Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman edir, axirətə də şəksiz-şübhəsiz inanırlar.
(Bəqərə surəsi, 4)
Mələklər dedi: “Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!”
(Bəqərə surəsi, 32)
Cahillər isə: “Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər də onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbi bir-birinə bənzəyir. Yəqinliklə iman edən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik.
(Bəqərə surəsi, 118)
Elçiləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
(Bəqərə surəsi, 247)
Baxın, siz bildiyiniz şeylər barəsində mübahisə etmişdiniz. Bəs bilmədiyiniz şeylər barəsində nə üçün mübahisə edirsiniz? Allah bilir, siz isə bilməzsiniz.
(Ali İmran surəsi, 66)
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
(Ali İmran surəsi, 75)
“Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər.
(Nisa surəsi, 157)
Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!
(Maidə surəsi, 50)
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
(Maidə surəsi, 107)
O gün (qiyamət günü) Allah elçiləri toplayaraq: “Sizə nə cavab verildi?” - deyəcəkdir. Onlar: “Biz heç bir şey bilmirik. Həqiqətən, gizli olanları bilən Sənsən!” - deyəcəklər.
(Maidə surəsi, 109)
Beləcə, yəqinliklə iman edənlərdən olması üçün İbrahimə göylərin və yerin hökmranlığını (əzəmətini) göstərdik.
(Ənam surəsi, 75)
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır.
(Ənam surəsi, 100)
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər.
(Ənam surəsi, 140)
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
(Ənam surəsi, 144)
Həqiqətən, Biz onlara iman edən bir qövm üçün hidayət və rəhmət olan, elmlə açıqladığımız bir Kitab gətirdik.
(Əraf surəsi, 52)
Məgər (münafiqlər) bilmirlərmi ki, Allah onların sirlərini də, pıçıltılarını da, qeybi (gizli şeyləri) də çox yaxşı bilir?!
(Tövbə surəsi, 78)
Allah buyurdu: “İkinizin də duası qəbul olunmuşdur. Ona görə də haqq yolunda möhkəm olun və bilməyənlərin yolundan getməyin!”
(Yunis surəsi, 89)
Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Hud surəsi, 46)
Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”
(Hud surəsi, 47)
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.
(Yusif surəsi, 76)
Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra ərşə istiva edən (dünya və axirət işlərini nizamlayan), günəşə və aya boyun əydirən Allahdır. (Onların) hər biri müəyyən vaxta qədər dövr edir. O, işləri belə tənzimləyir. Ayələri müfəssəl izah edir ki, bəlkə Rəbbinizə qovuşacağınıza qəti şəkildə iman edəsiniz.
(Rad surəsi, 2)
Onlar qiyamət günü həm öz (günah) yüklərinin hamısını, həm də cahillikləri üzündən azdırdıqları kimsələrin (günah) yüklərindən bir qismini daşımaları üçün (belə deyirlər). Bilin ki, daşıyacaqları (bu yük) necə də pisdir!
(Nəhl surəsi, 25)
Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır.
(İsra surəsi, 36)
Bu barədə nə onların, nə də atalarının məlumatı var. Ağızlarından çıxan söz necə də böyükdür! Onlar yalandan başqa bir şey söyləmirlər.
(Kəhf surəsi, 5)
Beləcə, Biz onunla bağlı hər şeydən xəbərdar idik.
(Kəhf surəsi, 91)
Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!”
(Taha surəsi, 52)
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu qavraya bilməz.
(Taha surəsi, 110)
İnsanlardan eləsi var ki, heç bir şey bilmədiyi halda Allah barəsində mübahisə edir və hər bir üsyankar şeytana tabe olur.
(Həcc surəsi, 3)
İnsanlardan eləsi var ki, heç bir biliyi, doğru yolu göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
(Həcc surəsi, 8)
Onlar Allahı qoyub, Onun heç bir dəlil nazil etmədiyi və özlərinin də heç bir bilgiləri olmadığı şeylərə ibadət edirlər. Zalımların heç bir yardımçısı yoxdur.
(Həcc surəsi, 71)
Çünki siz onu (iftiranı) dilə gətirir, bilmədiyiniz şeyləri danışır və bunun əhəmiyyətsiz olduğunu zənn edirdiniz. Halbuki o, Allah dərgahında böyük günahdır.
(Nur surəsi, 15)
Musa dedi: “Əgər düşünüb anlayırsınızsa, (bilin ki,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir!”
(Şuəra surəsi, 24)
Nuh dedi: “Onların etdiyi əməllərdən mənim xəbərim yoxdur.
(Şuəra surəsi, 112)
O (mömin) kimsələr ki, namazı qılır, zəkatı verir və axirətə qəti şəkildə inanırlar.
(Nəml surəsi, 3)
Xeyr, onların axirət haqqında kifayət qədər məlumatları yoxdur. Xeyr, onlar axirət barəsində şübhə içindədirlər. Xeyr, onlar axirətə qarşı kordurlar.
(Nəml surəsi, 66)
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün Dabbə çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman etmədiyini söyləyəcək.
(Nəml surəsi, 82)
Onlar gəldikləri zaman Allah buyuracaq: “Siz Mənim ayələrimi tam dərk etmədən yalanladınızmı? Yoxsa (dünyada) nə etdiniz?”
(Nəml surəsi, 84)
Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz.
(Qəsas surəsi, 78)
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Ənkəbut surəsi, 8)
Xeyr, zülm edənlər cahilliklə öz nəfsinin arzularına uydular. Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur.
(Rum surəsi, 29)
Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!
(Rum surəsi, 60)
Onlar namazı qılar, zəkatı verər və axirətə yəqinliklə inanarlar.
(Loğman surəsi, 4)
İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
(Loğman surəsi, 6)
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Loğman surəsi, 15)
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34)
Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman etdik”, - deyərkən onları görəydin.
(Səcdə surəsi, 12)
Səbir etdiklərinə görə onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik. Onlar ayələrimizə yəqinliklə inanırdılar.
(Səcdə surəsi, 24)
İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək.
(Əhzab surəsi, 63)
Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır.
(Fatir surəsi, 11)
Onlar (orada) mübahisə edərkən uca məclisdən (mələklər məclisindən) mənim heç bir məlumatım yox idi.
(Sad surəsi, 69)
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
Siz məni Allahı inkar etməyə və barəsində heç nə bilmədiyim şeyləri Ona şərik qoşmağa çağırırsınız. Halbuki mən sizi yenilməz qüvvət sahibi və çox bağışlayan Allaha çağırıram.
(Mömin surəsi, 42)
Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” - dedilər. Buna dair onların heç bir məlumatı yoxdur. Onlar ancaq yalan danışırlar.
(Zuxruf surəsi, 20)
Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasındakıların Rəbbidir.
(Duxan surəsi, 7)
Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda da yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 4)
Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir.
(Casiyə surəsi, 20)
Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, - dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər.
(Casiyə surəsi, 24)
Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
(Casiyə surəsi, 32)
Onlar inkar edən olub sizin Məscidi-haramı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan inkar edən olanlara acı bir əzab verərdik.
(Fəth surəsi, 25)
O kəslər ki, cəhalət içində qalmış qafillərdir.
(Zəriyət surəsi, 11)
Yer üzündə yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Zəriyət surəsi, 20)
Yoxsa göyləri və yeri onlarmı yaratdılar?! Xeyr! onlar yəqinliklə inanmırlar.
(Tur surəsi, 36)
Halbuki onların bu haqda heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Halbuki zənn qətiyyən həqiqət deyildir.
(Nəcm surəsi, 28)
Şübhəsiz ki, bu, danılmaz həqiqətdir.
(Vaqiə surəsi, 95)
De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.
(Mülk surəsi, 26)
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31)