahları onlara heç bir fayda vermədi, əksinə, onların ziyanlarını artırdı.
(Hud surəsi, 101)
Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz.
(Hud surəsi, 113)
Kaş sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıllı və fəzilətli kimsələr olaydı. Ancaq onların xilas etdiyimiz az bir qismi belə idi. Zalımlar özlərinə verilən nemətlərin arxasınca getdilər. Onlar günahkar idilər.
(Hud surəsi, 116)
Xalqı əməlisaleh olduğu halda, Rəbbin o məmləkətləri haqsız yerə məhv etməz.
(Hud surəsi, 117)
(Yusifin qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər.
(Yusif surəsi, 75)
İnkar edənlər isə elçilərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (elçilərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
(İbrahim surəsi, 13)
(Ey elçi!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır.
(İbrahim surəsi, 42)
İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətinə uyaq və elçilərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?
(İbrahim surəsi, 44)
Siz özlərinə zülm edənlərin yurdlarında məskunlaşmışdınız. Onlara nə etdiyimiz sizə bəlli olmuşdu. Sizin üçün misallar da çəkmişdik”.
(İbrahim surəsi, 45)
(İnkar edənlər) mələklərin onların yanına gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
(Nəhl surəsi, 33)
Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdıracağıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Kaş (inkar edənlər, yaxud hicrət etməyə qarşı çıxanlar bunu) biləydilər!
(Nəhl surəsi, 41)
Zalımlar əzabı görən zaman artıq onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.
(Nəhl surəsi, 85)
O gün hər kəs öz canının hayına qalar. Hər kəsə etdiklərinin əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
(Nəhl surəsi, 111)
Sənə xəbər verdiklərimizi daha əvvəl yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.
(Nəhl surəsi, 118)
Möcüzələr göndərməyimizə mane olan şey əvvəlkilərin onları yalanlamış olmasıdır. Biz Səmud qövmünə açıq-aşkar (bir möcüzə olaraq) dişi bir dəvə vermişdik. Ancaq onlar (dəvəni kəsdilər və) buna görə zalım oldular. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
(İsra surəsi, 59)
Bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa da qadirdir?! Allah onlar üçün bir əcəl təqdir etdi. Bunda heç bir şübhə yoxdur. Ancaq zalımlar inkarçılıqdan başqasını qəbul etmədilər.
(İsra surəsi, 99)
Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.
(Kəhf surəsi, 49)
Zülm etdikləri zaman o məmləkətləri məhv etdik. Onları məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdik.
(Kəhf surəsi, 59)
O dedi: “Haqsızlıq edənə əzab verəcəyik. Sonra o Rəbbinə qaytarılacaq və (Rəbbi) ona görünməmiş bir əzab verəcək.
(Kəhf surəsi, 87)
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.
(Məryəm surəsi, 60)
Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq.
(Məryəm surəsi, 72)
Onların qəlbi əyləncədədir (qəflətdədir). Zülm edənlər (öz aralarında) gizli-gizli pıçıldaşdılar ki: “Bu (Məhəmməd) da sizin kimi bir insandır. Elə isə gözünüz görə-görə sehrəmi tabe olursunuz?”
(Ənbiya surəsi, 3)
Zalım olan neçə-neçə məmləkəti məhv etdik. Onlardan sonra da başqa bir qövm yaratdıq.
(Ənbiya surəsi, 11)
Əgər Rəbbinin əzabının cüzi bir hissəsi onlara toxunsa, heç şübhəsiz: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - deyəcəklər.
(Ənbiya surəsi, 46)
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
(Ənbiya surəsi, 87)
Bu, öz əllərinlə etdiklərinə görədir. Şübhəsiz ki, Allah bəndələrinə haqsızlıq edən deyildir.
(Həcc surəsi, 10)
Şübhəsiz, inkar edən olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
(Həcc surəsi, 25)
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.
(Həcc surəsi, 39)
(Xalqı) zülm edərkən məhv etdiyimiz neçə-neçə məmləkət vardır ki, indi oranın divarları, çökən tavanlarının üstünə aşmışdır. Neçə-neçə xaraba qalmış su quyuları və (içində heç kimin yaşamadığı) yüksək saraylar da vardır.
(Həcc surəsi, 45)
Neçə-neçə məmləkət vardır ki, (xalqı) zalım olduğu halda onlara möhlət verdim, sonra da onları (əzabımla) yaxaladım. Axır dönüş Mənədir!
(Həcc surəsi, 48)
Onlar Allahı qoyub, Onun heç bir dəlil nazil etmədiyi və özlərinin də heç bir bilgiləri olmadığı şeylərə ibadət edirlər. Zalımların heç bir yardımçısı yoxdur.
(Həcc surəsi, 71)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Sən yanındakılarla birlikdə gəmiyə mindiyin zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!” – de.
(Muminun surəsi, 28)
Beləcə, labüd olan o qorxunc səs onları yaxaladı və Biz onları sel üstündəki süpürüntüyə çevirdik. Zalım qövm (Allahın mərhəmətindən) uzaq olsun!
(Muminun surəsi, 41)
Məni zalım qövmün içində buraxma, ey Rəbbim!”
(Muminun surəsi, 94)
Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.
(Furqan surəsi, 8)
(Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq nə əzabı sovuşdura bilər, nə də yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”
(Furqan surəsi, 19)
Nuh qövmünə gəldikdə, elçiləri yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ibrət etdik. Zalımlar üçün acı bir əzab hazırlamışıq.
(Furqan surəsi, 37)
Bir zaman Rəbbin Musaya səslənmişdi: “Zalım qövmün yanına get -
(Şuəra surəsi, 10)
(Bu onlar üçün) öyüddür. Biz zalım deyilik.
(Şuəra surəsi, 209)
Ancaq iman edib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
(Şuəra surəsi, 227)
Ancaq kim haqsızlıq edər, sonra da etdiyi pis əməlin əvəzinə yaxşı əməl edərsə, bilsin ki, Mən bağışlayanam, mərhəmətliyəm!
(Nəml surəsi, 11)
Ona: “Saraya daxil ol!” - deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi və ətəyini qaldırdı. (Süleyman) dedi: “Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis:) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” - dedi.
(Nəml surəsi, 44)
Bu, haqsızlıqları səbəbilə çökmüş evləridir. Həqiqətən, bunda anlayan bir qövm üçün ibrət vardır.
(Nəml surəsi, 52)
Etdikləri haqsızlıqlara görə onlara deyilən söz (əzab) gerçəkləşəcək və onlar danışa bilməyəcəklər.
(Nəml surəsi, 85)
Musa: “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etdim. Məni bağışla!” - dedi. O da onu bağışladı. Şübhəsiz ki, O, bağışlayandır, mərhəmətlidir.
(Qəsas surəsi, 16)
Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə göndərildiyini və xeyirli aqibətin kimə qismət olacağını çox yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
(Qəsas surəsi, 37)
Buna görə də Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Bax gör, zalımların aqibəti necə oldu!
(Qəsas surəsi, 40)
Əgər sənə cavab verməzlərsə, bil ki, onlar ancaq öz nəfsinin arzularına tabe olurlar. Allah tərəfindən göndərilən bir hidayət rəhbərinə uymayıb öz nəfsinin arzusuna uyan kimsədən daha azğın kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
(Qəsas surəsi, 50)
Sənin Rəbbin məmləkətlərin mərkəzinə ayələrimizi oxuyan bir elçi göndərmədikcə oranı məhv etməz. Biz yalnız xalqı zalım olan məmləkətləri məhv edərik.
(Qəsas surəsi, 59)
Nuhu da öz qövmünə göndərmişdik. O, min ildən əlli il az onların arasında qaldı. Nəhayət, zülmlərinə davam edərkən tufan onları yaxaladı.
(Ənkəbut surəsi, 14)
Beləliklə, hər birini öz günahı ilə yaxaladıq. Onlardan bəzilərinin üstünə qızmar daş yağdıran qasırğa göndərdik, bəzilərini dəhşətli səs yaxaladı, bəzilərini yerə batırdıq, bəzilərini də suda boğduq. Allah onlara zülm etmirdi. Lakin onlar özləri özlərinə zülm edirdilər.
(Ənkəbut surəsi, 40)
Zülm edənləri istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübarizə aparın və deyin ki: “Bizə nazil olana da, sizə nazil olana da inanırıq. Bizimlə sizin ilahınız eyni ilahdır. Biz Ona təslim olmuşuq”.
(Ənkəbut surəsi, 46)
Əksinə, o (Quran), elm verilmiş kimsələrin sinələrində yer tutmuş açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edər.
(Ənkəbut surəsi, 49)
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların elçiləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər.
(Rum surəsi, 9)
Xeyr, zülm edənlər cahilliklə öz nəfsinin arzularına uydular. Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur.
(Rum surəsi, 29)
O gün zalımlara nə üzrxahlıqları bir fayda verər, nə də onlardan (Allahı) razı salmağa çalışmaları istənilər.
(Rum surəsi, 57)
Bu, Allahın yaratdıqlarıdır. Elə isə, Mənə başqalarının nə yaratdığını göstərin! Xeyr, zalımlar açıq-aşkar bir zəlalət içindədirlər.
(Loğman surəsi, 11)
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Səba surəsi, 19)
İnkar edənlər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” - dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” - deyəcəklər.
(Səba surəsi, 31)
Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verməyə qadirsiniz. Biz zalımlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyəcəyik.
(Səba surəsi, 42)
Sonra Kitabı bəndələrimizin arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur.
(Fatir surəsi, 32)
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
(Fatir surəsi, 40)
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin qarşılığını alacaqsınız.
(Yasin surəsi, 54)
(O gün mələklərə belə deyiləcək:) “Toplayın zalımları, onların yol yoldaşlarını və ibadət etdiklərini -
(Saffat surəsi, 22)
Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
(Saffat surəsi, 113)
Davudun yanına daxil olduqları zaman Davud onlardan qorxmuşdu. Onlar belə dedilər: “Qorxma! Biz aramızda mübahisə olan iki iddiaçıyıq. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə doğru yolu göstər!
(Sad surəsi, 22)
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
Buna görə də onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların zülm edənləri də etdikləri pis əməllərin cəzasına düçar olacaqlar. Onlar Allahı aciz qoya bilməzlər.
(Zumər surəsi, 51)
Kim yaxşı bir iş görərsə, öz lehinə, kim də pis bir iş görərsə, öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir.
(Fussilət surəsi, 46)
Kim zülmə məruz qaldıqdan sonra qisas alarsa, artıq onlar cəzalandırılmazlar.
(Şura surəsi, 41)
Ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır.
(Şura surəsi, 42)
Haqsızlıq etdiyinizə görə bu gün peşmançılığınız sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda ortaqsınız.
(Zuxruf surəsi, 39)
Ancaq onların arasından çıxan firqələr ixtilafa düşdülər. Acı bir günün əzabı ilə qarşılaşacaq o zalımların vay halına!
(Zuxruf surəsi, 65)
Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
(Zuxruf surəsi, 76)
Hər kəs qazandığının əvəzini haqsızlığa məruz qalmadan ala bilsin deyə Allah göyləri və yeri haqqa aparan bir vasitə olaraq yaratmışdır.
(Casiyə surəsi, 22)
Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
(Əhqaf surəsi, 12)
Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah onlara əməllərinin əvəzini tam verəcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
(Əhqaf surəsi, 19)
Mənim hüzurumda söz dəyişdirilməz və Mən bəndələrə zülm edən deyiləm!”
(Qaf surəsi, 29)
Həqiqətən, zülm edənləri də (keçmiş) yoldaşları kimi əzab qisməti gözləyir. Buna görə də onlar Məni tələsdirməsinlər.
(Zəriyət surəsi, 59)
Şübhəsiz ki, zalımlar üçün ondan başqa bir əzab da vardır. Lakin onların çoxu bunu bilmir.
(Tur surəsi, 47)
Ey elçi! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
(Talaq surəsi, 1)
Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.
(Cin surəsi, 14)
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”.
(Cin surəsi, 15)
Biz orada onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
(Maidə surəsi, 45)
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
(Saff surəsi, 7)
Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
(Səcdə surəsi, 22)
Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz.
(Şura surəsi, 40)
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
(Hud surəsi, 18)
Beləcə, qazandıqları (günahlara) görə zalımları bir-birinin dostu edərik.
(Ənam surəsi, 129)
Rəbbin (xalqı) zalım məmləkətləri (əzabla) yaxalayanda məhz belə yaxalayır. Şübhəsiz ki, Onun yaxalaması acılı və şiddətlidir.
(Hud surəsi, 102)